DÜNYAYA AÇILAN DAHA BİR QAPI

 

  Gənc alimin uğurları

 

  İnsanın özünüifadəsi təkcə onun şəxsi ilə deyil, həm də təmsil etdiyi fəaliyyət sferasının və ümumilikdə bütöv bir etnosun yaşam fəlsəfəsi ilə bağlı həyati məsələdir. Açığını deyim ki, "Azərbaycan xalqı şair xalqdır" deyimi mənim heç vaxt xoşuma gəlməyib. Yaşadığımız dövrün ruhuna uyğun olaraq bizə "alim xalqdır" deyilməsini istəyirəm. Odur ki, bəzən stəkanda fırtına qoparmağa çalışan qələm adamlarının hay-küyü səbəbindən ciddi elmi uğurlara imza atan alimlərimizin səylərini görə bilməməyimiz məni məyus edir. Ona görə də fikirləşirəm ki, xüsusən də, gənc alimlərimizin perspektivli fəaliyyətini daha diqqətlə izləməyimiz gərəkdir. Bu günlərdə internet resurslarında belə bir məlumata rast gəldim ki, Almaniyanın Saarbrüken şəhərində yerləşən "Lambert Academic Publishing" adlı nüfuzlu Beynəlxalq nəşriyyat evi gənc Azərbaycan alimi Zahir Əsədovun elmi araşdırmalarından ibarət kitabını çap etmişdir. Xəbərin başqa təfərrüatlarına varmadan müəlliflə görüşüb söhbətləşmək qərarına gəldim. Məlum oldu ki, Zahir Əsədov 1975-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. Hazırda M.V.Lomonosov adına Moskva Dövlət Universitetnin Bakı filialında çalışır. Bakı Slavyan Universitetinin Ümumi və rus dilçiliyi kafedrasının dosentidir.

   -Qədim rus dilinin tarixi qrammatikası və tarixi üzrə mütəxəssisəm. Əsas elmi dairəm qədim rus yazı abidələridir. Hal-hazırda qədim rus və qədim türk dilli yazı abidələrinin dil və mədəniyyət müstəvisində təhlili və araşdırılması ilə məşğulam. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun keçirdiyi qrant layihəsinin qalibi olmuşam.

   - Almanlarda Sizə qarşı maraq necə oyandı, nədən başladı?

   - Dediyim kimi qədim rus yazı abidələri ilə maraqlanıram. Rusların fəxr etdiyi bir məşhur qədim rus yazı abidəsi var - "Ötən illər haqqında povest". Bu əsərin elə ilk səhifələrində qədim rus salnaməçisi qıpçaqlar haqqında müxtəlif xarakterli məlumatlar verir. Digər qədim rus yazı abidələrində də maraqlı epizodlara rast gəlmək olar. Məsələn, qədim türk adət-ənənələrinə aparan "su / bulaq başından qız qaçırtma" adətinin qədim rus cəmiyyətində yayılması, qədim türk törəsinin mühüm hissəsi olan insest qadağaları, qohum-şəcərə ağacında yalnız 7-ci dirsəkdən etibarən evlənməyə izn verilməsi, hətta "Kitabi Dədə Qorqud"da Qaraca Çobanın ağacı yerindən qopardaraq yağı üzərinə getməsi epizodunun qədim rus yazı abidəsində Suxan pəhləvan obrazında verilməsi və s. bu kimi dil faktları məni bu istiqamətdə daha geniş araşdırmalar aparmağa sövq etdi ..

   - Qaraca Çoban obrazı qədim rus yazı abidələrində də mövcuddur?

   - Əlbəttə. Bu povest öz genezisinə görə daha qədim zamanlara aparıb çıxarır, bunu rus alimləri artıq isbat etmişlər. Amma əsər XVII əsrin ikinci yarısının köçürməsi ilə bizə gəlib çıxmışdır, bu rus dövləti ilə Krım və Türkiyə arasında sərhədlərdə silahlı toqquşmalar yaşandığı vaxtlara təsadüf edir. Əsərin yazılmasında türk ideologiyasının, türk əsatirinin təsiri özünü göstərir. Məsələn, qədim ruslarda palıd ağacı müqəddəs hesab edilirdi və hətta rus knyazları öz torpaqlarının ərazilərini yalnız palıd ağacından olan lövhəciklərlə qeyd edirdilər. Lakin povestdə Suxan məhz palıd ağacını yerindən qoparır və o da tatarların (türklərin) üzərinə hücum edir: tatarlar Suxana odlu oxlar atırlar, ağac alışır və Suxan alovlu ağacla hücumunu davam edir. Eyniliklə Qaraca Çoban obrazı. Bilirsiniz, bu cür epizodların dərindən təhlili "Kitabi Dədə Qorqud"un hansı coğrafi ərazidə yazılmasını təyin edilməsinə işıq sala bilər.

   - Almanların da diqqətini məhz bu məqam çəkib?

   - Bəlkə də. Amma bir az dəqiqləşdirim. Öncə qeyd edim ki, mən dünyanın hər yerindən gənc alimləri birləşdirən məşhur "academiya.edu" internet elmi cəmiyyətinin üzvüyəm. Bəzi tədqiqatlarım həmin bu cəmiyyətin saytında yerləşdirilmişdir. Digər tərəfdən isə, Rusiyada nəşr edilən "Kim kimdir?" ensiklopediyasında da mənim haqqımda məlumat yer almışdır və bu məlumat ensiklopediyanın elektron saytında da yerləşdirilmişdir. Yəni almanlar məni bu baxımdan çox asan aşkar etdilər. Digər tərəfdən, qeyd etdiyim mövzu ilə bağlı digər araşdırmalar da aparırdım. 2009-cu ildə Belarusun Mozır şəhərində keçirilən Beynəlxalq elmi konfransda mənim qədim rusların qədim türk adətlərini mənimsədikləri barədə yazdığım məqalə bir çox slavyan ölkələri sırasında birinci yerə layiq görüldü. Bu bir qədər gözlənilməz uğur idi, çünki burada qədim rusların xalq kimi formalaşmasında və dövlətlərinin yaranmasında məhz türklərin rolu ön plana çəkilirdi. Qismən bu ideyalar məşhur knyaz Trubetskoyun "avrasiçılıq" və turan etnopsixoloji nəzəriyyəsinə söykənirdi. Moskvada nəşr edilən və Azərbaycan mədəniyyətini geniş mənada təbliğ edən gözəl bir jurnal var - "İrs" jurnalı. O jurnalda Təpəgöz və Polifem obarzlarına yeni elmi baxışdan yanaşaraq, müəyyən təhlillər aparmışdım. Nə isə, beləliklə, dərc etdiyim məqalələr, təbii ki, internet resurslarında özünə yer almışdır. Daha sonra rusistika elmində çox nüfuzlu hesab edilən "Xaricdə rus dili" jurnalının səhifələrində Kirakosyan soyadlı bir erməni alimi ilə Azərbaycan və Ermənistanda rus dilinə göstərilən diqqətin təsnifi barəsində elmi diskussiya aparmışdım. Azərbaycan Respublikası Prezidentinin rus dili və rus mədəniyyətinə göstərilən qayğı və diqqəti elmi müstəvidə təhlil etmişdim. Görünür, bütün bunlar, qədim rus mədəniyyətinə qədim türk təsiri və eyni zamanda Azərbaycanın dil siyasəti ilə bağlı məqamlar alman nəşriyyat evinin MDB ölkələri üzrə nümayəndəsi xanım Yelena Fulqanın diqqətini cəlb edib.

   - Yəni onları konkret olaraq Sizin hansı elmi işiniz maraqlandırırdı?

   -Qədim türk etnoeydemlərinə həsr edilən işim mənim qrant layihəmin əsas qayəsini təşkil edir və hazırda da bu problem üzərində çalışıram. Bu işim hazır olduqdan sonra onu da almanlara göndərəcəyəm. Bu işin rus və alman dillərində nəşr ediləcəyi haqqında razılığımız var. Odur ki, onlar hazır olan və əvvəllər heç yerdə dərc edilməyən başqa bir elmi əsəriminin olub-olmadığını soruşanda, mən onlara belə bir işimin olduğunu dedim. Bu mənim "Müasir rus dilində arxaik hadisələrin tarixi əsasları" kitabım idi. Mən də bu işin üzərində bir qədər çalışdım, bir az genişləndirdim və onlara göndərdim. İş 5 ekspertiz mərhələsində keçdikdən sonra mənə elektron müqaviləni imazalamaq üçün göndərdilər və beləliklər birgə elmi əməkdaşlıq üçün gözəl zəmin yarandı. Bir aydan bir az çox vaxtdan sonra onlar mənə həmin monoqrafiyanın bir nüsxəsini göndərdilər.

   - Nə haqdadır bu kitabınız? Sizcə nədən almanlar bu əsərinizə də bu qədər diqqət ayırıb nəşr etdilər?

   - Ümumiyyətlə, elmin bütün sahələrində, əsasən də dilçilik elmində, türk dilçiliyində alman alimlərinin adlarını saysan qurtarmaz. Ta əski zamanlardan almanlar dil tarixinə, qədim yazı abidələrinin təhlilinə böyük maraq göstərmişlər. Birinci maraq bundan irəli gəlir. İkincisi isə, fikrimcə, bu nəşriyyat evi öz maraqlarını da güdür. Təbii ki, müxtəlif elm sahlərini əhatə edən tutarlı bir araşdırmanın nəşri bu nəşriyyat evinə də diqqətin artacağına zəmanət yaradır. Yelena Fulqanın özü mənə belə açıqladı ki, dilçilik sahəsində onlar əsasən dil tarixi və qədim yazı abidələrinin araşdırılması üzrə aparılan tədqiqatlara böyük önəm verirlər. Mənim kitabımı nəşr etməklə, onlar bir növ özlərinə potensial əməkdaş qazandılar. Digər tərəfdən, bu Beynəlxalq nəşriyyat evi həm də elmi əsərlərin satışı ilə də məşğul olur. Deməli, maddi maraq da var. Əslində bu kitab da qədim rus dilinin özəlliklərinin müasir rus dilində təzahüründən bəhs edir. Kitabda XVII - XX əsrin əvvəlləri klassik rus əsərlərinin materialları əsasında qrammatik arxaizmlərin tarixi kökləri izah edilir və qədim rus dilinin qrammatik sisteminin müqayisəli təhlili verilir.

   - Kitabın nəyə görə ilk dəfə almanlar tərəfindən nəşr ediməsinə üstünlük verdiniz? Yəni, olmazdımı ki, burda da nəşr edəsiniz?

   - Birincisi, bu Beynəlxalq nəşriyyat evidir və dünyanın bir çox nüfuzlu ali məktəbləri ilə elmi əlaqələri var. İkincisi, bu nəşriyyat evi mənə şəxsi İSBN "tanıtım və identifikasiya" beynəlxalq kodunu açır, yəni bu o deməkdir ki, mənim kitabım beynəlxalq identifikasiya şifrəsi ilə nəşr edilmişdir. Üçüncüsü isə, daha önəmlisi, bu kitabın yayımını, fərqi yoxdur, pullu və ya pulsuz, nəşriyyat evi özü təşkil edir və demək ki, əslində, elə mənim də elmi fəaliyyətim beynəlxalq arenaya yol tapır. Bu mənim üçün çox vacibdir. Ümumiyyətlə, bu yolla, hesab edirəm ki, biz Azərbaycan elmini, Azərbaycan elmi təfəkkürünü dünyaya tanıdırıq. Məşhur şumeroloq, ermənişünas və kulturoloq bir rus alimi var idi, İqor Mixayloviç Dyakonov. Onun bir tədqiqat işi var - "Erməni xalqının tarixdən əvvəlki dövrü". Bu əsərdə erməni xalqının indiki yaşadığımız ərazidə tarixən avtoxton olmamasını Dyakonov hələ XX əsrin 60-cı illərində söyləmişdir və ermənilərin qəzəbinə düçar olmuşdur: o zaman erməni xalqı Dyakonovu "erməni xalqının düşməni" adlandırmışdır. İndi bu əsərin Azərbaycan dilinə tərcüməsi ilə məşğulam. Bilirsiniz, getdikcə, bizim cavanlar rus dilini unudurlar. İndi daha çox ingilis dili öz işləm dairəsini genişləndirmişdir. Bu da təbiidir. Oljas Süleymenovun gözəl bir fikri var: eyni zamanda slavist və türkoloq olan alimlər qədim rus və qdəim tür dillərinin tarixlərinə daha çox bəhrə verəcəklər. Hesab edirəm ki, tarixin bir çox qaranlıq məqamları məhz qədim yazı abidələrində gizlənmişdir.

  

  

  Əbülfət MƏDƏTOĞLU

 

  Ədalət.-2012.-25 fevral.-S.21.