QAÇAQ İSMAYIL

 

   QAÇAQ KƏRƏMLƏ GÖRÜŞ

 

   Abbas bəyin ölüm xəbəri ildırım sürəti ilə hər yana yayıldı. Məsələ get-gedə qəlizləşir, İsmayılın şanı, şöhrəti isə dillərdə dastana çevrilirdi. Rütbəcə daha böyük çin sahibləri Laçın bəy və Qoşun bəy qardaşları Abbas bəyin ölüm xəbərini eşitmiş, İsmayılın qanına susamış ac aslana dönmüşdülər. Bir böyük dəstə ilə hər an İsmayılı axtarırdılar.

   İsmayıl Şıxlıda-Kür qırağında onların sorağını aldı. Yaman yerdə axşamlamışdı İsmayıl. Böyük bir dəstə Şıxlı tərəfdən ona tərəf yaxınlaşırdı. İsmayıl Kürü şığanıb Qarayazı meşəsinə adlamaqdan başqa çarə qalmadığını başa düşdü. Uzaqdan atılan güllələr ona çatmasa da, qəzəbdən alışıb-yanan Qoşun bəy, Laçın bəy qardaşları İsmayıl tərəfi güllə-borana tutmuşdular. Bu döyüşün asan olmayacağını hiss edən İsmayıl yenə də üzünü ümidini üzmədiyi göylərə tutub bir bayatı çağırdı.

 

   Ya xudam,

   Kürü əylə, ya xudam.

   Kərəmi yetir mənə,

   Kərəm eylə, ya xudam.

 

   Vaxt itirmək olmazdı Bir alıcı quş kimi boz üryənin blinə sıçradı. Dar gündə boz üryənin özü də bir dəliqanlı iyidə oxşayırdı. İşi başa düşüb özünü Kürə saldı. Heç bir an keçməmişdi İsmayıl Qarayazı meşəsinin Qalınlığında qeyb oldu. Meşədə at sürmək çox çətin olduğu üçün İsmayıl mümkün qədər qalınlığa girmir, açıq yollarla qalın meşənin dərinliyinə girməyə çalışırdı. Ancaq düşmənlərdə ona xeyli yaxınlaşmışdılar. Qalın qızılca kolları ilə hasara alınmış fızıllığı keçə bilməyəcəyini anlayıb atdan düşdü. Patron dolu güllə qatarını çalın-çarpaz çiyninə bərkitdi. Heybəsində olan ehtiyat güllələri də götürüb, böyük bir qovaq ağacının arxasını özünə səngər seçdi. Laçın bəygil indi ona yalnız öndən hücum edə bilərdilər. Sağı, solu isə qalın qızılca kolları keçilməz qala divarları kimi qoruyurdu...

   Aşıq Sadıq bu yerdə söhbətə ara verib, saqiyə badələri doldurmaq tapşırığı verdi. Heç kim yerindən tərpənmir, hamı Qaçaq İsmayılın bu dar məqamdan necə xilas olacağını gözləyirdi.

   Badələr süzüldü, sağlıqlar deyildi, ustad Avdı oğlu Sadıq yenə sazı sinəsinə basıb "Qaraçı" havası üstündə Qaçaq Kərəmdən oxumağa başladı:

 

   ... Dost yolunda candan keçdim, ucaldım,

   Bac vermədim, xandan, bəydən bac aldım.

   Kərək, gün keçməmiş, vaxtsız qocaldım,

   Əlif-qəddim əydi, çərxi zəmanə.

 

   Ustad fikirlərini cəm edirmiş kimi əlini bığlarına çəkib, aram-aram var-gəl edərək:

   -Hə mənim əzizlərim,- deyib, ustadlara xas olan bir ərkanla sazı qoltuğunun altına verib sözünə davam etdi.

   Artıq bir saatdan çox olardı ki, döyüş davam edirdi. Qarayazı meşəsi ömründə bu qədər barıt qoxusu, güllə səsi eşitməmişdi. İsmayıl heç cür mövqeyini dəyişə bilmirdi.

   Qoşun bəyin əsgərlərindən xeylisi qırılmış, xeylisinin yaralanmasına baxmayaraq İsmayılın mövqeyini yara bilmirdilər. İsmayıl isə tez-tez heybəsinə baxıb güllələri sayırdı. Gülləsi azaldıqca İsmayılın üzündə bir ümidsizlik peyda olur, mumkün qədər boşa gullə atmırdı. Demək olar ki, atdığı hər güllə hədəfə dəyirdi. Ölənlərə, yaralananlara baxan Qoşun bəyin qəzəbdən gözləri hədəqəsindən çıxır, qaba söyüşlərlə söyüb, tez-tez İcmayılın mövqeyini güllə yağışına qərq edirdi. İsmayılın susduğunu görən Qoşun bəy onun gülləsinin qurtardığını zənn etdi. İlk gülləni İsmayılın kəlləsinə özü sıxmaq qərarına gələrək irəli addımlamaq istədi.

 

   İsmayıl:

   - Çıx, əclaf, çıx, səni gözləyirəm, - deyib Qoşun bəyin düz ürəyini nişan aldı. Bir an içində dünya Qoşun bəyin gözündə qara geyindi. O üzü üstdə tikanlı qızılca kollarının üstünə sərildi.

   İkinci qardaşın vurulduğunu görən Laçın bəy yaralı aslan kimi qışqırıb hayqımağa başladı. Çiynindən qan süzülən İsmayıl qızılca kollarının cırıb dağıtdığı üzünün qanını tər qarışıq əlinin arxası ilə silərək sonuncu güllələri beşatılana doldurdu. Bu son döyüş idi. Sonuncu beş güllə, qarşıda amansız qanlı düşmən.O artıq ölümün qarış-qarışına yaxınlaşdığını hiss edirdi. Laçın bəyin dəstəsindən sağ qalmış xeyli əsgər var idi. Onlar İsmayılın gülləsinin qurtarmasını gözləyirdilər. Gün ilkindi vaxtına əyilmişdi.

   -Bu da son, - deyib, İsmayıl əllərini uca göylərə tutub çarəsiz-çarəsiz pıçıldadı:

   - Hardasan, ay Kərəm..  

   Adı, igidliyi dillər əzbəri, sözü-söhbəti aşıqların dilindən düşməyən ellər tərəfindən əfsanəlmiş Zal oğlu Qaçaq Kərəm Qarayazı meşəsini özünə oylaq seçmişdi. Üzü günbatan tətəfdən gələn güllə səslərinin səngimədiyin görən Kərəm, o səmtə xeyli yaxınlaşmışdı. O, başında dolanan suallara öz fəhmi ilə belə cavab tapmışdı ki, bu İncəli Qaçaq İsmayıl olacaq. Onun igidliyi, mərdliyi haqda çox eşitmiş, amma üzünü görməmişdi. Fəhmi onu aldatmamışdı.Qarayazı meşəsinin hər yoluna, hər cığırına bələd olduğu üçün çox qısa zamanda İsmayılın özünə səngər seçdiyi yerə yaxınlaşdı. O, İsmayılın mövqeyinə baxıb, ürəyində "Afərin sənə ay İncəli balası"- deyib cəngəllik pələngi kimi bir an içində özünə əlverişli mövqe düzəltdi...

   İsmayıl güllələrin dördünü atmışdı. Son gülləni ya özünə, ya da Laçın bəyə sıxacağına qərar versə də, Laçın bəy özünü nişana vermir, əsgərləri irəli atılmağa məcbur edirdi. Hər həmlədə bir əsgər yerə sərildiyinə görə Laçın bəy də İsmayılı diri tutmaq haqda planlar cızırdı.

   Laçın bəy işin nə yerdə olduğunu təxmin edib, əsgərlərdən üç nəfərə irəli atılmaq əmri verdi. Bu dəfə İsmayıl sonuncu gülləni kimə çaxacağını anşırmamış arxa tərəfdən açılan güllə səsinə diksinərək dəli kimi ayağa qalxdı. Qoşun bəyin son əmri ağzında bişib qana döndü. Dünya, aləm gözündə bir andaca yoxa çıxdı. Qorxudan yerə döşənən əsgərlər bu qəfil güllənin haradan açılmasına mat qalmışdılar.

   -Gəldim, ay İncəli balası, - deyib Kərəm bir aslan kimi özünü İsmayılın eşim-eşim etdiyi "səngər"yerinə çatdırdı. İsmayılın üzündə heyrət qarışıq bir sevinc işığı yandı.

   -Bu sənsənmi, Kərəm? - deyib, Ismayıl Kərəmin uca boynuna sarıldı.. 

   Bir-birinin üzünü görməmiş, amma ürəklərində bir-birinə həsəd aparan bu iki aslan indi üz-üzə dayanmışdılar. Uca boylu, enli kürəkli, bığ yerləri təzəcə tərləmiş Kərəm, Tökmə boylu, enli kürəkli, qıvrım telli, eşmə bığlı, qara, zəhimli çöhrəli yaşca özündən 7-8 yaş böyük olan bir nəfərlə üz-üzə dayanmışdı.

   -Ay Kərəm, səni Allah hardan yetirdi, son patronunun ümidinə qalmışdım, qardaş.

   -Sənin igidliyin, mərdliyin haqda çox eşitmişdim, İsmayıl. Amma bu gün gözlərimlə gördüm. Ver əlini bu gündən kürək-kürəyə verib bu haqsızlıqlara, bu ədalətsz, qan içən murdarlara qarşı birgə döyüşək.

   Bu qanlı döyüş meydanına baxıb hər ikisi yaxşı anlayırdı ki, bu iri rütbəli çar çinovniklərinin ölümü uyezdi, bölgəni silkələyəcək. Onları rahat buraxmayacaqlar. Ona görə də tədbir töküb, harda gizlənmək, necə sığınmaq haqda fikirləşdilər.

   Qaçaq Kərəm:

   - Ay İsmayıl, atam Zal oğlu İsgəndərin İncə dərəsinin, Qaymaqlı kəndində Mustafa koxa adlı mərd, səxavətli bir dostu var. Dəfələrlə bizim evdə qonaq olub. Gəl bir müddət onun oylaqlarında gizlənək, bu məsələlər bir az köhnəlsin, bizdə bir az dincəlib yeni güc toplayaq.

   -Axı mən İncəliyəm...

   Kərəm İsmayılın sözünü ağzında kəsdi.

   - İsmayıl, belə məqamda heç kim səni öz evində axtarmaz, əksinə onlar səni tamam başqa istiqamətdə gəzəcəklər, - deyib atının belinə sıçradı. Yaşca Kərəmdən böyük olsa da İsmayıl bu şıvırtı, ucaboy, enli kürək igidin ağlınada heyran qaldı.

  

   Mustafa koxa taxtın üstündə mütəkkəyə dirsəklənib təzəcə yandırdığı qəlyanını tüsdülədirdi. İtlərin hürüşməsi, nökərin cəld qapıya tərəf qaçması onu fikrindən ayırdı.

   Nökər təzim edib:

   -Baba, qonaqların var. İki nəfər atlıdı, qırımlarından, durumlarından qaçağa oxşayırlar, - deyib Mustafa koxanın üzünə baxdı. Koxa özü ayağa qalxıb darvaza ağzında dayanmış bu igidlərə nəzər saldı.

   Kərəm:

   - Tanımadız, Mustafa əmi? Kərəməm, Qıraq Kəsəmənli Zal oğlu İsgəndərin oglu Kərəm, - deyib atından yerə sıçradı.

   -Bəh, bəh, ay maşallah. Hə, indi tanıdım, xoş gəlmisiz, oğul, - deyib Kərəmgili çox mehribanlıqla qarşıladı. Nökəri yanına çağırıb:

   -Atları tövləyə çək, qabaqlarına arpadan, yoncadan tök. Sonra isə düş aşağı Nəbi koxanı bizə dəvət et, -deyib Kərəmgili evə dəvət etdi. Dərhal bir heyvan kəsildi, manqallara, samavarlara od salındı.

   Dayısı Mustafa koxanın hər kəlməsinə müntəzir olan Nəbi koxa da gəlib çıxdı.

   -A bala, a Nəbi, tanış ol. Adı dillərdə dastan olan Zal oğlu Qaçaq Kərəm bax bu oğlandı, - deyib Kərəmi ona göstərdi.

   Kərəm başına gələnləri qısaca nəql edib İsmayılın igidliyindən ağız dolusu danışdı. Bir neçə gün buralarda sığınmaq qərarlarını söylədi.

   Mustafa koxa bir az ciddi görkəm alaraq əlini saqqalına çəkd:

   - Oğul, siz mənimçün çox əziz qonaqsınız. Amma ehtiyatı əldən verməyək. Meşə çaqqalsız, mahal şuğulsuz olmaz, - deyib üzünü Nəbi koxaya tutaraq:

   -Nəbi, bu igidləri tapşırdım sənə. Hoykeçən bağı bu igidlər üçün həm yaxşı sığınacaq, həm də gözəl istirahət yeri olacaq, - deyərək qonaqları süfrə başına dəvət etdi.

  

   Hoykeçən bağı əsil cənnəti xatırladırdı. Kürəyini Dəyirman çalına, ayağını İncə çayına söykəmiş bu bağda hansı meybən, ağacı desən tapılardı. Yam- yaşıl ağaclar, dil-dil ötuşən quşların səsi, al-əlvan gül çıçəklər bir-biri ilə ilahi bir harmoniya qovşağına qərq olmuşdular.

   Bu cənnət məkanda Qaçaqlar üçün hər şərait yaradılmışdı. Molla nəbinin xüsusi olaraq ayırdığı nökərlər, qonaqları darıxmağa qoymayan aşıq Abdulla bu igid ərənlərin nazı ilə oynayırdılar.

   Bu minvalla gül-gülü, bülbül-bülbülü çağıran bu cənnət məkanda iki ay qaldılar.

   Molla Nəbi adəti üzrə tyt ağacının altındakı taxtın üstündə mütəkkəyə dirsəklənərək nəlbəkiyə tökdüyü isti çayı üfürə- üfürə içirdi."Bu kişilikdən deyil, kişi olan qonağına evində bir qonaqlıq verməzmi?" fikri neçə gün idi ki, başında dolanırdı.

   - A bala, ay oğul- deyib nökıri yanına çağırdi.

   - Bəli, Ağa- deyib Həyətdə odun yaran nökər ağasına yaxınlaşdı.

   - Oğul, düş Noykeçən bağına, oradakı qonaqlarıma de ki, Molla Nəbi sizi çağırır.

   Nökərin gəlişi, Nəbi koxanın müəmmalı çağrışı qaçaqları bir az təşvişə saldı. Bir- birini üzünə baxıb silahlarına əl atdılar. Bu qaçaqların yazılmamış qanunlarından biri idi ki, silah hər zaman, hər an yanlarında olmalıdır.

   Qapıdan içəri girəndə məsələ aydın oldu. Tut ağacından asılmış erkək soyulur, bir tərəfdə manqal qalanır, digər tərəfdə samavar qaynayı, ocaq üstündə qazan buğlanır- bir sözlə həyətəki canlanmadan hər şeyi təxmin etmək çox asan idi.

   -Xoş gəldiniz, oğlanlarım. Çox düşündüm ki, öz evimdə məclis qurmasam, sizinlə bir tikə çörək kəsməsəm heç kişilikdən olmaz. 

   Təzəcə süfrə arxasına oturmuşdular ki, yol tərəfdən at ayaqlarının səsi eşidildi. Təşvişə düşən Molla Nəbi özü həyətə çıxdı. Darvazaya yaxınlaşanda qapının ağzinda dayanan atlı strajnikləri gorüb, özünü toxtadı. İyirmi atlı ilə gəlmiş dəstə başçısına üzünü tutub:

   - Buyurun , cənab naçalnik, atlardan düşün, qonağım olun- desədə ürəyində "evin yıxılsın, şuğul. Mən indi Kərəm gilə nə deyəcəm" deyib düşünməyə başladı.

   Nəbi koxa ətraf bölgələrdə çox böyük hörmət, nüfuz sahibi idi. İsdər mərdlikdə, isdər səxavətdə, isdərsədə müdriklikdə, ağsaqqalıqda.

   Otryad komandanı dedi:

   - Nəbi koxa, bilirəm sizin qapıya belə dəstə- tifaqla gəlməyimiz caiz deyil. Amma aldığımız məlumata görə o quldurlar, yol kəsən, baş kəsən qaçaqlar Qaymaqlı kəndində gizləniblər. Onlarla bir başa Niqalayın özü maraqlanıb.

   Nəbi koxa təmkinini pozmadan dedi:

   - Naçalnik, Molla Nəbi o qədər ölü oldu ki, onun kəndində qaçaq- quldur gizlənsin? O kərəm, İsmayıl dediklərin nə karədirlər ki, bu həndəvələrə ayaq bassınlar.

   Otryad komandiri:

   - Həbi koxa, biz onları axtarırıq, onlar çox qatı cinayətgarlardı. Sizdə gözdə, qulaqda olun- deyib atının belinə qalxdı.

   Molla Nəbi içəri keçəndə Kərəm sərt bir görkəmlə:

   - Sən onları yaxşı tanımırsan, Molla Nəbi, get onu dərhal yanıma çağır.

   -Ay oğul, çıxıb gedirlər, qoy getsinlər. Iş içindən iş çıxarma.

   -Nəbi əmi bu işin sonrası da var. Mən bilirəm nə edirəm. Get o naçalniki bura çağır, qalanı ilə işin olmasın.

  

 

   (ardı var)

 

   Məmməd Dəmirçioğlunun təqdimatında

 

 

   Ədalət.-2012.-25 fevral.-S.18.