ALQIŞ

 

   Turana qılıncdan daha kəskin, ulu qüvvət,  

   Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

 

   H.Cavid

  

   Dağ şəlaləsi kimi çağlayan "Cəngi"nin şaqraq sədaları salona dalğa-dalğa yayılıb kükrəyir. Qədim milli geyimli şüvərək cavanlar əl-ələ verib səhnədə dövrə vururlar. Ucaboylu rəqqas döyüşə atılırmış kimi yoldaşlarının əhatəsində cövlan edir. "Cəngi" səngiyir, rəqs edənlər birdən yerə mıxlanmış kimi dayanıb dağın ətəyində çəmənlikdəki donlu, incə qızlara sarı boylanırlar. Çoban tütəyinin könül oxşayan təranələri altında qızlar nazlana-nazlana süzürlər. Cavanlar əlləri sinələrində gözəllər önündə diz çöküb təzim edirlər... Ani sükuttamaşa salonunu titrədən alqışlar...

   O, stolun üstünə səliqə ilə düzdüyü şəkillərə baxa-baxa aramla danışır. Sonra köksünü ötürüb mənə zənnlə baxır:

   - Özün bilirsən də, adam yaşa dolanda xatirələrlə yaşayır, mən də elə. Baxdıqca ötənlər yadıma düşür, şəkillər sanki canlanır gözlərim önündə, Manafın, Əliməmmədin zurnası haray çalır, Musanın balabanı həzin-həzin ötür, cavan oğlanlar, qızlar rəqs eləyir, aşıq Pənah oxuyur:

  

   Saz tutubdur ləpələrin,

   Nəğmələrin şirin-şirin,

   Bəzəyisən bizim yerin

   Ay mənim ana Kürüm!

 

   - Aşıq Pənah ustad sənətkar idi, səsi də məlahətli, bənzərsiz.

   O, başını ehmalca tərpədib razılığını bildirir:  

   - Elədir. Aşıq Pənahın şöhrəti təkcə Muğana, Şirvana, Arana, Milə deyil, bütün Azərbaycana yayılmış, sərhədləri aşmışdı. O, nəğmələrilə xalqını, Vətənini Hindistanda, Finlandiyada, Polşada, Bolqarıstanda, Rumıniyada, Çexoslovakiyada, İspaniyada, Avstriyada, keçmiş SSRİ respublikalarında layiqincə təmsil etmişdi. Mən bunun canlı şahidi olmuşam. Pənahın aşıqlar ansamblı ilə birlikdə o vaxt Salyan Rayon Mədəniyyət Şöbəsinin "Cəngi" orkestri qədim el sənətimizi dünyanın neçə-neçə ölkəsinə tanıdıb, mədəniyyətimizi şöhrətləndirib, mükafatlara layiq görülüb, - ani olaraq susub nəfəsini dərdi, sonra özünəməxsus qətiyyətlə, - mənim aləmimdə ən yüksək mükafat tamaşaçıların, sənətsevərlərin sevgisi, məhəbbəti, alqışlarıdır, - dedi, - indi də o alqış sədaları qulağımdan getmir, xüsusən bu xatirə şəkillərini görəndə. Bir buna bax. - O, böyük bir şəkli mənə göstərir: tamaşaçılar ayaq üstə səhnədəkiləri alqışlayırlar. "Cəngi" folklor orkestrinin, rəqs qrupunun üzvləri, el sənətçiləri, aşıq Pənah və mədəniyyət işçiləri nümayəndə heyətinin rəhbəri Fərəc Dadaşov əllərində gül dəstələri xoş təbəssümlə tamaşa salonuna baxırlar...

 

   ***

 

   O vaxtdan neçə illər keçib. Gənclik dostum Fərəc , mən artıq yaşa dolmuşuq. Söhbət edə-edə ötənləri xatırlayırıq. Elə bil qulağıma səs gəlir: "Geriyə baxma, qoca!" Mənsə baxıram görürəm: ortaboy, arıq, xoşsifət, ünsiyyətcil, sütül oğlan. Orta məktəbi qurtarıb, qiyabi ali təhsil alır işləyir. Dedikcə işgüzar, çalışqandır. İndi gözümün qabağındadır: əvvəl rayon komsomol komitəsinin təlimatçısı, sonra məktəbli gənclər şöbəsinin müdiri idi. İş başını qatmışdı, həmişə harasa tələsirdi. Bu da mənə əl verirdi. İşlədiyim rayonlararası qəzetin redaksiyası qonşu rayona köçmüşdü. Mən isə qəzetin xüsusi müxbiri kimi Salyanda qalmışdım. Ayrıca otağım yox idi. Fərəcin otağında işləyir, yazıb-pozurdum. Xasiyyətimiz, söhbətimiz tuturdu. Dərdləşir, məsləhətləşir, çətinliyə düşəndə bir-birimizə ürək-dirək verir, xeyir-şərdə birgə olurduq. Fərəc öz üzərində çalışır, oxuyur, Bakıya gedib semestr imtahanlarını verir, hələ üstəlik vaxt tapıb "subaylığın daşını atmağa" hazırlaşırdı. Onun məndən sirri yox idi. Ürəyini gözlərindən oxuyurdum: sevirdi, sevilirdi...

   bu qarşılıqlı məhəbbət zamanın sərt sınağından çıxdı, dostum toy edib evləndi. Ömür-gün sirdaşı Zümrüd xanımla özəl bir ailənin ocağını qaladı..

 

   ***

 

   Sevən ürəklərin odu ilə yanan ailə ocağı məşəl kimi cavanların həyat yolunu işıqlandırdı. Zümrüd xanım pedaqoji institutun məktəbəqədər təlim-tərbiyə fakültəsini bitirib uşaq bağçasında əvvəl tərbiyəçi, sonra müdir vəzifəsində işlədi. Uşaqları bu bağçadan pərvazlanıb orta məktəbdə oxudular, ali təhsil aldılar. Sonra da nəvələr nənənin köməyilə "bu ənənəni" davam etdirdilər...  

   Məsul ictimai işlərdə çalışan Fərəc Dadaşov Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini (indiki Mədəniyyət İncəsənət Universiteti) bitirdikdən sonra Salyan Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinə irəli çəkildi. O bu məsul vəzifədə özünü bacarıqlı təşkilatçı kimi göstərdi. Gənc yaşlarından ictimai işlərdə qazandığı təcrübədən mədəniyyət ocaqlarının fəaliyyətinin canlandırılmasında yetərincə yararlandı. Rayonun bütün kitabxanalarının vahid bir mərkəzdən sistemli şəkildə idarə olunmasını təşkil etdi. Eyni zamanda kitabxana işçilərinin təhsilinə, ixtisaslarını artırmalarına təkmilləşmələrinə xüsusi fikir verdi. Rayon mədəniyyət şöbəsinin həmişə diqqət qayğı tələb edən bu vacib sahəsində böyük tikinti, əsaslı təmir, abadlıq işləri görüldü. Salyan şəhərində ikimərtəbəli mərkəzi kitabxana binası, kəndlərdə 12 kitabxana, 16 mədəniyyət evi, 17 klub inşa olunub istifadəyə verildi.  

   Mədəni-maarif işinin yüksək səviyyədə təşkilinə çalışan Fərəc Dadaşov rayonda folklor incəsənət sahəsində istedadların aşkara çıxarılıb yetişdirilməsinə xüsusi önəm verirdi. Bu məqsədlə bölgənin şəhər, qəsəbə kəndlərində hər il keçirilən müsabiqələrə ümumrayon baxışında adlı-sanlı həmyerlilərimiz SSRİ xalq artistləri bəstəkar Arif Məlikov, Xuraman Fidan Qasımovaların iştirakı ilə yekun vurulur, qaliblər mükafatlandırılırdı. Gənc istedadlar respublika Ümumittifaq festivallarında uğurla çıxış edir, medallar alır, laureat adına layiq görülürdülər.

   Çox çəkmədi ki, rayon mədəniyyət şöbəsinin nəzdində Fərəc Dadaşovun təşəbbüsü təşkilatçılığı ilə xalq çalğı alətləri, el sənətçiləri, aşıqlar, ailə ansamblları, zərb alətləri, rəqs bədii qiraətçilər qrupları birləşdirilərək "Cəngi" folklor orkestri yaradıldı.

  

   ***

 

   Tale elə gətirdi ki, mən Bakıya köçüb bir müddət o vaxtkı dövlət teleradio komitəsində, sonra uzun illər Cəlilabad rayonunda işləməli oldum. həmişə gənclik dostumla sıx əlaqə saxladım.

   Onun Salyan Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində səylə çalışıb diqqətəlayiq işlər görməsi məni ürəkdən sevindirirdi. Vaxtaşırı qastrol səfərlərinə çıxan Salyan Miniatür Xalq Teatrı Dövlət Kukla Teatrının yolu Cəlilabada da düşürdü. Bu zaman Fərəc bir dost kimi sevincini mənimlə bölüşür, ürəkdən bağlandığı işindən maraqlı söhbətlər edirdi. Danışırdı ki, az vaxt ərzində Salyanda tarix-diyarşünaslıq muzeyi, Qulu Əsgərov adına İncəsənət məktəbi, Yenikənd 7 illik musiqi məktəbi istifadəyə verilib. "Cəngi" folklor orkestrinin şöhrəti ölkənin hüdudlarını aşıb...

 

   ***

 

   Deyirlər, uşaqlıq dövründə vaxt əvvəl iməkləyir, sonra yeriməyə başlayır, yeniyetmə çağında tələsirsən, darıxırsan: vaxt niyə belə gec ötür, cavanlığında illər qaçır, ahıl yaşında zaman uçur elə bil, heyrətə gəlirsən, məəttəl qalırsan: ömür tez keçdi.

   Mənə elə gəlir ki, sanki gözümü yumub açmışam, 74-ə çatmışam. Fərəc dostum isə bir addım irəlidədir. Novruza bir həftə qalanda, martın 14-də qeyd edəcəyik 75-ni.

   Nənəm deyərdi: "Novruzun topu atılanda havadan ətir iyi gəlir". Amma qış sərt keçsə , yaza hələ qalsa da, Salyanda bu gün hava çox mülayimdir. Taksidən düşən kimi Kür qırağından bir boy qalxan günəşin şüaları gözümü qamaşdırır.

   Adətim üzrə qohum-əqrəbadan əvvəl dostuma zəng edirəm onun özünəməxsus tələskən səsini eşidirəm: "Birbaşa evə gəl, gözləyirik".

   Qapını açıram, Fərəclə, Zümrüd xanımla görüşüb ətrafa baxıram: "Bəs uşaqlar?" Zümrüd nənə sualıma sualla cavab verir:

   - İndiyə uşaq qalar? Siz nəvələrdən danışın. Maşallah, böyüyüblər. İlk nəvəmiz, Vüqarın oğlunu deyirəm, Fərəc babasının adını daşıyır, 3-cü kursda oxuyur, universitetdə. O birilər orta məktəbdə. Arada gəlib bizə dəyirlər. İndi babalarının yubileyinə hazırlaşırlar.

   - İnşallah, mən gələcəyəm, - deyirəm

   - Elə evdə olacağıq, özümüz, yaxın qohumlar, dostlar. Yubiley söhbətini Zümrüd zarafat eləyir.

   - Zarafat niyə olur? Yadından çıxıb, 70 illiyin rayonda necə təntənəli keçirildi, qəzetdə yazdılar, - ani sükutdan sonra mənə müraciətlə əlavə edir, - elə deməyinə baxmayın. Özü əməlli-başlı hazırlıq görür. Zəhmət olmasa bir otağına keçib baxın.

   Fərəclə birlikdə yan otağa keçirəm. Kitab rəfinin qarşısındakı uzunsov stolun üstünə səliqə ilə şəkillər düzülüb, məxmər üzlü albom qoyulub. Küncdəki dolabın üstünə köhnə qəzet-jurnallar yığılıb.

   Şəkillərə baxdıqca mənə ən yaxın dost olan insanın ömür yolu gözlərim önündə canlanır, ilk gəncliyimizdən üzü bəri, Muğanın qədim bölgəsində mədəni-maarif işlərinə rəhbərlik etdiyi illər, yaşının yetkin, kamil, müdrik çağları...

   Ailə albomunu vərəqləyirəm. Lap başda babaların, nənələrin şəkillərini görürəm. Biz orta məktəbdə oxuyanda rayonun sayılıb-seçilən ziyalısı, maarif xadimi, unudulmaz müəllimimiz Müzəffər Əsədovun nurani siması... Texnikuma direktor təyin olunandan az sonra vaxtsız vəfat etdi... Üzlərini görmədiyi nəvə-nəticələri indi boya-başa çatır, səylə oxuyur, babalarının adına layiq olmağa çalışır, ruhunu şad edirlər...

   Dolabın üstündəki köhnə qazet-jurnalları nəzərdən keçirirəm. Ötən əsrin 70-80-ci illərində mədəni quruculuq işlərindən bəhs edən yazılar, el sənətkarları barədə oçerklər, mədəniyyət sahəsindəki uğurlara görə rayona verilən bayraqlar, fəxri fərmanlar, mükafatlar və diplomların təqdimolunma mərasimindən hazırlanan hesabatlar, diqqətçəkən rəqəmlər. Həmin illərdə rayon mədəniyyət şöbəsi 4 dəfə respublikanın, Mərkəzi kitabxana və Mədəniyyət evinin kollektivləri isə iki dəfə SSRİ Mədəniyyət Nazirliyinin keçici Qırmızı bayraqlarına layiq görülüb, 147 nəfər mədəniyyət işçisi qızıl medal alıb, 85 nəfər isə festival laureatı olub.

   Xalq yaradıcılığı Ümumittifaq festivalının laureatı Fərəc Dadaşovun sinəsini SSRİ Mədəniyyət nazirliyinin "Mədəniyyət əlaçısı", "Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafına göstərdiyi xidmətlərə görə" respublika mədəniyyət nazirliyinin "Fəxri nişanı" və "Rəşadətli əməyə görə" medalı bəzəyir.

   Mən qeydlərimi bir daha nəzərdən keçirib dostumun 75 yaşı münasibətilə qələmə aldığım xatirə-yazıma nöqtə qoymaq istəyəndə söhbətimizin əvvəlində onun dediyi sözlər yadıma düşdü: "Mənim aləmimdə mədəniyyət işçisi üçün ən yüksək mükafat tamaşaçıların, sənətsevərlərin məhəbbəti, alqışlarıdır".

   Fərəc Dadaşov arzusunda olduğu yüksək mükafata dəfələrlə layiq görülüb: uzun illər başçılıq etdiyi yaradıcı kollektiv dünyanın bir çox ölkələrində, beynəlxalq aləmdə qədim mədəniyyətimizi və incəsənətimizi şöhrətləndirib, alqışlanıb.

   Məni xoş ovqata kökləyən odur ki, mütəfəkkir şairimiz Hüseyn Cavidin dahiyanə kəlamını o özünün həyat məramına çevirmiş və buna daim sadiq qalmışdır:

   Turana qılıncdan daha kəskin, ulu qüvvət,

   Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

 

 

   Əlövsət BƏŞİRLİ

 

   Ədalət.-2012.-25 fevral.- S.13.