Ayaz Salayev: "Utanmaq günah və ən böyük tərbiyəsizlikdir"

 

  ""Yarasa" filmini gündüz nümayiş etdirmək olmaz"

 

   Bir neçə kərə cəhd etsəm də, hər dəfə işi çox olduğu üçün müsahibəni təxirə salmalı olurdum. Axır ki, münasib gün və saat təyin edəndən sonra söhbətə başlaya bildik. Gərgin iş qrafiki və vaxtının darlığını nəzərə alıb qısa hal-əhval tutan kimi ilk sualla müsahibəyə başladım. Lent.az-ın budəfəki həmsöhbəti 80-ci illərdə "Retro" verilişi ilə populyarlıq qazanan, daha sonra kinorejissor kimi tanıdığımız Ayaz Salayevdir.

   - Kinonun cəmiyyətin inkişafına hansı təsiri var?

   - Bizim təsəvvürlərimiz əldə etdiyimiz həyat təcrübəsi ilə formalaşır. Sənət əsəri olan hər bir film dünya haqqında təsəvvürləri zənginləşdirir. Odur ki, kinoya baxan tamaşaçı öz dünyagörüşündən daha üstün bir təfəkkürlə rastlaşır. Nəticədə istər-istəməz insanı ciddi düşünməyə və inkişafa sövq edir.

   - Gənclər daha çox döyüş və dəhşət filmlərinə baxmağa üstünlük verirlər. Bunu necə dəyərləndirərdiniz?

   - Doğrusu, bunu tənqid etsəm, qeyri-səmimi olaram. Bir-birini qorxutmaq, qorxulu nağıllar oxumaq uşaqlara xas xüsusiyyətdir və yaş psixologiyası ilə bağlıdır. Odur ki, gənclərin dəhşət və ya döyüş filmlərinə marağı uşaqlıqdan qalma həvəsdir. Mən bu mövzularda çəkilən filmlərin gənclərimiz üçün qorxulu və ya təhlükəli olduğunu hesab etmirəm. Heç kimi həqiqi sənət əsəri olan kinolara baxmağa məcbur etmək olmaz. Digər tərəfdən gəncləri də ümumiləşdirməzdim. Tanıdığım çoxları var ki, sənət əsəri olan filmlərə üstünlük verirlər.

   - Cəmiyyətimizdə ən çox izlənilən filmlər arasında teleseriallar da üstünlük təşkil edir. Serialları da sənət əsəri hesab etmək olar?

   - Qətiyyən yox. Etiraf edim ki, ömrümdə bir seriala da baxmamışam. Çünki mənim üçün maraqlı deyil və ciddi yanaşmıram. Film ən çoxu üç saata tamamlanan sənət əsəridir, bir nəfəsə izlənməlidir. Məsələn, simfoniyanın bir hissəsini bu gün, qalanını sabah dinləmək istəyərdiniz? Yaxud da şeiri? Odur ki, günlərlə davam edən serialları sənət əsəri hesab etmirəm. Artıq mənim üçün serialdan daha çox onu tənqid etmək cansıxıcıdır. Bu növ filmlər gəlir gətirir. Odur ki, işsiz aktyorlar, operatorlar, rejissorlar üçün iş yeridir. Həm də yaradılıcılıqlarını inkişaf etdirmək üçün məşqdir.

   - Filmin ən çox baxılan olması onun keyfiyyətindən xəbər verir?

   - Deməzdim. Burada böyük bir ziddiyyət var. Ən çox baxılan satılan filmlər arasında şah əsərlər azlıq təşkil edir. Odur ki, kinonun reytinqi ilə sənət keyfiyyəti arasında böyük fərq var. Hətta bəzən ən populyar film sənət baxımından çox zəif ola bilir. Nadir hallarda ən çox baxılan filmlərin sırasında şah əsərlərə rast gəlmək mümkündür. Həm keyfiyyətli, həm baxılan film çəkmək hazırda yalnız ABŞ kino istehsalçılarına bəzən nəsib olur. "Hollivud" zaman-zaman bunu bacarır.

   - Cəmiyyətin film seçimi intellektual səviyyəsini müəyyən edir?

   - Əfsus ki, bəli... (gülür).

   - İctimai qınaq rejissor fəaliyyətinizə təsir edir?

   - Əsla, qətiyyən. Əhəmiyyət vermirəm. Kim necə istəyir, düşünsün. Amma əlbəttə, hər kəsin mövqeyinə rəyinə hörmətlə yanaşıram.

   - Ən çox tənqid olunan filmlərdən biri erotik səhnələrinə görə "Yarasa" oldu. Tənqidləri necə qarşıladınız?

   - (Gülür) Tənqid hər zaman tənqiddir. Amma düşünürəm ki, sənətdə məhdudiyyətlər çox az olmalıdır. Mən bunu dəfələrlə demişəm ki, erotika mədəniyyətin başlıca mövzularından biridir. O cümlədən çılpaq qadın bədəni qədim zamanlardan indiyədək insanları ən çox cəlb edən mövzulardandır.

   - Amma erotika cəmiyyətimizdə daha çox ayıb mövzu kimi tanınır...

   - Bu mövqedə olanların fikirlərinə hörmətlə yanaşıram. Amma rejissor olaraq mövzu ilə bağlı mənim öz mövqeyim var. Ümumiyyətlə, "ayıb" mənim üçün son dərəcə yad anlayışdır. Cəmiyyətdə ayıb yox, günah təsəvvürü əsas götürülməlidir. Bu məsələdə iki təfəkkür var: biri ibtidai, bütpərəst, digəri isə dini. Hərçənd mən ruhani deyiləm din adından çıxış etmək istəmirəm. Amma dindən qaynaqlanan təfəkkürə görə ayıb yox, günah anlayışı qəbul edilməlidir. Çünki "ayıb" bütpərəst ibtidai, "günah" isə ruhani təfəkkürə xasdır. Bunlar bir sıra hallarda bir-birinə zidd anlayışlardır. Bəzən dinə görə savab olan əməl ibtidai təfəkkürə əsasən ayıb qəbul edilir.

   - Sizə görə, "ayıbın" hansı ayıbları var?

   - "Ayıb" odur ki, bunu etmək olar, təki heç kəs görməsin. Halbuki heç kim görməsə , bütün əməlləri Allah görür. Odur ki, addım atanda ayıb yox, günah olub-olmadığını müəyyən etmək lazımdır. Uşağı tərbiyə edəndə onu ayıb yox, günah anlayışı ilə böyütmək gərəkdir. Məsələn, ayıbdan qaynaqlanan utanmaq anlayışı da var.

   - Cəmiyyətimizdə utanmaq adətən yaxşı xüsusiyyət kimi dəyərləndirilir?

   - Elədir. Utanmaq ya utancaq olmaq müsbət cəhət kimi təqdim olunur. Mənim təsəvvürlərimə görə isə utanmaq özü günahdır uşağa düzgün tərbiyə verilməməsinin nəticəsində yaranan haldır. Yəni pis ya zəif tərbiyədən qaynaqlanır. Pis əməl törədən utanmalı yox, tövbə etməlidir. Utanmağın hər cəhətdən mənfi təsiri var. Buna aid elə həyatımızdan çox misallar çəkmək olar. Məsələn, toydan sonra gəlinin qayınatadan utanmağı. Bu utanmağın özü böyük tərbiyəsizlikdir.

   - Bəs rejissor olaraq fəaliyyətinizdə müəyyən etdiyiniz məhdudiyyətlər var?

   - Əlbəttə, var. Bütün dünyanın qəbul etdiyi qadağaları rejissor fəaliyyətimdə mən də nəzərə alıram və daxilimdə məhdudiyyət qoyuram. Məsələn, erotika 18 yaşdan yuxarı olan tamaşaçılar üçündür. Azyaşlıların ona baxmağı yolverilməzdir. Onlar yaşlarına uyğun filmləri izləyə bilərlər. Odur ki, televiziyalar erotik səhnələr olan filmləri ancaq 00:00-dan sonra nümayiş etdirməlidirlər.

   - Bu qadağa rejissoru olduğunuz "Yarasa" filmi üçün də keçərlidir?

   - Bəli. Erotika 18 yaşdan yuxarı tamaşaçılar üçün günah deyil. Mən onun tərəfdarıyam ki, televiziyalar "Yarasa" filmini də 00:00-dan sonra efirə versinlər. Gündüz vaxtı onun nümayişi qətiyyən olmaz. Uşaq vaxtı məni 18 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulan filmləri izləməyə icazə vermirdilər. Bundan çox təəssüflənirdim. Amma indi fikirləşirəm ki, düz ediblər. Yaş məhdudiyyəti ilə bağlı qadağalar olmalıdır. Çünki insanlar yalnız 18 yaşdan sonra ailə qura bilərlər. Erotika izləmək üçün fiziki cəhətdən hazır olmaq lazımdır. Aydın məsələdir ki, insanlar üçün erotika hər zaman maraq doğurur.

   - Bu nədən irəli gəlir?

   - Qadağan edildiyi üçün. Populyar olan hər şey adətən hansısa qadağa ilə bağlıdır. Məsələn, bizim bir çox ailələrdə erotika izləmək ayıb sayılır. Qadağan olan hər şeyə həmişə böyük maraq yaranır. Nə qadağandırsa, o da cəlbedicidir. Amma erotikanın qadağan olmadığı cəmiyyətlərdə də bu mövzu hər zaman maraqlıdır. Bunun başqa səbəbləri də var. Amma açıqlamaq istəmirəm.

   - Rejissorlar erotik səhnələrdən nə üçün istifadə edirlər? Yalnız baxımlı olması üçün?

   - Hər bir rejissor istər-istəməz auditoriyanı hansısa yolla cəlb etməyə, tamaşaçının diqqətini çəkməyə çalışır. Bundan böyük sənətkarlar da istifadə edib. Hər rejissorun öz seçdiyi vasitə və üsul var. Erotika bu yollardan biridir. Mən deməzdim ki, ən şərəfli yoldur. Amma qeyd etdiyim məqsədə çatmaq üçün istifadə edilən vasitələrdən biridir.

   - Azərbaycan filminin bugünkü durumunu necə dəyərləndirərdiniz?

   - Bu gün Azərbaycan kinosuna yeni nəslin gəlməyinin ab-havası duyulur. Ümid edir və arzulayıram ki, kinomuzu yeni bir mərhələyə çıxara biləcəyik. Tam qane etməsə də, gənc rejissorlarımızın çəkdiyi filmlər var.

 

 

   Ədalət.-2012.-28 fevral.-S.8.