DOST
ŞAMI
Mərhum qələm dostum,
folklorşünas alim, əməkdar jurnalist Şamxəlil Məmmədov
haqqında bu yazıma dost şamı adı verməyim təsadüfi
deyil. Ümumiyyətlə mənə elə gəlir ki,
insanlara hələ körpə ikən verilən adlar
onların gələcək taleyinin, ömür yolunun istiqamətini
müəyyənləşdirir. Şamxal adı çox
eşitmişəm, Şamxəlil isə mənim yer
üzündə bu adla tanıdığım yeganə adam
idi. Şam sözünün mənası aydındır, xəlil
isə sən demə dost, sirdaş mənasını
verirmiş və məni heyrətə gətirən məqam
bu oldu ki, Şamxəlil, doğrudan da, adına layiq bir insan
kimi yaşadı. Çıraq öz dibinə işıq
salmadığı kimi, o da özünə rahat
gün-güzaran qurmaqdan çox, bacardığı dairədə
dost-tanışa kömək əlini uzatdı. Kimisini təhsil
şöbəsinin müdirinə, kimisini universitet rektoruna,
kimisini elmi müəssisə rəhbərinə
tapşırdı ki, onun üstündə göz olsun.
Kimisinin kitabını, dissertasiyasını redaktə elədi,
kimisinin avtorefaratına mötəbər alimlərə rəy
yazdırdı, kimisinin əsəri, kimisinin özü,
yaradıcılıq fəaliyyəti, gördüyü
işlər haqqında, məqalə araya-ərsəyə gətirib
çap etdirdi. Ömrünü şam kimi əridib o
yazdığı məqalələrə, nəşr olunan və
hələ işıq üzü gözləyən neçə-neçə
kitaba, monoqrafiyaya, dərsliyə hopdurdu...
Şamxəlil Məmmədov
çox məhsuldar bir qələm sahibi idi. "Folklor və
Azərbaycan ədəbiyyatı", "Azərbaycan folkloru
üzrə sinifdənxaric işlərin forma və
yolları", "Ümumtəhsil məktəblərində
diyarşünaslığın təşkili yolları",
"Gəncəvinin həyat və
yaradıcılığının ümumtəhsil məktəblərində
tədrisi məsələləri", "Ədəbiyyat və
incəsənətin digər növləri", "Dünya
arzularla yaşayır", "Əllərin sehri",
"Qafqazda ilk pedaqoji elmlər doktoru", "Müəllim
ömrü", "Müasir elmin korifeyi", "Dərsliklərdə
yaşanan həyat", "Milli təhsilin fədailəri"
adlı kitablar, "Azərbaycan folkloru" adlı dərs vəsaiti,
nə qədər əsərə yazdığı ön
söz, bakalavr və magistrlər üçün
hazırladığı 12 tədris proqramı,
saysız-hesabsız məqalələr yadigar
qalmışdır. 1972-ci ildən ta ömrünün son
günlərinə, 2012-ci ilə qədər "Azərbaycan
müəllimi" qəzetində kiçik ədəbi
işçi, ədəbi işçi, xüsusi müxbir,
şöbə müdiri vəzifələrində
çalışan Şamxəlil Məmmədovun
respublikanın elmi-pedaqoji mühitində xüsusi çəkisi,
hörməti var idi. Şəxsən Azərbaycan
Respublikasının Təhsil Naziri Misir Mərdanovun rəhbərliyi
altında araya-ərsəyə gələn "Azərbaycan
müllimlərinin qurultayları" (2008) adlı monumental,
tarixi, xronoloji bir kitabın aparıcı tərtibçilərindən
birinin məhz Şamxəlil Məmmədovun olması da təsadüfi
deyildi. Şamxəlil müəllimin zəhməti ölkə
rəhbərliyi tərəfindən çox yüksək dəyərləndirilmiş,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə ona "Əməkdar jurnalist" fəxri adı
verilmiş, bu zəhmətkeş qələm sahibi eyni zamanda
"Tərəqqi" medalı ilə də təltif
olunmuşdur.
Şamxəlil Məmmədov
"Azərbaycan müəllimi" qəzetində işləyə-işləyə
həm digər mətbuat orqanları üçün məqalələr
yazmağa, həm radio üçün verilişlər
hazırlamağa, həm də ayrı-ayrı tədris
ocaqlarında dərs deməyə də vaxt tapırdı. Özü
də bu işlərin hamısını yüksək məsuliyyətlə,
peşəkarlıqla yerinə yetirməkdən xüsusi
zövq alırdı Şamxəlil. Nə vaxt iş otağına
gedirdinsə bu zəhmətkeş insanın, ya qəzetin
korrekturasını oxuduğunu, ya da rəngbərəng qələmləri
ilə məqalə yazdığının şahidi olurdun. Zəngin
təcrübəyə malik bu peşəkar jurnalist iş
yoldaşlarına ağıllı məsləhətlər
verməkdən də xüsusi zövq alırdı. Kim bir
çətinliyə düşürdüsə tez onun
yanına qaçırdı. İşə getdiyim elə bir
gün olmurdu ki, Şamxəlilin kabinetinə gedib onunla
söhbətləşməyim. Dəmlədiyi kəkotu,
itburnu çaylarının dadı indi də damağımdan
getməyib. Həddindən artıq, hətta mən deyərdim
ki, ifrat dərəcədə səliqəli idi. İstər
İş otağında, istərsə də evdə yazı
masasının üstü kağız-kuğuzla dolu olan bir
adam kimi Şamxəlilin ideal səliqəsinə qibtə
edirdim. Arabir qəsdən ona sataşır, stolunun
üstündəki kitabların, jurnalların yerini guya
özümün xəbərim olmadan dəyişirdim. Mənə
heç nə demirdi, ancaq söhbət eləyə-eləyə
dağıtdığım kitabları necə səliqəyə
salmasına baxmaqdan ləzzət alırdım.
Sumqayıt Dövlət Universiteti
təzə açılanda Şamxəlili dilə tutdum ki,
özəl universitetlərlə vidalaşıb mənimlə
birlikdə Sumqayıta getsin. Sağ olsun Nadir müəllim,
onu işə götürdü, arzu və təkliflərini nəzərə
alıb SDU-da Folklorşünaslıq elmi-tədqiqat
laboratoriyası açdırdı və rəhbərliyi
Şamxəlil müəllimə həvalə elədi.
Universitetdə Şamxəlilin təşəbbüsü ilə
açılan "Elmi xəbərlər"in məsul
redaktorluğunu da rektor ona tapşırdı. Şamxəlil
bu işlərin də öhdəsindən məharətlə
gəldi. Tezliklə universitetin rəhbərliyinin
etimadını doğrultdu, professor və müəllim heyətinin,
tələbələrin dərin hörmətini qazandı.
Şamxəlil müəllim universitetdə
keçirilən çoxlu sanballı görüşlərin,
konfransların təşəbbüskarı oldu. 2003-cü ildə
SDU-da mənim yaradıcılıq gecəmin yüksək səviyyədə
keçirilməsinin səbəbkarı və cəfakeşi
də, tədbir haqqında "Azərbaycan müəllimi"
qəzetində geniş məqalə çap elətdirən
də Şamxəlil Məmmədov idi. Yaradıcılıq
gecəsini elmə, sənətə çox böyük dəyər
verən hörmətli rektorumuz professor Nadir Qəhrəmanovun
şəxsən özünün aparması, Şamxəlil Məmmədovun
mənim yaradıcılığım haqda "Təfəkkürlə
təxəyyül qovuşanda" adlı dərin məzmunlu
məruzə ilə çıxışı indi də
yadımdadır. Onu da deyim ki, mənim
yaradıcılığımda ilk dəfə sufizm elementlərinin
olmasını söyləyən də Şamxəlil müəllim
idi.
Şamxəlil Allah adamı idi,
müqəddəs ocaqlara çox inanırdı. Onun hətta
mənə də sidq ürəklə nəzir verməsini,
"seyid, məndən, balalarımdan dualarını əskik
eləmə" deməsini də indi həyəcanla
xatırlayıram. Uşaqları çox sevirdi dostum.
Yadımdadı, qonşusunun nəvəsi ona zəng eləyib
danışanda elə bil Şamxəlilin çöhrəsi
işıqlanırdı. Bunu görüb ayağa qalxdım,
sağ əlimi dostumun başına qoyub dedim ki, qardaş, bu qədər
ki, uşaqları sevirsən, Allahdan arzu eləyirəm ki, sənə
tezliklə nəvə qismət eləsin...
İlk nəvənin sevincini də
mənimlə bölüşdü dostum. Elə bil
uçmağa qanadı yox idi... Dünyalar qədər sevdiyi
nəvəsi elə bil Şamxəlilin içindəki
zülməti əridir, ağrıları azaldır, qəlbindəki
həyat eşqini gücləndirirdi...
Qəribə bir xasiyyəti də
var idi; adamları sevindirməyi çox xoşlayardı
Şamxəlil. Kiməsə qələm bağışlayar,
kiməsə təqvim hədiyyə eləyər, bayramlarda
dost-tanışa konfet paylamaqdan ləzzət alardı.
Hansı rayona gedərdisə
getsin, axtarıb tələbə yoldaşlarımızı
tapar, onlara himayədarlıq eləyərdi. Filologiya fakültəsini
1970-ci ildə bitirən tələbə
yoldaşlarımızın hamısından Şamxəlil
vasitəsi ilə xəbər tutardıq. Təkcə tələbə
dostlarının deyil, onların övladlarının da
yazılarını şöbə müdiri olduğu "Azərbaycan
müəllimi" qəzetində, digər mətbu orqanlarda
təmənnasız çap etdirməkdən xüsusi
zövq alardı Şamxəlil. Çox mehriban, istiqanlı,
kəsdiyi çörəyi itirməyən bir insan idi
dostumuz.
Son vaxtlar çox əsəbi idi,
haqsızlığa, etibarsızlığa qətiyyən
dözə bilmir, harda gəldi çəkinmədən
öz sözünü deyirdi. Mənə olan inamından,
etibarından, sevgisindən istifadə edib çox zaman onu
danlayırdım, incə bir zarafatla, yumorla, danışdığım
lətifə ilə nəinki onun qaşlarının
düyününü açmağa nail olar, hətta zahirən
çox qaraqabaq olan bu adamı qəşş eləyənə
qədər güldürərdim. İş yoldaşları
deyirdilər ki, Şamxəlil bərk güləndə o dəqiqə
bilirik ki, Rafiq müəllim onun yanındadı. Güclü
yumor duyumu var idi Şamxəlilin. Bu da onun
folklorşünaslığından irəli gəlirdi. Baməzə
söhbətləri toplayıb qələmə almaq şakəri var idi onun.
Bilirdim ki, "Folklor və Azərbaycan
ədəbiyyatının qarşılıqlı əlaqəsi
məsələlərinin öyrədilməsi yolları"
dissertasiyasını başa çatdırmaq ərəfəsindədi.
Ancaq bu işi bəzi məsələlərə görə
yubadırdı. Həmişə ona deyirdim ki, əsəbiləşmə,
sağlamlığına fikir ver, bəsdi ona-buna işlədiyin,
doktorluq dissertasiyanı tamamlayıb müdafiə elə. Ancaq hər dəfə mənə söz verir, ancaq sözünün
ağası olmurdu, yenə də ömrünü, istedadını onun-bunun yolunda əritməkdə
davam eləyirdi...
Mənim haqqımda da bir neçə
məqalə yazıb çap etirmişdi Şamxəlil. Yeri
düşəndə başqa problematik məqalələrində
də adımı çəkməyi unutmazdı. Hər dəfə
mənə deyərdi ki, a şair, yaşıdlarım
haqqında bir kitab üstündə işləyirəm, orda sənin
haqqında da böyük bir portret məqalə verəcəm.
Bir neçə gündən sonra bu söhbət yenidən təkrarlananda
yarıciddi, yarızarafat ona dedim ki, Şamxəlil, doktor
haqqında doktor yazmalıdı, əvvəlcə
doktorluğunu tamamla, müdafiə elə, sonra məndən
yazarsan...
Bir az tutuldu, ancaq həmişə
olduğu kimi qəşş eləyib güldü. Bir
neçə gündən sonra mənə dedi ki, seyd, cəddin
haqqı sözün mənə yaman təsir elədi. Söz
verirəm ki, dissertasiyanı yazıb tamamlayacam. Bax, indi
profilaktik müalicəyə gedirəm, orada işləməyə
çox vaxtım olacaq...
Çox təəssüf ki, nə
profilaktik müalicə, nə də xaricdə olunan cərrahiyyə
əməliyyatı ona kömək eləyə bilmədi. Hər
dəfə zəng eləyib Şamxəlilə
danışar, toxtaqlıq verər, zarafatlaşardım. Ancaq
təəssüf ki, axırıncı dəfə zəng eləyib
onu soruşanda həyat yoldaşı ağlaya-ağlaya dedi
ki, ay Rafiq müəllim, Şamxəlil uçub getdi... Elə
bil dünya başıma fırlandı. Tez onun işlədiyi
"Azərbaycan müəllimi" qəzetinə getdim. Sən
demə onların da bu dəhşətli hadisədən, bu əbədi
ayrılıqdan xəbərləri yox imiş hələ...
Bu acı xəbər onun işlədiyi bütün kollektiv
üzvlərini sarsıtdı. Hamımız başıalovlu
rəhmətlikgilə getdik. Bu soyuqlu, şaxtalı havada əziz
dostumuzu əbədiyyət evinə yola salmaqdan başqa bir
çarəmiz qalmamışdı... Ancaq bizi ən çox
üşüdən Bakıda nadir hallarda bu qədər
davamlı olan 2012-ci ilin qışı yox, əbədi
ayrılıq sazağı idi...
Evə qayıdandan sonra heç
cür Şamxəlili yadımdan çıxara bilmirdim. Onunla
birlikdə keçirdiyimiz tələbəlik illəri,
ikimizin də eyni ildə İrəvan şəhərində
keçirdiyimiz əsgərlik, orada görüşə bilməsək
də tez-tez məktublaşmağımız və uzun illər
mətbuatda, Sumqayıt Dövlət Universitetində bir yerdə
işləməyimiz, tədbirlərdə birlikdə
iştirakımız, zarafatlaşdığımız
günlər kino lenti kimi təkrar-təkrar gözüm
önündən keçdi... Mənə avtoqrafla
bağışladığı kitabları, birlikdə
çəkilən şəkillərimizi qarşıma
tökdüm... Düşündüm ki, nə yaxşı
ki, Şamxəlil Məmmədov mənalı bir ömür
yaşadı, özündən sonra bu qədər əsərlər,
gözəl , ləyaqətli övladlar yadigar qoyub getdi...
Şamxəlilin cismani ömrü əriyib,
əriyib tükəndi, mənəvi ömrü isə
doğmalarının, əzizlərinin, onu yaxından
tanıyan dostlarının, tanışlarının xatirəsində,
yazdığı kitabların səhifələrində,
saysız-hesabsız məqalələrin sətirlərində
əbədi yaşayacaq, onu unudulmağa qoymayacaq... Allah ona qəni-qəni
rəhmət eləsin!
Rafiq
Yusifoğlu,
filologiya
elmləri doktoru,
professor
Ədalət.-2012.-28
fevral.-S.7.