Cənublu
sahibkar qadın
Bütün Avropanı cənginə
almış qarlı-şaxtalı qış ölkəmizə
də əməlli -başlı öz sərt
üzünü göstərdi. Paytaxtımızla bərabər
bölgələrimiz də qarın, soyuğun törətdiyi
bir sıra çox ciddi çətinliklərlə üzləşdi.
Məlum oldu ki, biz qışa elə də hazır deyilik...
Bu şaxtalar həm də bir daha
onu sübut etdi ki, biz öz qanımızla, fiziki
varlığımızla da şərqliyik. Soyuq havalarda isti
geyimlərdə belə şəhərdəki evlər, kəndlərdəki
komalar kimi üşüyürük. Sifətimizdəki cizgilər,
hisslər şaxtalı qış günlərindən belə
sərtdir.
Mən bütün bunları elə-belə
demədim. Bax belə bir rüzgarda, hər tərəf ağ
örpəyə büründüyü bir vaxtda, sifətindən
zəhər yağan bir havada Göytəpəyə gedirəm.
Cəlilabadın bu şəhəri rayon mərkəzindən
elə də uzaq olmamasına baxmayaraq maşın tapmaq
çətindir. Sükan arxasındakı sürücü
yağlı müştəri gördüsə iş
tamamlandı. Ancaq getmək lazımdır, çünki orada,
Göytəpə şəhərinin özündə bir
sahibkar jurnalisti gözləyir. Gecikmək, yalan çıxmaq
olmaz, yoxsa qələm əhli haqqında fikirlər bir az da soyuqlaşar.
Lap 2012-ci ilin ilk fevral günləri kimi.
Ümumi tanışlıq
Bir neçə kəndi, 14 min əhalisi
olan Göytəpə şəhərində onunla- cəlilabadlı
sahibkar xanımla- elə onun iş otağında
görüşürük. Kiçik, səliqəli otaqda Ulu
Öndərin çıxış və məruzələri
çap olunmuş kitablarla bərabər dünya klassiklərinin
də əsərləri kitab dolabında səliqə ilə
sıralanıb. Ancaq müsahibimin özü, işi
haqqında danışmağa həvəsi olmadığı
ilk andaca hiss edilir. Buna baxmayaraq bu sahibkar qadın-Xuraman Əliyeva
- haqqında bir sıra məlumat toplamışdım. Moskva
Kooperativ İnstitutunun Bakı filalını bitirən bu
qadın hazırda Azərbaycan Sahibkarlar Assosiasiyasının
üzvüdür.
İlk əmək fəaliyyətinə
ticarət sahəsindən başlayan Xuraman xanım xeyli
müddət Cəlilabad rayon Göytəpə şəhər
İstehlak Cəmiyyətində şöbələrdən
birinə rəhbərlik edib. İş və həyat təcrübəsi
az vaxtda ona çox şeylər öyrədib. İlk vaxtlar o
işlədiyi Göytəpə ticarət obyektini icarəyə
götürməklə nəyə qadir olduğunu sübut
etməyə başlayır. Əməksevərliyi, ünsiyyəti,
cəsarəti nəticəsində o tezliklə öz həmkarlarının
rəğbətini qazanıb. Bütün göytəpəlilər
məhs onun ticarət mərkəzindən ərzaq, təsərrüfat
malları almağa üstünlük veriblər.
Çünki, Xuraman xanım digərlərindən fərqli
olaraq satılan ərzaq və təsərrüfat
mallarında ilkin qiyməti o qədər də böyütməyib.
Kim bilir, bəlkə də bu qadın ürəyinin
yumşaqlığından irəlıi gəlib? Ancaq
aldığı təhsil, iş təcrübəsi,
sabahı duymaq qabiliyyəti də bu işdə ona kömək
etməmiş olmaz.
Ticarət dövriyyəsinin
qısa vaxtda xeyli böyüməsi Xuraman xanıma imkan verir
ki, o fəaliyyət dairəsini bir qədər də
böyütsün. Bir müddət sonra icarəyə
götürdüyü ticarət müəssisəsini özəlləşdirməklə
sahibkarlıq fəaliyyətinə başlayıb.
Respublikanın İqtisadi sütunlarından olan özəlləşdirmə
proqramına uyğun olaraq "Namiq -84" müstəqil
müəssisəsini yaradıb.
Bu da bir qismətdir
Cəlilabadlılarla bərabər
bütün cənubun tanıdığı və hörmət
etdiyi Xuraman xanımı göytəpəlilər daha
çox sevir, qiymətləndirirlər. Hələ bu
qadınla tanış olmamışdan çox əvvəl mən
bunu burda yaşayan sakinlərin fikrindən öyrənmişdim.
Yəqin bu sevgi və ehtiramın məntiqi sonluğu kimi də
bu sahibkar qadın onların etimadını bir daha qazanmaq
üçün elə Göytəpədə şadlıq
evi inşa etməyi planlaşdırır. Axı indi insanlar
daha böyük və rahat yerlərdə toy-nişan mərasimləri
qurmağa layiqdirlər. Burda da elə bir şərait yox...
Xeyli əziyyətin müqabilində
Göytəpədə ilk şadlıq sarayı ərsəyə
gəlir. İlk toy mərasimi də gənclərə hədiyyə
olunur, onlar bu yaraşıqlı, geniş, hər cür şəraiti
olan saraydan pulsuz istifadə edirlər.
Beləcə, bu böyük
şadlıq sarayı Göytəpə şəhərinə,
onun kəndlərinə nümunəvi xidmətlər
başlayır. Ancaq bu gənclərə ev qurmaq
üçün müxtəlif yataq dəstləri, qab-qacaq
digər əşyalar da lazımdır axı. Bu missiyanı
da həyata keçirən Xuraman Əliyeva gənc ailələrə
mebel dəstlərinin satışını da təşkil
edir. Özü də başqalarından xeyli ucuz. Göytəpəlilər
danışırlar ki, yeni qurulan bu ailələr bəzən
bu mebellərin pullarını özləri pul qazandıqdan
sonra ödəyirlər. Nə olar, təki yeni qurulan ailələr,
onların sevincləri çox olsun.
Və heç şübhəsiz
ki, bu məqamda qadın qəlbinin böyüklüyü,
sevinci təsirsiz qalmayıb. Axı Xuraman xanım da beləcə
gəlin köçüb. İnsanlara, bir-birini sevərək
ailə quranlara dayaq durmaq da hamıya nəsib
olmur.Görünür bu da taleyin bir qismətidir.
Uğurlar asan qazanılmır
Dediyim kimi,danışmağa
özü, işi haqqında fikir söyləməyə
meyilli olmayan Xuraman xanım insanlarla ünsiyyəti
bacarığı, cəsarəti, zəhməti hesabına
yaradır. Buna görə də ətrafdakılar onu sevir, ona
mərd, zəhmətkeş bir insan kimi rəğbət
göstərirlər. Məhz onun bu zəhmətkeşliyi də
ona bir çox uğurlar qazandırıb. Ancaq uğurlar da
asan qazanılmır.
Hal-hazırda Cəlilabad şəhərində
ticarət obyektinin tikintisinə başlayan X.Əliyeva ölkə
Prezidentinin sahibkarlığa göstərdiyi qayğıdan
daha çox bəhrələnməklə bərabər əvəzində
ölkəsinə, insanlara daha çox mənfəət vermək
qərarına gəlmişdir. Çünki bir sahibkar kimi
onun təcrübəsi indi daha çoxdur.
Bir neçə il əvvəl
ehtiyacı olanlara, xüsusən gənc ailələrə
satışını təşkil etdiyi mebel haqqında
ideyalarını da ona bəzi şeyləri öyrətmişdir.
Ətrafdakı sahibkarlarla iş birliyini qurmaqda maraqlı olan
sahibkar qadın nəhayət, qərara gəlir ki, elə
mebel dəstlərini özü də hazırlaya bilər. Belə
bir müəssisə yaratmaq xeyli vəsait, vaxt, axtarış
tələb edirdi. Buna baxmayaraq Xuraman xanım "Namiq-84"
müstəqil müəssisənin köməyi ilə işə
başlayır. Bir çox mexaniki avadanlıqları, mebel
ustaları tapmaq üçün müxtəlif ünvanlara dəfələrlə
üz tutması son anda öz nəticəsini verir. Xammal
qayğısını da həll edəndən sonra işə
başlanılır.
Çox keçmir ki, Xuraman
xanımın yüksək zövq və kefiyyətlə
hazırladığı mebel dəstləri bütün
regiona səs salır. Sahibkar Xuraman Əliyeva bununla həm də
neçə-neçə insanlara iş yeri vermiş olur. Bu
onun işsizliyin aradan qaldırılmasına bir töhfəsidir
Arzular sahilsiz,istəklər
sonsuz...
Yaşadığı rayonun
ictimai-siyasi, mədəni həyatında yaxından iştirak
edən Xuraman Əliyeva həm də fəal sahibkar kimi
Rumıniya, Almaniya, Türkiyə, Yunanıstan kimi ölkələrdə
olmaqla onların qabaqcıl iş metodlarını öyrənməyə
nail olmuşdur.
İmkansız adamlara, şəhid
ailələrinə daim əl tutan Xuraman xanım Ramazan,
Novruz, Qurban bayramlarında da soydaşlarını unutmur.
Onlara çox böyük həssaslıqla
yanaşan bu qadın imkan daxilində problemlərinin həllində
də böyük ürəklə iştirak edir. Bunların
heç biri gəlişi gözəl sözlər deyil, həqiqətdir.
Həm də bunların heç
birini dilinə gətirməyi sevməyən Xuraman xanım
ürəyindən keçən istək və
arzularının bir qismini axır ki, mənimlə
bölüşdü. Görünür bunlar onun
üçün çox əzizdir:
-Arzularsız ömür yoxdur ki! Ən
böyük arzum Qarabağımızı düşmən
tapdağından azad görməkdir. Həmin gün bax bu
şadlıq evində Göytəpənin ən böyük
şadyanalığını keçirəcəm. Ancaq
görəcəyimiz bu qələbə də mənim neylədiyimi
özüm bilirəm.Sən bilirsən axı, Göytəpə
şəhərində neçə hərbi hissə var.
İstəklərim də az deyil, çox istəyirəm ki,
ölkə başçısının ərzaq təhlükəsizliyi
ilə bağlı imzaladığı proqrama uyğun
heyvandarılq sahəsində də müəyyən iş
görüm. Gücümü işə salıb insanları
ekoloji baxımdan daha kefiyyətli ət, süd məhsulları
ilə təmin edək! İndi buna ehtiyac daha çoxdur. Bu həm
də ölkəmizə gətirilən kefiyyətsiz məhsullara
az da olsa sipər olar, həm də daxili istehsalı zənginləşdirər.
Ümüd edirəm ki, Sahibkarlığın
İnkişafına Dəstək Fondu bizə kredit də
ayıracaq.
Mən ölkənin cənubunda
yaşayıb fəaliyyət göstərən bir xanım
sahibkar haqqında danışdım. Ancaq bilirəm ki,
danışdığım danışmadıqlarımdan
xeyli azdır. Nə olar, təki ortada iş olsun.
Səxavət
Məmmədli
Ədalət.-2012.-28
fevral.-S.7.