"Xoca"ya baxanlar nə dedilər?

 

  Əli Həsənov: ""Xoca" filmində erməni faşizminin mənfi təzahürü peşəkarcasına əks etdirilib"

 

  Xəbər verdiyimiz kimi, fevralın 26-da Bakının "Nizami" kinoteatrında ANS Şirkətlər Qrupunun prezidenti, rejissor Vahid Mustafayevin Xocalı soyqırımına həsr etdiyi "Xoca" bədii filminin premyerası keçirildi. Xocalı soyqırımı haqqında çəkilmiş ilk bədii filmi izləməyə gələnlər arasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, İnsan hüquqları müdafiəçisi Elmira Süleymanova, bir çox millət vəkilləri, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq yazıçısı Çingiz Abdullayev, xalq artisti Əlibaba Məmmədov, xalq artisti Amaliya Pənahova, xalq rəssamı Ağəli İbrahimov və bir çox ictimai-siyasi xadimlər var idi. Anşlaqla keçən premyeradan sonra bir çoxları ürək sözlərini demək üçün səhnəyə çıxdı, ombudsman Elmira Süleymanova kimi bir çoxları isə o qədər təsirlənmişdilər ki, film başa çatan kimi zalı gözyaşları içində tərk etdilər. Ancaq ANS PRESS olaraq bir çoxlarından film barədə təəssüratlarını öyrənə bildik.

   Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da film başa çatan kimi təsirlənərək, hətta çıxış edəcəyini də unudaraq zalı tərk edənlər arasında idi. ANS PRESS olaraq onu çıxışda yaxalayaraq təəssüratlarını öyrəndik.

   Çox təsirli filmdir. "Xoca" bir daha o qanlı gecənin səhnəsini yaradır və düşünürəm ki, hadisələri kifayət qədər peşəkarcasına təsvir edə biliblər. Filmin çəkiliş hissəsini kənara qoyuram, hadisənin təfərrüatı haqqında insanda böyük rəy yaranır. Xocalı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Bu, sözün həqiqi mənasında xalqımızın heç zaman unutmayacağı bir vəhşiliklə törədilmiş hadisə idi. Erməni faşizminin bütün siması Xocalıda öz əksini tapıb. Düşünürəm ki, "Xoca" filmində erməni faşizminin mənfi təzahürü peşəkarcasına əks etdirilib.

   Əlbəttə, filmdə Azərbaycan cəmiyyətindəki bəzi neqativ proseslərin də təsviri var. Bu da bir həqiqətdir. Təəssüflər olsun ki, bizim o dövrdə də, elə indi də bəzi vətəndaşlarımızın həyatında və fəaliyyətində vətən hissi, torpaqlarımızın, dövlətimizin, millətimizin təəssübü sonuncu yerləri tutur. Baxmayaraq ki, o zaman real gücümüz indiki kimi güclü deyildi, amma yenə də biz lazımi qədər dirəniş vermədik.

    Filmə baxandan sonra dövlətimizin, ordumuzun indiki vəziyyəti, dövlətimizin qorunma, müdaifə gücü bizdə qürur doğurur. Yaxşı ki, biz o vəziyyətə çatmışıq ki, istənilən an nəinki hansısa batalyon, motoatıcı diviziyadan özümüzü qorumağa qadirik, eyni zamanda tamamilə Azərbaycanı qoruya biləcək peşəkar ordumuz var.

    Düşünürəmki, bu film həm Azərbaycanda vətənpərvərlik hissinin güclənməsində, gənclərimizin vətənpərvər ruhda tərbiyəsində, milli yaddaşın formalaşmasında böyük rol oynayacaq. "Xoca" bu istiqamətdə ciddi təşəbbüsdür. Əlbəttə, biz Xocalı haqqında filmi 20 ildən sonra yaratdıq, bunu əvvəl də yaratmaq olardı. Düşünürəm ki, bu təşəbbüs gələcək üçün bir siqnaldır. "Xoca" gələcəkdə yeni təşəbbüslərin bünövrəsini qoydu. 

   Filmin çəkilməsində ölkə prezidenti İlham Əliyevin Azərbaycanda telefilmlərin çəkilişi üçün ayırdığı dəstək də müəyyən rol oynayır. Əlbəttə, film çəkmək üçün ilk növbədə maddi vəsait lazımdır. Filmdə göründüyü kimi çoxlu hərbi texnika, peşəkar silahlardan istifadə edilib. Filmin ərsəyə gəlməsi asan deyil, müəyyən çətinliklər var. Lakin Vahid Mustafayev və "Xoca" filminin ərsəyə gəlməsində çalışan kollektiv bunun öhdəsindən gəldi. Filmin yaradıcı kollektivini təbrik edirəm və düşünürəm ki, gələcəkdə planlarında yeni filmlər olacaq.

 

   Almaniyalı rejissor Anji Dobrovski

 

   "Xoca" filmi Azərbaycanda neoekspessionizm janrında çəkilmiş ilk filmdir. Neoekspessionizm janrı 90 il bundan əvvəl ilk dəfə Almaniyada yaranıb. Bu janr rejissora öz hisslərini, subyektiv yanaşmalarını tamaşaçıya daha yaxşı çatdırmaqda böyük imkanlar verir. Bu üslubda çəkilən film gələcək filmlərə bir örnək olacaq. "Xoca" filmi məkanlar və zamanlar arasında sıçrayışlarla doludur. Bu da filmin daha maraqlı və daha gözəl olmasına imkan verdi. Mən filmin uğurlu olması münasibətilə Vahid Mustafayevi və bütün yaradıcı kollektivi təbrik edirəm.

 

   Xalq yazıçısı Çingiz Abdullayev

 

    Bir neçə il əvvəl Vahid Mustafayev ilk dəfə film çəkəndə, mən ona dedim ki, bir az primitivdir. Və deyəsən, onun xətrinə də dəymişdi. Amma "Xoca" filmi əsl peşəkar Azərbaycan filmidir. Mən rejissoru təbrik edirəm. Düşünürəm ki, ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev Fondunun hər il verdiyi "İlin adamı" mükafatını bu dəfə elə Vahid Mustafayevin özünə vermək lazımdır.

 

   İran İslam Respublikasının görkəmli kino xadimi, peşəkar rejissor Məsud Bəhmani

 

   Təxminən 5000 il bundan əvvəl Misirdə məşhur həkim deyib ki, bu dünyada unudulmayacaq nə varsa, o insanların axmaqlığıdır. Şübhəsiz ki, müharibə insanların ən böyük axmaqlığıdır. "Xoca" filmində müharibəyə aid insanın içində olan nifrətlər çox yaxşı göstərilib. Şükürlər ki, insanlar daha yaxşı işlər də görə bilir. Bu da incəsənət adamlarıdır. Tam dəqiq deyə bilərəm ki, incəsənət adamları içərisində Vahid Mustafayev ən görkəmli yerlərdən birini tutur. O bunu "Xoca" filmi ilə bir daha sübut etdi və müharibəyə nifrəti gözəl əks etdirdi.

 

   Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor Ağaəli İbrahimov

 

    Nə vaxtsa hansısa filmə baxıb ağladığım yadıma gəlmir. Amma "Xoca" filmi məni ağlatdı. Bu filmə baxarkən böyük qürur hissi də keçirtdim. Ona görə yox ki, orada faciə göstərilib, ona görə ki, baxmayaraq biz kiçik dövlətik, bizi dizi üstə otuzdura bilmədilər. Vahid Mustafayevin filmi bir daha bunu təsdiqlədi. Çox vacib və vaxtında çəkilən bir filmdir. Çox sevinirəm ki, Azərbaycanda Vahid Mustafayev kimi rejissorlar var. Xocalı faciəsi haqqında yüzlərlə rəsm əsərləri, şeirlər, musiqilər yaradılıb, lakin əsl həqiqəti göstərən bir film yox idi. Mən Vahid müəllim başda olmaqla, "Xoca" filmindəki bütün kollektivi təbrik etmək istəyirəm və istərdim ki, bu filmi bütün dünyada görsünlər. Mən bir daha Vahid Mustafayevə minnətdarlığımı bildirirəm və ona can sağlığı arzulayıram.

 

   Xalq artisti Amaliya Pənahova

 

    "Xoca" filmi bizə böyük təsir etdi. Yenə o həyəcanlı, faciəli günləri yaşadıq. "Bakı film"in istehsalı olan Vahid Naxışın çəkdiyi bu film çox önəmlidir. İstər bizim yaddaşımızı o günlərə qaytarmaq, istər gənclərmizin vətənpərvərlik ruhunda böyüməsi, istər düşməni əyani sürətdə göstərmək üçün "Xoca" filmi böyük rol oynayacaq.Biz bu filmə baxanda bir daha öz səhvlərimizi görürük. Tarixin getdikcə təkrarlandığını görürük. Dostla düşmənə bir daha qiymət veririk. Film gənclərimiz üçün böyük örnək olacaq. Bu film bir daha Azərbaycan tarixinin həqiqətlərini dünyaya tanıtdıracaq. Çünki mədəniyyət, ələlxüsus kino çox güclü bir vasitədir. Əgər "Xoca" filmini bir çox dillərə tərcümə etdirsək, film dünya kino inciləri arasında öz xüsusi yerini tutacaq.

    Vahid Naxışın çəkdiyi "Xoca" filmində çox istedadlı aktyorlar rol alıb. Mən filmə baxarkən peşəkar olaraq çox həyəcan keçirirdim və rol ifaları adamı valeh edirdi. Rejissor işi, operator işi çox gözəldir. Səs effektləri çox mükəmməldir. Filmə baxarkən özümü hadisələrin içərisində hiss etdim. Mən yaradıcı heyyəti təbrik edirəm, onlara uğurlar arzulayıram.

 

   "Xoca" filmində baş rollardan olan Əliəkbər rolunun ifaçısı Bakı Bələdiyyə Teatrının aktyoru İlqar Musayev

 

    Bu, "Bakı Film"lə dördüncü işimdir. "Seçilən", "Bulağıstan", "Yaddaş" və "Xoca" filmlərində rol almışam. "Xoca" filmində baş rolu ifa edirəm. Asan, eyni zamanda çətin roldur. Düzü, sevən kişi rolunu ilk dəfə canlandırırdım. Sevən insan rolunu canlandırmaq mənim arzum idi, bu arzuma da çatdım. Həm də, Xocalı hadisələrində qəhrəmanlıq göstərmiş birini canlandırdığıma görə fəxr edirəm. Xocalı faciəsində 173 əsgər vuruşub, primitiv silahlarla mücadilə ediblər. Həmin 173 əsgərdən biri də biz idik. Bizim timsalımızda göstərildi ki, ağır artilleriya, peşəkər döyüş silahları olmamasına baxmayaraq, əsgərlər mücadilə göstərib. Sevinirəm ki, tarixdə kino vasitəsilə adlı-sanlı, şöhrətli rolla qaldım. Allah qismət eləsin, biz öz gücümüzü canlı müharibədə göstərək və qisasımızı alaq. Film əslində döyüşün reklamı deyil, daha çox məhəbbəti, sevgini, müharibənin eybəcərliklərini göstərir.

    Vahid müəllimə çox təşəkkür edirəm. Tamaşaçı ekranlarda bizi görür, lakin kamera arxasında hamıdan çox əziyyət çəkən, əsəbiləşən Vahid Mustafayev oldu. Təsəvvür edin ki, orada biz maşında yüksək sürətlə danışa-danışa gedərkən, maşının kapotunun üstündə 16 dərəcə şaxtada dayanan Vahid müəllim, operator idi. Hansısa bir səhvlə həyatlarını itirə bilərdilər. Vahid Mustafayevə təşəkkür edirəm!

 

   "Xoca" filmində baş rollardan olan Günel rolunun ifaçısı Nigar Bahadırqızı

 

    "Xoca"da çəkilərkən mən özümdə çox şeylər kəşf etdim. Filmdə roluma tənqidçi gözü ilə baxırdım. Özümü bəzi epizodlarda tənqid etdim. "Xoca" mənim ilk böyük filmimdir. Buna görə də bəzi yerlərdə ifam çox da xoşuma gəlmədi. Amma sevindim ki, tamaşaçılar qəbul etdilər. Tamaşaçı kimi filmi çox bəyəndim. Düşünürəm ki, bu filmdən sonra həyatımda çox böyük dönüş yaranacaq.

 

 

   Ədalət.-2012.-28 fevral.-S.5.