Bostandaşlama
Xocalının
20 yaşına...
Nə yaxşı ki, getmisən, ay Qarabağ, nə yaxşı ki, öldürülmüsən, ay Xocalı, nə yaxşı ki, yoxsunuz, ey bəxtsiz insanlar, yoxsa biz nəyi vəsf edərdik, kimə yas tutardıq, kimi ağlayardıq?! 2-3 nəfər bir araya gələrkən nədən danışardıq, nəyi müzakirə edərdik?! Özümüzü hansı səbəbdən vətənsevər kimi göstərərdik, coşardıq, aşardıq, daşardıq və bütün bunlara baxmayaraq, guya intiqam hissi ilə, əslində isə rahat, öz kefimizdə, utanmazcasına yaşardıq?! Ad günün - yad günün mübarək, Xocalı, çox yaşa deməyəcəyəm, bəsdir yaşadın, bəsdir!
* * *
Uşaqlar, qarşıdan Xocalı
faciəsinin ildönümü gəlir, məktəbimizin akt
zalında tədbir təşkil olunacaq, İcra Hakimiyyətindən
və Təhsil Nazirliyindən hörmətli
qonaqlarımız olacaq, yaxşı hazırlaşmalıyıq.
Müəllimə, yenə səhnəcik,
yenə kamança səsi, yenə "ağlamaliski"
şeirlər? Baxın müəllimə, mən keçən
dəfə ağlamışam, daha öldürsəniz də
gözümdən yaş çıxmaz, bu dəfə
Xonça ağlasın - onun sırasıdı!
* * *
Salam, şair, necəsən? Xəbərin
var, www.yalannan.puah saytı "Hərəyə bir şeir
yazaq" adlı şeir müsabiqəsi təşkil edib,
Xocalı faciəsi ilə bağlı.
Əşşii, nəyimə
lazım, onsuz da hər il keçirilir, hamı da yazır.
Dəlisən? Bu il yubileydi, qalibi
qiymətli mükafatlar gözləyir.
Doğrudan?
Yaxşı, sağ
ol,
mən getdim.
Hara?
Şeir yazmağa.
* * *
Mən siz tərəfdən dərc
olunan elanı gördüm, öz layihəmi təqdim etmək
üçün burdayam.
O musiqi ilə bağlı olan elanı deyirsiz?
Bəli, deməli belə,
hər işğal olunmuş rayondan bir nəfər olmaqla ancaq vətənpərvər
ruhda - Qarabağ mövzusunda mahnılar təqdim olunacaq bir musiqili-əyləncəli
proqram.
Hmm, afərin,
yaxşı ideyadı.
Səsvermə də olacaq,
məcburi köçkünlərin
yaxşı imkanı
var, inanın, mütləq dəstək
olacaqlar. İştirakçılar
Xocalını, Şuşanı,
Kəlbəcəri...
Saxla, saxla, nə
boş-boş danışırsan?!
təmsil
edəcələr və
bir nəfər...
Dayan! Heç Xocalıdan bir
nəfər sağ çıxıb ki?!...
* * *
Cənab nazir, bu şəxs bizdən
maliyyə dəstəyi istəyən adamdır.
Nə səbəbə istəyir?
"Soyqırım belə
olar!" adlı romanını Hollivuda təqdim etmək və
film çəkdirmək üçün.
Ha- ha- haag Əşi boş
şeydi, yola sal getsin, indi daha vacib işlərimiz var -
"Eurovision" bizi gözləyir, sonra...
* * *
Darıxdım lap, aç görək
TV-də nə var.
Nə olacaq - həmişəki
kimi dəhşətli kadrlar, adamın ürəyi
ağrayır, heç baxmaq istəmir.
Doğrudur, hər il eyni şeylər,
eyni kadrlar, eyni mübahisələr, müsahibələr... Az
qalırlar kadrların aşağısında yazsınlar ki,
"çəkilişə göstərdiyi köməyə,
yaratdığı şəraitə görə ermənilərə
təşəkkürlər" - axı onların
çörəyi də ordan çıxır, neyləsinlər.
Günahkarlar isə hələ də dəqiqləşməyib.
Ən böyük günahkarlar - ən
çox danışanlardır. İrili-xırdalı 8-9
milyondan ibarət günah bazamız var, 100 il də xərcləsək,
bitməz. Hamımız danışırıq, fəaliyyət
göstərmək, Xocalı soyqırımını
dünyaya qəbul etdirmək əvəzinə...
Ay kişi, bir dayan görək də,
qayda var, qanun var, sıra var - dünya "erməni
soyqırımı"nı qəbul etməklə məşğuldu
axı, öz növbəmizi gözləməliyik, səbr
etməliyik!
Gözləmək? Səbr? Ay arvad, artıq 20 oldu ee, 20!
Düz deyirsən, artıq azı
20 ölkə qəbul edib "qondarma erməni
soyqırımı"nı...
Elmar
Şahmar
Ədalət.-2012.-28
fevral.-S.5.