Suğra Bağırzadə: "Tövsiyəm odur ki, hövsələli olsunlar"

 

  "Naşükür olmasınlar, çünki dünyada hər şey birdən alınmır"

 

   Əməkdar artist Suğra Bağırzadənin Milli.Az-a müsahibəsi

  

   - İncəsənətə vaxtdan bağlanmısınız?

   - Yəqin ki, 2-ci sinifdə oxuyandan. Bakı Pionerlər sarayının xor dərnəyinin üzvü idim, müəllimim Əfsər Cavanşirov idi. Bilirsiniz ki, "Cücələrim" mahnısının rəqs quruluşunda ilk ifaçısı olmuşam. "Cücələrim" mahnısından sonra səsim məlum oldu. Sonra məni kinostudiyaya dublyaj şöbəsinə çağırdılar. O, vaxtdan özümü incəsənətə bağlamışam, uşağlığımdan elə incəsənətdəyəm (gülür).

   - Həm aktrisa, həm rəssam, həm mühəndissiniz. Bu sənətlərdən hansı sizə daha yaxındır?

   - Ən çox mənə mühəndislik sənətim yaxındır, çünki Neft Kimya Akademiyasını bitirmişəm. "Azərbaycanfilm" kinostudiyasında laborantdan başlayaraq plyonka şöbəsinin müdirinə kimi vəzifələrdə çalışmışam. Əsas işim, sənətim bu olub. Amma uşaqlığımdan filmlərə çəkildiyimdən artıq mənim aktyor stavkam var idi. Filmlərə çəkilib, dublyajla məşğul olduğum üçün aktrisa kimi maaş da alırdım.

   - Bu sənətlərdən əlavə, sizin hobbiniz varmı?

   - Rəssamlığa əvvəllər hobbi kimi başlamışdım, çünki uşaqlığımdan gülləri çox sevirdim. Əsərlərimi ilk dəfə kinematoqraf dostlarıma göstərirdim, görürdüm ki, onların xoşuna gəlir. Sonralar isə artıq sərgilərimi keçirməyə başladım. Ümumdünya Floristlər Şurasının üzvləri əsərlərimi internetdə görüb, məni Riqada keçirilən sammitə dəvət etdilər. Orada sərgimi keçirdilər. Əsərlərimlə yaxından tanış olduqdan sonra onlar mənə Floristika İndustriyasında yeni professional səmt yaratdığıma görə sertifikat verdilər. Bu işlərin dünyada analoqu yoxdur.

   - Sərgilərdə, tədbirlərdə ölkəmizi layiqincə təmsil edirsiniz. Hər dəfə sərgilərdən qayıdandan sonra məsuliyyətiniz daha da artırmı?

   - Əlbəttə ki, dünyagörüşüm artır, məsuliyyətim . Malayziya, Sinqapur, İngiltərə, Yeni Zellandiya bir çox ölkələrdə olmuşam. 2011-ci ildə İzmirdə sərgim oldu, indi Bakıda. Təbii ki, bütün bunlar mənim uğurumdur.

   - "Ulduz"filmində Yetər obrazını canlandırmısınız. Bu filmdən sonra yenə filmlərə çəkilmisiniz. Amma aktrisalıq fəaliyyətinizi daha geniş inkişaf etdirmədiniz. Niyə?

   - "Ulduz" filminə 9-cu sinifdə oxuyanda çəkilmişdim. Amma bu filmdən sonra azı 10 filmə çəkilmişəm. Davam etdirmədim deyəndə ki, mənə gələn təkliflərdən hansı xoşuma gəlibsə, qəbul etmişəm.

   - Rəssamlıq bütün bunlara üstün gəldi?

   - Yox, belə deməzdim. Heç nədən imtina etmirəm, film olarsa, filmdə çəkilərəm, rəssamlığım da öz yolunda gedir.

   - Kinostudiyada hazırda mühəndislik fəaliyyətinizi davam etdirirsiniz?

   - İndi artıq işləmirəm, təqaüdə çıxmışam. İş vaxtım qurtarıb, amma yenə mənim işçi otağım kinostudiyadadır (gülür).

   - "Cücələrim" mahnısı sizin ifanızda sevildi, hətta "dünyada ən sevilən səs" albomuna salındı. İndi bu mahnını dinləyərkən hansı hissləri keçirirsiniz?

   - Çox gözəl günləri yadıma salıram. İlk dəfə o mahnını Moskvada "Bolşoy teatr"da simfonik orkestr ilə oxumağım yadıma gəlir. Niyazinin dirijorluğu ilə oxumağım əlbəttə ki, mənə gözəl hisslər bağışlayır. "Cücələrim" mahnısının oxunuşu ilə məndə o qədər xoş təəssürat var ki, bu, ömrü boyu mənimlə yaşayır.

   - Çox gözəl xanımsınız. Gözəlliyinizin sirri nədədir?

   - Mənə həmişə deyirlər, niyə qocalmırsan? Mən də deyirəm ki, heç qocalmağa da vaxt yoxdur. O qədər başım qarışıqdır ki, heç qocalmağa da vaxt tapmıram. Elə ki, vaxtım boş oldu, o zaman qocalacağam (gülür).

   - Suğra xanım uşaqlıq illərinə qayıdanda balaca Suğranı necə görür?

   - Çox yaxşı, ağıllı, gözəl, uzun hörüklü, səliqəli, məktəbdə yaxşı oxuyan, hamıya nümunə olan bir qız (gülür). Həqiqətən də belə idi.

   - Qadın kimi həyatda xoşbəxtsiniz?

   - Əlbəttə ki, hamının çətinlikləri var, amma böyük mənada, xoşbəxtəm. Çünki həyat yoldaşım, qızlarım, nəvələrim, sənətim, dostlarım, məni əhatə edən insanlar var. Əgər bu yaşa çatıb dost itirməmişəmsə, deməli, xoşbəxtəm.

   - Bu yaxınlarda Rəssamlar İttifaqında yeni sərginiz oldu. Bu sərgidə yeni əl işləriniz nümayiş olundu?

   - Elə əsərlər var idi ki, mən onları təkrar göstərdim, çünki o əsərlərimi çox sevirlər. Demək olar ki, daha çox yeni əsərlərimi təqdim etdim.

   - Fikrinizdə elə əsər varmı ki, onu hələ də yaratmamısınız?

   - Mən kanallardan birində çıxış etdiyim vaxt bildirmişdim ki, çox istəyirəm ki, Şuşada bitən "Xarı bülbül" əsərini yaradım. Mənə Xızı kəndindən zəng gəldi və dedilər ki, bu gül bizim kənddə bitir, biz o gülü sizə göndərəcəyik. Ən böyük arzum budur ki, "Xarı bülbül" əsərini yaradım.

   - Sizi müasir Azərbaycan kəndindən bəhs edən filmə dəvət etsələr, "Ulduz" filmindəki Yetərin anasının obrazını yarada bilərsiniz?

   - Böyük məmnuniyyətlə, niyə yaratmıram ki? Artıq mənim o yaşımdır ki, mən ana, xala, bibi kimi rolları oynaya bilərəm (gülür). Təəssüflər olsun ki, indi filmlərimizdə qadın obrazı azdır. Elə bil, filmlərin ssenarisini kişilər üçün yazırlar. Qadın obrazı olsa, çağırsalar, böyük məmnuniyyətlə çəkilərəm.

   - Elə olubmu ki, sizə dəvət gəlib, amma qəbul etməmisiniz?

   - Olub, əlbəttə, çox olub. Ssenari, rejissorun işi xoşuma gəlmədiyindən qəbul etməmişəm. Artıq mənim o yaşımdır ki, seçməliyəm. Yaxşısı budur, çəkilməyəsən, nəinki harada oldu, necə oldu çəkiləsən (gülür).

   - Həyatınızda nəyə görəsə peşmançılıq çəkmisiniz?

   - Yox, heç nəyə görə peşman olmamışam. Əsərlərim ruhumun görünüşüdür. Filmlərdə də yalnız o filmlərdə çəkilirəm ki, xoşuma gəlir, bilirəm ki, burada güclü rejissor işi var. Belə fikirləşirəm ki, yaxşı material olmasa, filmə çəkilmək düzgün deyil.

   - Rəssam kimi davamçılarınız var?

   - Əlbəttə, davamçılarım, tələbələrim var. Belə dərs demirəm, amma çoxları gəlir evdə, kinostudiyada oyrədirəm.

   - Sonda, bu sənətə başlayan gənclərə tövsiyəniz?

   - Tövsiyəm odur ki, hövsələli olsunlar, naşükür olmasınlar, çünki dünyada hər şey birdən alınmır. Əgər bir işlə məşğul olurlarsa, çalışsınlar, onu axıra çatdırsınlar.

 

 

  Ədalət.-2012.-29 fevral.- S.8.