Yaddaşlardakı "İçərişəhər"

 

   Günü - gündən gözəlləşən, müasirləşən,"ucalan" şəhərin səs - küyündən ayrılıb, ruhi dinclik tapmağa, keçmişin xoş günlərini xatırlamağa bir yer axtarır insan ...

   Özündən xəbərsiz, ayaqları onu uzaqdan cansız və soyuq görünən, əslində isə özündə sirlər, keşməkeşli günlərin dərin izlərini qoruyub saxlayan qala divarlarının yanına, alçaq damlı, dar pəncərəli, bəzən ancaq Bakıya xas olan küləyin səsi gələn dar dalanlara aparıb çıxarır..

   Əlinin bircə toxunuşu bəs edər ki, əsrlərdən bəri daşların yaddaşına həkk olunmuş xatirələri, göz önündə canlansın, daşları,torpağı dil açıb danışsın İçərişəhərin...

   Karvanların zınqırovu, dolanbac küçələrdə günün müxtəlif vaxtlarında eşidilən azan səsləri, tacirlərin tərifi, yorğun dəvələrin nəriltisi eşidilir küçələrdən keçdikcə ...

    Odun satan arabaların cırıltısı, karvansaraların həyətlərində oturub müxtəlif mövzularda söhbət edən tacirlərin, çəkdikləri qəlyanların tüstüsü, əllərində armudu stəkanlarda süzülmüş çayların ətri gəlir karvansaraların açıq qalmış qapılarından...

   Hər bir küçəsinin hər bir məhəlləsinin öz adı, öz ləqəbi vardı İçərişəhərin. Şəhərin hər məhəlləsi özünəməxsus adla çağrılardı "quşbazların məhəlləsi", "qəssab dükanının qabağı", "çayxananın yanı", "tut ağacının altı"

   Yenə gəzirəm bu məhəllələrdə, yolum məni həmin tut ağacının altına aparır. Çiynimə dəyib yerə düşən tut xatirələrimi oyadır... Hamı bir - birini səsləyir, məhəllənin uşaqları əllərində nimçələr qaçaraq ağacın altına gəlir müşənbə tutulur, tut çırpılır... bal dadlı tutun ətri , doşabın, riçalın ətri gəlir bu küçədən...

   "Hacı Qayıb " hamamının yerləşdiyi küçədən salıram yolumu yenə zənənə hamamı günüdür. Əlində boxçası çarşaba bürünmüş qadınlar astadan söhbətləşə - söhbətləşə hamama gəlir. Üzbəüz gələn kişiləri görcək kənara çəkilib, söhbətlərini kəsib keçənə yol verirlər. Hamamın yanından keçəndə nənəmin bir az qəmli nisgilli əhvalatı yadıma düşür. Onun zənənə hamamında oğlan tərəfin adamları tərəfindən bəyənilməsi və fikri sorulmadan özündən yaşca böyük oğlana nişanlanması, ailə qurması və onun o vaxt heç kəsə deyə bilmədiyi oxumaq, təhsil almaq arzusunun ürəyinin dərinliyində qalması ... O vaxtlar qanunlardan güclü olan adətlər burulğanı onu da aparmışdı...

   Xəyallarımdan qarmonun, dəfin səsinə ayrılıram, yenə də mağar qurulub toy çalınırdı... "tərəkəmə" nin "vağzalı" nın sədaları ilə başı duvaqlı, əli xınalı, beli bağlı qız ata evindən ər evinə gəlin köçürdü. Budur gəlin müqəddəs kitabımız "Quran" ın altından keçib gavuza minir. Ata xeyir - dua və öyüd - nəsihət verir qızına " Bu gündən atan - anan yoldaşındır"...

   Ananın yarı sevincliyarı qəmgin gözlərindən yaş süzülür, gözünü baş örtüyünün ucu ilə silir....

   Evin tinində "aşıq - aşıq" oynayan uşaqlardan yaşca böyük olanları gəlinin yolunu kəsərək "xələt" istəyirlər...

   Toplaşıb hay - küy salan uşaqların səsi məni baharın badam çiçəklərinin ətri ilə dolu günlərinə apardı... Hər evdə kasıb, ya dövlətli olmasından asılı olmayaraq səməni göyərdilir, xonça bəzədilirdi. Novruz şirniyyarlarının ətri, ədvaların insanı bihuş edən qoxusu gəlir burnuma, həmişə darçının, hilin ətrindən doymaq üçün uzun müddət burnuma tutardım...

   Yenə şəkərburanın, qoğalın, paxlava və "İsfahan" halvasının ətri ilə bərabər dadını da hiss edirəm elə bil... Nənələrimizin,analarımızın bir yerə yığışıb bayram əhvalı ilə plov süzmək, şirniyyat bişirərək Novruzla bağlı onların nənələrinin danışdığı "papaq atdı" dan, "başmaq atdı" dan, xatirələrində daha dərin iz buraxmış "qulaq falı" ndan və bəxt falından danışardılar....

   Qəribə bir aləmə düşmüşəm elə bil hər yerdən , hər küçədən Novruz ətri, bahar təravəti, plovun, dolmanın,küftənin, fisincanın ətri gəlir. Novruz bayramı İçərişəhərin özü kimi nəsillərdən - nəsillərə qiymətli bir xəzinədir axı...

   Ora - bura şütüyən maşınların səsi, üçrəngli bayrağın qürurverici görünüşü ayırdı məni xatirələrimdən Səlyan darvazası...

   Məni xəyalən keçmişimə aparan, keçmiş və bu gün arasında körpü olan İçərişəhərin daş astanasındayam...

   Dönüb geriyə baxdım, bir daha dəyərini qiymətini bildim İçərişəhərin!.

   Gəlin, bu xəzinəni qoruyaq, təkrar - təkrar bu xoş xatirələri ucalan şəhərin kölgəsində qalan İçərişəhərin öz "içində" daşında, divarında, küçələrində qalanları ürəyimizə qəlbimizə axıdaq.

   Keçmişimiz axıb beynimizə, damarlarımıza dolsun...

 

 

  Aynur MƏMMƏDOVA,

  "İçərişəhər" tarixi muzeyinin

  Elmi - tədqiqatlar bölməsinin

  baş mütəxəssisi

 

  Ədalət.-2012.-29 fevral.- S.7.