HAMINI
GÜLDÜRƏN...
Özü isə qəm çəkən şair
Bəribaşdan
deyim ki, onunla şəxsi tanışlığım
olmayıb, uzaqdan-uzağa tanımışam. Amma felyetonlarını, şeirlərini, publisist yazılarını, xüsusilə bəhri-təvillərini
sevə-sevə oxumuşam.
Aktyorlarımızın ifasında bunları dinləyəndə
özümü gülməkdən saxlaya bilməmişəm. Və mənə
elə gəlib ki, bu
misraların, bu düşüncələrin
sahibi dünyanın ən güləyən
insanlarından biridi. Lakin sonralar
onu şəxsən tanıyanlarla olan təmaslarım məndə
yanıldığımı və Rüfət Əhmədzadəni
bir şair, bir insan kimi
yaxşı tanımadığımı mənə
anlatdı. Gördüm ki,
şeirləri ilə, felyetonları ilə bizləri
güldürən və hətta gülməkdən qəşş
etdirən, gözümüzü yaşardan Rüfət Əhmədzadə Cəlil
Məmmədquluzadə məktəbinin "Molla
Nəsrəddin" ənənəsinin davamçısı kimi həm də düşünəməyə
çağırır. Biz isə ancaq gülürük. Özü də nəyə güldüyümüzün
fərqinə varmadan...
Bu günlərdə mənə
bir kitab hədiyyə etdilər. Kukla Teatrında
çalışan və xətrini çox istədiyim bir
xanım - Səidə Haqverdiyeva kitabı mənə
bağışlayarkən sözarası bildirdi ki, kitab
Rüfət müəllimin oğlunun, yəni Zülfüqar
Rüfətoğlunun ön sözü ilə başlayıb.
Burada toplanan şeirləri də, bəhri-təvilləri də
Zülfüqar müəllim özü seçib,
sıralayıb. Bir övladın ata irsinə belə
qayğısı, yəni isti, anlayışlı münasibəti
təbii haldır. Ancaq burada bir məqam var ki, tərtib olunan
kitabın ümumi görünüşü ilə
yanaşı, onun daxili silsiləsinin bir-birini tamamlamasına
ustalıqla yanaşmaq, bunun öhdəsindən gəlmək
gərəkdir. Mən kitabı oxuduqca ürəyimdən
keçən bu duyğuların öz yerində olduğuna
tam əmin oldum və Rüfət Əhmədzadənin
şeir düzümündə zamanı, mövzunu bir-biri ilə
bağlayan ümumi ahəng məni həm keçmişə
apardı, həm də bu günlə
qarşılaşdırdı. Məsələn:
Tanış var ki, görəndə
Ürəyin dağa dönür.
Tanış var ki, görəndə
Adam yumağa dönür
Doğrudan da bu gün hər
birimizin ayrı-ayrılıqda kifayət qədər
tanışlarımız var. Hətta bəziləri ilə o
tanışlığı dostluğa çevirməyə
çalışırıq. Amma bəziləri ilə də
tanış olduğumuz günü söyürük. Onunla
qarşılaşmaqdan qaçır, görəndə
özümüzü görməməzliyə vurmaq istəyirik.
Çünki bu adamlar hara gəldi, necə gəldi
yapışan at milçəyidi.
Rüfət Əhmədzadə bu
tanışlıqdan insanların nələr çəkdiyini
poetik bir şəkildə oxucuya çatdırmaqla onu
düşündürmək, onu mənasız, əsəb gətirən,
baş ağırdan, özü də cəmiyyət və
millətə faydası olmayan tanışlardan çəkinməyə,
daha doğrusu, çəkindirməyə
çalışır. Hətta anlayış olmayan yerdə
bir-birini dərk etmək, bir-birinin varlığını,
kimliyini qiymətləndirmək bacarığı olmayan ailədə
belə münasibətlərin ötəri olduğunu,
yalnız nəyinsə xatirinə birgə
yaşadıqlarını diqqətə çatdırır. Əslində
bu heç də bütöv, necə deyərlər,
köklü-köməcli yaşam deyil. Bir halda ki, şair
demişkən:
Şair əkrlə soruşdu
Bir dəfə arvadından:
- Mənim kitablarımdan
Hansını xoşlayırsan?!
Düz de, sən mənim canım,
Qorxma, qaralmaz qanım.
Arvad dedi:- Əzizim,
İnan, dədəmin canı
Dünya qədər sevirəm
"Əmanət
kitabçanı".
Bəli, bu gerçəkliyin
təkcə etirafı
deyil. Bu həm də maddiyyat üzərində
qurulan bir ailənin şair qələmində yayımlanan
görüntüsüdü. Və biz bu beş-altı misralıq şeiri oxuyub gülərkən ürəyimizin
ağrıdığını da hiss edirik. Amma təəssüf ki, bəzən gerçəklik
hansı formada deyilir deyilsin, nə qədər bər-bəzəkli, yumorlu
diqqətə çatdırılır
çatdırılsın, anlamayan anlamır. Çünki onların anlamaq
duyğus daşlaşıb.
Ona görə də Rüfət Əhmədzadə özünün
satirik qələminin
mürəkkəbini bir
az artırır.
Düşünür ki, bəlkə
nə isə edə bildim.
İndi enişlik də yoxuşdur mənə,
Əyriliyim varsa da xoşdur mənə.
Mənalı sözlər belə, boşdur mənə
Əyrini töhmət də hamar eyləmir,
Hər nə deyirlər,
mənə kar eyləmir.
Bugünkü inkişafımızın sevindirci məqamları çoxdur. Lakin kəm-kəsir, yarıtmaz
iş,
nöqsanlar da kifayət qədərdi. Elə Rüfət Əhmədzadənin
"Müalicə" şeiri
də həmin o nöqsanlara dolayısı
ilə vurulan işarə, tuşlanan oxudur. Şair yazır:
Qaynanamın olmuşdu
Eniylə uzunu bir
Gördüm arıqlamaqçün
Hər il kurorta
gedi
...Bir gün də tutduq xəbər
Halı oldubdu xarab
Köklüyün
təzyiqinə
Arvad gətirməyib tab
Vaxtı fötə verməyib
Yollandıq kəndimizə
Bir yük maşını tutub
Onu gətirdik bizə.
Saxladıq evimizdə
Bakıda - Yasamalda
Bildik düzələcəkdir
Olsa biz olan halda...
Göründüyü kimi, Bakıdakı
məişət problemləri,
qayğılar, yəni
çoxmərtəbəli binaya su daşımaq,
zibil atmaq, bazar-dükana getmək, marşrutlardakı basabaslar,
bir sözlə, eniylə uzunu bir olan qaynananı
üçlük taxtaya
çevirən bir gerçək həyat.
Bu şairin reallığı
təkcə yumorla ifadə etməsi deyil. Həm də insanın
düşdüyü durumun
müvafiq ünvanlara
çatdırması üsuludur.
Axı həmin qurumlarda da çalışanların
sevimli qaynanaları
var. Yəqin ki, onlar qaynanalarına əziyyət çəkməyə
imkan verməzlər.
Doğrudan da bugünkü
müstəqilliyimizin üzümüzə
geniş imkanlar açdığı danılmazdır.
Bir azacıq maddi durumu olan hər
kəs təkcə məmləkəti deyil, dünyanı da dolaşmaq arzusuna düşə bilər.
Lakin böyük sıxıntılarla
yaşayan insan zümrəsi var ki, onların arzuları elə yuxuları kimi də çin olmur. Buna baxmayaraq,
hansı yollarlasa gəzmək, qazanmaq, görmək, ehtiyat toplamaq adamlar da yetərincədir.
Bu ehtiyatbazların əslində bir adı da ehtiyatzadədir.
Şair onların durumunu qələmə alarkən sözarası özünü də diqqətə çatdırır
və yazır:
Çox gəzmisən, ay dost,
Bilirəm çox da bilirsən.
Mən gördüyüm ancaq
Balakən, bir də Ələtdi.
Doğrudan da rəhmətlik
Rüfət Əhmədzadənin
sözünə qüvvət,
elə mənim də gördüyüm Biləcərdi, bir də "Azərbaycan"
nəşriyyatı.
"Sizin
ilə, gülə-gülə"
kitabının hər
bir misrası, hər bir sözü
ayrıca bir diqqət tələb etsə də, mən burada iki məqama zamanına uyğun olduğu üçün
diqqət ayırıram.
Onlardan biri bu gün
hamının kitab yazmağı, şeir xəstəsi olmasıdır.
Az qala
qarşılaşdığımız hər kəs öz kitabından, öz şeirindən söhbət açır.
Bax, bunu zamanında görən Rüfət Əhmədzadə
yazırdı:
İlk şeiri
çatmamış obaya-elə,
İkinci şeirini o yazdı belə:
"Öz şair oğlunu dinlə,
ey vətən,
Sənət bağçasında
bir bülbüləm mən..."
- Göründüyü kimi, cəmi
bir şeirinin mürəkkəbi qurumamış artıq
özünü vətənin şair oğlu sayan və vətənlə
iddialı danışıb haqq uman, şöhrət soraqlayan
yazarlarımız bu gün də yetərincədi. Kitabda mənim
üçün, elə oxucular üçün də həmişə
maraq doğuran mövzulardan biri də saxta din xadimləri, din
pərdəsi altında gizlənib müxtəlif
fırıldaqlarla məşğul olan mollalar və
onların yolunu davam etdirənlərdi. Bu gün nəzir
qutularının böyründə əyləşib özlərini
din pərdəsi ilə daldalayanlar şairin diqqətindən
yayınmayıb. Ona görə də şair yazır:
Ay kişi, mən yağlı yer
görməmişə pir kimi
Üzdə fağır bəndəyəm,
dalda da lap şir kimi...
Düşünürəm ki,
Rüfət Əhmədzadənin bizləri güldürən,
həm də düşünməyə çağıran bu
kitabı oxucuların zövqünü oxşayacaq, ürəklərincə
olacaq. Çünki bu kitabda bizim hər birimiz öz
qüsurlarımızı əgər istəsək görə
biləcəyik. Bizi güldürüb özü qəm
çəkən Rüfət Əhmədzadəyə
"Ruhun şad olsun!" duası ilə:
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2012.-29
fevral.- S.7.