Qarabağlı

 

 Salyandakı bu kənd rayonun ən inkişaf etmiş ərazisidir

 

 (əvvəli ötən sayımızda)

  

   Həll edilən ən böyük problem

 

   Salyan rayonu İcra Hakimiyyəti başçısının Qarabağlı inzibati vahidliyi üzrə icra nümayəndəsi İlham Muradov nə qədər gizlətsə də, tələsdiyi hiss edilirdi:

   - Gedək bir qaz çəkənlərə də baş çəkək. Əvvəlcə onu deyim ki, yaxın vaxtlara kimi çox az sayda ailə ərazimizdəki neft buruqlarından götürülən səmt qazından istifadə edirdi. Aşağı təzyiqli bu səmt qazı heç o ailələri də razı salmırdı. "Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı" çərçivəsində indi bizim Qarabağlı inzibati ərazisinə qaz xəttinin çəkilişi yekunlaşmaq üzrədir. Bütün evlərə qaz xətti çəkilib, artıq sayğaclaşma işlərinə başlanmışdır. Bu ay Qarabağlının özü, ilin axırına kimi qalan bütün kəndləri mavi qazla təmin olunacaq. Hə, görə bilməyəcəyimiz bəzi şeylər haqqında danışırdım axı. Kəndlərimizin su mənbəyi Kürdür. Bu çay vasitəsilə təsərrüfatı yaşadırıq. Ərazimizdə hələlik 2 ədəd "modul" tipli sudurulducu qurğu var. Qarabağlıdakı qurğunun 26, Gomuşludakının 19 bulağından istifadə edilir. 2008-ci ildə inşa edilmiş elektron ATS-dən hələlik 256 nəfər bəhrələnə bilir. "ADSL" sistemi quraşdırılandan sonra internet istifadəçilərimizin sayı 100-ü keçib. Ancaq rabitə sistemində işlərimizi mütləq genişləndirmək fikrimiz var. Hə, çatdıq deyəsən.

   Qarabağlı kəndindəki İmam Hüseyn Məscidinin qarşısında inşaatçılar qaz borularının birləşdirilməsi ilə məşğul idilər. İşləri çox olduğundan həmsöhbət olmaq fikrində deyildilər.

   Maşına oturub yolumuza davam edirik. Şəhidlər Xiyabanını, "Partizan Babaş"-ın- Babaş Rüstəm oğlu Dadaşovun barelyefini ziyarət etdikdən sonra ölkənin yaxşı tanıdığı İbrahim Musa oğlu Qurbanovun büstünə salam verib, məzarına tər çiçəklər qoyuruq.

  

   Salğarlı kişi

 

   Qarabağlı haqqında danışanda heç şübhəsiz ki, İbrahim Musa oğlu Qurbanov barəsində ayrıca bəhs etmək lazımdır. El-obanın, yurdun seçilən ağsaqqalı, ölkənin iqtisadi və sosial həyatında parlaq yeri olan İbrahim kişi çox şərəfli bir ömür yaşamışdır. Şəxsiyyəti rəsmi titul və təltiflərdən daha ağır olan bu salğarlı kişi haqqında qəzet və jurnallarda kifayət qədər material var. İşgüzar, sadə və səxavətli bu insan haqqında "İzi qalan insan" kitabında da İbrahim kişi ilə bağlı Azərbaycanın sayılıb-seçilən elm, söz adamları ilə birgə ölkənin yüksək rütbəli məmurları özü ürək sözlərini demişlər. Bəxtiyar Vahabzadə, Budaq Budaqov, Ənvər Seyidov, Zeynəb Xanlarova və digər tanınmış ölkə ziyalılarının İbrahim kişi haqqındakı fikirlərini tərifi sevməyən böyük Məmməd Araz daha dəqiq ifadə etmişdir: "Azərbaycan xalqı öz tarixi ərzində çox böyük şəxsiyyətlər yetirib. Onların hər birinin öz yeri, özünəməxsus xidmətləri var. İbrahim Qurbanov da ötən əsrin ən parlaq simalarından biri idi. O üç inkişaf etmiş Azərbaycan şəhərinin abadlaşdırılmasında, yenidən qurulmasında əvəzsiz rol oynayıb".

   İstehsalatın ən müxtəlif sahələrində çalışanda da, Neftçala, Salyan, Cəlilabad rayonlarına rəhbərlik edəndə də Ulu Öndər Heydər Əliyevin ən yaxın dostu, ən yaxın silahdaşı İbrahim Musa oğlu Qurbanov heç zaman haqqı nahaqqa verməyib. Dövləti, dövlətçiliyi də ailəsi, balaları kimi sevib, qoruyub, əzizləyib.

   Atasının ənənəsini yaşatmağa çalışan, kəndinin, el-obasının güvənc yeri olan, Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində rəis müavini vəzifəsində işləyən Pənah İbrahim oğlu Qurbanov bu böyük el ağsaqqalı haqqında həmişə qürurla, fəxrlə danışır:

   - Atam olduğu üçün demirəm, İbrahim Musa oğlu Qurbanov yorulmaz təsərrüfatçı, sadiq dost, əsl el ağsaqqalı idi.

   O kişi qurub-yaratmaqdan xüsusi bir zövq alırdı. Çox qəribə idi ki, vəzifəsindən, mövqeyindən asılı olmayaraq atam ona pənah aparanların heç birinə fərq qoymurdu.

   Hətta tanımadığı adamlara belə kömək edirdi, əl tuturdu. İndi bilirəm ki, əsl kişilərin, böyük insanların özündən sonra qoyduqları mənəviyyat daha uzunömürlü, daha gərəkli olur. Qaldı atamla bağlı yazmalı olduğum xatirələrə, düşünürəm ki, lazımdır. Ondan öyrənəcək çox şey var, qoy oxuyub bilsinlər. Bacaranlar özlərinə nümunə də götürsünlər...

   Etiraf edək ki, belə ömür hamıya qismət olmur. Görünür Allahın və insanların sevdikləri həyat kitabının başqa səhifələrindədir.

   Azad sahibkarlıq iqtisadi inkişaf deməkdir

   Vaxt azalır, əslində axşama hələ xeyli var. Ancaq birazdan aranın istisi yandırıb yaxacaq. Mahir müəllimə də telefonda taxılbiçən kombaynçılar rahatlıq vermir. Ən müxtəlif xidmət və ticarət obyektləri, iaşə müəssisələri olan Qarabağlı kəndi və onun tabeliyində olan inzibati ərazidə bir sıra sosial binalarla bərabər mədəniyyət evi, tibb məntəqəsi, rabitə şöbəsi, kitabxana da fəaliyyət göstərir. Kifayət qədər böyük və müasir tələblərə cavab verən "Asif", "Samir" şadlıq sarayları da burdakı sakinlərin istifadəsindədir. Ancaq kəndin iqtisadi həyatına birbaşa təsir edən "İlkin-N", "Samir" MMC-lər haqqında bir qədər geniş danışmaq lazımdır. "İlkin-N" MMC-nin ölkənin, eləcə də regionun iqtisadi-sosial həyatına təsirindən bəhs etmişik. Onun nəzdindəki "Halal" Aqroservis eyni mövqeyi həyata keçirir. Burda olan texnika, maşın-mexanizmlər sakinlərin kənd təsərrüfatı işlərində, ot biçinində, yer şumlanmasında və digər işlərində çox yaxından, bəzən də təmənnasız iştirak edir. Geniş profilli "Samir" MMC təmir-tikinti işləri ilə bərabər un məmulatının müasir texnologiyası ilə də məşğul olur. Müəssisənin bişirdiyi çörək və bulki məmulatları Qarabağlı ilə bərabər ətraf kəndlərə də çatdırılır. Cəmiyyətin nəzdində yaradılan əkinçilik və maldarlıq sahələrində də xeyli yerli sakin çalışır. Miqyası ilbəil böyüyən hər iki müəssisənin Qarabağlının iqtisadi həyatında oynadığı rol danılmazdır.

   Aranda, Kürün sahilində yerləşən Qarabağlı kəndi Salyanda həm də yaxşı mənada söz sahibi olan bir obadır.

 

 

  Səxavət Məmmədli

 

  Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

 Ədalət.-2012.-4 iyul.-S.3.