Onun musiqi dünyası:

 

  Məmməd Cavadov-100

 

   Bir vaxtlar elə bilirdim ki, "Barı Naxçıvan" adı ilə məşhur olan mahnının musiqisini hardasa həmin torpaqda boya-başa çatmış bir bəstəkar yazıb. Amma illər keçdi, öyrəndim ki, 1945-ci ildə sözləri şair Hüseyn Əzimiyə məxsus olan "Naxçıvan" mahnısının musiqisini əslən füzulidən olan Məmməd Kərim oğlu Cavadov yazıb. Ancaq çoxları bəlkə də bilmirdi ki, bu mahnının müəllifi gözəl bəstəkar və musiqiçi Məmməd müəllimdir.

    Məmməd Cavadov 1912-ci ildə Füzulidə anadan olub. Uşaq yaşlarından musiqiyə onda böyük həvəs yaranıb. Elə bu həvəs də onu Asəf Zeynallı adına Musiqi Məktəbinə gətirir. Piano arxasında əyləşən nurani bir şəxs onun balaban çalmasına heyran qalır və Məmmədin musiqi duyumunu qiymətləndirərək ona "afərin" deyir. Bu, dahi bəstəkar Üzeyir Hacıbəyov idi. Elə sənətə gəlişinə də ilk xeyir-duanı Üzeyir bəy verir. Musiqi alətləri şöbəsininin klarnet sinfində dərs alan Məmməd Cavadov sonradan bu böyük məktəbdən çox şey öyrənir.

     O, illər keçdikcə balaban ifaçısı kimi daha da məşhurlaşır. Çox keçmir ki, Səid Rüstəmov, Hacı Xanməmmədov, Şəfiqə Axundova, Ağabacı Rzayeva kimi tanınmış sənətkarlarla çiyin-çiyinə çalışır. Müxtəlif konsertlərdə Bülbülü, Həqiqət Rzayevanı, Yavər Kələntərlini müşaiyət edir. Hətta 1938-ci ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti və İncəsənəti Dekadasında öz sözünü deyir.

    İllər ötür və illər ötdükcə də Məmməd müəllimin musiqi dünyasında qoyduğu izlər çoxalır. O, maestro Niyazinin və Tofiq Quliyevin rəhbərlik etdiyi orkestrda da çalışır. Qeyri-adi ifası və improivizasiyaları tamaşaçılarla yanaşı, hətta peşəkar musiqiçiləri belə təəccübləndirir. Onun istedadı və zəhməti zaman-zaman öz qiymətini alır. Belə ki, o, Naxçıvan Dövlət Dram Teatrına direktor təyin edilir. Həmin mədəniyyət ocağında da Məmməd müəllim pedaqoji fəaliyyətini davam etdirir və öz sözünü deyir. Ramiz Mirişlinin, Nəriman Məmmədovun. Rəşid Məmmədovun bir bəstəkar kimi yetişməsində Məmməd müəllimin xidmətləri olur.

    Təbii ki, o insan işlədiyi və çalışdığı yerdə iz qoya bilir ki, onun istedadı var, öz yolu və öz nəfəsi hiss olunur. Məmməd Cavadov da harda çalışıbsa o, kollektivə həmişə yeni ab-hava, yeni ruh və yeni düşüncə gətirib.

    Əlbəttə, hər adamın işi deyil ki, müxtəlif yerlərdə çalışa, həm böyük sənət nümunəsi yarada, həm də pedaqoji fəaliyyət göstərə. Məmməd müəllim çalışdığı kollektivlərdə həmişə gənclərin, yaradıcı insanların əlindən tutub və onların uğur qazanmasında öz sözünü deyib. Aydındır ki, bu cür adamlar zamanından və məkanından asılı olmayaraq heç vaxt unudulmur və yaddan çıxmır.

    Sonradan Məmməd Cavadov Füzuliyə gəlir və rayonun mədəni həyatında canlanma yaradır. Texnikumda 120 nəfərlik xor kollektivi təşkil edir. O, rayon mədəniyyət evinin müdiri təyin edilir. 1957-ci ildə isə onun təşəbbüsü ilə və bəstəkar Süleyman Ələsgərovun köməkliyi ilə ilk musiqi məktəbi açılır. Pedaqoq həmin məktəbdə solfecio fənnindən dərs deyir. Sonradan Məmməd müəllim rayonda ilk dəfə olaraq nəfəs alətləri orkestri yaradır.

    İstedadlı adamların bayaq dediyimiz kimi, harda olmasından asılı olmayaraq onların uğurları günəş kimi parlayır. Parlayan bu günəş insanların mənəvi dünyasını, ürəyini, qəlbini işıqlandırır. O işıq ki, insanlar uzun müddət onun həsrətində olurlar. Elə ki, işığı görürlər və elə ki, işıq onların içini nura bələyir, bax onda hiss edirlər ki, həyat heç də mənasız deyil. Həyatı gözəlləşdirən, onu min bir rəng çalarına bələyən istedadlı insanlardır.

     Bu istedadlı insanlar özləri üçün yox, bu xalq, bu millət, bu dövlət üçün yaşayırlar. Əgər Məmməd Cavadovun yaratdığı sənət nümunələrini və qazandığı uğurları sadalasaq, onda gərək böyük bir siyahı tərtib edək. Yəni Məmməd müəllimin mədəniyyət və musiqi sahəsində o qədər uğurları və müvəffəqiyətləri var ki, onu saymaqla qurtarmaq mümkün deyil. Sadəcə olaraq, o ömüründə yaşayıb və yaşadığı bu ömrüdə mənalı, yaddaqalan və qeyri-adi təəssüratlar qoyub.  

   Füzuli rayonu işğal olunanda Məmməd müəllim də həmin dövrdə Lənkərana köçür və Lənkəran Musiqi məktəbində dərs deyir. Lənkəranda yaşadığı dövrdə Məmməd Cavadov gözəl mahnılar yazır. "Bu yerlər", "Təkcə səni", "Lənkəran", "Sənsizlik", "Şəhidlər xiyabanı" mahnıları məhz həmin dövrdə yaranıb. İstedadlı bəstəkar xalq şairləri Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Mirvarid Dilbazinin, Nəriman Həsənzadənin, Fikrət Qocanın və eləcə də bir çox tanınmış qələm sahiblərinin şeirlərinə gözəl musiqilər bəstələyib.

 O, 1998-ci ildə Lənkərandan Bakıya köçür. Burda da musiqi yaradıcılıgı ilə məşğul olmağı unutmur. Yaşının ahıl vaxtında da ömrünü musiqiyə bağlayır. Ahıl vaxtında da bir neçə şeirə gözəl musiqilər bəstələyir. Ömrünün 70 ilini Məmməd müəllim Azərbaycan mədəniyyətinin inkişafına çiçəklənməsinə sərf edib. Ona görə prezident Heydər Əliyevin sərəncamı ilə fərdi təqaüdə layiq görülüb. Əlbəttə, onun Azərbaycan mədəniyyətində xidmətləri hökumət dövlət tərəfindən yetərincə qiymətləndirilib. Məmməd müəllim indi haqq dünyasındadır. Bu yaxınlarda onun anadan olmasının 100 illiyi tamam olur.

 İnsanlar var ki, uzun zaman yaşayır, amma heç kimin heç kəsin yadında qalmır. Məmməd Cavadov kimi insanlar isə Azərbaycan musiqi mədəniyyətinin tarixində həmişə yaşayacaq. Hər dəfə onun mahnıları səslənəndə hər dəfə onun mahnılarını hansısa müğənni ifa edəndə Məmməd müəllimin ruhu yenidən bu dünyaya qayıdır. Ümumiyyətlə, sənət adamları, o cümlədən şairlər, musiqiçilər bəstəkarlar heç vaxt ölmürlər. Səslənən şeirləri oxunan mahnıları onları həmişə yaşadır yada salır.

 

 

Faiq QİSMƏTOĞLU

 

Ədalət.-2012.- 19 may.- S. 4.