İQTİSADİ YÜKSƏLİŞ MÜASİRLƏŞMƏNİN ƏSAS STİMULUDUR

 

   Qeyri-neft sektorunda ən yüksək artım

  

   11 iyul 2012-ci ildə Nazirlər Kabinetində ölkə prezidenti cənab İ.Əliyevin sədrliyi ilə cari ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirildi. Müşavirədə ölkə prezidenti görülən işlər və əldə olunan nəticələrdən danışdı, eyni zamanda qarşıda duran vəzifələrə və həllini gözləyən problemlərə toxundu. Son altı ayda ölkə iqtisadiyyatının inkişaf etdiyini və qarşıda duran vəzifələrin uğurla icra olunduğunu deyən prezident İlham Əliyev yarım ildə ümumi daxili məhsulun 1,5 faiz, qeyri-neft sektorunun 11,3 faiz artdığını bildirdi. "Bu, dünya iqtisadiyyatında ən yüksək göstəricidir", - deyən dövlətimizin başçısı bundan sonrakı illərdə də əsas diqqətin bu sahənin inkişafına yönəldiləcəyini vurğuladı.

   Azərbaycan Prezidenti bildirdi ki, son altı ayda sənaye istehsalının ümumi həcmi neft hasilatının aşağı düşməsi nəticəsində üç faiz azalsa da, qeyri-neft sənayesində artım tempi 8,3 faiz olmuşdur. Makroiqtisadi vəziyyətin sabitliyi qorunmuş, inflyasiya cəmi 2,2 faiz olmuş, əhalinin pul gəlirləri isə 14,2 faiz artmışdır. Kənd təsərrüfatında 10,4 faiz artım qeydə alınmışdır. Dövlətimizin başçısı bu il şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırıldığını, operativ tədbirlər nəticəsində evlərini itirən insanlar üçün dövlət hesabına yeni mənzillərin tikildiyini qeyd etdi. Bundan əlavə, Dövlət Proqramına uyğun olaraq böyük həcmli işlərin görüldüyü, infrastruktur layihələrinin icra olunduğu, sosial layihələrin həyata keçirildiyi diqqətə çatdırıldı. Dövlətimizin başçısı sovet dövründən qalan əmanətlərə görə birdəfəlik ödənişlərin və ünvanlı sosial yardımın verilməsi prosesinin davam etdiyini qeyd etdi. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, hökumətin yürütdüyü siyasətin sosial xarakterini gücləndirməyə xidmət edir.

 

   Balakən rayonu yeni mərhələdə

 

   Nazirlər Kabinetindəki müşavirədən irəli gələn vəzifələrə və ilin birinci yarısının yekunlarına dair Balakən rayonunda keçirilən yığıncaqda bütün bu məsələlər bir daha diqqətə çatdırılmaqla respublikanın iqtisadiyyatının sürətli inkişafı vurğulanmışdır. Rayon müşavirəsində geniş məzmunlu çıxış edən Balakən RİH-nin başçısı İslam Rzayev görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. İ.Rzayev eyni zamanda may ayında bölgədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aparılan işlərin də operativliyini diqqətə çatdırmışdır.

   İ.Rzayev demişdir:

   - Cari ilin birinci yarısında rayonda görülən işlərdən danışmazdan əvvəl qeyd etmək istəyirəm ki, 7 may və 18 may tarixlərində bölgəmizdə zəlzələ baş verdi. Zəlzələ nəticəsində fərdi yaşayış evlərinə və bir sıra sosial obyektlərə ciddi ziyan dəydi. Təbii fəlakətlə əlaqədar 9 may 2012-ci ildə bölgəyə səfər edən ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən rayonda fəaliyyətə başlayan Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyaları RİH-nin aidiyyəti qurumları ilə birgə təxirəsalınmaz tədbirlər görmüşlər. Komissiya qısa müddət ərzində ziyan dəymiş fərdi yaşayış evlərinin və sosial obyektlərin siyahısını dəqiqləşdirmiş və bu obyektlərə baxış keçirmişdir. Komissiyanın rəyinə əsasən 92 ev sökülmüş, 153 evə tikinti materialları daşınmışdır. Eyni zamanda, Katex 1 saylı uşaq bağçasının, Qarahacılı kənd tam orta və Püştətala ibtidai məktəblərinin, Gərəkli kəndində 8 mənzilli yaşayış evinin tikintisinə qərar verilmişdir. Artıq Qarahacılı məktəbinin və 8 mənzilli yaşayış evinin tikintisinə başlanmışdır. Hazırda Fövqəladə Hallar Nazirliyinin komissiyası yenidən əhalidən daxil olan müraciətləri araşdırır...

   ...Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahədə xeyli iş görülmüş, cari ilin 01 iyun vəziyyətinə görə rayonda əkin sahələri 11071 hektara çatdırılmışdır. 498 hektar taxıl sahələrindən 1015 ton məhsul, o cümlədən 502 ton buğda, 513 ton arpa məhsulu götürülmüşdür. Taxıl əvvəlki ilə nisbətən 819 ton artıq istehsal edilməklə yanaşı məhsuldarlıq göstəricisi 20,4 sentner olmuşdur ki, bu da ötən ilin səviyyəsindən 6,5 sentner çoxdur. Qeyd olunmalıdır ki, 2012-ci ilin iqlim şəraiti təsərrüfat işləri üçün əlverişli olmuş, yazlıq bitkilərin optimal müddətdə əkilməsinə və əkin sahələrinin artırılmasına imkan vermişdir.  

   Bununla yanaşı, rayon rəhbərliyi tərəfindən əkin sahələrinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən kəndlər üzrə hədəf göstəricilərinin müəyyən edilməsi, toxuma olan tələbatın ödənilməsi üçün istehsalçı müəssisələrlə birgə işlərin görülməsi, fermerlərlə sahələrdə görüşlərin keçirilməsi, təsərrüfat işlərinin gedişinə gündəlik operativ nəzarətin həyata keçirilməsi, suvarma kanallarının qazılması və yenidən bərpa olunması, gübrə təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər özünün müsbət nəticəsini vermiş, əkin sahələrinin 20 % artırılmasına dair qarşıya qoyulmuş hədəflər yerinə yetirilmişdir.

   Fermerlər və torpaq mülkiyyətçiləri də öz növbəsində onlar üçün yaradılan şəraitdən maksimum istifadə etməyə çalışmış, əvvəlki ilin səviyyəsindən 21,3 % artıq sahədə kənd təsərrüfatı bitkilərinin əkilməsini təmin etmişlər. Hesabat dövründə rayonda 6442 hektar qarğıdalı, 298 ha lobya, 1988 ha tərəvəz, 300 ha bostan, 850 ha kartof, 689 ha yonca əkilmişdir. 2011-ci ilə nisbətən rayonda 32,4 % qarğıdalı, 14,6 % lobya, 2,7 % tərəvəz, 7,4 % kartof, 0,3 % bostan bitkiləri, 11,9 % sahədə yonca artıq əkilmişdir. Əkin sahələrinə aqrotexniki qulluq göstərilmiş, mineral gübrələr verilmişdir. Hazırda təsərrüfatlarda tərəvəz, lobya, kartof, bostan, mal-qaraya yem məqsədləri üçün ot istehsalı, eləcə də qarğıdalı sahələrinə aqrotexniki xidmətin göstərilməsi davam etdirilir.

  

 

   (ardı gələn sayımızda)

 

  MƏZAHİR ƏHMƏDOĞLU

 

  Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

  Ədalət.-2012.-24 iyul.-S.3.