Qarabağlı
Salyandakı
bu kənd rayonun ən inkişaf etmiş ərazisidir
Rayon mərkəzindən 28 kilometr məsafədə
yerləşən Qarabağlı kəndinin maraqlı tarixi
var. Tarixi mənbələrdə göstərilir ki,
1700-cü ildə Ağdam rayonunun Abdalgülablı kəndindən
gəlmiş bir neçə ailə burada məskunlaşmışdır.
Müxtəlif səbəblərdən Şamaxıda
köç edən bir neçə ailə də təbii
relyefinə görə çox əlverişli olan bu obada
yerli sakinlərlə yaşamağa üstünlük
vermişlər. Sonralar Qərbi Azərbaycandan
köçürülmüş soydaşlarımız da
Kürün sahilində, yol kənarında yerləşən
bu kəndə pənah gətirmişlər. Beləcə
Qarabağlı kəndi böyümüş, inkişaf
etmiş və rayonun iqtisadi-sosial həyatında önəmli
yer tutmuşdur.
Hazırda Qarabağlı ərazi
inzibati vahidliyində 850 nəfər adam yaşayır. Mərkəzi
Qarabağlı olan bu inzibati əraziyə Kolanı,
Gomuşlu və Təzəkənd kəndləri də
daxildir.
30,89 kvadrat kilometr ərazisi olan
Qarabağlı kəndinin əsas məşğuliyyəti əkinçilik
və maldarlıqdır.
Kənd sakinləri taxıl, kartof,
üzüm, tərəvəz, bostan bitkilərindən bol məhsul
əldə etmək üçün xeyli əziyyət
çəkmişlər. İndi bu kənddə 2275 baş
iribuynuzlu, 7100 baş xırdabuynuzlu mal-qara bəslənilir.
Rayonda, eləcə də bölgədə
sayılıb-seçilən kəndlərdən olan
Qarabağlıda zəhmətkeş, torpağa bağlı
adamlar çoxdu. Ona görə də burda camaat daha
yaxşı, daha firavan yaşayır.
İş üçün ən
münasib vaxt səhər erkəndir
Ümumiyyətlə, günün
birinci yarısında görülən işlər, həyata
keçirilən tədbirlər daha effektli olur. Qızmar yay
aylarında isə bu labüd bir amilə çevrilir.
Uzun müddət ingilis dilini tədris
edən, sonralar böyük bir şirkətdə tərcüməçi
kimi çalışan, hazırda Qarabağlı ərazi
inzibati vahidliyində icra nümayəndəsi işləyən
İlham Qaytaran oğlu Muradovla da sabah, səhər erkən
yenidən görüşüb Qarabağlı kəndini gəzməyi
qərara aldıq. Gəzmək, görmək zəngin təəssürat
deməkdir.
İcra nümayəndəliyinin, bələdiyyənin,
polis məntəqəsinin, kənd kitabxanasının, 60
saylı Salyan-Neftçala seçki idarəsinin yerləşdiyi
müasir, səliqəli 1 mərtəbəli binada İlham
müəllimlə nə qədər tez görüşsək
də, qəbula gələnlər kifayət qədər idi. "Əkin-biçin
adamlarıdır. Onları yola verim, gedək" deyə icra
nümayəndəsi qəbul otağındakıları
içəri dəvət etdi.
Az sonra biz artıq tozlu kənd
yolları ilə uzaqdan görünən yaşıl stadiona
yol almışdıq. "Nail" idman klubu tərəfindən
stadionun kənarında inşa edilən otaqlarda yaxın
vaxtlarda idmançılar üçün gözəl şərait
yaranacaq. Kəndin dayağı olan, böyük xeyriyyəçi
Hacı Qurban Abasovun rəhbərlik etdiyi "İlkin-N"
MMC-nin Qarabağlıdakı filialında çalışan
müxtəlif peşə adamlarının heç biri
işdən ayrılmaq fikrində deyillər. Çoxşaxəli
iş profili olan bu müəssisədə ailəsinə ruzi
aparanların sayı yüzlərlədir. Əkinçilik və
maldarlıq kimi köməkçi təsərrüfatı
olan "İlkin-N" MMC öz işçiləri ilə bərabər
kənd sakinlərinə, şəhid ailələrinə,
imkansızlara da daim əl tutur.
- İndi Nəsimi Xəlilov
adına məktəbə gedirik. Orada hər şeyi
özün görəcəksən.
Ancaq nə qədər ki, yol
gedirik görə bilməyəcəyimiz bəzi şeylər
haqqında məlumat verim. Qarabağ uğrunda
döyüşlərdə 20 şəhid vermişik, o ailələr
daim diqqət mərkəzindədir. Həmin döyüşlərdə
əlil olan 7 nəfəri də unutmuruq. Böyük Vətən
Müharibəsi iştirakçılarından cəmi 4 nəfər
qalıb. Kəndimizin ən yaşlı sakini Sona Hacıqulu
qızı Əliyeva 1905-ci ildə doğulub.
Camaatımız maşallah, zirək camaatdır. Mal-heyvan
saxlayan kim, əkin-biçinlə məşğul olan kim.
Sakinlərimizin bir çoxu da ərazimizdə yerləşən
"Salyan Oyl" və yaxud Şirvan şəhərindəki
"Şirvanneft"də, Dövlət Elektrik
Stansiyasında, müxtəlif təşkilatlarda
çalışırlar. Hə çatdıq,
arxasını sonra danışarıq. Düşək, baxaq
görək neyləyib bu qoçaqlar.Tikinti
meydançasında bizi hörmətlə
qarşıladılar.
"Elmsiz bir ölkənin gələcəyi
yoxdur"
Qarabağlı inzibati vahidliyində
4 təhsil ocağı var. 1 və 2 saylı tam orta məktəb
Qarabağlı kəndində yerləşir. Kolanı və
Təzəkənd kəndlərində isə ümumi orta məktəb
fəaliyyət göstərir.
Məktəb tikintisində iş
icraçısı kimi çalışan Kamil Behbudov işlərin
gedişindən razı görünürdü:
- 480 yerlik 1 saylı orta məktəbi
sentyabra qədər tikib təhvil verəcəyik. Düzdür,
iş çoxdur. Ancaq mənim uşaqlarım da
qoçaqdırlar. Tikintidə 30 nəfər yerli sakin
çalışır, onlar da od kimidir. Məktəbin
ayrıca elektrik xətti, istilik sistemi olacaq. Açıq və
örtülü idman zalları, kitabxana, akt zalı da
şagird və müəllimlərə xidmət edəcək.
40 tonluq həyətdəki bu hovuzda isə daim su olacaq ki,
yanğın zamanı istifadə edilsin. Sanuzellər oğlan
və qızlara, müəllimlərə ayrıca xidmət
edəcək. Bir sözlə, Qarabağlı kənd 1
saylı orta məktəb bu tərəflərdə ən
gözəl təhsil ocağı olacaq. Elmsiz heç bir
ölkənin gələcəyi yoxdur. Afrika cəngəlliklərində
yaşayan qəbilələri kim tanıyır? İnşaat
işləri üçün heç bir çətinliyimiz
yoxdur, hər şey əlimizin altındadır. Söz də
sözdür.
Nə deyirik, qolunuza qüvvət,
təki siz deyən olsun!
(ardı
gələn sayımızda)
Səxavət
Məmmədli
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-3
iyul.-S.3.