Şirvan - bölgədə öz yeri olan şəhər

 

  İndi bu şəhərin - paytaxtdan o qədər də uzaq olmayan Şirvanın siması tamam dəyişib. Mərkəzi yolların, eləcə də şəhərdaxili küçələrin yenidən qurulması nəticəsində indi daha da gözəlləşən Şirvan şəhəri regionda inkişaf etmiş yaşayış məskənlərindən birinə çevrilmişdir. Paytaxt istiqamətindən şəhərə daxil olan hər bir müsafir bu rahat, enli, hər iki tərəfi həmişəyaşıl ağaclarla əhatə edilmiş yolla istər cənub-qərbə, istərsə də Muğana, Milə üz tutarkən rastlaşdığı gözəllikdən xüsusi zövq alır. Gecələri bir ayrı görkəmdə olan bu mərkəzi küçə müasir işıqlandırma sistemi ilə təchiz edildiyindən daha füsunkar görünür.

   Yaşıllıqları onsuz da bol olan Şirvan şəhərində təkcə son 6 ayda 990 ədəd ağac, 5000 müxtəlif gül kolu, 400 kvadrat metr çim qazon, 1000 kvadrat metr qazon toxumu əkilmişdir. Mərkəzi və baş küçələrlə bərabər digər küçələrin də fasiləsiz işıqlandırılması üçün indi bütün imkanlar var.

   Artıq şəhərin şimal girişində "Bayraq Meydanı"nın inşasına başlanmışdır. 52 metr hündürlüyü olacaq bayrağın şəhərə xüsusi bir əzəmət verəcəyi şübhəsizdir. Nəzərdə tutulan 4000 kvadrat metr ərazidə tikinti-quraşdırma işlərinə start verilmişdir. 180 kvadrat metr məsafəyə qum-çınqıl döşənərək əsaslı yol çəkilmişdir. Üç rəngli bayrağımızın dalğalanacağı özülün betonlaşması üçün 180 kub metr monalit dəmir-beton işləri görülmüşdür.

   Qonşu Hacıqabul, Salyan, Sabirabad, Saatlı rayonlarının mədəni mərkəz saydıqları Şirvan şəhərinin sosial və digər xidmət sahələrində insanlara daha çox yardımçı olduğunu söyləmək artıqdır. 1962-ci ildə inşa edilmiş Kür çayı üzərindəki körpünün əsaslı təmirdən sonra yenidən istifadəyə verilməsi Şirvan şəhərini diqqət mərkəzinə bir az da yaxınlaşdırmışdır. Bir sıra iri neft şirkətlərinin, İqtisad və Apellyasiya Məhkəmələrinin, böyük sənaye müəssisələrinin burda fəaliyyət göstərməsi də təsadüfi deyil.

 

   Abadlıq gözəllikdir

 

   Çox böyük şəhərlər, çox böyük qəsəbələr baxımsızlıq üzündən öz simasını asanlıqla itirə bilir. Çünki şəhərin ilk gözəlliyi onun abad olmasıdır, küçələrinin təmiz, yaşıllığının bol olmasıdır.

   Çox da böyük olmayan Şirvan şəhərində son illər xüsusilə diqqətdə olan abadlıq-quruculuq işləri hər gün davam etdirilir. Vurulan hər naxış, hörülən hər daş şəhərin ümumi gözəlliyini artırmaqla bərabər həm də bu ənənəni layiqincə yaşatmağa xidmət edir.

   Bu ilin birinci yarısında M.Füzuli, H.Z.Tağıyev küçələrinə 15340 kvadrat metr, Hacı Qəhrəmanlı qəsəbəsinin giriş yoluna 13740 kvadrat metr asfalt-beton örtüyü döşənmişdir.

   Şəhərin ümumi görkəminə, gözəlliyinə xələl gətirən 14 binanın 2500 kvadrat metr dam örtüyü sökülmüş, əvəzində isə şüşə rüberoid materialı salınmışdır. Burdakı 9 mərtəbəli binaların giriş hissələri təmir edilməklə bərabər liftlərindəki bir sıra texniki nasazlıqlar aradan qaldırılmış, yeni elektrik mühərrikləri, transformatorlar quraşdırılmışdır.

   Şirvan şəhərinin mərkəzi hissəsində yerləşən Energetik küçəsindəki 9 saylı, 20 Yanvar küçəsindəki 12-a saylı binaların fasadlarında əsaslı təmir işlərinin sürəti, keyfiyyəti bir az da artırılmışdır. Bu iki binada 390 kvadrat metr fasadın divar səthinə "poliuretan" üzlük vurulmuşdur. Burda yerləşən ictimai-iaşə obyektlərinin qarşısında yenidənqurma işləri də eyni sürət, eyni keyfiyyətlə davam etdirilir.

   Şəhərin ən görkəmli ərazilərindən Heydər Əliyev meydanında əsaslı təmir işlərinin qızğın çağıdır. 1 May küçəsindəki abadlıq işlərinə həyətyanı divarların müasir görkəmə salınması da əlavə edilmişdir. Burda rənglənmiş divarların ümumi ərazisi 3200 kvadrat metrə bərabərdir.

   Muğana uzanan mərkəzi yolun "Sabirabad dairəsi" adlanan ərazisində isə 120 kvadrat metr istinad divarları dekorativ formalı daşlarla üzlənmiş, yeni görkəmə salınmışdır.

   Şirvanın abadlıq-quruculuq işlərində daim fəal iştirak edən şəhər bələdiyyəsinin, Təhsil şöbəsinin, Sosial Müdafiə Mərkəzinin və Fondunun yerləşdiyi inzibati binaların qarşısına döşənmiş daş üzlüklər mərkəzə ayrı bir gözəllik verir.

 

   Nümunəvi məhəllələr əsl istirahət yeridir

 

   Xatırlayıram ki, Şirvan şəhərində yaxın vaxtlara qədər məhəllələrdə, yaşayış binalarının həyətlərində miqyası böyük olan tör-töküntü, səliqəsizlik vardı. Zibilliklərdə bir-birinə sığınan xırda tikililərdə antisanitariya hökm sürürdü. Çox işlərdə avanqard olan Mərdan Talıb oğlu Camalov şəhərin icra başçısı kimi fəaliyyətə başlayandan sonra məhəllələrə xüsusi fikir verdi.

   İndi Şirvan şəhərində sakinlərin əsil istirahət yerlərinə çevrilən, şəhərə ayrı bir gözəllik verən nümunəvi məhəllələr kifayət qədərdir. Bu ənənənin təməli xeyli əvvəl qoyulsa da, bu yöndə aparılan işlər hər gün bir az da sürətlənir.

   Şəhərin Xəqani küçəsindəki 10, 22, 31, 20 Yanvar küçəsindəki 1 və 5 saylı binaların qarşısında nümunəvi məhəllələrdə yerli sakinlərlə bərabər şəhərin qonaqları da lazımınca istirahət edə bilirlər. Burdakı xeyir-şər məclisləri üçün nəzərdə tutulan tikililər də daim diqqət mərkəzindədir.

   Qeyrət Kazımlı da öz şəhərini sevən, qoruyan ziyalılardan biridir. İstirahət vaxtlarında yeni salınmış belə məhəllələrdə dincəlməyə üstünlük verən Qeyrət müəllimin dediklərindən:

   - Hər birimiz öz şəhərimizi, yaşadığımız məhəlləni sevib qayğısına qalmalıyıq. Bu şərait, bu gözəllik bizim üçündür. Bizim də borcumuz bunları qorumaq, imkan daxilində bir az da genişləndirməkdir. Bax, bu yaşıllıqlar, rahat oturacaqlar, üstü örtülü tikililər, körpələrimizin əylənməsinə hesablanmış qurğular elə-belə yaranmayıb axı. Bütün bunları qurub-yaradanlara sakinlər adından təşəkkür edirəm. Çünki belə şəraiti olan nümunəvi məhəllələr istirahət yeri olmaqla bərabər həm də bir gözəllikdir. Gözəllikdən zövq almağı bacarmaq lazımdır...

   Qeyrət müəllimin dediklərində böyük həqiqət var. Yaşadığı şəhərdən, keçirdiyi ömürdən zövq almaq hamıya eyni dərəcədə nəsib olmur.

  

   (ardı gələn sayımızda)

  

   Səxavət Məmmədli

 

  Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

 

  Ədalət.-2012.-27 iyul.-S.3.