MƏKTƏBDƏN BAŞLANAN YOL...

 

  ... Bu yolu bütün insanlar keçiblər və yenə keçirlər. Elə bir insan yoxdur ki, məktəbə getməsin, parta arxasında əyləşməsin və müəllimindən elm, öyüd-nəsihət almasın. Çünki bu özü bir ömür yoludu və bu ömür yolunu çoxları addımlamağa məcburdur. Füzuli rayonunda da zamanından və məkanından asılı olmayaraq, bütün dövrlərdə təhsilə, elmə və tədrisə böyük önəm verilib. Elə məhz bunun nəticəsidir ki, rayonun müxtəlif orta məktəblərini bitirən məzunların çoxu ali məktəb tələbəsi adını qazanıb...

  

   BİZİM ÜMİDİMİZ BÖYÜKDÜR

 

   Bu sözləri Füzuli rayon təhsil şöbəsinin müdiri Almaz xanım Haşımova deyir. Bir faktı qeyd edək ki, Almaz xanım bu vəzifədən öncə uzun müddət məktəb direktoru vəzifəsində çalışıb. Onun işlədiyi təhsil ocağı nümunəvi məktəb kimi tanınıb və Almaz xanım həm müəllimlərin, həm də şagirdlərin yaddaşında bacarıqlı, tələbkar və xeyirxah bir ziyalı kimi qalıb. Almaz xanım deyir ki, rayonumuzda ümumtəhsil məktəblərinin sayı 80-ə çatır. Şagirdlərin isə miqdarı 12094 nəfərdir. Onların təlim-tərbiyəsi ilə 2236 müəllim məşğul olur. Yəni məktəblərdə yaradılmış yüksək nizam-intizam onu deməyə əsas verir ki, bu təhsil ocaqlarında savadlı, əxlaqlı şagirdlər yetişdirməklə yanaşı, vətənpərvər, millətini və xalqını sevən insanlar da hazırlanır. Deməli, biz pedaqoqların, müəllimlərin üzərinə böyük məsuliyyət hissi düşür. Rayon icra hakimiyyətinin başçısı, hörmətli Alı Alıyev həmişə bizə böyük köməklik və qayğı göstərir. Bir qayda olaraq, müsabiqələrdə, olimpiadalarda qalib adını qazanan şagirdlər rayon İcra Hakimiyyətinin hədiyyəsi və pul mükafatı ilə təltif olunurlar. Onu da qeyd edim ki, 2011-ci tədris ilində Füzuli rayonunun məktəblərini bitirmiş 202 nəfər müxtəlif ali məktəblərə qəbul olublar. Onlardan 17-si 500-600 arası bal toplayıb, 9-u isə 600-dən yüksək bal yığaraq ürəkləri istədikləri ali məktəblərə daxil olublar.

  

   ARAZ DİLAĞARDA KƏND ORTA MƏKTƏBİ

 

   Füzulidə nümunəvi təhsil ocaqları çoxdur. Onlar barəsində biz yazılarımızda dəfələrlə söhbət açmışıq. Qeyd eləmişik ki, "ermənilərin ağzının içində" çox böyük işlər ğörülür. Abadlıq, quruculuq, tikinti işləri vüsət alıb. Ən başlıca məsələlərdən biri isə gənc nəslin təlim-tərbiyəsi və onlara elmin sirlərinin öyrədilməsidir. Belə təhsil ocaqlarından biri də rayonun Kamal Kərimov adına Araz Dilağarda ümumi orta məktəbidir. Bu məktəb 1991-1992-ci tədris ili dövründə fəaliyyətə başlayıb. Öncə məktəbdə güclü maddi-texniki baza və savadlı müəllim kollektivi yaradılıb. Əlbəttə, savadlı müəllim olmadan heç bir irəliləyişə və təhsildəki uğura nail olmaq mümkün deyil. Bu məktəbdə də hər şey günün və zamanın tələbləri baxımından qurulmağa başlanıb. Hazırda məktəbdə 92 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 24 müəllim məşğul olur.

  

   ATILAN ADDIMLAR...

 

   ... İlk baxışdan bəzilərinə elə gəlir ki, rayon yerlərində təhsilin səviyyəsi şəhərlə müqayisədə geridə qalır. Amma bu tamamilə yalnış bir təsəvvürdür. Çünki regionların özündə çox nümunəvi və qabaqcıl təhsil müəssisələri var. Bayaq dediyimiz kimi, belə təhsil müəssisələrindən biri də Füzuli rayonu Kamal Kərimov adına Araz Dilağarda kənd ümumi orta məktəbidir. Bu məktəbi bu il 15 məzun bitirir və daha doğrusu onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanda iştirak edərək imtahanları başa vurublar. Düzdür, bu imtahandan qeyri-kafi alanda olub, ancaq 4 nəfər hər iki fənddən "əla" qiymət alıb. 6 nəfər "yaxşı", 2 nəfər isə "kafi" qiymət alıb. Bu faktları sadalamaqda məqsədimiz ondan ibarətdir ki, orta məktəblərdə tədrisin keyfiyyəti yüksək olanda şagirdlər də imtahan zamanı müəllimlərin üzünü ağ edirlər. Çünki çəkilən zəhmət, yəni müəllim-şagird əziyyəti heç vaxt itmir və bu nə vaxtsa öz bəhrəsini verir. Sadəcə olaraq, hər hansı pedaqoji kollektivdə sağlam iqlim olanda, orda hər şey yaxşı olur. Daha doğrusu, həm müəllimlər bir-birini başa düşür, həm də şagirdlər və valideynlər məktəbdə tədrisin keyfiyyətindən razılıq eləyirlər.

  

   MƏKTƏB DİREKTORU OLMAQ ASAN DEYİL

 

   "Çoxları elə bilir ki, direktor işləmək və məktəbi idarə etmək çox asandır. Amma bundan çətin və bundan da şərəfli iş ola bilməz" bu sözləri bizimlə söhbətində Araz Dilağarda ümumi orta məktəbinin direktoru Murad Şükürov söyləyir. Murad Şükürov bundan əvvəl Əhmədbəyli kənd orta məktəbində direktor işləyib və orda bir çox yaddaqalan, tarixə çevrilən işlər görüb. O, 1993-cü ildə öz vəsaiti hesabına 150000 (köhnə pulla) manat Müdafiə Fonduna pul keçirib. Eyni zamanda "N" saylı hərbi hissəyə məişət avadanlıqları və digər köməkliklər edib. Əhmədbəyli kənd orta məktəbində işləyərkən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 82 illiyi münasibəti ilə xatirə abidəsi tikdirib.

   Eyni zamanda, Araz Dilağarda kənd ümumi orta məktəbində fəaliyyətə başlayandan bu günə kimi çoxlu sayda valideynlər, müəllimlər və ziyalılarla görüşlər keçirib. Bütün bunlar hamısı tədrisin və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət eləyir. Murad Şükürov bu gün gənclik enerjisiylə çalışır. Deyir ki, məktəbimizə bir neçə yeni texnika və avadanlıq gətirilib. Bu qayğıya görə rayon icra hakimiyyətinin başçısı Alı Alıyevə və təhsil şöbəsinin müdiri Almaz xanım Haşımovaya öz minnətdarlığımı bildirirəm. Çünki onlar Füzuli təhsilinə öz qayğı və köməkliklərini heç vaxt əsirgəmirlər.

  

   VİCDANLI MÜƏLLİMLƏR

 

   Müəllim sözünü, şərəfini və qürurunu bu adı daşıyan insanlar həmişə uca tutublar. Çünki əsl müəllim, əsl ziyalı və böyük işıq deməkdir. Onun düşüncəsindən, savadından minlərlə insan qida alır. Əlbəttə, belə müəllimlərə həmişə xalq arasında böyük hörmət qoyulub. Bu məktəbdə də öz peşəsini sevən və müəllim şərəfini uca tutan ziyalı insanlar var. Mərziyə Şamıyeva, Yeganə Məmmədova, Sevda Quliyeva, Cəvahir Quliyeva, Ziyad Abdullayev, Səidə Quliyeva, Zərifə Əliyeva, Arif Quliyev məhz belə müəllimlərdəndirlər.

   Onlar jurnalı götürüb sinfə girəndə və dərs deyəndə fikirləşmirlər ki, hansı çətinliklərlə, hansı əziyyətlərlə və hansı problemlərlə üzləşəcəklər. Onlar fikirləşirlər ki, bir 45 dəqiqədə parta arxasında əyləşən şagirdlərə nəyi öyrədəcəklər və necə öyrədəcəklər. Bu müəllimlər onu da fikirləşirlər ki, parta arxasında əyləşən o şagirdlərə lazımi bilikləri vaxtında verməsələr, həmin şagirdlərdən deyilən dərsi tələb etməsələr, onlar məktəbi bitirəndən sonra çox əziyyətlə üzləşə bilərlər.

   Yəni vaxtında verilməyən öyüd nə vaxtsa o şagirdin həyatda uğursuzluğuna səbəb olur. Amma nə yaxşı ki, Kamal Kərimov adına Araz Dilağarda kəndində bu cür vicdanlı, namuslu və ziyalı müəllimlər var. O müəllimlər həmişə şagirdlərinin, məzunlarının yaddaşında qalacaq və xoş xatirələrə çevriləcəklər...

  

 

Faiq QİSMƏTOĞLU

 

Ədalət.-2012.-6 iyul.-S.3.