"Mən
fərqli söz demək istəyirəm"
Əhməd
Şahidov: "Ürəyimə azadlıq vermişəm"
Əhmədi qiyabi olaraq çoxdan
tanıyıram. Salam-kəlamımız, bir-birimizə
qarşılıqlı ehtiramımız olub həmişə.
Qısa bir müddət eyni kollektivdə
çalışmışıq. Keçən il təxminən
bu aylarda mən həmin kollektivdən ayrılan ərəfədə
Əhməd mənə öz şeirlərini oxumağa verdi.
Bildirdi ki, kitabını çapa hazırlayır və mənim
də şeirlərlə tanış olmağımı istəyir.
Şeirləri oxudum və sözün açığı
klassik üslubda qələmə alınmış, pafoslu və
təntənəli şeirlər o qədər də
xoşuma gəlmədi. Kitabına seçdiyi qəribə ad
da xoşuma gəlmədi. Alim dostum kitaba maraqlı və qəribə
ad seçmişdi: "Sən də yer ver aşka". Mən
sadəcə kitabın adının dəyişdirilməsi təklifini
versəm də, Əhməd inadından dönmədi və
kitab elə bu adla da çap olundu. Kitabın çapından
sonra Əhməd ilk müsahibəsini mənə verdi və
demək olar ki, tamam başqa işlərlə məşğul
olmağa başladı.
Hərdən tədbirlərdə
görüşüb söhbətləşirdik. Amma günlərin
bir günü görüşüb uzun-uzadı söhbətləşdik.
Əhməd yeni yazdığı şeirlərini oxudu və
mən hiss elədim ki, onun yaradıcılığında
ciddi keyfiyyət dəyişikliyi baş verib. Gələcək
planlarından danışanda isə, başa düşdüm
ki, Əhməd ədəbiyyata ciddi şəkildə
yanaşır və bu mühitdə özünü təsdiqləməkdə
israrlıdır. Qərar verdim ki, alim dostumdan bir müsahibə
götürüm. Uzun müddət planlaşdırsaq da, Əhmədlə
Milli "Sevgililər günü"ndə
görüşdük. Olduqca hüznlü və kədərli
görkəmindən başa düşdüm ki, şair yenə
öz dünyasındadır. Onu bir az da olsa bu tərəflərə
çəkib gətirmək üçün söhbətə
tutdum. Beləliklə, həmsöhbətim gənc alim, siyasətçi
və nəhayət mənim üçün sadəcə
şair Əhməd Şahidovdur.
-Əhməd,
mən bildiyimə görə roman yazmağa başlamısan.
Necə gedir romanın yazılışı?
- Bəli, hal-hazırda yeni roman yazıram. Hardan başlayıb, harda bitirəcəyimi, süjet
xəttini müəyyənləşdirmişəm. Nəyi necə yazacağımı bilirəm. Amma bu aralar özümü ədəbiyyatın
qoynuna atmışam. Şeirlərim də,
hal-hazırki ovqatımı əks etdirir. Mən
ümumiyyətlə süni, qurama yaza bilmirəm. Yaşadıqlarım və əhvalım
yazdığım əsərlərə birbaşa təsir
edir. Özümü şeirə, sevgiyə,
eşqə, küsüb-barışmağa həsr eləmişəm.
Həyatım küsüb-barışmaq üzərində
qurulub. Məsələn, bu gün sevgililər
günüdür və mən bu gün də indiyəcən
küsüb barışmışam. Görək
axırı necə olur. (gülür)
- Məncə
belə şeylər yaradıcılığa təsirsiz
ötüşmür. Sən necə
düşünürsən?
- Bu yaşantıların
yaradıcılığa çox böyük təsiri
danılmazdır. Xüsusən şeir
yaradıcılığımda mən bu təsiri ciddi şəkildə
hiss edirəm. Əvvəllər
düşünüb, uydurub yazırdım. İndi düşünürəm ki, çərçivələrə
sığışmağın vaxtı keçib. Təhsil illərində kifayət qədər
çərçivələrlə yaşamışam.
İndi isə bir az da olsa həyatı
"boş verməyi" tətbiq edirəm. Nə
qədər olar komplekslərlə, çərçivələrlə
yaşamaq? Ona görə ürəyimə
azadlıq vermişəm.
- Bəs
romanın hansı mövzudadır?
- Romanda özümü,
yaşadıqlarımın böyük hissəsini qələmə
alıram. Yaşadıqlarımın təxminən
yarısı bu əsərdə öz əksini tapacaq. Ancaq özümü və
yaşadıqlarımı yazıram. Düzdür,
məkanı, zamanı, personajları dəyişirəm.
Amma belə deyim, iki gəncin sevgisindən bəhs
edəb bir roman olacaq.
-Səncə
yaşadıqların, duyğuların oxucular
üçün maraqlı olacaqmı?
-Məncə burda əsas məqsəd
Əhməd Şahidovun yaşadıqlarını qabartmaq
deyil. Bu belə olsa heç roman demərəm
yazdığım əsərə. Hər
bir insanın həyatını ciddi bir əsərə
çevirmək mümkündür. Məsələn,
adi bir dilənçinin həyatını böyük bir
romana çevirmək, maraqlı eləmək
mümkündür. Sadəcə qəhrəmanın
həyatına dərindən nüfuz etmək lazmdır.
Adi bir insanın həyatından böyük bir
əsər yazmaq olar. Mən
düşünürəm ki, yaşanan duyğular çox
ciddi məsələdir. İnsan hissləri
çox maraqlıdır. Sevgi, ayrılıq, vüsal, həsrət,
hicran, intihar... Bütün yaşantılar
eynidir.
-Şair, son vaxtlar şeirlərində,
söhbətlərində bir intihar havası var...
- Bilirsən, insan gərək həyatda
əldə etdiklərini yavaş-yavaş, asta-asta əldə
etsin. Mənim həyatımda hər şey
çox sürətlə baş verib. Hər
şey ardıcıllıqla baş verib. Litsey,
universitet, magistratura, müdafiə, vaxtından əvvəl
elmlər doktoru, daha sonra xaricdə oxumaq...El dilində desək,
bir evlənmək qalmışdı, evləndirdilər.
Amma mən düşünürəm ki,
bütün bunlar ardıcıl yox, fasilələrlə
olsaydı, daha maraqlı, daha şirin olardı. İndi
hiss edirəm ki, daha çox sevgiyə ehtiyacım var. Bu
gün sevgililər gündür, günə çox bərbad
halda, kefsiz başladım. Çünki sevgilimlə
küsülü idim. Günortaya doğru
barışdıq, amma sonra yenə küsdü. Təbii ki, bu ovqatıma çox ciddi təsir edir.
Amma yaradıcılığıma da
yaxşı təsiri olur bu yaşadıqlarımın. Məni yüz nəfər anlayıb başa
düşsə bəsimdir. Əminəm
ki, mənimlə eyni hissləri paylaşan insanlar hökmən
olacaq.
- Sən
nədənsə birinci kitabının təbliğatı ilə
ciddi şəkildə məşğul olmadın. O kitabı
bəyənmədin?
-Həm işlərimin
çoxluğuna görə, həm də kitabın ürəyimcə
olmamasına görə "Sən də yer ver aşka"
adlı kitabımın təbliği ilə məşğul
olmadım. Eyni zamanda o kitabda toplanan şeirləri
zəif hesab edirəm. Amma sən də
bayaq qeyd elədin ki, yeni şeirlərimdə xeyli keyfiyyət
dəyişikliyi var və bunu bir çox dostlarım mənə
deyib. Əminəm ki, bu kitabda ürəyimcə
olmayan şeirlər olmayacaq və oxucularım çox bəyənəcək.
Dizayn və keyfiyyətə diqqət edəcəm.
İstəyirəm bu kitab, səs-küy
salsın.
- Həm
də bu il sənin 30 yaşın tamam
olcaq. Bildiyimə görə bu kitab 30 yaşda
özünə hədiyyən olacaq. 3 il
geriyə boylananda nələri görürsən, necə
keçdi bu 30 illik ömür yolun?
- Uşaqlığım çox fəlakətli
keçib desəm yalan olar, amma çox xoşbəxt də
keçməyib. Atam hardasa 30 yaşına qədər
içki içib və bu mənim həyatıma çox
ciddi təsir edib. Eyni zamanda evin
sonbeşiyi olduğum üçün guya əzizlənirdim,
amma daha çox da məni incidirdilər. Bu
mənim məktəb illərimə çox ciddi təsir
edib. Mənim həmişə içkiyə
və alkaqola nifrətim olub. Bu mənim
dindar olmağımla bağlı deyil. Bütün
dinlərə hörmətim olsa da dindar deyiləm, sadəcə
içkiyə nifrətim olduğu üçün içmirəm.
-
Yaradıcı adamın içməməyi çox qəribədir.
Bəs gərginliyi, stressi necə atırsan?
- Qəribə olsa da, içmirəm.
Mən yazılarımla stress atıram. Dəniz kənarında
gəzirəm, barmaqla sayılacaq qədər az
dostum var, onlarla zarafatlaşmaq, söhbətləşmək
stressi azaldır. İnternet, şəxsi bloqumla
məşğul olmaq da sakitləşdirir. Amma tam olaraq
stress atmaq alınmır.
- Hər
yaradıcı adamın özünəməxsus
yaradıcılıq mətbəxi olur. Sən
günün hansı saatlarında və necə yazırsan?
- Adətən gecə saatarında
yazıram. Tam bir sistemim yoxdur. Gündüzlər də yazıram. Amma yaşadıqlarımı yazdığım
üçün, daha çox gecələr və bilgisayarla
yazıram. Yazılarımda ən
böyük problemim birinci cümlə problemidir.
-
Yazıda "ilişəndə" neynirsən?
- Mən yazı prosesində
sevdiyim müğənniləri dinləməyi sevirəm.
Yıldız Tilbe, İbrahim Tatlısəs, Sibel Can kimi
müğənniləri, həzin musiqiləri dinləyirəm.
Türk musiqiləri çox xoşuma gəlir.
Azərbaycan musiqilərində istədiyim
romantikanı tapa bilmirəm. Alim Qasımov
dünyanın sevdiyi, qəbul etdiyi korifey sənətkardır.
Amma mən onu başa düşə bilmirəm.
- Deməli,
kədəri və kədərli musiqiləri sevirsən?
- Faciədən yaranan kədəri
sevmirəm. Amma hüzn sakitlik gətirir. İndi səninlə üzbəüz oturmuşam və
çox böyük kədər içindəyəm. Çünki sevgilimlə mübahisə eləmişəm
və kədərliyəm. Bayaqdan SMS-lər
yazır və məni qarğıyır. Elə
qarğışlar qarğayır ki, indiyə qədər
bunu heç kəs mənə etməyib. Amma
sevgilimin qarğışı da mənə xoşdur. Belə şeylərdən
narahatçılığım yoxdur. Sevgilimdən
gələn hər şey gözəldir.
- Məncə sən çox da
pessimist adam deyilsən axı...
- Hərdən olur ki, çox
pessimist oluram. Evdən çıxmaq istəmirəm
və özümə qapılıram. Amma
özümü hər zaman pessimist hesab etmirəm.
- Bayaq dedin ki, dostların azdır.
Çox az adamla münasibət
saxlayırsan. Nə üçün insanlarla
ünsiyyətdən qaçırsan?
- Bunun bir neçə səbəbi
var. Əsas səbəblərdən biri siyasi
baxışlarımdır. Hamıyla
yoldaşlıq və dostluq etmək o qədər də asan
deyil. İşimə görə də,
ünsiyyətdən qaçıram. Bir az
da, şeirlərimi çox sevdiyim üçün tənqiddən
qorxuram. Çünki şeirlərim mənim
üçün çox doğmadır. Ən
pis şeirimi də çox sevirəm. Ona
görə də çevrəmi məhdud saxlayıram.
- Tənqiddən nə
üçün qorxursan ki? Axı tənqid inkişafa xidmət
edir.
- Tənqiddən qorxmuram. Amma gəl
etiraf edək ki, bizdə tənqiddən daha çox təhqir
edirlər. Şairə "sən zəif yazırsan, qələmi
tulla, get küçə süpür demək olmaz." Bu
artıq təhqirdir. Mən bu cür şeylərə
qarşıyam. Amma normal tənqidi qəbul edirəm və bəyənirəm.
Hərdən dostlarım da tənqid edəndə, zəif
şeirlərimi göstərəndə etiraf edib
razılaşıram.
-
Mütaliə ilə aran necədir?
- Bu çox yaralı yerimdir. Demək
olar ki, heç kəsin kitabını oxumamışam. Ancaq
internetdə qarşıma çıxan yazıları
oxuyuram. Əgər internetdə Ramiz Rövşənin
şeiri qarşıma çıxırsa onu oxuyuram və
düşünürəm ki, Ramiz Rövşənin
böyük şair olduğunu dərk eləmək
üçün bütün kitabını oxumağa ehtiyac
yoxdur.
-
Amma etiraf edək ki, yazı adamı üçün bu,
vacibdir...
- Təəssüf ki, mən qiyabi
tanıdığım, adını eşitdiyim gənc
yazarların nə yazdığından xəbərsizəm. Ən
çox sevdiyim insanlardan biri Kamal Abdulladır, amma onun da
heç bir əsərini oxumamışam. Halbuki bəzi
kitablarını mən dizayn eləmişəm. Sadəcə
elmi kitablarını oxumuşam. Mən fərqli söz demək
istəyirəm. Heç kəsi təqlid eləmək istəmirəm.
Ona görə də heç kəsi oxumuram. Şeirdə
heç bir texnika gözləmirəm. Sevgidə nə texnika
ola bilər ki? Şeir mənim üçün sevgidir.
Cəlil Cavanşir
Ədalət.-2012.-6 iyul.-S.4.