NAZİM HİKMƏT HAVASI

 

   (əvvəli ötən şənbə sayımızda)

 

   Dahi Füzulinin verdiyi salama dörd yüz il ötəndən sonra Bakıda ölməz şairə həsr olunmuş yubileydə ilk dəfə - Ələykum salam, Ustad! - cavab verən böyük şair Nazim Hikmət olub. Bir az öncə Nazim havasından, Nazim dalğasından danışdıq. Nazim Hikmət hər dəfə Bakıya, Gəncəyə, Qazağa, Azərbaycanın kəndlərinə təşrif buyuranda dost evlərində əziz, doğma qonaq kimi qarşılananda, universitetdə, institutlarda tələbələrlə görüşlərində, klassik şair, yazıçı, dramaturqlarımızın təntənəli, həm də rəsmi (!) mərasimlərində boy- buxunu, vüqarlı görkəmi, cəsarətli çıxışları, şirin, dadlı səsiylə türk havası, türkçülük dalğası gətirirdi.

   "...Azərbaycanda, elecə də SSRİ-də türkçülükdən, Türkiydən danışmağın, yazmağın yasaq olduğu belə bir vaxtda boy-buxunundan tutmuş güclü ruhunacan, ləhcəsindən nəfəsinədək, təpədən- dırnağacan türk olan nəhəng bir şəxsiyyət, azman bir sənətçi olduğuna görəydi ki, Azərbaycana hər gəlişində böyük auditoriyalardakı çıxışında özünün də, onu həvəslə, sevgiylə dinləyənlərin də türk olduqlarını, dillərinin türk dili olduğunu cəsarətlə, çəkinmədən, açıq- aşkar yalnız və yalnız o söyləyə bilirdi: SSRİ məkanında damarlarında türk qanı axan bütün insanlar Türkiyə türkü olan Nazim Hikmətlə fəxr edir, ona güvənir, Türkiyənin qoxusunu ondan alırdılar... (Azər Abdulla, ("Xalq cəbhəsi" qəzeti, 24 aprel, 2002.)

   Dənizçilik məktəbində oxuyanda, dustaqxanalarda olanda, azadlığa buraxılanda, harda görünməsindən asılı olmayaraq getdiyi, dolaşdığı yeri Nazim Hikmət havası, dalğası bürüyürdü. Nazim sözünün, Nazim poeziyasının gücü, enerjisi Türkiyə sərhədlərini aşıb dünyanı bürüdüyündən on üç il həbsdə yatan şairin azad olunması üçün Parisdə görkəmli inqilabçı şair Tristan Tzaranın sədri olduğu "Nazim Hikməti xilas etmə komitəsi" yarandı. Pablo Pikasso, (Nazim şeirlərinin ona təsir etdiyini deyirdi ) Jan-Pol- Sartr, Simone de Buvuar, Luis Araqon, Bertold Brext, Pol Robson və başqa dünyaca ünlü sənətçilər bu komitənin üzvləriydi. Sonralar Vyanada Nobel mükafatçısı Çili şairi Pablo Nerudo Zəkəriyyə Sərtələ deyəcəkdi: -Nazimə yiyə durun. Biz onun yanında şair belə sayılmırıq.

   Nazim aclıq aksiyası keçirəndə ölüm onu daban-dabana izlədiyi zaman Türkiyədə sacayaq kimi tanınan görkəmli şairlərdən Orxan Vəli Kanık, Məlik Çövdət Anday, Oktay Rıfat Horozçu və şairin anası Cəlilə xanım aclıq aksiyasına qoşuldu. 1951-ci ildə Türkiyəni və dünyanı Nazim Hikmət dalğası bürüdü.

   Nazıimın məşəqqətli günlərdən qurtarması üçün Tanrı ona bir dəfə şans vermişdi. Ancaq şairin əqidəsimi, öz ideyasının qulu olmasımı, iddiası, qürurumu, yoxsa təkəbbürümü bu şansdan istifadə eləməyə qoymadı. Həbsxanadan yenicə çıxmışdı. Ayaqlarındakı yel xəstəliyini müalicə etmək üçün Jalovada istisu vannası qəbul edib ağacın altında dincələrkən Atatürk başının dəstəsiylə gəlib ondan azca aralıda masanın ətrafında əyləşir. Mustafa Kamalın yavərlərindən biri yaxınlaşıb "Nazim Hikmət bəy, paşa həzrətləri sizi çağırır" söyləyir. "Uzun illərdən bəri mənim inqilabçı olmağım barədə yayılmış əfsanənin duman kimi dağılacağını, Nazim da Atatürkə təslim oldu deyəcəklərindən ehtiyatlandığımdan: " -Qardaşım,- Nazim nəzakətlə deyir,- paşa həzrətlərinin masası arxasına çağrılmaq mənim üçün böyük şərəfdir. Yazıqlar olsun, ayaqlarımdakı yel xəstəliyi məni elə haldan salıb, burdan oraya getməyə gücüm qalmyıb. Lütfən söyləyin, məni bağışlasın.

   Nazim Hikmət on üç il həsxanada yatandan sonra (qarşıda 18 il də dustaq həyatı onu gözlədiyindən) Atatürkün maraq dairəsində olduğuna ümüd edərək həbsdən qurtarmasıyla bağlı Paşaya yazdığı məktubunun sonu belə bitirdi. "...Kamalizmdən və səndən ədalət istəyirəm. Türk inqilabına və sənin başına and içirəm ki, suçsuzam, Nazim Hikmət Ran."

   Məktub İstiqlal hərbinin mətbuat komandanı və siyasətçi Əli Fuad Paşaya çatır. O da məktubu Atatürkün yavərinə verib ünvanına, çatdırılmasını xahiş edir. Mustafa Kamal Paşa ağır xəstə olduğundan yavər məktubu ona oxumaq istəyəndə Atatürk: "Belə şeylərlə məşğul olmaq durumda deyiləm söyləyir."

    Görəsən, bu xəbər şairə çatanda Jalovada Atatürkün dəvətinə məhəl qoymadığı məqamı(!) xatırladımı, "bu hərəkətimi lovğalıq, yekəxanalıq, saymazlıq sandığından məktubuma maraq göstərmədi" fikri Nazimin ağlına gəldimi, peşmançılıq keçirdimi?..

  

    BÖYÜK YANLIŞ

 

    "Qobustan" incəsənət dərgisində çalışdığım zaman, hər sayında çap olunan oçerk, məqalə, müsahibələrimin az qala hamısında Nazim Hikmətin şeirlərindən bəzən bir, bəzənsə bir neçə misrasını görən dərginin baş redaktoru Anar bəy "Azər, belə getsə Nazimi gözdən salacaqsan" soyləyəndə, mən onu daha çox nasir və dramaturq kimi tanıdığımdan Anar bəy barəsində "görünür Nazıimin poeziyasına o qədər bələd deyil" düşünmüşdüm. Anar bəyin Türkiyədə çap olunmuş "Nazim Hikmet Kerem gibi" ("BENGÜ" nəşriyyatı, Ankara, 2011) dəyərli kitabını oxuyanda yanıldığımı anladım. Son illər Anar bəyin rus klassik şairlərindən elədiyi uğurlu tərcümələr, mətbuatda çap olunmuş öz şeirləri, işıq üzü görmüş şeir kitabından başqa Nazim Hikmətin şedevr şeirlərini ustalıqla incələyib bəhs edərkən onun Nazim Hikmət yaradıcılığına və böyük şairin acı taleyinə çoxlarından çox-çox bələd olduğunu bildim. Nazim Hikətin 1961-də Bakıda və 1967- də Sofiyada nəşr olunmuş şeir kitablarını bu yaxında gözdən keçirəndə (qabaqlar bu kitabları dönə-dönə oxuduğumdan vərəqləri ərpiyib) şairin "Lenin ilə söhbət", "Lenin haqqında Vladimir İliçlə söhbət" şeirlərinin altındakı 1960 tarixi (!) məni səksəndirdi. 1924-də Lenin ölərkən şairin "Ustadımızın ölümü" adlı şeir yazdığını bilirdim. Ömrünün sonlarında şair sosializm cəmiyyətinin mahiyyətini anlayanda, SSRİ- yə gəldiyinə peşman olduğunu dərk etdiyi bir vaxtda yenidən Lenin haqqında iki şeir yazmasının səbəbini Anar bəyin kitabını oxuyanda anladım

   Nazim Hikmət 13 il həbsxanada yatıb çıxandan sonra deyilənə görə, onu öldürmək istəyirmişlər. Şair ölümdən qaçaraq "barış və hürriyyət məmləkəti" sandığı Moskvaya gəlir. SSRİ Nazim Hikməti, Türkiyə və kapilazim əleyhinə odlu-alovlu şeirlər yazan bir sənətçi sayaraq qucağını geniş açıb şairi məmnuniyyətlə qəbul edir. Zaman keçdikcə Nazim Hikmət SSRİ-yə gəlməyində, sovetlərsə Nazimi ölkəsinə qəbul etməyində yanıldığını anlayır.

   Türkiyə dustaq evlərində yatanda Nazimin yazdığı şeirlər, dram əsərləri çap olunur, yayılırdı. Şairin "hür və barış ölkəsi" sandığı məmləkətdə isə...

   Anar bəy "Nazım Hikmet Kerem Gibi" kitabında yazır:

   "...Pyes ölkənin otuz teatrının repertuarına daxil edilmiş, o cümlədən Moskva və Leninqrad teatrlarının... Müəllif qəsdən gerçəkliyimizin ayrı-ayrı nöqsanlarını göstərir və guya ölkəmizdə xalqla "partiya bürokratisi" və rəhbərlik arasında çatışma varmış kimi zərərli ideya irəli sürür. Pyes belə bir yanlış sonucu təlqin edir. Guya Sovet həyat tərzi hər yöneticinin etirafında onun şəxsiyyətinə tapan bir kütlə atmosferi yaradır və yönetici xalqdan ayrılır. N. Hikmət pyesinin əsas qüsuru, müəllifin ölkəmizdə xalqa qarşı olan bir rəhbər iyerixasının varlığını iddia etməsidir. Təklif edirik ki, 1. Mədəniyyət Nazirliyi N. Hikmətin "İvan İvanoviç varmıydı, yoxmuydu" pyesinin ciddi ideoloji qüsurlarına diqqət etsin və bu pyesin ölkəmizdə səhnələşməsinə izin verməsin; 2. Mərkəzi qəzetlərin birində, pyesi tənqid edən bir məqalə yayımlansın."

   Nazim Hikmətin bu məsələ ilə bağlı etirazı MK-nı daha da qıcıqlandırır, dünya şöhrətli şairin 60 illik yubileyinin geniş qeyd olunması yasaqlanır, ancaq dar bir məkanda Mərkəzi Yazıçılar Evində keçirilir. Mərkəzi Komitə isə "1956-1957-ci illərdə N. Hikmət yoldaşın xəttində sapmalar" olduğunu düşünür. Elə bu səbəbdən xidmətlərinə görə Nazimə nəinki Lenin Ədəbiyyat ödülü verilir, heç Beynəlxalq Lenin mükafatına da layiq görülmür. Anar bəy yazır: "Veranın dediyini xatırlayıram: Luis Araqon (ödül komissiyasının üzvü) Moskvaya gələndə - Nazim, bu dəfə ödül mütləq sənindir!"- deyir, sonrasa günahkarcasına üzr istəyərək ödülün verilməyəcəyinin səbəbini sadalar.

   Nazim Hikmətin gözdən düşməsi təkcə onun "İvan İvanoviç varmıydı, yoxmuydu" pyesi ilə deyil, həm də SSRİ ideolojisi ilə barışmayan Mixail Zoşşenko, Aleksandr Tvardovski, Boris Posternak kimi böyük şairlə sıx əlaqə saxlaması, yeri gəldikcə onların mövqelərini dəstəkləməsi idi. Nazim Hikmətin Moskva qəzetlərində verdiyi müsahibələr kəsilib doğrandığından şair azad fikrini Fransa, İtaliya mətbuatında söyləmək zorunda qalır. Anar bəy yazır ki, Nazim barəsində pərdə arxasında gedən intriqalar ilk dəfə rəsmi qəzetlərin səhifələrində Xruşşovun kürəkəninin baş redaktoru olduğu "İzvestiya" qəzetində "Hikmət yoldaş açıq həqiqətləri qaralayır"- yer alır 

   "Nazim Hikmet Kerem Gibi" kitabında şairin sonuncu qadını Vera Tulyakovanın yazdığı xatirələrin bu yeri "Son zamanlar röyasında Nazim tez-tez kabus görüb oyanırdı. Qorxu içində - Quduz köpəklər üstümə hücum edib dişlərini boğazıma keçirirlər- deyirdi." Bu epizod böyük şairin nə qədər gərgin sıxıntılar içində yaşadığından xəbər verir.

   Şairlərimizin Lenin, Stalin, partiya, kommunizmə həsr etdikləri əsərlər ya inamdan, sevgidən, ya da 37-ci ilin qara-qorxusundan, vahiməsindən yazılmışdı. Bəs 1960-da Nazim Hikmətin Leninə həsr etdiyi iki şeir görəsən, hansı duyğudan yaranmışdı?.. Doğrudanmı Nazim Hikmətin qəlbində Vladimir İliçə sayqısı, sevgisi hələ də yaşamaqdaydı? Yoxsa 1937-nin göylərindəki qara buludun bir parçasımı şairin gözünə görünmüşdü?...

   ...Söz sözü, fikir fikiri yada salır. Birinci elmi rəhbərim, ("Nazim Hikmət Azərbaycan ədəbiyyatı" dissertasiya mövzuum olub) Nazim Hikmətin dostu araşdırıcısı mərhum Əkbər Babayevin mənə - Nazim Bakıya gələndə "Moskvaya qayıtmaq istəmirəm" söylədiyinin mənasını "Nazim Hikmet Kerem gibi" kitabını oxuyandan sonra tam aydınlığı ilə mənə bəlli oldu. 1927-ci ildə Nazim ilk dəfə Bakıya gələndə yazdığı "Neftə doğru" şerinin bu misralarında şairin Azərbaycana sonsuz sevgisi (!) yadıma düşdü:

 

   ...Pırıl, pırıl yanan Bakının qarşısında mən

   bir dağın dibindən

    dağı seyr edər kimi heyranam,

   ulduzların altında təkbaşıma gedər kimi heyranam.

   İçimdə heç durmadan qaçmaq,

   uca səslə danışmaq,

   hayqırmaq arzusu var!..

   Yağlı paltarlı, qara gözlü işçilərlə öpüşüb,

   Bakının müqəddəs torpağına üzüstə düşüb

  

   ovuclayıb nefti qara şərab kimi içmək istəyirəm!

   Nazim "sülh diyarı" sandığı SSRİ-də basqılar zorunda qalanda, İspaniyaya, İtaliyaya, Almaniyaya, Fransaya, doğma Vətəni qədər sevdiyi Azərbaycana bəs nə üçün biryolluq çıxıb getmirdi. NİYƏ!? NİYƏ!?. Bəlkə Bakıda yaşamasına da "sülh diyarı" sandığı ölkənin baş kəndi Moskva icazə verməliydi... Yoxsa son sevgilisi - "saçları saman sarısı" bir gözəlmi onun əl-ayağını, bağlamışdı?...

 

    ***

  

   Böyük Mustafa Kamal Atatürk yeni Türkiyə Cümurhiyyətini yaratdısa, ömrü məşəqqət, qovğalar, içində keçmiş böyük şair Nazim Hikmətsə təkcə Türkiyə, türk aləmi üçün deyil, dünya ədəbiyyatı üçün unikal poeziya inciləri yaratdı... Elə buna görədir, dünyanın ədəbi aləmində Nazim Hikmət havası, dalğası həmişə olacaq.

 

 

  AZƏR ABDULLA

 

  Ədalət.-2012.-7 iyul.-S.9.