BAHADUR FƏRMAN
Ana
laylasından başlanan sənət yolu
İKİNCİ YAZI
Ana obrazına B.Fərmanın
yaradıcılığında tez-tez rast gəlinir. Şair
ananı böyüklüyün, müqəddəsliyin,
xeyirxahlığın, əsl sevginin "timsalı kimi" dəyərləndirir.
"Ağ saçlım mənim", "Anam çörək
bişirir", "Anam kimi", "Anamın yanına
qayıtmışam" və s. şeirlərində Ana
adının əzəməti önündə baş endirirsən.
"Anamdan ayrılarkən" şeirində ana sevgisi
mücərrəd, qeyri-emosional biçimdə təqdim
olunmur, "kövrəkliyin heykəli" kimi onun qəlb aləmi,
həyəcanları, düşüncələri, bir sözlə,
konkret vəziyyəti ustad qələmi ilə
görünür. Oğlundan ayrılan ananın həyəcanı
sovuşmur. Hisslərini boğmağa çalışıb
arxasınca əl etsə də, ayrılıqla
barışmaq istəmir, ürəyi oğluna qoşulub
"biletsiz sərnişin"ə çevrilir.
Budur
həmin təbii və bənzərsiz yaşantı
Avtobus dayanır bir yol
başında,
Biletlər yoxlanır yenə də
bir-bir.
Bir kimsə bilmir ki, bu gün
maşında
Bir ana ürəyi biletsiz gedir...
Hamının dərk edəcəyi
vəziyyətin görünməyən tərəfinin
aşkarlanması və bədii təxəyyülün
süzgəcindən keçirilərək qeyri-adı
biçimdə təqdimi sənətkar qələminə məxsusdur.
Bu nöqteyi-nəzərdən B.Fərman bəxti gətirmiş
şairlərdəndir. Fikrin dərinliklərinə endiyi kimi
bədii faktı sistemləşdirib vahid axara yönəltmə
bacarığı göstərməklə onun əyaniləşdirilməsinə
və bitkin təsəvvür yaradılmasına da
yardımçı olur. Müəllif başqa
mövzulardakı əsərləri kimi təbiətə aid
şeirlərində də bu bacarığına sadiq
qalır. Lirik "mən"in nəbzi sanki təbiətin nəbzi
ilə bir vurur. "Xırda çiçəklərin zərif
ləçəyi", "qorxaq turac ürəyi",
"həzin səsli meşələr", "şaqraq zənguləli
büllur bulaqlar", "hər daş, hər qaya", hər
cığır, bir sözlə, bütün təbiət
uzun illər həsrətində olduğu doğma üzlər,
doğma səslər kimi əziz və unudulmazdır. Dediklərimizin
konkret ifadəsinə çevrilən təbiət şeirlərində
müəllifin təbiətlə ünsiyyətinin
bütün çalarları, bütün rəngləri
görünməkdədir. Bu əlaqə təbii olduğu qədər
də qırılmazdır. Belə münasibətin bir
qütbündə yadlaşmış, sönük və saxta
görünən üzlərdən usanan saf, kövrək
şair ürəyi, digər qütbündə isə ülfətin,
təmizliyin, insan qəlbinə dinclik gətirən əsl
rahatlığın timsalı təbiət dayanır. Bu
mövzudakı əsərlərinə təbiətlə
ünsiyyətdə hisslərin tüğyanı, ona sənətkar
münasibətinin kamil və bitkin ifadəsi kimi
yanaşılmalıdır. Bir tərəfdən təbiətin
yuxusuna haram qatanların balta səsinə qarşı
çıxılırsa, başqa tərəfdən isə
bircə günlük çoban olmaq arzusu illərlə
şair ürəyində qövr edən ilkinliyə
qayıdış, dünənə üz tutmaq, ötən
illərə xəyalən qovuşmaq istəyidir:
Yüz qışa bəs edər
könlümdəki yaz,
Açılan səhərə
qurban mən olum.
Verin sürüləri otarım
bir az,
Nolar, bircə günlük
çoban mən olum.
Ətraf aləmin insanın şəxsiyyət
kimi formalaşmasında rolu bir fakt kimi çoxdan qəbul
edilmişdir. Şairin "Kəndimizin adamları" silsilə
şeirlərində rast gəldiyimiz obrazlar maraqlı
göründüyü qədər də səmimi və
unudulmazdır. Bəlkə də bu, onunla bağlıdır
ki, həmin adamlar əlçatmaz dağlarla həmsöhbət
olmuş, çeşmə zümzüməsi ilə boy
atmış, qayalarla qol-boyun yaşamış, at belində böyümüşlər.
İnsanın təbiətə marağı artıb onun
sirdaşına çevrildikcə, onun dərdinə şərik
çıxıb, sirlərinə bələd olduqca daxilən
saflaşır, xəbislik, paxıllıq kimi duyğulardan kənar
dayanır. Şairin poeziyası bu cəhətinə görə
ədəbiyyatımızda təbiət lirikasının ən
yaddaqalan örnəkləri ilə səsləşir.
Ekoloji tarazlığın pozulub həyəcan
təbili çalındığı zəmanəmizdə
buna:
Bir vələs yuxusu yanar ocaqda,
Sonra da qızarar köz həzin-həzin.
Gizləyin baltanı küncdə,
bucaqda,
Meşələr yuxuda balta
görməsin -
misraları ilə cavab verir.
Axı, təbiət səxavətini əsirgəməsə
də, bizə həyan və həmdərd olsa da, vurulan
yaralara da etinasız qalmır, qəzəbi
qarşısıalınmaz, dağıdıcı selləri,
tufanları, qorxunc ildırımları, uçqun və
yarğanları, yandırıcı istisi, dondurucu soyuğu ilə
intiqamı dəhşətli olur.
Məhəbbət mövzusu
bütün zamanlarda aktual görünüb. Ona görə də
sənətkarın könül qapısını "icazəsiz"
açan, gəlişi də, gedişi də ürəkağrısına
çevrilən məhəbbət dünyası haqqında
danışmaq, qəlb çırpıntılarına qulaq
asmaq lazım gəlir. Çünki məhəbbət elə
bir zəruri məqamdır ki, insanın mənəvi
bütövləşməsinə, kamilləşməsinə
şərait yaradır, onu ali mərtəbəyə
ucaldır, hisslərini cilalayır, dünyaya, insanlara
münasibətində, ətraf aləmə
baxışında müsbət dəyişikliklər edir,
onun yaşamaq eşqini artırır. Sevgisiz bir ömrün
necə yoxsul və gərəksiz olduğu təsdiqlənmiş,
eşqdən məhrum ürəklərin necə qəddar və
kobud olduğu sübutunu tapmışdır. Şairin bu
mövzuya həsr olunmuş şeirlərini oxuduqca yenidən
həmin təkrarsız, sehrli aləmə
düşürük. Bu sevginin mayasını isə
böyük sələfi Füzulinin əbədiyaşar
poeziyasından aldığı üçün möhtəşəm
və əzəmətli görünür. Müəllifə
görə, həmin eşq ötəri olmadığından
mənasına vardıqca hər gözəllikdə bir sevgi
nişanəsi aranır, qəlbimiz nura boyanır.
"Düşüb" qoşmasında sözündəki
odun, elə bu sözün can yuvasında yaratdığı
atəşin Füzuli şeirindən düşdüyü
heyrətində olsa da, lirik obrazın mənəvi vəziyyətini
dürüst ifadə edən bütün bəndlərindən
aldığımız zövq də böyük təsir
yaradır. Bu məhəbbətin saf və təkrarsız
olduğuna inanmaya bilmirik.
Nə xeyri, sən məni yüz dəfə
danla,
Məhəbbət canıma hopubdur
qanla.
Bənövşə qoynunda
gördüyün damla
Sənsiz ağlamışam,
gözümdən düşüb.
Şeirdən çıxarılan
nəticə maraqlıdır: sevgi ömrünü
yaşayanlara edilən danlaq və çəkindirmələrdən
nəticə gözləmək əbəsdir. Çünki
eşqin fəzilətini bilənlərin canına məhəbbət
qanla hopub. Şairə görə, bənövşə ləçəyindəki
damla "lirik mən"in yaşadığı hicran əzabının
ayağına yazılmalıdır.
Şair halal zəhmətlə
xalqın gözündə ucaldıqca yolu üstündə
kötüyə çevrilmək cəhdində olanlar da
tapılır. Belələri iblis niyyətilə hiylə
torları qursalar da, şair onlarla mübarizədən çəkinmir,
iradəsində yenilməz və mətin görünür. Xəbislik,
paxıllıq, yaltaqlıq kimi iyrənc, insani münasibətlərdə
deformasiyalar yaradan bütün neqativ hallar düzgün müəyyənləşdirilir,
kəsərli qələmlə damğalanır.
Xırdalıqlarla gün keçirən
"xırdalar"la eyni səma altında yaşayıb, eyni
torpaq üstündə gəzməyin mənəvi
iztirabını yaşayan şairin həyəcanları təbii
və inandırıcıdır. Qəlbindəki və əməlindəki
zülmətlə "şöhrət alverinə
başı qarışan çərçi oğullar"la
milli dərdlərimizə çarə tapılarmı? Belə
"xırdalar"ın ürəyini didən dedi-qodularla nə
qədər böyüklüyü layiq olduğu mərtəbədən
yıxıb, nə qədər günahsız qəlbi
sındırdıqlarına görə, B.Fərman belələri
ilə barışmır, onlarla haqlı olaraq haqq-hesab çəkir,
bölünmüş Vətəni, sinələri dağlayan
Araz dərdini xatırladır, mənasız umu-küsüləri,
milli birliyimizə xələl gətirən dedi-qoduları kənara
atmağı gərəkli sayır, yad əllərdə qalan,
əzilən, tapdanan torpaqlarımızın bu günədək
azad edilməməsində kin-küdurətimizlə birgə
özümüzü təqsirli bilir:
Gərək hər baharın
üstə əsəydik,
Covğunlu qış keçib hər
yazın üstən
Kini, küdurəti daş eləsəydik,
Yüz körpü salardıq
Arazın üstən.
("Xitab" şeirindən)
Lakin şairin ittihamı bununla
bitmir. Arazın harayı dalğa-dalğa qəlbimizə
yayılır, vicdanımızı sirkələyir, milli
düşüncəmizi, vətən tarixi ilə
bağlı yaddaşımızı oyatmağa səy edir.
Müəllif bizi həm sərt, həm də
düşündürücü sorğu-suala tutur: birgə
yarasına məlhəm olmayanları vətən nə
üçün böyüdür? Belələrinin bu vətəndə
yaşamağa, onun nemətlərindən yararlanmağa
haqqı varmı? Niyyətimizin də, amalımızın da
aydın olmasının istəyən müəllif eyni məslək
uğrunda döyüşə-döyüşə yaşamağımızı
tövsiyə edir.
B.Fərmanın
yaradıcılıq axtarışlarında diqqəti çəkən
bir cəhət isə onun köhnəlmiş illər uzunu
eşitdiyimiz yekrəng ifadələrdən imtina etmək,
oxucuların qəlbinə hakim kəsilmək gücündə
olan, yeni, əlvan, təzə-tər deyimlərin bolluğu sənətkarın
tükənməyən potensialından xəbər verir. Ona
görə də onun əsərlərinin çoxsaylı
oxucuları şairdən yenə də qeyri-adi, ecazkar fikirlər,
yadaşlarda əbədiləşəcək bənzərsiz
ifadələr, estetik-fəlsəfi gücə malik dərin
fikirlər gücləməkdə haqlıdırlar. Yeri gəlmişkən
bir fakt ayrıca qeyd olunmalıdır. Müəllifin
poeziyası bədii tapıntıların bolluğu ilə
yadda qalır. "Anamdan ayrılarkən",
"Bayatı", "Osvensin kədəri", "Şəkər
nənə", "Düşüb", "Yollar" və
sairə şeirlərdə nəinki bəndlər, hətta
misralar da dərin fikir yükü ilə, yeni poetik detallarla
heyrətamiz tapıntılarla zəngindir,
insanlığın ürəkağrısına çevrilən
Böyük Vətən müharibəsinin gözlərini
yaşlı, ürəyini göynərtili, dilini
haraylı-bayatılı qoyduğu anaların istirabını
bundan sərras necə ifadə etmək olar:
Bir qərib obada qərib məzara,
Sözündən bayatı tökər
analar.
Torpağa kəfənsiz
qovuşanları,
Bir bənd bayatıya bükər
analar
İtkinlər hardasa
alışdılar ki
Yolu işıq olsun gələn
baharın
Torpağa qəbirsiz
qarışdılar ki,
Sayı çoxalmasın qəbirstanların
Burada bayatının mahiyyətcə
göz yaşına oxşarlığı, kəfənsizlərin
bayatıya bükülməsinin mümkünlüyü qədər
məqbul sayılır. Bu "bədii yalan"ın gözəlliyinə
valeh olan oxucu cəbhədə itkin düşənlərin
hardasa torpağa qəbirsiz qarışmasını, qəbiristanların
sayının çoxalmaması istəyi kimi mənalandırır.
Nə qədər kövrək, nə qədər təsirli
misralardır!
Qəbiristan ifadəsinin mahiyyəti
şairin sözü seçmək, onu yerində işlətmək
ustalığından xəbər verir. Həmin bu yer ümidlərin
puç olduğu, arzuların qırıldığı məkan
kimi düşünülür. Dünyada qəbiristanların
çoxalması ölümün insanlığa meydan
oxuması, zülmətin işıq üzərində qələbəsi,
kədərin, nisgilin bəşəri nikbinliyə qalib gəlməsi
anlamı ilə səsləşir. Şairin bahara sevgisi onun
ümidə, işığa təşnəliyi kimi, şərə
qarşı mübarizə aparanların niyyəti ilə birləşir.
Aydınlıqda isə qəbiristanlara yer ola bilməz!
Şair başqa əsərlərində
də sözün fikir yükünə, hər ifadənin
yerində işlədilməsinə məsuliyyətlə
yanaşır. Cəbhədən geri dönməyənlərin
dərdinə insan kimi ağlayan sahibsiz daşların
keçirdiyi üzüntünün bürüst duyulması
məqsədilə işlədilən için-için
sözü ürək parçalayan qəmin daxili
sıxıntısının "həzin-həzin" deyimi
bayatı qiyafəli agır biçiminin,
"zarı-zarı" iniltisi onun bitməzliyinin, "gilə-gilə"
ifadəsi isə həm göz yaşı damlalarının
giləyə oxşarlığının, həm də
ağlayanın zərrə-zərrə əriməsinin,
damlaların daşda belə iz açmasının, onu məhv
etməsinin dəqiq göstərilməsidir. ("Ağlayan
daşlar" şeiri).
Müəllifi sənətkarlıq
qüdrətinin daha bir nümunəsi isə "Dörd
cığır" şeiridi. Əsər doğma kəndlə
bağlı xatirələr əsasında
yazılmışdır. Burada bədii dil materialından
istifadə imkanları da üzə çıxır. Həmin
şeirlərdən aşağıdakı bəndə nəzər
salaq:
Üfüqlər dağları
yastıqmı sanır,
Dərə mürgüləyir sinəsində
su
Dəli şəlaləyə
düşüb islanır
Mamırlı qayanın şirin
yuxusu
Peyzaş lirikasının
yaxşı nümunəsi sayılacaq bu bənddə təbiətin
"yuxusu"nun bütün mərhələləri əyaniləşdirilir.
"Yastığa dirsəklənmək" prosesin
başlanğıcı, "mürgüləmək" dərin
yuxuya hazırlıq vəziyyəti, "şirin yuxuya
dalmaq" isə işin sonluğudur. Dəli şəlalənin
şıltaqlığına dözməkdə olan dərə
balasını sinəsinə sıxıb dincəlmək
ümidi ilə mürgüləyən ananı
xatırladır. Mamırlı qayanın şəlalə
qışqırtısında islandıqca əriyib dərə
axan şirin yuxusu isə bizim üçün gözlənilməz
və maraqlı görünür.
Şair ömrünün səkkizinci
onilliyini yaşayır. Bu yaş illərin sayı
baxımından böyük görünməsə də
müəyyən məsafə qət olunduğundan
yaradıcı şəxsin poetik kamilliyə yetişməsinə
əsas verə bilir. Şairin 2010-cu ildə çapdan
çıxmış "Əmanətdi ürəyim"
kitabı oxucularla yeni görüş kimi dəyərləndirilsə
də, təxminən yarım əsirlik yaradıcılıq
yolu keçmiş hər yeni doğulan əsərin
uğuruna sevinən, halal bir ömür yaşayan insanın
öz oxucuları qarşısında bir növ
hesabatıdır. Bu kitabdakı şeirlər göz
oxşayan, qəlbə fərəh gətirən çəmən
çiçəklərini xatırladır. Hər
çiçəyin bir ətri, bir rahiyəsi olduğu kimi
poeziya gülüstanımızı gözəlləşdirən,
onu daha da cazibədar edən bu nümunələrin öz bənzərliyi
var.
B.Fərman özü dediyi kimi,
ömrün yüz yaşına doğru addımlayır. Sözün
ucalığına yüksələn şairi yeni zirvələr
gözləyir. Itmişlərə hayıf desə də, 100
yaşa çatmaq üçün yol gedən sənətkara
nə dayanmaq, nə də tövsşümək olmaz.
Inşallah oxuculara əmanət etdiyi ürəyinin
döyüntüləri yüz yaşda da eşidiləcək.
Elə bu yazının son sözü də Bahadur Fərmanındır:
Hər əzaba o da şərik,
Sevinci ləng, dərdi çevik.
Şair ömrü oda şərik
-
Hey can atır köçə tərəf.
Məmməd
Dəmirçioğlu
Ədalət.-2012.-7
iyul.-S.12.