DİANA
- GÜNAHSIZ GÜNAHKAR
AZƏRBAYCAN
DİLİNDƏ İLK DƏFƏ
Hər zaman oxucuların
görüşünə maraqlı və nəfis tərtib
olunmuş kitablarla gələn "Aspoliqraf" nəşriyyatı
bu dəfə də öz ənənəsinə sadiq
qaldı. Belə ki, XX əsrin ən məşhur və ən
qalmaqallı qadınlarından biri olan Şahzadə
Diananın sirli həyatına, onun müəmmalı
ölümünə günü-gündən artan oxucu
marağını nəzərə alan nəşriyyat
"Diana - günahsız günahkar" adlı maraqlı
kitabla oxucuların görüşünə gəldi.
Azərbaycan dilində ilk dəfə
oxuculara təqdim olunan bu kitab öz bənzərsiz gözəlliyi
və xeyirxah əməlləri ilə bütün
dünyanı riqqətə gətirən şahzadə
Diananın sirli həyatından bəhs edir. Britaniya kral
sarayının çoxəsrlik stereotiplərini
sındıran, sarayla xalq arasındakı informasiya
blokadasını dağıdan şahzadə Diana haqqında ən
çox bu ifadə işlədilir: "İndiyəcən hələ
heç kim ingilis monarxiyasını Diana qədər
sarsıtmayıb".
Artıq ölümündən on
beş il keçməsinə baxmayaraq, onun həyatındakı
müəmmaların, gizlinlərin üstü hələ də
tam açılmayıb. Onun sirr pərdəsinə
bürünmüş həyatı və faciəli
ölümü bu gün də çoxlarını
düşünməyə, sözün əsl mənasında
baş sındırmağa sövq edir. Kim idi O? Təkcə
bu bir suala saysız-hesabsız cavablar verib, dediyinin həqiqət
olduğunu sübut edəcək qədər çoxlu
arqumentlər də sadalamaq olar.
Axı, kim idi o - "Xalqın
sevdiyi, pərəstiş etdiyi Şahzadə",
"Könüllər sultanı" olan Mələk?
Yoxsa, fitri istedadı ilə
hamını, bütün dünyanı ovsunlayan bir sehrbaz
Yoxsa, ömrü boyu natamamlıq
kompleksindən əziyyət çəkən, həmişə
narahat, sərgərdan ruhlu bir Qadın?
Diana Frensis Spenser 1 iyul
1961-ci ildə, saat
19:45-də Park-hausda anadan
oldu. Ancaq üçüncü qızın
dünyaya gəlməsini
ailə çox soyuq qarşıladı. Valideynlər körpəyə
ad qoymaq üçün
bir həftə fikirləşməli oldu.
"The Times" qəzeti körpənin
dünyaya gəlişini
qısa cümlə ilə belə xəbər verdi: "Spenserlərin şənbə
günü daha bir qızı olub".
Diana dünyaya
gəlməmişdən hələ
iki il əvvəl
ailə "zəlzələlər"lə
sarsılmışdı. Onun
altı yaşı olanda valideynləri boşanmaq qərarına gəldilər. Diananın
atası Conni - səkkizinci qraf Spenser və onun anası
Frensis Fermoyun ailə həyatı cəmisi on dörd il davam etmişdi.
Spenserlər ailəsi Hannoverlər sülaləsinin Britaniyaya
gəlməsindən iki
yüz əlli il əvvəl İngiltərə tarixinə
düşmüşdü. Kral I Georq (indiki
Vindzorlar onun nəslindəndirlər) taxta
XVIII əsrdə çıxmışdı.
Spenserlər isə öz tarixlərini 1469-cu ilədək izləyə
bilirlər. O zaman Spenserlər o qədər
varlı idilər ki, hətta monarxiyaya borc pul da verirdilər.
Məhkəmədə
Conni Diana ilə qardaşı Çarlzın
həmişəlik Norfolkda
yaşamlarına nail oldu.
Milad bayramından sonra dərdindən az qala havalanmış
anası Londona uşaqlarsız qayıtdı.
Uşaqlara isə
"Ananız tezliklə
qayıdacaq" dedilər.
Bu yalan Diananın insanlara olan inamını qırmış
ilk böyük yalan oldu...
Ciddi emosional sarsıntı yaşamış uşaqlar
çox vaxt xəyalpərvər olurlar.
Balaca Diana da beləydi. Uşaqda baş verən bu dəyişikliyi sezən atası düşündü ki, qayğıkeş bir dayə onun qızını real həyata
qaytarar, uşaq da əvvəlki tək şən və gümrah olar. Ancaq, əfsuslar
olsun ki, heç bir dayə bu balaca
qızla bacarmadı. Anasından məhrum olduğu üçün
o çox iztirab çəkirdi və bütün acığını
dayələrə tökürdü.
Bir cavan dayəni o, vanna otağına salıb qapını bağlamışdı.
Başqa dayənin paltarlarını pəncərədən
tullayıb qəh-qəhə
çəkib gülmüşdü.
Başqa bir dayənin isə nişan üzüyunu unitaza atmışdı...
Bacıları
Sara və Ceyndən sonra Diana da Kentdəki özəl məktəbə - Uest-Hitə
daxil oldu. Bu ingilis zadəganlarının
qızları üçün
nəzərdə tutulmuş
qapalı pansion idi. Məktəbdə
Diana dərslərinə heç
bir maraq göstərmirdi. Ancaq iki fənn vardı
ki, o, bu fənlərə böyük
həvəs göstərirdi
- üzgüçülük və balet.
1977-ci ildə
Diana Uest-Hit məktəbini
bitirdi. Bu məktəbi
bitirmək onun üçün asan olmamışdı. Diana birinci
dəfə imtahandan kəsildiyi üçün
ikinci dəfə imtahan verməli olmuşdu. Sonralar təhsil illəri haqqında danışanda
o zarafatla belə deyərdi: "Mən odun parçası tək küt idim".
1979-cu ilin payızında Diana özünə
iş tapdı. Bu onun həyatında ilk və son iş yeri idi. O, uşaq
bağçasında tərbiyəçinin
köməkçisi vəzifəsində
işləməyə başladı
Bu gün çox adam bilmir ki, adı
müxtəlif qalmaqallarda,
intriqalarda hallanan bu əsrarəngiz qadının ali savadı olmayıb. Onun "yüksək"
intellektini bir sıra keyfiyyətləri
- ünsiyyətcillik, qayğıkeşlik,
rəhmdillik və ən əsas da intuisiyası kompensə edirdi. Diananın rəfiqələri
həmişə onu tənbəlliyinə görə
məzəmmət edirdilər,
amma bu onun
heç vecinə də deyildi.
Əvəzində
Dianada başqa bir istedad vardı.
O, çox emosional və ətrafdakılara qarşı hədsiz həssas idi. Qəlbinin hərarətini
sosial vəziyyətindən,
milliyyətindən və
irqindən asılı
olmayaraq hamı ilə bölüşürdü
Bir sözlə - Diana unikal mərhəmət göstərmək
istedadına malik idi. Onun çox
güclü fəhmi vardı, o, dərhal yaxşı, xeyirxah insanları seçib onlarla ünsiyyətə girirdi. Belə istedad hər kəsə nəsib olmur
70-ci illərdə
Diananın gələcək
həyat yoldaşı
olacaq adam - Şahzadə Çarlz günlərini qızlarla
(bunların arasında
evli qadınlar da vardı) əylənərək keçirirdi.
Kral ailəsi Çarlzın bu əyləncələrindən lap cana doymuşdu. Çünki, Şahzadənin
hər bir rəfiqəsi dərhal jurnalistlər üçün
şikara çevrilirdi.
Demək olar ki, hər
həftə jurnalistlər
ingilis taxtına yeni bir namizəd
tapırdılar. Onlar
Avropanın kral evlərindən olan subay qızların siyahısını bir-bir
araşdırır, Çarlza
münasib adaxlı axtarırdılar. Mətbuatda
gedən "adaxlı
müsabiqəsi"nin səs-küyü
kral ailəsinin yaşlı üzvlərini
qıcıqlandırırdı. Ana-kraliça hesab edirdi ki, şahzadə
Çarlzın gələcək
həyat yoldaşı
çox tezliklə üzə çıxmalıdır.
O, elə hesab edirdi ki, Çarlza
kral həyatının
bütün çətinliklərinə
dözən və ərinin zəif cəhətləri ilə
bacaran güclü həyat yoldaşı lazımdır.
Diana ana-kraliçanın
siyahısına 1978-ci ilin
aprel ayında baş tutmuş möhtəşəm toy mərasimindən
sonra düşdü.
Bundan doqquz ay sonra isə vəliəhdin otuz yaşına həsr olunmuş məclis təşkil olunmuşdu.
On yeddi yaşlı Diananın məsum gözəlliyi yenə də heç kimin nəzərindən yayınmadı. Ana-kraliça
artıq onda özü üçün
qərara gəlmişdi
ki, "bu qızın gözəlliyi
və təvazökarlığı,
hamını razı salmaq cəhdləri onu şahzadə Çarlza layiq, ideal namizəd edir".
Tezliklə ana-kraliça öz arzusuna çatdı. Gözəl Diana artıq onun gəlini idi. Diana üçün kral qəsrinə ilk gəliş - minalanmış
sahədən keçmək
demək idi. Balmoral sarayında həyat tərzi çox yeknəsəq idi. Saat altıda
hamı tuluq zurnanın səsinə oyanır. Bütün pikniklər hər il eyni yerlərdə
olur. Qəsrdə həyat müəyyən
qrafik üzrə gedir və ailənin
bütün üzvləri
və qonaqlar bu qrafikə tabe olmalıdırlar (!)
Balmoral sarayı Diananı çox qorxudurdu. Amma Çarlzın yanında olmaq imkanı onu daha çox cəlb edirdi. Onun ən çox
xoşuna gələn
isə şahzadə Çarlzı alabalıq tutarkən Di çayının
sahilində seyr etmək idi. Bu zaman onlar təklikdə
qalırdılar. Şahzadə
Çarlz ona balıq tutmağın sirlərini açır,
o isə heyranlıqla
qulaq asırdı. O, daim şahzadənin diqqət mərkəzində
olmağa çalışırdı.
Heç vaxt qəmli görünmürdü.
Diana təbiətcə çox
fəndgir idi və başa düşürdü ki, az-az kişi tapılar ki, şən və hazırcavab olan qəşəng qızın
açıq-aşkar səcdəsinə
dözə bilsin. Bu, şahzadəyə zövq
verirdi, o, valeh olmuşdu.
Bəs sonralar Dianaya nə oldu? Toy günündən sonra
Diana darıxmağa başladı.
Onun bundan əvvəl daha mürəkkəb vəziyyətlərdə
nümayiş etdirdiyi
gülərüzlülük, şən ovqat, dözüm, yumor hissi sanki ərşə
çəkildi.
Elə hər şey də bundan sonra başladı...
Şahzadə Diananın qızıl qəfəsi tərk edib, qəzetlərin manşetlərinə, jurnalların
üz qabığına
gedən yolu haralardan keçirdi?
O niyə görə jurnalistlərə
müsahibə verərkən
"Bizim nikahımızda
üç nəfər
vardıg" demişdi?
Şahzadə Çarlza olan dərin məhəbbəti
Dianaya nə vermişdi?
Bəs Diananın başqa sevgililərə üz tutmasının səbəbi
nə idi?
Və ən nəhayət, Diana ölümündən əvvəl
yazdığı son məktubda
ona qarşı avtomobil qəzası törətmək qərəzinə
görə kimdən şübhələnmişdi?
Bu sualların
cavabını özün
tap, əziz oxucu.
İnanırıq
ki, Azərbaycan oxucularına ana dilimizdə ilk dəfə
təqdim olunan kitab şahzadə Diananın sirli taleyi ilə maraqlanan hər kəs üçün bir töhfə olacaq.
AZƏR
ABBAS
Ədalət.-2012.-7
iyul.-S.13.