ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ

 

   (mövzu əsasında VIII yazı)

 

   (əvvəli ötən sayımızda)

  

   2012-ci ilin mart ayında keçirilən fənn olimpiadasının yekun turunda iştirak edən 5 nəfər şagirddən 3 nəfəri mükafata layiq III və IV yerləri tutmuşlar. Rayon Təhsil Şöbəsi həyata keçirdiyi bütün tədbirlərdə şagirdlərin vətənpərvərlik, Heydər Əliyev ideyalarına sədaqət ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirmişbu məqsədlə silsilə tədbirlər hazırlayaraq həyata keçirmişdir.

   Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqamları ilə bağlı məktəblərin VII-XI sinif şagirdləri arasında keçirilən respublika inşa müsabiqəsində Xınıslı kənd tam orta məktəbinin şagirdi Günay Cavadova həvəsləndirici, Ümumdünya Poçt İttifaqının təşkilatçılığı ilə "Vətən Mübariz əsgər çağırır!" mövzusunda keçirilən inşa yazı müsabiqəsində Karrar qəsəbə tam orta məktəbinin şagirdi Fəridə Piriyeva I yeri, Mirzə İbrahimovun əsərləri əsasında keçirilmiş respublika inşa yazı müsabiqəsində şəhər 3 saylı tam orta məktəbin X sinif şagirdi Həmidə Talıbova Respublika Təhsil Nazirliyinin 16 yanvar 2012-ci il tarixli əmri ilə I yeri tutduğuna görə fəxri fərman və xüsusi diplomla təltif olunmuşlar.

   Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Uşaq və Texniki Yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin Respublika müsabiqəsində" müxtəlif nominasiyalar üzrə I yer tutduğuna görə şəhər 2 saylı tam orta məktəbin IX sinif şagirdi Kəklik Məmmədova, II yer tutduğuna görə şəhər 4 saylı tam orta məktəbin VII sinif şagirdi Fidan Hidayətova və III yeri tutduğuna görə şəhər 6 saylı tam orta məktəbin VIII sinif şagirdi Ayşən Babayeva xüsusi diplomlara layiq görülmüşlər.

   Keçən il rayonun ümumtəhsil məktəbinin məzunlarının ali məktəblərə qəbulunun nəticələri əvvəlki illə müqayisədə yüksək olmuşdur.

 

   Yeni dərs ilinə hazırlıq mərhələsi

 

   T.Novruzovla söhbətimiz zamanı o, görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı danışaraq dedi:

   - Danılmaz bir həqiqətdir ki, "Təhsil Sahəsində İslahat Proqramı"nın "Təhsil Qanunu"nun müvəffəqiyyətlə yerinə yetirilməsi, təlim-tərbiyə işi ilə bağlı qarşıda duran vəzifələrin müsbət həlli təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsindən, onların müasir avadanlıqlarla təmin olunmasından çox asılıdır.

   Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan təhsilinin inkişaf konsepsiyası və strategiyası möhtərəm prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin sürətli inkişafına öz gözəl bəhrələrini verir. Məhz buna görədir ki, ölkə prezidenti cənab İlham Əliyev həyata keçirdiyi dövlət strategiyasında təhsilə həmişə böyük önəm verir, yeni məktəb binalarının tikilib istifadəyə verilməsinə, onların ən müasir avadanlıqlar və kompüterlərlə təchiz edilməsinə xüsusi qayğı göstərir. Təhsilə ayrılan büdcə vəsaitinin ilbəil artırılması həmin qayğı və diqqətdən xəbər verir.

   Son illər dövlət vəsaiti və Heydər Əliyev Fondu hesabına 24 yeni məktəb binalarının və əlavə sinif otaqlarının tikilib istifadəyə verilməsi təhsil müəssisələrinin simasını əsaslı surətdə dəyişmiş, həmin məktəblərdə 7 mindən çox şagirdin bir növbədə təhsil almasına əlverişli şərait yaratmışdır. Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının binası əsaslı təmir edilərək müasir avadanlıqlarla təchiz olunmuş, bağça yaşlı uşaqların istifadəsinə verilmişdir. Hazırda rayonumuzda dövlət vəsaiti hesabına Z.Əhmədov adına Şilyan kənd tam orta məktəbin ərazisində 360 şagird yerlik, Sığırlı kəndində 640 şagird yerlik, Sor-sor və Xırdapay kəndlərinin hər birində 220 şagird yerlik, Qarasaqqal kəndində 180 şagird yerlik yeni məktəb binalarının tikintisi sürətlə davam etdirilir, yeni dərs ili ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Şəhər 3 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri görülərək yaxın zamanlarda körpə fidanların istifadəsinə veriləcəkdir. Bütün bu işlərin ərsəyə gəlməsində rayon icra hakimiyyətinin başçısı cənab İrşad Əliyevin yaxından köməkliyi və dəstəyi olmuşdur. Rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, eyni zamanda onların lazımi inventar və avadanlıqlarla təchizatı sahəsində bir sıra işlər görülmüşdür. Belə ki, rayonun 58 ümumtəhsil məktəbləri 801 ədəd şagird partası, 270 ədəd müəllim stolu, 10 ədəd paltar şkafı, 20 ədəd yazı lövhəsi, 24 ədəd kompüter dəsti, 37 ədəd sənəd şkafı və s. tədris vəsaiti və texniki avadanlıqlar, 11 məktəbəqədər tərbiyə müəssisələri isə müxtəlif adda 640 ədəd mətbəx avadanlıqları, uşaqlar üçün 180 ədəd yatacaq dəsti, uşaqlar üçün 70 ədəd stol dəsti, 110 ədəd uşaq stulu, müxtəlif növ uşaq oyuncaqları, otaqların qızdırılması üçün 10 ədəd yağ radiatoru, 202 kv.m kovrolit və digər mal-materiallarla təmin edilmişdir. Ümumtəhsil müəssisələrində "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq bir sıra işlər görülmüşdür. Belə ki, Təhsil Şöbəsinin bu istiqamətdə hazırladığı "Fəaliyyət Planı"na uyğun olaraq 2005-2012-ci illərdə rayonun 55 ümumtəhsil məktəbinə ümumilikdə 502 ədəd kompüter dəsti verilmişdir ki, bu da təhsil alan hər 20 nəfər ümumtəhsil məktəbi şagirdinə bir ədəd kompüter düşməsi deməkdir. Rayon Təhsil Şöbəsi və rayonun 12 ümumtəhsil müəssisəsi internet şəbəkəsinə qoşulmuşdur ki, bu da müəllim və şagirdlərin informasiya texnologiyalarının nailiyyətlərindən səmərəli istifadə etməyə imkan yaratmışdır. Pedaqoji kollektivlərimiz yeni dərs ili ərəfəsində təhsilin keyfiyyətini yüksəltmək üçün səylərini daha da artıracaq, böyük rüh yüksəkliyi ilə uğurlu nəticələr əldə etməyə çalışacaqdır....

 

 

Məzahir ƏHMƏDOĞLU

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

Ədalət.-2012.-11 iyul.-S.3.