Masallı
yeni uğurlar astanasında
(əvvəli ötən
sayımızda)
Kəndlərdəki müasirləşən
sağlamlıq ocaqları
Bir neçə gün davam edən
yağışlardan sonra günəşli günlərin
başlaması yayın istisini bir az da artırıb. Əbülfəz
Nuriyev son vaxtlar Masallıda daha böyük vüsət
almış abadlıq-quruculuq, tikinti işlərindən həvəslə
danışır. Sonra nəyisə xatırlayıb əlavə
edir:
- Masallı səhiyyəsindən
də az-çox xəbərin var. Xəstəxanamıza, həkimlərimizə
də bələdsən. Sən gəlmədiyin vaxtlarda 2 kəndimizdə
həkim məntəqələrinin
açılışı olub. Kolatan kəndində bələdiyyə
binasında yerləşən həkim məntəqəsini
yenisi ilə əvəz elədik. Daha doğrusu, həmin
binanı əsaslı təmir edib həkimlərin
ixtiyarına verdik, bələdiyyəni başqa binaya
köçürdük. İndi bu kəndlə bərabər
Bala Kolatan, Bağıroba kəndləri də bu məntəqədən
lazımınca istifadə edəcəklər. Hişkədərə
kəndində isə yeni həkim məntəqəsi inşa
elədik. Müasir və hər cür şəraiti olan
binadır. Bu kənd sakinləri ilə bərabər qonşu
Mişgəmi kəndinin sakinləri də burdan yararlanacaqlar.
Hər iki tibb məntəqəsinin
açılışında icra başçımız Rafiq
müəllim özü iştirak edib, sakinlərə
gözaydınlığı verib. Rayonumuzun bütün tədbirlərində
iştirak edən deputatımız Elmira Axundova kənd sakinlərinin
sevincinə qoşulub, ağ xalatlıların isə sevinci
yerə-göyə sığmırdı. Zamanın tələbi
başqa cürdür, biz onunla mütləq
ayaqlaşmalıyıq. Ən ucqar kəndlərimizdə
müasir tələblərə cavab verən tibb məntəqələrimiz
olmalıdır.
Ayrılanda Əbülfəz
Nuriyev yenə zarafatından qalmadı: "Vaxt tap, bir-iki
gün "İsti-su"-da dincəl, xeyrini görərsən.
Son vaxtlar özünə baxmırsan" - dedi.
Şəhərin su və kanalizasiya problemi olmayacaq
Masallı şəhərində hər
gün genişlənən abadlıq-quruculuq işləri ilə
bərabər daha bir layihə həyata keçirilir.
"Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı" Dövlət Proqramı çərçivəsində
Masallı şəhərinin içməli su və
kanalizasiya sistemi yenidən qurulur. Təməlqoyma mərasimində
ölkə prezidenti cənab İlham Əliyevin iştirak
etdiyi bu proses 6 ay müddətinə başa
çatdırılmalıdır. Dünya Bankının krediti
hesabına "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri
üzrə İkinci Layihə" daxilində başlanan bu
işin nəticəsində 89 min insanın içməli su
tələbatı ödəniləcək. 37 min evin
çirkab suları ümumi anbarlara axıdılacaq.
İndi işlərin
qızğın çağıdır. Masallının
H.Aslanov, Füzuli küçələrində və digər
ərazilərində müxtəlif maşınlar
qazıntı işləri aparır, müxtəlif
ölçülü polietilen boruların
basdırılması üçün kanallar
açılır. Xeyli zəhmət və dəqiqlik tələb
edən bu məsləhətli işi Türkiyənin
"ESEER-Holdinq" firması həyata keçirir.
Viləş çayının Qəriblər
kəndi ərazisindəki sutəmizləyici qurğudan 5 min
kub metrlik anbarlara vurulacaq su 630 millimetrlik polietilen borularla
rayonun girişinə gətiriləcək. Bu ana xətdən
müxtəlif diametrli borularla şəhərin bütün
evlərinə su veriləcək. Müxtəlif
ölçülü boruların ümumi əhatəsi 150
kilometrdir. Texnoloji proseslərdən keçən su heç
bir xəstəlik yaratmasın deyə son anda ozon qazı ilə
təmizlənəcək.
Şəhərin çirkab
suları kimyəvi yollarla təmizləndikdən sonra Viləş
çayı vasitəsilə dənizə axıdılacaq. Bu
işlər 140 kilometr uzunluğu olan polietilen borularla həyata
keçiriləcək. 250 nəfərin
çalışdığı bu layihənin vaxtında
başa çatdırılmasında heç bir problem yoxdur.
Hər
görüş uğurlu bir işin
başlanğıcıdır
Ömrün müdriklik
anlarını yaşayan Masallı rayon Ağsaqqallar
Şurasının sədri Cavanşir Əsədovla
axşamçağı görüşdük. Sakit bir
guşədə pürrəngi çay içə-içə
xeyli söhbətləşdik. Axıra yaxın əlavə
elədi:
- Bilirəm, yenə yazacaqsan,
özgə nə işin var ki? Düz-dünyanı
bürüyən işlərimizi görürsən. Ancaq son
vaxtlar bunlar lap çoxalıb. Qoy olsun, tikdiklərimiz qalacaq
da, oğul. Təzə başçımız Rafil
Hüseynov Masallıya gələndən bəlkə də
kabinetində ürək dolusu oturmayıb. Əslində elə
bu yaxşıdır. "Böyük dayaq" filmini
görmüsən yəqin, rəhbərin dayağı el-oba,
camaat olmalıdır. Ona görə Rafil müəllim düz
eləyir, camaatın qayğısını, dərdini onun
öz kəndində eşidir, orda da müvafiq qərar
çıxardır. Kalinovka kəndində camaatla 6 saata
yaxın bir yerdə oldu, onlarla açıq, səmimi söhbət
apardı. Boradigah qəsəbəsindəki görüşə
gələnlərin sayı-hesabı yox idi.
Çayçılığın inkişaf etdirilməsi
üçün nələr danışmadı? Ən uca kəndlərimizdən
olan Həsənli kəndinə getmişdi. Rayonda illərlə
işləyənlər o kəndin heç yolunu bilmədilər.
Yoldan-rizdən, qazdan danışdı, insanları dinlədi.
Xıl kəndində su çəkilişinə, asfalt yol
salınacağına söz verdi. Sığdaş kəndindəki
görüşdə də Rafil müəllim yenə
çayçılığın inkişafından, sitrus
bitkilərinin yetişdirilməsinin vacib olduğundan bəhs
etdi. Mənim yadımda qalan bunlardır. Onun dindarlarla, dini icma
rəhbərləri ilə görüşü isə
ayrıca yadımda qalıb. Dinə böyük hörmətlə
yanaşan başçı erkən nikahlara qarşı
dindarların da mübarizəyə qalxmalarını xahiş
və tövsiyyə etmişdir. O həmin görüşdə
çox düzgün və kəskin bildirdi ki, qanuni dövlət
nikahı olmayanlara kəbin kəsmək olmaz. Belə səmimi
görüşlər bilirsən nə qədər vacib və
əhəmiyyətlidir? Ən yaxşısı odur ki,
başçı kənddəki yerli rəhbərlərə
elə ordaca müəyyən tapşırıqlar verir. Bax
belə səmimi ünsiyyətdən sonra qayğılar,
problemlər həll edilir, yeni iş-güc haqqında
düşünülür. Hə, deyəsən yordum səni.
Əslində Cavanşir kişi özü yorulmuşdu. Ancaq
o elə bu söhbəti ilə Masallıda daha böyük
uğurların olacağından bəhs etmişdir.
Səxavət Məmmədli
Azərbaycan Respublikasının
Prezidenti yanında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun maliyyə
yardımı ilə
Ədalət.-2012.-13 iyul.-S.3.