Amaliya Pənahova: "O, bu
məsuliyyəti dərk etməlidir"
"Teatrda
qazanc güdmək istəyən getsin başqa sahəyə"
"Azadinform"un
suallarını Bakı Bələdiyyə Teatrının
direktoru, xalq artisti, professor Amaliya Pənahova
cavablandırıb.
-
Aktrisa, rejissor, pedaqoji fəaliyyət və rəhbərlik. Ən
çətini hansıdır
- Bütün bunlar sevdiyim sənətin
qollarıdır. Buna görə də mənim
üçün hamısı önəmli və ürəyimin
yağıdır. Mən sevdiyim işlərlə məşğulam.
- Rəhbər
olmaq qadından nə tələb edir?
- Qadın, ya kişi fərqi
yoxdur, istedadlı insan öz yerindədirsə və sənətini
sevirsə, çətinlik hər sahədə var. Çətinlik
olmayan yerdə iş yoxdur, istənilən iş zəhmət
sayəsində ərsəyə gəlir. Rəhbər
yalnız özünə yox, talelərini ona etibar edən
insanlara cavabdehdir. O, bu məsuliyyəti dərk etməlidir,
kollektivə ailə kimi baxmalı, hamının problemi,
qayğısı, gündəlik işi ilə məşğul
olmalıdır. İşçilərin
yaradıcılığı, inkişafı, məişət
qayğıları, tələbatı rəhbərin öhdəsinə
düşür. Hər aktyorun problemi mənim ürəyimdən
daş kimi asılır, bunu mütləq həll etməyə
çalışıram. Bacardığımı edirəm,
bacarmadığım da mənə böyük əzab verir.
-
Yenə də siyasətə dönmək istərdinizmi?
- Teatr özü də siyasətə
qulluq edir. Əgər xalqın qarşısına
çıxıb tamaşada birliyə səsləyiriksə, ədəbiyyat,
tarix, dilimizi inkişaf etdirib onlara çatdırırıqsa,
Vətənin xoşbəxtliyini görmək, onu düşmənlərdən
azad etmək istəyiriksə, gəncləri qəhrəmanlıq,
vətənpərvərliyə səsləyiriksə, bu,
artıq siyasətdir. Mən Milli Məclisdə oturduğum 5
il müddətində mədəniyyətə dəstək
olmağa, teatrın çətinliklərinə, problemlərinə
diqqət ayırmağa, bu sənətə önəm verilməsinə
çalışırdım. İtaliya - Azərbaycan
parlamentlərinin dostluq komissiyasının, MDB parlamentlərarası
mədəniyyət-informasiya-turizm-idman daimi
komissiyasının sədri oldum. Burada da mədəniyyət
və mənəviyyata xidmət etməyə
çalışdım. Mədəniyyət geniş məfhumdur,
lakin teatr və kino sahələrinə mütləq dövlət
dəstəyi, maliyyəsi lazımdır. Aktyor sənəti
çətin, mürəkkəb olduğu, teatr mənəviyyata
xidmət etdiyi üçün özünə diqqət tələb
edən sahədir. Sənətkarlar daim qayğı ilə əhatə
olunmalıdır. Teatr tək heç vaxt özünü
doğrultmayıb, ona qoyulan xərci qaytara bilməyib. Amma 10
qat artıqlaması ilə mənəvi zənginliyi,
insanların maariflənməyini qaytarıb. Əgər teatr
ona qoyulan 10 manatı 15 manatla qaytarırsa, onda gərək biz
mənəviyyat güdməyək, onda gərək şoumenlər
kimi şou ilə məşğul olaq. Teatrda qazanc güdmək
istəyən getsin başqa sahəyə
-
İndi teatrda nəsə çatmır, yoxsa
tamaşaçıda?
- Biz sınaq dövrü
keçib çətin illər yaşadıq. Yeni müstəqillik
qazanan dövlətimizdə teatr daxil olmaqla bütün sahələr
laxladı, dağıldı. Bunları yenidən bərpa etmək,
ayağa qaldırmaq üçün vaxt lazım idi. İndi
teatra maraq yoxdur deməzdim, amma daha da artıq, çox
olmalıdır. Şərqdə ilk olan Azərbaycan
teatrının sənətkarları keçən əsrin əvvəllərində
gedib Özbəkistan, Türkmənistan, İran, Türkiyədə
teatrlar yaratdılar. Teatr sənətkarlarımızı
1990-cı illərdə Türkiyə əllərində gəzdirdi.
Azərbaycan teatrı Türkiyədə millətin
qaranquşu oldu. Bizim aktyorlarımız hər zaman güclü
olub. Lakin onlara gözəl rejissor, lider bacarıqları olan rəhbərlər,
bir məqsədə qulluq etdirən idarəçi
lazımdır. Hər sahənin bir üslubu olduğu
üçün teatrın üslubu da yenilikdir. Teatr öz
kökünü unutmadan daim yeniləşməli, yeni
dünyagörüş, baxış gətirməli, gəncləşməlidir.
Kimisə təqlid edib şou göstərmək, özlərini
əcaib-qəraib şəklə salan aktyorlarla teatr olmaz.
-
Azərbaycan teatrının hansı sahəsinin
araşdırmaya ehtiyacı var?
- Mən elmi işimdə qadın
surətlərinin ikinci planı, aktyor ifasında yaratdığı
obrazın ikinci planını araşdırmışam. Azərbaycanda
dünyəvi peşəkar teatrın tarixi 1873-cü il Mirzə
Fətəli Axundzadənin dramaturgiyası ilə
hesablanır. Lakin teatrımızın tarixi qat-qat əvvəllərə
- Qaravəlli, Qaragöz oyunları dövrünədək
gedib çıxır. Bunu araşdırmağa ehtiyac var.
Çox gözəl sənətkarlarımız, pedaqoq,
rejissor, aktyor, dramaturqlarımız haqqında telekanallar, mətbuat,
internetdə geniş informasiyalar verilməlidir. Çox təəssüflər
olsun ki, bunun əvəzinə bəzən bayağı
tamaşalar, komediyalara üstünlük verilir. Komediya da
lazımdır, lakin düşündürən tamaşalara
ehtiyac var. Biz televiziya vasitəsilə
tamaşaçını tərbiyə etsək, o gəlib
teatrda Hüseyn Cavid, Nəriman Nərimanov, Nəcəf Bəy
Vəzirova baxa biləcək, səhnədə hoqqabazlıq
yox, ən gözəl sözləri gözləyəcək.
Teatr əyləncə sahəsi deyil. Bəzi
tamaşaçıların zövqünə uyub
zövqsüzlüyə yol verməməliyik.
-
Hazırda Azərbaycan səhnəsində hansı mövzulu
tamaşalara ehtiyac var?
- İstedadlı ansambl yarada biləcək,
aktyor oyununu qabarda biləcək tamaşalara ehtiyac var. Mövzu
qıtlığı yoxdur. Klassiklərimizdə bütün
mövzular var. İstedadlı insanlar cəm olub bir məqsədə
qulluq etməlidir, ipi hərə öz tərəfinə
çəkməməlidir.
- Bələdiyyə
Teatrına aktyor qəbul edərkən hansı göstərici
və üstünlüklərə fikir verirsiniz?
- İlk növbədə, istedad,
teatra bağlılıq, kollektivə uyuşmasına. Onlara
3-4 ay sınaq dövrü keçmək üçün vaxt
qoyuram. Əgər kollektivdən seçilmirlərsə, bizim
sənət yolumuza dəstək verirlərsə, qalırlar, əks
halda gedirlər
- Akademik Milli
Dram Teatrında çalışmısınız.
Bu səhnə üçün darıxırsınız?
- 30 il
burada çıxış
etdim. 20 ildir
mənim Bakı Bələdiyyə Teatrım
var. Professional səhnə üçün
darıxmışam, məhz
bu səhnə üçün darıxmamışam.
- Daha çox İlyas Əfəndiyevin əsərləri ilə tanındığınızı düşünürsünüzmü?
- Rəhmətlik
İlyas Əfəndiyev
yazdığı bir çox əsərində
məni gözünün
qarşısına gətirdiyini
deyirdi və həmin baş qadın qəhrəman surətini mənə şamil edirdi. Onun yaradıcılığı, lirikası
mənə çox yaxındır, dramaturgiyası
çox önəmlidir.
Nadir sənətkarlardanam ki, İlyas Əfəndiyevi çox yaxşı başa düşürəm. Onun əsrlərində
mənim kimi oynayan ikinci belə ifaçı tapılarmı? Çünki bizim dostluğumuz, yaradıcılığımız ortalığa çox gözəl tamaşalar çıxardı.
- Məhz sizin üçün yenidən
hansısa rol yazılmasını istərdinizmi?
- Yaradıcı
həyatımda tamaşa,
televiziya tamaşaları,
filmlər daxil olmaqla 400-dən çox qadın surəti ifa etmişəm. Özümü rejissor kimi də sınamışam.
Tamarzı qaldığım, arzuladığım rol yoxdur. Əgər psixoloji, girintili-çıxıntılı,
düşündürən və düşüncə
içərisində olan
qadın surəti yazılarsa, məmnuniyyətlə
ifa edərəm.
Bu illər ərzində
səhnədə canlandırdığım
qadınlara öz payımdan, enerjim, temperamentimdən vermişəm,
amma onlardan heç nə götürməmişəm. Çünki səhnə və
həyat tamam fərqlidir. Hər dramaturqun yazdığı
surətlərdə özüm
olsaydım və ya nəsə götürsəydim, nə
mən həyatda Amaliya olardım, nə də ayrı-ayrı surətlər
ərsəyə gələrdi
- Tənqidçiniz kim olub?
- Özüm, ailəm. Həyat yoldaşım hər
zaman münasibətini
bildirirdi. Ona çox
inanırdım. Mən hər
bir surətimə düşüncəli yanaşmışam.
Özümə kənardan baxa
bilmişəm, heç
vaxt istəməmişəm
ki, çatışmazlıq
olsun, səhnədə
hansısa gülünc
vəziyyət alınsın.
Mən özümdə tamaşaçıya
hörmət etməyi
vərdiş etdirmişəm.
O hörməti də
həmişə tamaşaçılardan
görmüşəm.
- Başqa teatrların tamaşalarına baxırsınız
- Bəli, burada və beynəlxalq festivallarda bütün tamaşalara baxıram. Amma özümdən sonra səhnədə heç kimi görmürəm, çünki
hər birimiz fərdik. İstedadlı, işgüzar, zəhmətkeş,
teatra dəlicəsinə
bağlı olanlar, ona xəyanət etməyən gənclərin
hamısını bəyənirəm.
Aktyor özünü sənətinə
bağışlamasa, o, çox
şeyi bağışlamaz.
- Hər zaman təravətli görünürsünüz.
Özünüzə xüsusi qulluq
vasitəniz varmı?
- Gərək insanın qəlbi
geniş və xılsız olsun, heç kəsə
paxıllıq etməsin, xeyirxah olsun, həyatın çətinliklərini
dəf etməyi bacarmaq lazımdır. Özümə qulluq
etməyə vaxtım yoxdur, çox az yatıram. 15-16
yaşımdan bu həyata atılandan bir neçə işlə
məşğul olmaq üçün mənə bir sutka
azlıq təşkil edib. Gecə saat 2-dən tez yatmıram,
səhər saat 7-dən oyaq oluram. Məcburiyyət
qarşısında qalanda kosmetoloqa gedirəm. Gecə-gündüz
güzgünün qarşısında olmuram. Cavan
görünmək həm də Allah vergisidir. Amma qadın,
xüsusən də aktrisa özünə qulluq etməli, hər
zaman təravətli, gözəl və nümunəvi
olmalı, göz qarşısında olduğu
üçün özünü təqdim etməyi
bacarmalıdır.
-
Zahirən sakit, sevən, sevilən qadın təəssüratı
yaradırsınız. Bu, həqiqətən belədirm
- Çox səhv
görünüşdür (gülür). Mən çox təlatümlü,
tez coşan, keşməkeşli bir insanam. Amma tərbiyə,
özünüidarəetmə, özünəcavabdehlik
öz rolunu oynayır. Sadə deyiləm.
Ədalət.-2012.-30
iyun.-S.24.