Gəncə
qapıları... Gəncə küləyi
Yazıçı Hüseynbala Mirələmovun
eyni adlı pyesi əsasında quruluşçu rejissor, Əməkdar
incəsənət xadimi Bəhram Osmanovun Akademik Milli Dram
Teatrında səhnəyə qoyduğu "Gəncə
qapıları" tamaşasında ədəbi vasitə kimi
çıxış edirlər.
Bəri başdan deyim ki,
yazıçı Hüseynbala Mirələmovun Gəncə
xanlığının tarixi ilə bağlı mövzuya
müraciət etməsi və özünə məxsus tərzdə
tarixi faktları yazıçı təxəyyülünün
məhsulu kimi təqdim etmək bacarığı diqqətə
layiqdir. Çünki məlum tarixi faktdır ki, hələ
XII əsrdə dəhşətli zəlzələdən
sonra gürcü knyazları Gəncə
xanlığının zəifləməsindən istifadə
edərək şəhərə basqın etmiş və hərbi
qənimət kimi Gəncə şəhərinin giriş
darvazalarını, yəni Gəncə qapılarını
özləri ilə aparmışlar. Aradan uzun illər
keçməsinə və bütün ciddi cəhdlərə
baxmayaraq, sonradan həmin qapıları nə silah
gücünə, nə də sülh
danışıqları vasitəsi ilə geri qaytarmaq
mümkün olmsuşdur. Beləcə, xalq arasında,
xüsusən də Gəncə mahalında Gəncə
qapıları artıq bir simvola çevrilmiş, az qala itirilən
torpaqlarımız kimi müqəddəsləşdirilmiş,
onun qaytarılması isə, sözün əsl mənasında
bir qeyrət məsələsinə, cəsarət rəmzinə
çevrilmişdir. Elə bu tamaşada da, necə deyərlər,
Gəncə qapıları az qala itirilmiş, düşmən
tapdağında olan torpaq rolunda çıxış edir. Bu mənada
Azərbaycan torpaqlarının 20 faizinin işğal
altında olduğu bir vaxtda yazıçının belə
bir mövzuya əl atması xüsusi diqqət kəsb edir.
Tamaşanın tərtibatına nəzər
salanda görürük ki, səhnədə Gəncə
qapılarından və onların kölgəsindən
başqa əlavə heç bir dekorasiya gözə dəymir.
Fərəhli və qəribə ordasıdır ki, bu
heç də tamaşaçıya darıxdırıcı
görünmür, tamaşanın ümumi ab-havasına yeknəsəklik
gətirmir. Əksinə, bütövlükdə
tamaşanın mahiyyətini, məğzini açmaq
üçün, onu tamaşaçıya vizual baxımdan
daha qabarıq çatdırmaq üçün həmin
qapılar yardımçı vasitə rolunu oynayırlar. Təbii
ki, bu cür nəfis tərtibatı quruluşçu rejissor
Sergey Skomoroxovun uğurlu işi kimi qələmə vermək
olur. Üstəlik nəzərə almaq lazımdır ki, nə
yazıq ki, Azərbaycan xalqının tarixi həlledici məqamlarda
özümüzdən xəbərsiz bağlı qapılar
arxasında yazılmışdır. Eyni ilə bu tamaşada
da tarixin həmin qaranlıq və incə məqamlarına
işarə olunub.
Tamaşada diqqəti çəkən
ikinci bir məqam isə general Sisyanovun (Abbas Qəhrəmanov)
və gürcü knyazının qızı Nonanın (Vəfa
Rzayeva) dilindən eşitdiyimiz və hər ikisini
"üşütmə azarı"na salan "Gəncə
küləyi" ifadəsi ilə bağlıdır. Məlum
məsələdir ki, Azərbaycan ədəbiyyatında və
incəsənətində daha çox "Bakı küləyi"
ifadəsi ilə üz-üzə gəlirik və artıq bu
qəlibləşmiş klişe halına gəlmişdir. Təbii
ki, bu da Bakının adı ilə, həm də coğrafi
iqlim şəraiti ilə bağlıdır. Digər tərəfdən,
görəsən, tamaşada Gəncə küləyinin
Bakı küləyi ilə nə qohumluq əlaqəsi ola bilər?!.
Bu əslində Bakıda qətlə yetirilən general Sisyanov
üçün əcəl küləyi anlamına da gəlir.
Bu mənada Gəncə küləyinin qisasını, əgər
belə demək mümkünsə, Bakı küləyinin
çıxması bir rəmzi məna daşıyır.
Digər tərəfdən, Nona
rolunu oynayan Vəfa Zeynalovanın yaradıcılıq
uğurunu xüsusi qeyd etmək lazım gəlir. Belə ki,
general Sisyanovla eşq məcarası yaşayan Nona
obrazını Vəfa xanım olduqca dolğun və canlı
verə bilmişdi. Doğrusu, səhnədə
açıq-saçıq səhnələrə rast gəlmək
qeyri-mümkündür və bunu nə müəllifdən,
nə də Bəhram Osmanov kimi ciddi bir rejissordan gözləmək
olardı. Hər halda, onların heç biri bu cür
ucuzluğa gedə bilməzdilər. Sadəcə, bir məqama
diqqət yetirmək lazımdır ki, az qala bir xalqın tale
yüklü məsələsinin həll olunduğu vaxtda Cavad
xanın hərəmindəki xanımlar "göy muncuq"
davası saldığı halda, gürcü qızı Nona hətta
öz bədənini satmaq bahasına belə atasının
taleyini, onun taxt-tacını qorumaq haqqında fikirləşir.
Necə deyirlər, keçi can hayında, qəssab piy
axtarır. Əlbəttə, indi kimin haqlı olub-olmaması
ilə bağlı fikir yürütmək məntiqindən
uzağıq. Sadəcə, Nona rolunun ifaçısı Vəfa
Zeynalovanı jurnalist Ramilə Qurbanlıya verdiyi müsahibədə
("Məşqdən reportaj") dediyi sözlər bu
obrazın daha aydın və dolğun şəkildə
qavranmasına kömək edə bilər. "Nonaya
qarşı nifrət oyada bilirəmsə, demək rolum
uğurlu alınıb. Rolum mənfidir, təbii olaraq ona nifrət
aşılamalıyam. Rolun mənim üçün mənfisi
yoxdur, əksinə, mənfidirsə, deməli orada aktyor
üçün daha maraqlı iş var. Nona knyaz
qızıdır, gözünü açandan ona
aşılanıb ki, vətən üçün hər
şeydən keçməyə hazır olmalısan. Zaman gəlir,
o, yaşlı Sisyanovla yatağa girməli olur, bu təklifi
atasından qəbul edir, çünki bundan Gürcüstan
knyazlığının taleyi asılı idi. Bu qızın
bədənində bir üşütmə var, bu soyuq onun bədəninə
haradan gəlir, anlaşılmır. Ona elə gəlir ki,
Sisyanovun yatağında qızınacaq, bunu ona deyir də.
Deyir, mən elə bilirdim sənin yatağında
qızınacam, amma elə olmadı, deyəsən, bu
üşütmə mənim qəlbimdə əbədidir. Həmin
üşütmə Sisyanovun da canında var. Nona
özünü Gürcüstan üçün fəda edir,
nəticədə Sisyanov Gəncəni alır, Cavad xanı məhv
edir, amma üşütmə həmişəki kimi
canlarındadır. Hər ikisi onların timsalında
işğal edən ölkə vahimə, üşütmə
içində qalır. Belə bir maraqlı, çətin
qonşuları olan obrazdırg"
Azərbaycan səhnəsində Fətəli
xan, İbrahim xan kimi tarixi şəxsiyyətlərin
obrazını yaradan aktyor Kazım Abdullayev, "Gəncə
qapıları" tamaşasında Cavab xan rolunu uğurla ifa
edərək, öz yaradıcılıq kolleksiyasını
bir qədər də zənginləşdirmiş oldu. Heç
şübhəsiz ki, belə bir məsuliyyətli rolun
altına girmək sənətkardan həm cəsarət, həm
də güclü yaradıcılıq potensialının
olmasını tələb edirdi. Xüsusi ilə onun
yuxularında Gəncə qapılarını nəyin
bahasına olursa-olsun vətənə gətirmək istəyi,
habelə şəhid olduqdan sonra general Sisyanovla bir şəhid
ruhunun görüş səhnəsi olduqca
inandırıcı alınmışdır. Doğrudan da, vətəni
uğrunda canından keçən bir qəhrəmanın ruhu
ilə həyat məramı bəlli olmayan, səfil həyatı
yaşayan miskin və didərgin bir ruhun
qarşılaşması çoxları üçün ibrət
dərsi ola bilər.
Xalq artisti Hacı İsmayılov
(Məhəmməd xan), Rafiq Əzimov (Hacı Məlik), Əməkdar
artistlər Mətanət Ağakişiyeva (Şükufə
xanım), Elxan Quliyev (Vəli xan), Əli Nur (Georgi), Tofiq
Hüseynov (Keşiş), Şəhla İsmayılova (Mələknisə),
Pərviz Bağırov (I knyaz), Mirzə Ağabəyli (II
knyaz), Kazım Həsənquliyev (Əhməd), Əsgər Məmmədoğlu
(Loriz), aktyorlar Şəhla İsmayılova (Mələknisə),
Rada Nəsibova (Astagül), Elnar Qarayev (Portnyakin), Elçin Əhmədov
(eşik ağası), Mirsənan Kazımlı (Sərdar) və
nəhayət Abbas Qəhrəmanovun (Sisyanov) tamaşadakı
gərgin zəhmətini və yaradıcılıq uğurunu
xüsusi vurğulamaq vacibdir. Teatr zalında
tamaşaçının ruhunu oxşayan, eyni zamanda
tamaşanın məramı ilə həmahəng səslənən
həzin musiqinin müəllifi, bəstəkar Rüfət Xəlilovun
da adını çəkmək lazımdır.
Beləliklə,
yazıçının və rejissorun, habelə
bütövlükdə aktyor kollektivinin yaradıcılıq
uğuru sayılan tamaşadakı "Gəncə
qapıları" bir növ bizim üçün
itirilmiş torpaqlarımızın rəmzi kimi təqdim
olunur, həm də ki, itirdiklərimizin geri
qaytarılmasının zəruri bir vətəndaşlıq
borcu olduğunu da xatırladır.
Akif
ƏHMƏDGİL
Ədalət.-2012.-30
iyun.-S.17.