Əlövsət Ağalarov: "Kitab mənim içimdir, ruhumdur"

 

   Sabiq millət vəkili, publisist, Azərbaycan Dövlət Nəşriyyatının(Azərnəşr) direktoru Əlövsət Ağalarov qəzetimizə kitablar və "Azərnəşr"in yeni layihəsi haqqında danışır.

 

   -Əlövsət müəllim, uzun müddətdir ki, Azərbaycanda kitab sahəsində çalışırsınız. İstərdim kitablarla ilk tanışlığınızdan danışasınız...

   -Məktəbə gedən hər bir uşağın kitabla tanışlığının olması təbiidir. Bu aksiomadır. Kitabsız məktəbin olması mümkün deyil. Mənim də kitabla ilk genişmiqyaslı tanışlığım məktəb vaxtıma təsadüf edir. Bizim oxuduğumuz dövrdə kitaba sevgi, maraq daha fərqli idi. Məsələn, biz orta məktəbə gedənə qədər bizə əlifba öyrədirdilər, biz kitabın nə olduğunu öyrənirdik. Ailəmiz istəyirdi ki, biz məktəbə hazırlıqlı gedək. Həyatımızın ilk kitabı şəkilli "Əlifba" kitabıdır. Bəlkə də kitaba maraq və sevgimiz, kitab sahəsində çalışmağımız da məhz bu ilk kitabımızla bağlıdır. Yəqin ki, bu ilk kitabın həyatımıza çox ciddi təsiri olub. Burda bəlkə də elə bir məqam var ki, kitabı sevirsən və bütün ömrünü kitaba həsr edirsən. Hər halda bu ilk tanışlıq çox önəmlidir. Xüsusilə də, kitaba necə münasibət göstərməyimiz, sonradan ömrümüzü bu sahəyə bağlamağımız da ilk təəssüratla bağlıdır. Sevmədən bu sahədə çalışmaq mümkün deyil. Bu işi istəksiz, sevgisiz görmək, bütün şüurlu taleyi bu işə sərf etmək mümkün deyil.

   -Nəşriyyatda fəaliyyətə nə zaman başladınız?

   Mənim nəşriyyatla əlaqələrimin başlaması çox maraqlıdır. Universiteti bitirən kimi nəşriyyatda fəaliyyətə başlamışam. Yəni ilk iş yerim də bu nəşriyyat olub. Nəşriyyat işi artıq mənim həyatımın ayrılmaz tərkib hissəsidir. Kitab mənim ruhumdur. Təbii ki, bizdən əvvəlki dövrdə kitaba maraq daha ciddi idi. İndiki maraq şəxsən məni qane etmir. Kitab əvvəllər daha çox sevilir, daha çox oxunurdu. Mən "Azərnəşr"ə təzə gəldiyim vaxtlar kitabın tirajı 30000-də aşağı olanda düşünürdük ki, ya müəllifdə, ya da əsərdə problem var. Kitabın hörməti tirajla ölçülürdü. O vaxtlar çap olunan kitablar həqiqətən oxunurdu. 30000-40000 tirajla satılan kitablar həm satılır, həm də oxunurdu. 3 il ərzində satılmayıb geriyə qayıdan kitabların sayı 3-4 faiz təşkil edirdi. Bunun əsas səbəblərindən biri kitab təbliğatının güclü olması və kitabın maya dəyərinin ucuz olması ilə bağlı idi. SSRİ vaxtında iki əngəlli sahə vardı. Qəribədir ki, bunun biri alkaqollu içkilər sahəsi, digəri isə kitab sahəsi idi. Çox az məsrəflə böyük pullar qazanmaq mümkün idi. Nəşriyyatların büdcəsi hər zaman güclü olardı. Bu gün o vəziyyət olsa, nəşriyyat işçilərindən zəngin adam olmaz. Təəssüf ki, bu proseslər zəifləyib. Dövlət Nəşriyyat Komitəsi ləğv olundu, kitaba maraq və sevgi azaldı. Sonra Mətbuat komitəsi yarandı və ləğv olundu. Ən sonda da, nəşriyyatları verdilər Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə. Nazirlikdə hal-hazırda nəşriyyatlar idarəsi var və bizə az da olsa ümid verən sahə budur.

   -Mən belə başa düşdüm ki, kitabın bugünkü durumu sizi o qədər də qane eləmir. Daha çox nədən narazısınız?

   -Kitabın bugünkü vəziyyəti məni qane eləmir. Yuxarıda sadaladığım səbəblərdən dolayı mən bu durumdan çox narazıyam. Ancaq bu da keçilməli bir mərhələdir. Kitaba olan diqqətin azalmasında internetin də rolu böyükdür. İnternetdən kitab oxuyanların sayı artdıqca, kitab ikinci plana keçir. Mən düşünürəm ki, kitabı internetdən oxuyan adam onun mahiyyətini dərk etməkdə mütləq çətinlik çəkir. İnternetdən kitab oxumaq istirahət deyil, hətta düşünürəm ki, olduqca çətin və əzablı bir işdir. Əvvəla internetdən istifadə etmək, kompüter qarşısında oturmaq səhhətə ciddi ziyandır, gözlər çox yorulur və zəifləyir. İkinci tərəfdən isə kitab oxuyanda onun tərtibatına, dizaynına baxmaq imkanı olur. Bu insana çox xoş təsir edir.

   -Sizcə internet kitabı sıxışdırır? Yəni internetin geniş istifadə olunması kitab oxunmasına mane olur?

   -Mən düşünürəm ki, internetin geniş yayılması kitab satışına və kitabın oxunmasına mane olur. Amma bu da müvəqqətidir. Tezliklə kitab öz əvvəlki mövqeyinə qayıdacaq. Çünki dünyanın hər yerində kitab əvvəlki mövqeyinə addım-addım yaxınlaşır. İnternet əsri olsa da, kitab yenə də seviləcək və mövqeyini bərpa edəcək. Artıq son vaxtlar keçirilən beynəlxalq sorğuların nəticəsindən də bəlli olur ki, kitaba maraq artmaqdadır. Mən tez-tez beynəlxalq kitab yarmarkalarında iştirak edirəm və müşahidə edirəm ki, dünya ölkələri artıq bu mərhələni, yəni internetdən kitab oxumaq mərhələsi arxada qalmağa başlayır. Mən Moskvada, Frankfurtda, İranda kitab sərgilərində hiss elədim ki, kitaba meyl artır. Biz də bundan həvəsləndik və Mədəniyyət və Turizm nazirliyinin nəzdində Naşirlər Assosiasiyası yaratdıq. Biz də istəyirik ki, bu sahədə irəliləyiş olsun.

   -İndiki kitabların tərtibatı və çapı sizi qane edirmi?

   -Kitab tərtibatı çox maraqlı bir sahədir. Hətta deyərdim ki, bu xüsusi bir sənətdir. Bu yaradıcılıq sahəsidir. Mən Serb yazıçısı Milorad Paviçin "Xəzər lüğəti" kitabını tərcümə edib çap eləmişəm. Bu kitabın tərtibatı xüsusilə gözəl edilib. Bu kitabın tərtibatına baxanda zövq alırsan. Ümumiyyətlə, Azərbaycanda kitab tərtibatı hər zaman yüksək səviyyədə olub. Sadəcə son vaxtlar kitabların tərtibatı nəşriyyatlarda kompüterlər vasitəsi ilə həyata keçirilir. Bu asandır, maya dəyəri azdır. Ancaq bu tədricən aradan qalxacaq. Ümumiyyətlə, bizdə bu gün kitabın çapı, tirajı, tərtibatı yavaş-yavaş inkişaf edir. Artıq yaxşı kitablarımız var və çox da bədgüman olmaq lazım deyil.

   -Kitab mağazalarının sayının az olması kitabın inkişafına təsir edirmi?

   -Çətinliklərimizdən biri də məhz budur. Bizim kitab satmaq üçün yerimiz yoxdur. Kitab mağazalarının sayı olduqca azdır və bu kitab sayına ciddi şəkildə təsir edir. 500 nüsxə kitab çap edirsən, ancaq bu kitabları satmaq üçün yer tapa bilmirsən. Məcbur olub kitabı, əl satışına veririk, müəllifin imza günlərini keçiririk və bu vasitə ilə kitabı təbliğ edirik. Bu gün bizə mane olan amillərdən biri də kitab mağazalarının az olmasıdır. Sovet dövrü ilə müqayisə edəndə, çox məhduddur kitab satmaq imkanımız. Mən tez-tez sovet dövrü ilə müqayisə edirəm. Bu nostalgiya deyil. Əslində mənə indi rahatdır. Çünki istədiyim kitabı çap edə bilirəm. Həqiqətən də sovet dövründə kitab mağazalarının da sayı çox idi. Sovet dövründə Bakıda 112 kitab mağazası var idi. İndi isə cəmi 5-6 kitab mağazası var. Bu da kitab bazarının inkişafına ciddi şəkildə mane olur. Mən xarici ölkələrə gedəndə hər addımda kitab mağazasına rast gəlirəm. Hətta Belorusda, Minsk şəhərində maraqlandım ki, sovet dövründən sonra yeni mağazalar açılıbmı? Məlum oldu ki, onlar sovet dövründən qalma kitab mağazalarını nəinki ləğv ediblər, hətta müstəqillik dövründə yeni kitab mağazaları açıblar. Bu o deməkdir ki, kitaba maraq var. Bizdə də bu marağın olmasını hiss edirəm. Amma oxucunun kitab almaq imkanları məhduddur. Oxucu rayondan paytaxta kitab almaq üçün gələsi deyil ki? Regionlarda da kitab mağazalarının olması lazımdır.

   -Sizcə kitabların qiyməti, onun yayımına mane olurmu? Ümumiyyətlə, bu sahədəki bahalıq nə ilə bağlıdır?

   -Biz poliqrafiya məhsullarının 98-99 faizini xaricdən alırıq. Həm poliqrafiya məhsullarına gömrük rüsumunun tətbiqi, həm də ƏDV kitabın qiymətinin baha olmasına səbəb olur. Məncə poliqrafiya məhsullarına tətbiq olunan rüsum da, kitaba tətbiq olunan ƏDV müəyyən müddət üçün ləğv olunmalıdır. Prezidentə bu barədə müraciət olunub və bu müraciətə müsbət cavab veriləcəyini gözləyirəm. Bu vergi dövlət üçün çox cüzi məbləğdir və hesab edirəm ki, dövlət bu vergini asanlıqla ləğv edə bilər. Amma bu məbləğ nəşriyyatlar üçün çox böyük məbləğdir. Bu vergi ləğv olunsa kitabın inkişafına çox böyük təsir edəcək. Azərbaycanda keçirilən kitab sərgilərinin də kitabın inkişafına böyük təsiri var. Hətta mən bununla bağlı nazirliyə təkliflər vermişdim. Yəqin ki, təbliğat xarakterli təkliflər nəzərə alınacaq. Mən kitabın təbliğatından çox narazıyam. Televiziyalarda kitab reklamı üçün pul alınmamalıdır. Eyni zamanda kitab reklamı üçün şəhərin müxtəlif yerlərində də pulsuz şərait yaradılmalı, reklam lövhələri üçün yer ayrılmalıdır. Çünki kitabdan qazanc çox azdır.

   -Kitabdan qazancın az olmasını vurğuladınız. Bəs naşirlərin kitab satışından qazancı nədir?

   -Konkret olaraq bizə dövlət sifarişləri olur, eyni zamanda müəlliflərin şəxsi vəsaiti hesabına kitablar nəşr olunur. Bu il də qondarma "erməni soyqırımı" ilə bağlı erməni yalanlarını dünyaya tanıtmaq məqsədi ilə böyük bir layihəyə start vermişik. Bu layihə "Azərnəşr" və Heydər Əliyev fondunun birgə layihəsidir. Mən hesab edirəm ki, biz Heydər Əliyev fondunun dəstəyi ilə bu sahədə böyük işlər görəcəyik. Layihənin rəhbəri gənc soydaşımız Şəmşir Şəmşirlidir. Onun da bu layihənin həyata keçirilməsində çox böyük xidmətləri var. Bizim planımızda var ki, 2015-ci ilə qədər 25-30 kitab çap edək. Bu layihədə erməni, alman, ingilis, gürcü və fransız müəlliflərini çap edəcəyik. Çünki, erməniləri sənədlərlə ifşa edən xarici müəlliflər var ki, onların kitablarının nəşr olunub dünyada yayılması onların saxtakarlığının ifşasına çox böyük təkan olacaq. Bu kitabları dünyaya təqdim edəcəyik və dörd dildə çap olunacaq. Türkiyədə də bu layihəyə çox ciddi dəstək var. Həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə Türkiyə bu layihəni dəstəkləyir. Mən Türkiyədən də erməni yalanları ilə bağlı kitablar gətirmişəm. Hal-hazırda 12 kitabın tərcüməsi tamamlanıb və nəşrə hazırdır. 12-14 kitabımızın da tərcüməsi üzərində iş gedir. Bu kitablar çox ciddi rol oynayacaq. Bilirsiniz ki, ermənilər 2015-ci ilə ciddi şəkildə hazırlaşırlar. Bütün dünya erməniləri qondarma "erməni soyqırımı"nın 100 illiyinə hazırlaşır. Biz isə öz işimizlə onların təxribatçı planlarının qarşısını almalı, onların məkrli planlarına mane olmalıyıq. Bizim əlimizdə o dövrlə bağlı çox ciddi sənədlər var. Məsələn, soyqırımla bağlı 300 nəfərin siyahısı var. Onların qətl edildiyi yazılıb birinci siyahıda. Andronik tərtib edib. Bu siyahıda olanların guya mülki şəxs, dinc əhali olduğunu elan edənlərə cavab olaraq bizim əlimizdə faktlar var. Dünya bu faktlarla tanış olanda, görəcək ki, öldürülən bu 300 nəfər mülki şəxs, dinc əhali olmayıb. Bizim əldə etdiyimiz siyahıdan məlum olur ki, bu 300 adam Andronikin silahlı quldurları olub və məqsədləri dinc əhaliyə divan tutmaq olub. Osmanlı ordusu da çox haqlı olaraq onları zərərsizləşdirib.

   -Bu layihə üçün çox ciddi şəkildə hazırlaşırsınız. Sizcə hədəflərinizə çata biləcəksinizmi?

   -Əlbəttə, bu kitablar müəyyən qədər erməniləri ifşa edəcək və planlarını pozacaq. Türkiyənin baş naziri ermənilərə təklif edir ki, gəlin müştərək komissiya yaradaq və arxivləri açaq. Müstəqil ekspertlər də bu məsələni araşdırsın. Amma ermənilər bundan qaçır. Məlumdur ki, arxivlər açılsa, ermənilər ifşa olunacaq. Arxivdəki bütün sənədlər türklərin xeyrinədir. Ona görə də biz bu kitablara çox böyük ümidlə və həssaslıqla yanaşırıq. Bizim əlimizdə "Erməni komandirinin gizli etirafları" adlı kitab var. Bu kitab 1917-18 ci illərdə çap olunub. Eyni zamanda biz bu kitabların Avropa Şurasının parlament Assambleyasında yayılmasına da çalışacağıq.

 

 

  Cəlil CAVANŞİR

 

  Ədalət.-2012.-5 iyun.-S.6.