"Hər şeyin adiləşdiyi bir zamanda qeyri-adi görünmək bir xoşbəxtlikdir"

 

    Azərbaycan səhnəsində belələrinin sayı çox azdır. Qadınlar arasında isə demək olar ki. yoxdur. Söhbət nəhəng sayılacaq səhnə adamlarından gedir. Beləliklə müsahibim Gəncə Dövlət kukla teatrının aktrisası Yaqut Xasiyevadır.

   - 1981-ci ildə Moskva şəhərində anadan olmuşam. Gəncədə 18 saylı orta məktəbi bitirmişəm. İxtisasca metodistəm, amma ixtisasım üzrə işləməmişəm.

   - Aktrisalıq fəaliyyətin nə vaxtdandır? Ümumiyyətlə bu həvəs, istək səndə hardan yarandı?

   - Uşaqlıqdan sənətə, yaradıcılığa böyük meylim olub. Amma mənim aktrisalığım təsadüfi alındı. Çünki həmişə estrada müğənnisi olmaq istəyirdim. Rus estradasını çox sevirəm. Çox istərdim ki, müğənnilərimiz özlərini müğənni kimi hiss etmək üçün toyda olduqları qədər də səhnədə olardılar. Hazırda Gəncə Dövlət Kukla Teatrında çalışıram.

   - Sənət baxımından o qədər də məşhur olmaya bilərsən. Amma səninlə bağlı ilk diqqətçəkən məqam boyundur. Nə zamandan hiss elədin ki, boyun standartdan kənarlaşır?

   - Bağça vaxtından ucaboylu uşaq olmuşam. Hamı soruşur ki, kimə oxşamısan? Mənim valideynlərim nəhəng deyillər, atamın 176 santimetr boyu var. Sizə maraqlı bir faktı danışım. Anam 41 ölçülü ayaqqabı geyinir. Moskvada atam dükanın qadın şöbəsinə girib və ayaqqabıları "yoxlamağa" başlayıb. Xanım yaxınlaşıb iradını bildirəndə, deyib ki, bu ayaqqabını elə xanımım üçün alıram. Amma mənim ayaq ölçüm çox yekə oldu. Atamın bibisinin adını daşıyıram. Onunla da oxşar cəhətlərimiz var. Onun da ayağına ayaqqabı tapılmırdı. Onun ayaq ölçüsü 32 idi idi. Ömür boyu "damaşnik" geyinirdi. Mənim ayaq ölçüm isə 45-46-dır. Bizdə mənim kimi insanların geyim tapması problemdir. Rusiyada nəhəng insanlar üçün dükanlar var. Bizdə çox qəribədir. Elə bil hər şey var, heç nə yoxdur. Xaricdə brend dükanlarda bütün geyimlər ölçüylədir, bizdə isə standart geyimlərdir.

   - Sənin boyun nə qədərdi? 

   - 195 santimetr.

   - Kompleks yaşayırsan?

   - Bağçadan məktəb vaxtına qədər kompleksim olub. İndi yoxdur. Həyatın belə bir qaydası var-əgər qısılırsansa, sıxılırsansa, boyunu, çəkini gizlədirsənsə, ətraf da səni əzir.

   - İnsanlara yuxarıdan baxmaq nədərəcədə maraqlıdır?

   - İnsanlara yuxarıdan baxsam da, ürəyim tam fərqlidir.

   - Müsahibə vermisən?

   - Olub. Əvvəl narahat olurdum. İndi çox rahatam.

   - Çəkin nə qədərdir?

   - Çəkim 103-110 arasında dəyişir 

   - Artıq 31 yaşın var. Şəxsi həyatınla bağlı düşünürsən?

   - Hərdən mənə elə baxırlar ki, elə bil mənim şəxsi həyatım ola bilməz. Əslində mən ötən il Kipr vətəndaşı olan bir insanla ailə qururdum. Sadəcə son anda atamın istəyi ilə fikrimdən daşındım. Çünki məsafə çox uzaqdır, yaxınlarımdan uzaq düşmək istəmədim. Əslində normal insanlar da düşünürlər ki, onlar çox çirkindirlər, nələrisə çatışmır. Bir zamanlar çox gərgin idim, depressiyaya düşmüşdüm, özümü öldürmək istəyirdim. Bilirsiniz bu nə vaxt belə idi? 17-18 yaşlarında. Bəzən adi bir sözlə insanı qırırlar. Mən özüm də fərqli bir şey görəndə ona sakit reaksiya verirəm, zövq almalıdırsa zövq alıram, əgər öyrənməlidirsə öyrənirəm

   - 170 santimetr boyunda bir bəylə ailə qurardın?

   - Bir vaxtlar düşünürdüm ki, bəy mən boyda olmalıdır. İndi belə düşünmürəm. Fikirləşirəm ki, insanın qüsuru ola bilər, intellekti, dünyagörüşü yoxdursa, model ola yenə maraqsızdır.

   - Konkret. Ailə quracağın insanın boyu minimum nə qədər olmalıdır?

   - O haqda düşünməmişəm. Əgər insanlığı varsa, maraqlıdırsa dünyanın ən balaca insanıyla da ailə qura bilərəm. 

   - Hətta 150 santimetr də ola bilər

   - Fərqi yoxdur. Elə insanlar var ki, bir-birinə yaraşırlar, xasiyyət uymadığına görə ayrılırlar. 

   - Gəncədə səndən hündür xanım var?

   - Yox.

   - Bəs kişi?

   - Rastıma çıxmayıb. Gəncədə öz boyumda kişi görməmişəm.

   - Uşaq vaxtı idmanla məşğul olmusan?

   - Olmuşam. 1998-ci ildə Basketbol və həndbol üzrə şəhər birincisi olmuşam. O vaxt məni Bakıya dəvət edirdilər, anam qoymadı.

   - O zaman boyun nə qədər idi?

   - 190 santimetr.  

   - Boyun hansısa məqamda işinə yarıyırmı?

   - Olub. Məsələn, "Cavad xan" filminə çəkilməyimin əsas səbəbi boyum olub. Orda amazonka-döyüşçü qadın rolunu oynamışam. Amma hayıf ki, iranlı operatora görə həmin film istənilən kimi araya-ərsəyə çıxmadı. Mən çəkilişlərdə aktyor oyununun necə yüksək səviyyədə olduğunu görmüşdüm. Amma həmin rejissor elə bil bu filmin qəsdinə durdu.

   - Hansısa növbədə, sıxlıqda, yaxud ictimai nəqliyyatda boyun necə köməyinə gəlib?

   - Yəqin ki, Allah məsləhət bilib və bu boyu mənə verib. Hər adam bu boyu daşıya bilməz, reaksiyalara qarşı kobudluq edər. Bu irsi bir şeydir. Anamın babası da ucaboylu olub. Onun iki uşağı-babam və babamın bacısı olub. Həmin irsiyyətdən bir oğlan mən boydadır, bir də mən. 

   - Bəs boyunun işinə yaramadığı məqamlar?

   - İnsanlardan gizlənə bilmirəm. Müəyyən vaxtlar müğənniləri qınayırlar ki, kütləyə qarşı aqressivdirlər. Mən onları qınamıram. Çünki bəzən insanın üstünə o qədər gedilir ki, müəyyən sərhədlər keçilir. Mən də insanam, dincəlmək istəyirəm.

   - Evinizə işıqpulu, qazpulu yığan gələndə qapıya sən çıxırsansa.. 

   - Çox təəccüblənirlər. Bayaq bir məqamı vurğulamaq istəyirdim yadımdan çıxdı. Bu yaxınlarda Məşhədə getmişdik. Qızlara dedim ki, mən sizi itirsəm eybi yox, əsas siz məni itirməyin. Çünki sizin mayakınızam (gülür). Yuxarıda bir baş gördünüzsə bilin ki mənəm.

   - Yəqin orda da təəccüblə qarşıladılar səni.

   - Əlbəttə. Biz hamımız əba almışıdıq və o əba mənə çox qısa oldu. İlk gün heç nə demirdilər "Maşallah"dan savayı. Xeyli maşallah qazandım orda. Özümü lap seyid övladı kimi hiss elədim. İkinci gün ziyarətə gedəndə fars xanım öz dilində başa salmağa çalışdı ki, sənin əban qısadır, bu ziyarətə hörmətsizlikdir. Əslində mən qara geyinmişəm və geyimimdə açıq olan nəsə yoxdur. İçəridə daha açıq, dar geyinənlər var idi. Anlayıram ki, farslar bizi sevmirlər. Nəsə..axır ki mənə əbanın üstündə tikilmə bir əba da verdi. Cəmi bir qarış fərq elədi...

   - Fiziki baxımdan da qüvvətlisən?

   - Öz boyuma görə qüvvətliyəm.

   - Səni bir normal kişiyə cavab verəcək qədər qüvvətli saymaq olar?

   - Mən heç vaxt öz fiziki gücümü kiməsə tətbiq eləməyi düşünməmişəm. Amma məktəb vaxtında oğlanlara qarşı olub. Gücüm çox olduğu üçün heç vaxt dava-dalaş haqda düşünməmişəm. Çünki Allah eləməsin, kimisə vursam xəstəxanalıq olacaq. Bu baxımdan hər zaman ehtiyatlı davranmışam, qarşımdakı insanın cavabını sözlə vermişəm.

   - Bir dəfə verilişlərin birində göründün... Niyə bu fərqliliyindən istifadə eləmirsən?

   - Şou-biznes deyilən aləmdə maraqlı, intellektual heç nə yoxdur 

   - Ən azından kliplərə, verilişlərə çəkilə bilərsən.

   - Dəvət eləsinlər çəkilək də. Kim nə bilir mənim evimdə nə var? Gərək mən də özümü təqdim edim. Özüm də tənbələm.

   - Hobbin var?

   - Musiqini həm dinləməyi, həm oxumağı xoşlayıram. Evin işi bitmir, tükənmir. Amma boş vaxtım olarsa musiqiyə qulaq asaram, tikişlə məşğul olaram, naxış vuraram. Bu işlər məni sakitləşdirir.

   - Boyunla bağlı başına maraqlı əhvalat gəlib?

   - Olub. Deməli, mən birinci il universitetə qəbul ola bilmədim. Burdakı universitetlərdən birində kursa gedirdim. Müəllimənin yanına bir nəfər gəlib aşağıda söhbət eliyirlər, biz də otaqdayıq, qızlar da mənim ətrafımda. Birdən rektor Nağı müəllim içəri girdi dedi ki, "bu nə səs-küydür, ay qız sən niyə stolun üstünə çıxmısan". Birdən hamı aralaşdı, Nağı müəllim başa düşdü ki, mən stolun üstünə çıxmamışam. Hamını gülmək tutdu. Nağı müəllim üzrxahlıq edib bayıra çıxdı. Sonra məni gördü dedi ki, qızım bağışla, sən ayaq üstə duranda elə bil stolun üstündəsən, oturanda da sanki ayaq üstəsən. Amma özüm üçün boyum uca görünmür. Artıq vərdiş eləmişəm bəlkə də.

   - Teatrda əməkhaqqın nə qədərdi?

   - 107 manat. Bir də toylara gedirəm. Toylar olmasa dolana bilmərik. Bir toydan 20-30 manat qazanıram.

   - Nə zamansa daha məşhur olmağı düşünrsən?

   - Boyuma qarşı o qədər diqqət olub ki, həmişə məşhurluqdan qaçmışam. Hətta indi də.

   - Son olaraq...

   - Həyat rəngarəngdir, biz də cəmiyyətin bir parçasıyıq. Bəzən mənim boyuma təəccüblə baxırlar. Amma balacaboy oğlana elə baxmırlar. Axı o da bəy kimi çox balacadır. İnsanları qınamıram. Amma özümü çox xoşbəxt sayıram ki. hər şeyin adiləşdiyi vaxtda qeyri-adiyəm. Bu yaxınlarda Bakıya getmişdik. Oriyentasiyasını dəyişmiş iki oğlan bir-birinə sarılıb küçənin o başından gəlirdi. Nə heç kim onlara baxmadı, nə başqa bir reaksiya olmadı. Amma hamı mənə baxırdı. Deməli, hər şeyin adiləşdiyi bir zamanda qeyri-adi görünmək bir xoşbəxtlikdir.

 

 

    İntiqam Valehoğlu

 

    Ədalət.-2012.-5 iyun.-S.7.