Yaqub Zurufçu: "33 il anamı görə bilmədim, o da məni görmədən öldü"

 

   "Ailəm haqqında heç bir yerdə məlumat vermirəm"

 

   - Son vaxtlar efirdə və ümumiyyətlə mətbuatda çox az-az görünürsüz. Bunun səbəbi nə ilə bağlıdır?

   - Gün ərzində bir müğənni bir neçə televiziya kanalında qonaq olar? Bəlkə də bir gündə bir neçə kanalda görünmək kimlərəsə xoş gəlir. Amma o müğənni düşünməlidir ki, bu insanlara mənfi təsir də edə bilər. Mənim aləmimdə əsl sənətkar efirə az-az çıxmalı və layiqli sözlərlə insanların zövqünü oxşamalıdı. O zaman o sənətkar öz sözünü demiş olacaq, amma hər gün bir neçə televiziya kanalının efirində görünməklə gözdən də düşə bilər. Az görünməyimin səbəblərindən biri də budur ki, mən bəzən Amerikada oluram. Orada otuz il yaşamışam və axır vaxtlar da Azərbaycana gəlmişəm. Amma uşaqlarım isə ordadır. Mənim gəlir mənbəyim demək olar ki, Amerikadadır. Orda daha çox tanınıram və deyə bilərəm ki, Amerikada yaşayan azərbaycanlılar öz milli mədəniyyətini çox yüksək səviyyədə qoruyublar. Xüsusən də bu yaxınlarda Kanadada Toronto şəhərində olanda bunun şahidi oldum. Çox sayda insan dəstək olmaq üçün mənim konsertimə gəlmişdi. Amerikada verdiyim konsertlərdən yaxşı gəlir götürə bilirəm. Bir də mənim Azərbaycana fərqli sevgim, eşqim var. Əsas da ki, xanəndə öz yerini bilsə, az-az efirə çıxsa, indiki zamanda hörməti daha da artıq olar.

   - Bəlkə sizin bir incikliyiniz var və ona görə də efirə az çıxırsız ? Bunu da ehtimal etmək olar ?  

   - Əsla belə düşünmənizi istəmirəm, çünki mənim kimsədən heç bir incikliyim yoxdu. Mən düşünürəm ki, nə qədər az olsam, bir o qədər də yaxşı, sanballı söhbət etmiş olaram.

   - Bu il Azərbaycana neçə dəfə gəlmisiz və bu gəlişin hansı səbəbləri var ?

   - İndi may ayını yola saldıq, hələ də burdayam və ondan bir ay əvvəl də Azərbaycanda olmuşam. Demək olar tez-tez gəlirəm. Həmçinin də mən artıq burda məskunlaşmışam və burda bir evim var. Ancaq burdan Amerikaya, başqa ölkə və şəhərlərə konsert vermək üçün gedirəm. Həm də insan bir bəlli yaşa çatandan sonra ona vətəndən başqa heç bir yer yapışmır. Mənim xoşbəxtliyim də budur ki, iki il bundan öncə cənab prezident mənə Azərbaycan Respublikasının vətəndaşlığını verdi. Bu mənə ən gözəl hədiyyələrdən biri olmuşdu. Mən daim Azərbaycanla fəxr etmişəm və artıq indi özümü əsl azərbaycanlı sayıram.

   - Sizə zəng edib müsahibənin saatını dəqiqləşdirmək istəyəndə dediniz ki, məşq edirsiniz. Bəs bu məşq nə ilə bağlıdır? Azərbaycanda hansısa bir konsert vermək fikriniz var?

   - 5 iyun "Şairlər günün"də mən bir tədbirə dəvətliyəm və o tədbirin məşqlərini edirdik. Sonra da belə bir fikrim var ki, burada özümün böyük bir konsertimi təşkil edim. Yüksək səviyyədə olsun, çünki nə zamandı Azərbaycanda böyük konsert verməmişəm. Xüsusi olaraq Heydər Əliyev adına Sarayda olmasını istərdim.

   - Ümumiyyətlə tədbir çox yüksək səviyyədə hazırlanmışdı və Azərbaycanı bu il yarışmada təmsil edən Səbinə Babayeva da çox güclü bir müğənnidir. Ölkəmizi çox layiqli şəkildə təmsil edə bildi. Amma onu da qeyd edim ki, onun ifa etdiyi mahnının Azərbaycan dilində olan versiyası daha gözəl və təsiredicidir. Mən istərdim ki, "Eurovision" yarışmasında hər ölkə öz doğma dilində olan bir musiqi ilə təmsil olunsun. Bu çox gözəl alınardı və hər ölkə də bununla öz mədəni tarixini daha dərin şəkildə göstərə bilər. Həm də hər ölkə öz milli rəqslərini və milli musiqi alətlərini də nümayiş etdirə bilər. Bu da izləyicilər tərəfindən daha böyük bir coşqu ilə qarşılanar. Mən təmsilçilərdən daha çox Ukrayna və Rusiyanı bəyənmişdim. Hətta Rusiyanın qalib olacağını da düşünürdüm. Amma qalib olan İsveçin hardasa beşlikdə olacağını təxmin etmişdim. İndi yenidən Azərbaycana qayıdıram və deyə bilərəm ki, biz öz milli tariximizi, kökümüzü və mədəniyyətimmizi hər incəliyi ilə Avropaya nümayiş etdirə bildik. Təəssüf edirəm ki, hər kəs ingilis dilində ifa etdi, bu da belə bir təəssürat oyadır ki, bu müsabiqə yalnız ingilisindir. Bunu da bəyənmirəm və əgər elə olursa, o zaman mütləq milli adətlərə toxunulmalıdılar.

   - Əslində hər kəs bu müsabiqənin siyasiləşdiyini olduğunu deyir. Necə də olsa, hər bir işin sonu, kökü mütləq gedib siyasətə dayanacaq.

   - Bəli bu mütləq belə olmalıdı və bu müsabiqənin də kökündə mən deyərdim ki, siyasət var. 

   - Sizin siyasətə bağlı bir insan olduğunuzu bilirik və bunu hər zaman da musiqilərinizdə, çıxışlarınızda büruzə verməyə çalışırsız. İndi də eyni mövqedəsiz    

   - Mən siyasətə çox bağlı olan bir insanam. Mən deyərdim ki, mahnılarımı dinləyən hər kəs də buna əmin ola bilər. Son illər ərzində çalışıb ərsəyə gətirdiyim musiqilərin demək olar hamısnda bu siyasi ruh hiss olunur. Əgər dinləyicilərin azacıq da bir siyasi fikri, düşüncəsi varsa, mütləq mənim o musiqilərimi bəyənəcək və dinləyəcək.

   - Bəs Azərbaycanda hansı müğənni və sənətkarlarla görüşürsünüz?

   - Demək olar ki, musiqiçilərimizlə az görüşürəm, vaxt olduqca görüşməyə çalışıram. Sənətkarlarımızdan Habil Əliyev, Ramiz Quliyev və Aftandil İsrafilovlə görüşürəm. Mən belə sənətkarlarla görüşəndə ruhum da dəyişir və çox şeyləri də öyrənirəm, savadım da artır. Belə bir fikrimiz var ki, Ramiz Quliyevlə klassik mahnıları yenidən işləyib bir disk hazırlayaq.

   - Bəs İranla əlaqələriniz nə yerdədi, gedib-gələ bilirsizmi? Orada qohumlarınız varmı?

   - Mən 33 il olar İrandan çıxmışam və hardasa dörd-beş il bundan əvvəl sonucu dəfə orada olmuşam. Üç-dörd ay orda qaldım, qohumlarımla görüşdüm. Bacılarım, qardaşlarım orada yaşayır. Üç bacı və üç qardaşım var. Bir qardaşım da mənimlə bərabər o zaman İrandan çıxıb. Həm də mən anamı düz 33 il görmədim, o da məni görmədən rəhmətə getdi. Bu da qəlbimdə silinməz iz olaraq qalıb. İrana sonuncu səfərim zamanı bir klip də çəkdirdim. Baxmayaraq ki, orada klip çəkmək qadağan idi və Mədəniyyət Nazirliyindən icazə almalı idim. İcazə verməyəcəkdilər deyə, heç müraciət də etmədim. Şəhriyarın məqbərəsini də çəkə bildim. Sonra da İrana heç getmədim və səbəb də ki, orada insanlara olan yanaşma tərzidir. Səhvi olmadan belə, insanları ittiham edirlər. Amma mən həmişə öz sözümü demişəm və İranın yürütdüyü bu siyasətlə də razı ola bilmirəm.

   - Bir az da bizə ailəniz haqqında məlumat verərdiz?

   - Mən ümumiyyətlə ailəm haqqında heç bir yerdə məlumat vermirəm. Mənim müsahibələrimi və haqqımda olan məlumatları oxusanız, buna şahid ola bilərsiz.

   - Artıq bir ay olar ki, İranda iki gənc şairimiz, Şəhriyar Del Gerani və Fərid Hüseyn tutulub. Biz onlar haqqında heç bir məlumat belə ala bilmirik. Sizin buna münasibətiniz necədir?

   - Mən sadəcə burda İranın mövqeyini anlamıram və səbəb, əsas gətirmədən gəncləri həbs ediblər. Mənə görə biz İranla qonşu bir ölkəyik və bir-birimizin maraqlarını qorumağa çalışmalıyıq. Amma belə bir şeylər etmək düzgün deyil.

   - İnqilablara necə münasibət bəsləyirsiniz?

   - Mən qəti şəkildə inqilabların əleyhinəyəm və istəməzdim ki, haradasa inqilab olsun. Bəziləri ərəb ölkələrində baş verənlərin Azərbaycana da sirayət etməsini arzulayırlar Mən indiki dövlətimizi, hakimiyyətimizi dəstəkləyirəm. Amma bununla yanaşı da eyiblərimizin də göstərilməsini istərdim. Biz inqilab yox, reform etməliyik.

   - Bəs İrandakı milli azadlıq hərəkatı haqqında nə deyə bilərsiz? İzləyə bilirsinizmi oradakı hadisələri?

   - Bəli, mən izləyirəm və daha çox da Facebook sosial şəbəkəsi vasitəsilə də məlumatlar əldə edə bilirəm. Deyərdim ki, İranda azərbaycanlılara çox böyük zülm edirlər. Orada öz dilimizdə yazıb, oxuya bilmirlər. Mən orda öz dilimdə belə, konsert verə bilmədim. Uşaqlıqdan yaddaşımda qalan Urmiya gölü qurudulur və bununla da acınacaqlı halımızı görmək olar. Hətta deyərdim ki, bu gedişlə ayaz olmayacaq.

   - Bir zamanlar siz milləti "Ayrılıq" adlı musiqinizlə ayağa qaldırmısınız. İndi necə, insanlara təkan verə biləcək bir musiqi üzərində işləyirsiniz?

   - Facebook səhifəmə girib baxsanız, görərsiz ki, mənim bu tərzdə onlarla musiqim var. Mənim hardasa otuz diskim var və bu musiqilər də orda özünə yer alır. Bir də indi hər şey təbliğatdan asılıdı. Təbliğat olmayanda da layiqli musiqilər unudulur. Mənim musiqilərimin 90% -i vətənlə bağlıdır. Və əksəriyyətinin də bəstəkarı özüməm.

   - Bəs milli və azadlıq ruhlu şairlərimizdən kimlərin yaradıcılığına müraciət edirsiz?

   - Məmməd Arazın sözlərindən ibarət olan bir musiqi diski hazırlamışdım, bu hardasa 1998-ci ildə olmuşdu. Süleyman Rüstəmin şeirlərinə də müraciət etmişəm. İndi isə Şəhriyarın şeirləri üzərində işləyirəm və planımda var ki, bir diskdə ona həsr olunsun. Musiqilər də özümə aid olacaq. Bir də deyim ki, mən Azərbaycanı heç ayırmıram və bölmürəm. Hər zaman deyirəm ki, Azərbaycanın cənubu və şimalı var. Diqqət edin, mən Cənubi Azərbaycan demirəm, Azərbaycanın cənubu deyirəm

   - Bizim bəstəkarlardan kimlərin yaradıcılığı ilə tanışsız?

   - Hüseyn Abdullayev, Aygün Səmədzadə. Gövhər Həsənzadə və başqalarını deyə bilərəm. Amma qeyd edim ki, mən televiziya kanallarına az baxıram.

   - Siz dediniz ki, musiqiləri özünüz bəstələyirsiniz. Bəs bu sahədə təhsiliniz varmı, yoxsa içdən gələn bir duyğu sizə bu musiqiləri yazdırır?

   - Bu sahədə heç bir təhsilim yoxdur. Vokal təhsili alanlar mütləq pianoda ifa edə bilir. Mən də arada məşq edəndə hansısa bir musiqi barmaqlarımdan süzülüb gəlir və o zaman artıq beynimdə sözləri kəşf etməyə başlayıram. Son yazdığım musiqi Kanadada olan bir şəlaləyə həsr olunub. Hətta o şəlalənin yanında bir klip də çəkdirmişəm. Amma yaxşı alınmadığı üçün onu efirə verə bilmədim.

   - Bakıda konsert vermək istədiyinizi söylədiniz. Bu konsert hansısa bir əlamətdar, tarixi günlə səsləşəcək, yoxsa sadəcə bir konsert olacaq?

   - Mən düşünürəm ki, 60 illik yubileyimlə bağlı olan bir konsert olsun. Bununla bağlı artıq müraciət də etmişəm və hər şey hazır olandan sonra açıqlama verəcəm.

   - Şairlər sözləri ilə, müğənnilər də ifaları, səsləri ilə xalqı doğru yola çəkməyə çalışır. Bununla razısızmı?

   - Bura hər şairi, hər müğənnini də aid etmək olmaz axı. Amma musiqi ilə mən hər zaman xalqı ayıltmağa, doğru yola yönəltməyə çalışıram.

  

 

   Könül Səid

   Modern.az

 

   Ədalət.-2012.-5 iyun.-S.8.