Doğum gününü
xatırlayan şair
Vaqif Səmədoğlu bizimlədir
Azərbaycanın Xalq şairi, əməkdar
incəsənət xadimi Vaqif Səmədoğlunun iyunun 5-i
doğum günüdür.Modern.az saytı şairlə əlaqə
saxlayıb və ondan müsahibə alıb.
"Ədalət" qəzeti həmin
müsahibəni təqdim edir.
-
Vaqif müəllim, 5 iyun doğum gününüzdür, Sizi
təbrik edirik. Bu yaşda özünüzü necə hiss
edirsiniz və bu yaş şairə hansı nostalji
duyğuları yaşadır?
- Xatirələrə dalanda ilk
növbədə özümün kim olduğunu
düşünürəm, bir də təbii ki, bu illər ərzində
qürur duyduğum, utandığım, təkrarı bir daha
ola bilməyəcək anlarım da var. Mənim deyərdim ki,
məsulliyyət hissim hələ də bu yaşımda da
yaşayır.
-
Bu gün səhərdən kimlər zəng edib Sizi təbrik
etdi?
- Telefon vasitəsilə
ilk sizin Modern.az saytı
təbrik etdi. Amma internet vasitəsilə dostlarım,
tanışlarım, əzizlərim
çox sayda təbriklər ünvanlayıblar.
- Bəs kimlərdən zəng gözləyirdiniz, təbrik
umurdunuz, amma onlar zəng etmədilər...
- Mən heç kimdən təbrik ummuram və gözləmirəm.
Belədə ki, hər birinin canı sağ olsun.
- Ürəyinizdən hansısa
bir hədiyyəni almaq keçirmi?
- Mənim hədiyyə almağımı
bir qırağa qoy, heç məclis belə, qurmuram. Amma ailəm hər
zaman mənə hədiyyələr bağışlayır.
Ətir və digər hədiyyələr olur.
- Bu gün əlamətdar günlə bağlı hansısa tədbir olacaq?
- Yubileyim olsaydı dövlət səviyyəsində qeyd olunardı, amma 73 yaşımı heç bir yerdə qeyd etmirəm. Nə Yazıçılar
Birliyində, nə də digər bir qurumda
- Bir neçə dəqiqəlik də olsa, Sizi uşaqlıq
dövrünüzə aparmaq
istərdim. Bizim əvəzolunmaz şairimiz
Səməd Vurğunun
sağlığındakı doğum günlərinizdən
az da
olsa, danışın.
Ata kimi Sizin
doğum gününüzü
necə qeyd edirdi?
- Mən çox qəribə bir məqamlara toxunmaq istəyirəm. Qardaşım Yusifin doğum
günləri həmişə
qonaqlı, səs-küylü
və ədəbi kəsimin nümayəndələri
ilə bol olardı. Xan Şuşinskidən tutmuş böyük yazıçı və şairlər, bəstəkarlar,
tanınmış şəxslərin
hamısı gələrdi
bizə. Qardaşımın doğum günlərini atam belə qeyd edirdi. Amma mən isə öz doğum günüm üçün
həmişə bir tələb edirdim. O
da ki, bütün
bu şəxslərin
doğum günümə
gəlməməsi idi.
Atam da mənimlə razılaşardı və
heç zaman evdə olan demokratiyanı pozmazdı.
Mən öz doğum günümə həyat dostlarımı, tanışlarımı,
sinif uşaqlarını,
daha sonra tələbə yoldaşlarımı
dəvət edərdim.
Bax mən atamın sağlığında belə
bir doğum günü keçirirdim.
- Bəs hansı doğum gününüz
indiyədək yaddaşınıza
həkk olunub ?
- 5 iyun 1939-cu il, yəni
mənim bu dünyaya gəldiyim tarix.
- Bir az da doğum günündə
ilk sevgiliniz ilə yadda qalan anlardan
danışın.
- Hansı haqqında danışım
indi bilmirəm ki... Bəlkə də xasiyyətimdə
yeganə bəyəndiyim
tərəfdi ki, həmişə qadınlara,
qızlara çox diqqətlə yanaşmışam.
- Bu yaşda da o duyğular eyni olaraq qalır?
- Əlbəttə
qalır, inanın dəyişsə, bu ölümə bərabərdi
mənim üçün.
Şair,
yazıçı məhəbbəti
qəlbində yaşatmasa,
qidalandırmasa özü
də yaşaya bilməz.
- Bəs bu doğum
günü sizə heç olmasa iki kəlmə də olsa şeir
yazdıra bildimi?
- İnanın
heç bir söz belə yaza bilməmişəm.
- Bu yaşda özünüzə
nə arzu edərdiniz ?
- Özümə
ancaq arzu edərdim ki, bir neçə il də
yaşayım və istədiklərimi həyata
keçirə bilim. Xatirələrimi yazmaq istəyirəm.
Mənim
həyatım da elə gətirib ki, Səməd Vurğunun oğluyam və bu ailəyə
mənsubam. Atamla, yaşadığımız
anlarla bağlı çoxlu xatirələr,
faktlar var. Bir də ki, cəmiyyəti
maraqlandıracaq ictimai,
siyasi hadisələrin
birbaşa içində
olmuşam. Onları da
"Xatirələr" adı
ilə yazmaq istəyirəm. Bir də elə hadisələr var ki, bunları məndən başqa heç kim
bilmir. Üç, ya dörd ilə bu kitabı
hazırlaya biləcəm.
Könül Səid
Ədalət.-2012.-6
iyun.-S.4.