Firuz MUSTAFA: "Tənqid dağıdıcı, məhvedici yox, ehtiyatlı və ehtiramlı olmalıdır"

 

   "Göydə süzən" direktorun təkcə yolpuluna bir neçə maraqlı tamaşa hazırlamaq olar"

 

   Müsahibim Firuz Mustafanın yaradıcılığı geniş oxucu və tamaşaçı kütləsinə tanışdır. Onun dramaturgiyası öz səhnə həllini tapır və tamaşaçı zövqünü oxşayır, əsərləri xarici dillərə tərcümə olunur və oxunur. Geniş təqdimata ehtiyac görmədən sizi müsahibimlə baş-başa buraxıram. Həmsöhbətim tanınmış dramaturq, yazıçı və filosof Firuz Mustafadır.

    -Firuz müəllim, sizi daha çox dramaturq kimi tanıyırıq. Yazıçılar Birliyində dramaturgiya bölməsinin rəhbərisiz. Hazırda dramaturgiyamızın, teatrlarımızın vəziyyəti sizi qane edirmi?

    -Dramaturgiya ədəbiyyatın unikal janrlarından biridir, bütün dünya ədəbiyyatında dramaturqlar həmişə barmaqla sayılacaq qədər az olub. Bu fikrə qüvvət üçün deyim ki, məsələn, bizim Yazıçılar Birliyinin üzvlərinin doxsan faizini şairlər təşkil edirsə, burada uzaqbaşı bir faizə qədər professional dramaturq tapmaq olar. O ki qaldı dramaturgiyanın, teatrların hazırkı durumuna, buna bir-iki kəlmə ilə qiymət vermək çətindir. Məcburam ki, basmaqəlib, standart ifadələrlə cavab verim: uğurlar da var, uğursuzluqlar da...

    -Azərbaycan teatrına kifayət qədər tamaşaçı marağının olmamasını nə ilə izah edərdiniz? Sizcə, bunun günahını kimdə axtarmalıyıq, dramaturqda, rejissorda, aktyorda, yoxsa tamaşaçı zövqünün olmamasında?

    -Maraqlı tamaşaların meydana gəlməməsinin səbəbini adətən, rejissor dramaturqda, dramaturq rejissorda, aktyor tərəflərin hər ikisində, tamaşaçılarsa bütövlükdə teatrda görürlər. Mən də tamaşaçılarla razıyam. Amma... Mənə elə gəlir ki, bu qarşılıqlı ittihamlarda ən az haqlı olan rejissorlardır. Ona görə ki, bizdə kifayət qədər qüvvətli dramaturji nümunələr var. Əgər rejissorlar bizdə dramaturq azlığından və ya yoxluğundan şikayətlənirlərsə, milli dramaturgiyaya ağız büzürlərsə, onda qoy zəhmət çəkib əcnəbi dramaturgiya nümunələrinə müraciət etsinlər. Bəyəm Şekspir və ya Çexov dramaturgiyası "ölüb"? Düzdür, klassiklərə müraciət edən rejissorlarımız da az deyil. Amma son illərdə biz hansısa bir diqqətçəkən tamaşa görməmişik. Bəlkə siz hansısa qeyri-adi bir tamaşaya baxmısız? Deməli, ortada dramaturgiya nümunələri var, fəqət onu təqdim etməyi bacaran rejissor yoxdur və ya belələri çox azdır.

    -Sizcə, səbəblər təkcə saydığınız amillərlə bağlıdır?

    - Başqa səbəblər də var. Bu gün əksər teatrlarda "qocalma" müşahidə olunur. İstedadlı gənclərin əksəriyyəti depressiya içindədir. Bəlkə mən səhv edirəm, onda siz son zamanlar hansısa teatrda "parlayan" istedadlı bir gəncin adını çəkin. Halbuki bizdə istedadlı gənclər çoxdur, sadəcə, onların üzə çıxması üçün şərait lazımi səviyyədə deyil. İndi hanı ötən əsrin 60-çı illərində səhnəyə gəlib sənətdə öz sözünü demiş istedadların davamçıları? Hanı bu günün Tofiq Kazımovu, Hüseynağa Atakişiyevi? Onlardan sonra niyə teatr məktəbi yaradan rejissor meydana gəlmir?

    -Sizə elə gəlmirmi ki, bu cür "qocalma" dramaturgiyada da müşahidə olunur?

    - Mən sizinlə razıyam. Elə təkcə o faktı nəzərə çarpdırmaq olar ki, "Azdrama"da əsəri səhnəyə qoyulan ən "gənc" müəllifin yaşı çoxdan altmışı keçib. Amma teatrın direktoru deyəsən çox romantikdir, çünki o, "böyük sənəti" yerdə yox, göydə axtarır; mən mətbuatdan oxuyuram ki, bu adam az qala hər ay bir ölkəyə uçur və xaricdə rejissor, dramaturq axtarır. Milandan vurub Moskvadan çıxan, Gürcüstandan vurub Türkiyədə qərar tutan "teatr mücahidinin" təkcə yoluna xərclənən vəsaitə bir neçə maraqlı tamaşa hazırlamaq olar. Mənim üçün maraqlıdır: görəsən rejissor və dramaturqu əcnəbi ölkələrdə axtaran müdir, tamaşaçını haradan tapıb gətirəcək? 

    -Xarici dramaturgiyaya müraciət etmək məncə, yaxşı haldır.

    -Söz yox ki, mən bunları deyərkən mühafizəkarlıq edib dünya rejissor və dramaturgiyasına müraciət etməyi "topa tutmaq" niyyətində deyiləm. Sadəcə olaraq, bu sözləri deyərkən "göydə süzən" direktorun teatrda apardığı ilkin "islahatlardan" çıxış edirəm. Bu adam işə başlayandan bəri iki "mühüm islahat" aparıb. Bir baxın, onun teatra qədəm qoyan kimi apardığı ilk "islahat" nədən ibarət olub? Aktyorları işdən azad etməkdən. İkinci "böyük islahat" isə işdən qovulan adamların bir qisminin təzədən işə bərpa olunmasıdır. Görürsüzmü nə böyük "islahatlar" həyata keçirilib?

   -Sovet dövründə teatr sənət məbədi sayılırdı. Sizcə, hansı səbəblərdən teatr bu missiyasını qoruya bilmədi?

   -Bilirsizmi, mən dəfələrlə demışəm, yenə də deyirəm: teatr muzey deyil. Ora cansız eksponatların asıldığı yer yox, canlı ruhların dolaşdığı məkandır. Bizim teatrlar gözəl təmir olunub. Çox gözəl! Oraya xaricdən qonaqlar gəlir, beynəlxalq tədbirlər keçirilir. Çox əla. Bəs tamaşalar necə, binalara layiq səviyyədədirmi? Bəyəm yaxşı tamaşanı binanı yaxşı təmir edən iş icraçısı və ya təmirə pul ayıran ölkə başçısı hazırlamalıdır? Bəli, teatrın, mədəniyyətin bir adı da məbəddir və o məbəddən təkcə günahkarlar yox, saf adamlar da keçir. Ümumiyyətlə, mən belə hesab edirəm ki, ədəbiyyat, böyük ədəbiyyat əbədiyyətin ekvivalentidir.

   - Siz əsərləri ən çox tamaşaya qoyulan dramaturqlardan birisiz. Səhv etmirəmsə, müxtəlif teatrlar otuzdan çox pyesinizə quruluş verib. Ümumiyyətlə, teatrların öz fəaliyyətini gücləndirməsi üçün hansı təkliflər irəli sürürsüz?

   - Mənim bu konuda, bu istiqamətdə konkret təkliflərim zaman-zaman mətbuat səhifələrində özünə yer alıb. Yəqin ki, gələcəkdə təkliflərim olacaq. İndiki halda təkcə onu deyə bilərəm ki, hər bir teatrın öz yaradıcılıq konsepsiyası olmalıdır. Teatr rəhbərləri geniş düşüncəli, yüksək ədəbi-estetik zövqə malik, şəxsı eqo ambisiyadan uzaq adam olmalıdır. Teatra öz hikkəsini yeritmək niyyətində bulunan məmur yox, canında sənət eşqi yanğısı olan yaradıcı şəxs rəhbərlik etməlidir.

    -Siz eyni zamanda filosofsunuz. Məncə, Azərbaycanda fəlsəfə o qədər inkişafda deyil. Fəlsəfənin, fəlsəfi fikir məktəbinin formalaşması, dünya arenasına çıxması üçün hansı addımlar atılmalıdır?

   - Bilirsizmi, indi klassik anlamda qəbul edilən fəlsəfə az qala bütün dünyada "böhran" keçirir. Filosoflar var, amma bunlar tədqiqatla və ya tədrislə məşğul olan filosoflardır. Yeni fəlsəfi ideya, doktrina və nəzəriyyələrin meydana gəlməsi üçün ən azı obyektiv şərait və situasiya yaranmalıdır. Adətən yeni mühit və yeni təfəkkür tərzi yeni fəlsəfi paradiqmaların yaranması üçün təkanverici rol oynayır. Bu gün praqmatizm idealizmi üstələyib. Sistemli fəlsəfi təlimləri mozaik fəlsəfi motivlər əvəz etməkdədir. Köhnə olan baxışlar yeni əlbəsədə zühur etmədədir. Poststrukturalizm, postrealizm, postneoklassizm, postmodernizm, postindustrializm... Təkcə "post" təzədir, onunla adı yanaşı çəkilən "dost" isə (mən ilkin nəzəriyyələri nəzərdə tuturam) köhnə tanışdır.

   -İstərdim ki, nasir kimi fəaliyyətinizdən danışaq.  

   - "Dəniz köçü" adlı povestim 5-6 dilə (rus, ingilis, alman, fransız, fars s.) tərcümə edilib. "Cənnət çiçəyi" romanımı başa çatdırmaq üzrəyəm. Hekayə monohekayələrim nəşr üçün hazırdır.

   -Yaradıcılığınızda hansı yeniliklər var?

   -"Qloballaşma mədəniyyət" adlı monoqrafiyam, "Sklerozlar üçün yaddaş", habelə bir sıra pyeslərim çapdan çıxıb. Bir müddət öncə təsisçisi olduğum "Teatr" jurnalının ilk sayı tərtib etdiyim "Yüz türk etnosu" adlı ensiklopedik sorğu kitabı nəşr edildi. Ötən il Gəncə Dövlət Dram teatrında "Vida marşı", Qazax Dövlət Dram teatrında isə "Neytral zona" adlı pyeslərimin premyerası oldu. Yeri gəlmişkən, qeyd edim ki, filosof-ədəbiyyatşünas Sabir Bəşirov məndən xəbərsiz yaradıcılığımla bağlı bir kitab yazıb-"Firuz Mustafa: İdrakla hissin vəhdəti" adlı həmin əsər bir-iki günə çapdan çıxır.

   -Ümumiyyətlə, ədəbiyyatımızın bugünkü vəziyyəti sizi qane edirmi ?

   -Qane edən əsərlər var.

   - Gənclər çox vaxt özündən yaşlı nəsli tənqid edir. Amma nədənsə gənclərin sizə qarşı münasibəti çox yaxşıdır. Bu ilə bağlıdır? Sizi üçün tənqid etmirlər?  

   - Görünür, ya mənim yazdıqlarımı oxumurlar, ya da oxuyub tənqid etməyə bir şey tapmırlar. Əlbəttə, bu, bir zarafatdır. Arabir məni tənqid edirlər. Uzun illərdir ki, tələbə, magistr aspirantlara fəlsəfə mədəniyyətlər tarixindən dərs deyirəm. Onların arasında indi tanınmış ədəbi simalar da az deyil. Mən bəzi gənclərin ədəbiyyatı təftiş etməsini, tanınmış ədəbi simaları təhqir etməsini, az qala neoproletkultçuluqla məşğul olmasını qəbul etmirəm. Doğrudur, köhnənin kor-koranə qəbul olunmasına da yaxşı baxmıram. Sənətdə, ədəbiyyatda, lap elə elmdə bir özündən əvvəl yaradılanlara tənqidi baxış, hətta müəyyən mənada bir inkarçılıq da olmalıdır, bunsuz inkişaf ola bilməz. Amma bu, dağıdıcı, məhvedici yox, ehtiyatlı ehtiramlı inkar olmalıdır. Oğullar ataları kor-koranə qəbul edib onları təqlid etməməlidirlər. Sözün yaxşı mənasında hər nəslin öz inqilabı olmalıdır, elə ədəbiyyatda da.

   -Azərbaycan Yazıçılar Birliyi bu yaxınlarda yazıçı şairlərə ev verdi. Siz bu barədə ümumiyyətlə, danışmırsınız. AYB-nin bu addımı haqqında kifayət qədər tənqidi fikirlər səsləndirənlər var. Sizcə, bu bölgü ədalətlə həyata keçirildimi?

   - Bizim birlikdə adətən kimin hansısa şəxsi problemi həll olunursa, təqdiredici, kimin hansısa işi düzəlmirsə, tənqidi notlarla danışır. Rəhbərliyi təmsil edən şəxslər demək olar ki, bir ağızdan: "Yazıçılar Birliyi mənzil verməyə borclu deyil"-deyə, iddialar irəli sürürlər. Bu, kökündən yanlış fikirdir. Yaradıcılıq birlikləri, o cümlədən AYB heç kəsə nə yazmaq öyrədir, nə istedad verir, nə də ilham pərisi bəxş edir. Bütün dünyada yazarların könüllü ittifaqı nəticəsində təsis olunmuş bu tipli qurumlar (adı klub da olan var, mərkəz də, sindikat da) yalnız bir işlə məşğul olur: öz üzvlərinin məişət şəraitinin yaxşılaşdırılması ilə. Və bunun üçün ən müxtəlif vasitələr, yollar axtarır və layihələrdə iştirak edir. Yaxşı, bəs yazıçının evi olmamalıdır?

   -Gənc yazarlardan kimləri oxuyursunuz? Ümumiyyətlə, yeni yaranan ədəbiyyata iradınız, tənqidiniz varmı?

   -Demək olar ki, bütün istedadlı gəncləri oxuyuram. Onların bir çoxu haqqında mətbuatda yazmışam, gələcəkdə də yazacam. Mən indiki ədəbi gəncliyi alqışlayıram, təqdir edirəm; ortada maddi bir stimul yox, qonorar yox, mənzil yox, mükafat-təltif yox, amma bütün bunlara baxmayaraq, onlar ədəbiyyatın təəssübünü çəkirlər.

   - Hazırda nə yazırsınız? Zəhmət olmasa, gələcək planlarınızdan danışın.

   -Gələcək planlarım barədə bir söz deyə bilmərəm. Axı bu yaradıcılıq deyilən şey heç bir normativə uyğun gəlmir. Oxucuya yekə-yekə vədlər verən, illüziyalarla dolu planlar quran, yazacağı əsərlərin sayından-sanbalından ağızdolusu söz açan və sonucda əli "quru yerdə" qalan "ədəbi generallar"ı çox görmüşük... Yaradıcılıqda keçmış var, gələcək yoxdur.

 

 

   Cəlil CAVANŞİR

 

   Ədalət.-2012.-6 iyun.-S.5.