Bu tibb ocağı Şirvan şəhərindədir

 

   (Əvvəli ötən sayımızda)

  

   Baş həkimin dediklərindən

  

   Yeddi hektara yaxın ərazisi, müxtəlif ağaclardan ibarət yaşıllığı, xüsusi səliqə-səhmanı olan Şirvan Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi, təcrübəli cərrah Fərhad Sabir oğlu Səfərovla görüşümüzü günün ikinci yarısına təyin etmişdik. Öz işi ilə bərabər ən müxtəlif qayğılarla ona müraciət edənlərə belə vaxt ayıran baş həkimlə haqqında danışdığımız poliklinikada görüşdük. xalatlıların bu təmiz, səliqəli tibb müəssisəsində pasentlərə göstərdikləri qayğı görüşə qədər ki, müşahidəm idi. Bu təəssüratı hiss edən Fərhad müəllim məmnunluqla söhbətə başladı:

   -Bizim xəstəxana elə əvvəldən adı ehtiramla çəkilən tibb ocağı olub. Son vaxtlar burda aparılan təmir-tikinti, abadlıq işlərini də deməyə ehtiyac yoxdur. Çünki görünən dağa nə bələdçi? Bu işlərin görülməsinin əsas ağırlığı bizim nazirliyimizin çiynində olub. Biz də çalışmışıq ki, müəyyən sahələrdə imkanımız çatan qədər onlara köməkçi olaq.

   Kollektivimizin bu gün ümumi sayı 1081 nəfərdir. Onlardan 223 nəfəri həkim, 460 nəfəri tibb bacısı, yerdə qalanlar isə texniki işçilərdir. Kollektivimiz sağlam, münasibətlərimiz səmimi və istidir. Bunun bir səbəbi də odur ki, kollektivin əksər üzvləri bir-birini yaxşı tanıyırlar, çünki onlar uzun illərdir bir yerdə çalışırlar.

   Hər bir xəstəyə xüsusi diqqət ayırırıq. Əvvələn, bu, bizim peşə borcumuzdur, sonra da belə olmasaydı ətraf rayonlardan bizə müraciət edənlər belə çox olmazdı. Gördüyün binalarla bərabər vərəm şöbəsini də günün tələbləri səviyyəsində təmir etmişik. Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasını demək olar ki, yenidən qurmuşuq, mövcud tələblərə cavab verən xüsusi maşınlar almışıq. Çalışmışıq ki, xəstəxanamızda köhnə avadanlıqlar yer qalmasın.

   Nazirliklə bərabər, şəhər rəhbərliyi də bizə həmişə dəstək olub. Çalışırıq ki, bizə olan inamı, hörməti doğruldaq. Prezidentimiz İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı hər sahədə olduğu kimi tibb müəssisələrində də beləcə uğurla həyata keçirilir. Belə, qalanlarını da köhnə dostun Saleh Nəzərov deyər.

   Baş həkim tələsdiyini beləcə ifadə etdi.

 

   Hər xəstə xüsusi diqqət tələb edir

 

   Uzun müddət Şirvan Şəhər Mərkəzi Xəstəxanasında çalışan, baş həkimin müavini Saleh Nəzərovun qəbulunda xeyli adam olmasına baxmayaraq vaxt tapıb söhbətləşə bildik:

   - Həmişə belədir. Neyləyək, insanları narazı salmaq olmaz, onda da əksəriyyəti xəstə ola. Bəri başdan deyim ki, hər şey dövlətdən, yaxud onun xəstəxanasından umanların sayı son vaxtlar bir qədər çoxalıb. Onlardan bəziləri, yəni güzəştli olmayan xəstələr bizdən müxtəlif dərman preparatlar tələb edirlər. Onlara izahat verib başa salmağa da xeyli vaxt, səbr lazımdır. Öyünmək üçün demirəm, son vaxtlar bizim xəstəxanalarda görülən yenidənqurma işlərindən bəlkə də az-az olar. Müasir avadanlıqlar bizim köməyimizə indi daha yaxşı çatır. Planetimizdə yayılan çox qorxulu yolxucu xəstəliklərə qarşı mübarizəmizi gücləndirmişik. Şəkərli diabet xəstələrimizi daim nəzarətdə saxlayırıq, onları dərman preparatları ilə həmişə təmin edirik. Gördüyün o doğum evinin işi son vaxtlar lap çoxalıb. Orada dünyaya gələn 1500-1550 nəfər körpənin 30-35 faizi ətraf rayonların payına düşür. Çünki burda şərait var, insanlara isti münasibət, həkim nəzarəti var. Xəstəxanamızın təcrübəli həkimləri çoxdur. Kardioloq Əfsər Nəcəfov, cərrah Akif Rüstəmov, uroloq Ağali Məmmədov, nevropotoloq Sabir Azayev sayılıb-seçilən həkimlərdəndir.

 

   "Narkomaniya bir bəladır"

 

   Bu sözləri də baş həkmin müavini dedi. Dəqiq rəqəm deməsə də söhbətindən məlum oldu ki, Şirvan şəhərində rəsmi qeydə alınan belə xəstələrin sayı narahatedicidir. Əksəriyyəti gənc olan belə xəstələr narkoloji dispanserdə nəzarətdə saxlanılır:

   - Nəinki, şəhər xəstəxanasında, eləcə də başqa yerlərdə aparılan təbabətə baxmayaraq onların sayı çoxalır. Məktəblərdə, idarə və müəssisələrdə, ictimai yerlərdə mütəmadi tədbirlər keçiririk. Sakinlərimizə, xüsusən də gənclərimizə başa salmağa çalışırıq ki, bu qorxulu xəstəlikdən qorunun, narkomaniya təkcə insanların özlərini məhv etmir, həm də sağlam nəslin yetişməsinə çox böyük zərbə vurur. Bizim gələcəyimiz də sabahkı uşaqlardan aslıdır. Belə təbliğat şübhəsiz nəticəsiz qalmır. Bir məsələni də qeyd edim ki, bu mübarizədə hamımız əlbir olmalıyıq. Ətrafdakı narkoman övlad, sabah bizimlə qohum da ola bilər. Ona görə də bizim hamımız, bütün cəmiyyət bununla mübarizə aparmalıdır.

   Həkimin sözlərindəki həqiqəti bütün çılpaqlığı ilə doğurdan hamı dərk etməlidir.Sonra gec ola bilər.

   Şirvan Şəhər Mərkəzi Xəstəxanasının qayğıları çoxdur. Nə yaxşı olardı ki, nəinki, Şirvan şəhərində, ölkənin bütün regionlarında həkimlərin xəstə sarıdan daim korluqları olsun.

 

 

   Səxavət Məmmədli

 

  Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

 

  Ədalət.-2012.-6 iyun.-S.7.