Bədii ədəbiyyat tərcüməçiləri

 

   Onların ikinci beynəlxalq elmi məktəbi

 

   Rusiya Federasiyasının Moskva Dövlət Linqvistik Universiteti və Bakı Slavyan Universiteti MDB-nin üzv dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə 5 - 7 iyun 2012-ci il tarixlərdə "MDB ölkələri ədəbiyyatlarının bədii tərcüməsinin aktual problemləri" mövzusunda Beynəlxalq simpozium və eyni zamanda "MDB ölkələri bədii ədəbiyyat tərcüməçilərinin ikinci beynəlxalq elmi məktəbi" fəaliyyətə başlamışdır.

   Simpoziumun işində rus dilindən MDB ölkələrinin dillərinə və əksinə bədii tərcümə sahəsində fəaliyyət göstərən 100-ə yaxın alim və mütəxəssis iştirak etmişdir.

   Simpoziumda aşağıdakı problemlər üzrə müzakirələr nəzərdə tutulub: 1) MDB ölkələrində bədii tərcümə sahəsində vəziyyətin təhlili və müzakirələrin nəticələri nəzərə alınmaqla, tövsiyələrin hazırlanması; 2) Rusiya Federasiyası və MDB dövlətləri aparıcı ali təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə Beynəlxalq bədii tərcümə mərkəzinin və Ekspert Şurasının yaradılması.

   MDB dövlətləri bədii ədəbiyyat tərcüməçilərinin ikinci məktəbində tərcüməni tədris edən müəllimlərin və fəaliyyət göstərən bədii ədəbiyyat tərcüməçilərinin ixtisaslarının artırılması nəzərdə tutulur. Burada klassik nəsr, bədii və uşaq ədəbiyyatları, poetik və publisistik nümunələrin tərcüməsinin və eyni zamanda, bədii ədəbiyyat tərcüməçilər hazırlığının elmi və praktik problemlərinin müzakirəsinə həsr olunmuş dəyirmi masaların və ustad dərslərinin keçirilməsi planlaşdırılmışdır.

   Simpozium və gənc tərcüməçilərin ikinci məktəbi bədii tərcümə sahəsində peşəkarlığın və MDB məkanında bədii ədəbiyyat naşirləri ilə yazıçı-tərcüməçilər arasında əməkdaşlığın inkişafını stimullaşdırmaq məqsədi daşıyır. Simpoziumun və gənc bədii ədəbiyyat tərcüməçiləri ikinci məktəbinin işində Azərbaycanın, Rusiyanın, Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Moldovanın, Tacikistanın, Özbəkistanın və Ukraynanın dövlət orqanlarının, aparıcı təhsil və elm müəssisələrinin, ictimai təşkilatlarının, "Tərcümə İnstitutu" Muxtar qeyri-kommersiya təşkilatının nümayəndələri iştirak etmişlər.

   Simpoziumun və bədii ədəbiyyat tərcüməçilərinin ikinci beynəlxalq məktəbinin açılışı 5 iyun tarixində BSU-nun Akt zalında gerçəkləşdi. Tədbiri BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev açaraq qonaqları salamladı və xüsusilə MDLU-in rektoru professor İrina İvanovna Xaleyevaya BSU-nun xaricdə ilk Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin məhz MDLU-da yaradılmasında köməklik göstərdiyinə görə səmimi təşəkkürünü bildirdi: "BSU-nu və Moskva Dövlət Linqvistik Universitetini uzunmüddətli dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Bizim birlikdə bir çox layihələrimiz, qarşıya qoyduğumuz məqsədlərimiz vardır və bu əməkdaşlığın nəticəsi kimi, bu il MDLU-da azərbaycan dili üzrə ixtisaslaşmış tərcüməçilərin ilk buraxılışı olacaq". Simpoziumun əhəmiyyətindən danışan professor K.Abdullayev bu tədbirin tərcümə sahəsində fəaliyyət göstərən hər bir kəsə faydalı olacağını da vurğuladı: "Mən inanıram ki, birgə keçirəcəyimiz bu əhəmiyyətli tədbir tərcümə sahəsində çalışanları bir araya gətirəcək, onların yaradıcılığına yeni təkan olacaq". Kamal Abdullayev çıxışının davamında BSU-nun "Filoloqun kitabxanası-100" layihəsi çərçivəsində gördüyü əhəmiyyətli işlərdən ətraflı söhbət açaraq simpozium iştirakçılarını tərcümə olunmuş və tərcüməsi nəzərdə tutulan nəşrlərlə tanış etdi. 

   MDLU-in rektoru, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü professor İ.İ.Xaleyeva postsovet məkanında humanitar əməkdaşlığın inkişafına, eyni zamanda tərcümə sahəsində göstərdiyi əvəzsiz xidmətlərə görə professor K.Abdullayevə və onun rəhbərlik etdiyi kollektivə dərin təşəkkürünü bildirdi, bu tədbirin nəticəsində Bakının sözün əsl mənasında bədii ədəbiyyat tərçüməçilərinin məkanına çevriləcəyinə ümidini bildirdi: "Əminəm ki, əldə etdiyimiz nəticə təkcə gənc tərcüməçilərin bir-biri ilə ünsiyyətdə olmağına deyil, həm də MDB ölkələri arasında humanitar əməkdaşlığın inkişafına böyük təkan verəcəkdir. Mən inanıram ki, bu simpoziumla tərcüməçiliyin, bədii ədəbiyyat tərcüməsi işinin vacibliyini bir daha diqqətə çatdırmış olacağıq".

   MDB-nin İcra Komitəsinin sədri - MDB-nin icraçı katibi S.N.Lebedevin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun və MDB-nin üzv dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun rəhbərliyi adından təbrik məktubları səsləndirildi.

   Millət vəkili Asim Mollazadə simpoziumun və bədii ədəbiyyat tərcüməçilərinin ikinci beynəlxalq məktəbinin fəaliyyətini təqdirəlayiq hesab etdi, vurğuladı ki, mədəniyyətlərin zənginləşməsi üçün digər mədəniyyətləri öyrənmək lazımdır ki, bu da tərcümə vasitəsilə həyata keçirilir.

   Sonra İrkutsk Dövlət Linqvistik Universitetinin rektoru prof. Q.D.Voskoboynik, Ryazan Dövlət Universitetinin rektoru prof. İ.M.Şeyna çıxış edərək simpoziumun işinə uğurlar arzuladılar

   Qeyd edək ki, simpoziumun bir iş gününün Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulub.

   Bakıda keçirilən bu tədbirlər MDB ölkələrində gənc bədii ədəbiyyat tərcüməçilərinin peşə hazırlığı səviyyəsinin artmasına xidmət edəcək. Burada tərcüməçi hazırlığında vahid yanaşmanın formalaşması proqramı, MDB ölkələri dillər və mədəniyyətlər üzrə baza təşkilatlarının nəzdində MDB Tərcüməçilərinin Ekspert Şurası təsis olunacaq, MDB iştirakçısı olan ölkələrin təhsil strukturları, mətbuat və kütləvi kommunikasiya qurumları arasında qarşılıqlı əlaqələrin uzunmüddətli inkişaf proqramı müəyyənləşəcəkdir.

  

 

   ƏBÜLFƏT

 

   Ədalət.-2012.-6 iyun.-S.8.