KÖHNƏ KİŞİLƏR
Bir
hekayədən doğan təəssürat
Adətən yazı yazmağa
başlayanda ürəyimi tərpədən, duyğuları
dilə gətirən və adi məntiqlə desəm, məni
"kökləyən" məqamdan yapışıram. Elə
o məqam da həm yazıma ipucu olur, həm də demək
istədiklərimə. Nə vaxtdı yazı masamın
üzərində dostların
bağışladığı bir neçə kitab
üst-üstə yığılıb. Onların bəzilərini
artıq oxuyub bitirmişəm, bəzilərini gözdən
keçirmişəm, bəzilərinə isə demək olar
ki, hər gün qayıdıram. Bax elə hər gün
qayıtdığım kitablardan biri barəsində yazmaq istəyirəm.
Çünki ona yaman vurulmuşam. Allah rəhmət eləsin
Akif Səmədə. Hər dəfə rəhmətliklə
qarşılaşanda ləngərli yerişi, ləngərli
söhbətləri, başındakı papağı mənə
o kişiləri xatırladırdı. O kişiləri, yəni
köhnə kişiləri!!! Və hər söhbətimizdə
də mən ona "köhnə kişi" deyə
müraciət edirdim. Hətta barəsində
yazdığım yazıda da bu dünyanı daha bir Köhnə
Kişini itirməkdə qınadım. Neyləmək olar, həyatdı.
Böyük Səməd Vurğun demiş:
Bir yandan boşalır, bir yandan
dolur,
Sirrini verməyir sirdaşa
dünya.
Hə, qarşımdakı kitab
"Yollar uzanan gün" adlanır. Mən bu kitabdakı
hekayələrin, esselərin bir çoxu barəsində
öz fikirlərimi yazmışam. Ancaq toplum halında
qarşımda olan kitabda mətbuatdan oxumadığım və
yaxud diqqətimdən yayınmış yazılara da rast gəldim.
Onlardan biri də məhz "Köhnə kişilər"
idi. Elə o "köhnə kişi" ifadəsi dərhal
məni çox-çox uzaqlara çəkib apardı. Öz
kəndimiz, öz el-obamız, eləcə də qonşu kəndlərdə
görüb tanıdığım köhnə kişilər,
həmçinin Akif Səməd yadıma düşdü.
Xatırladım bütün olanları. Xatırladıqca da
kövrəldim, kövrəldikcə də içimdə o
köhnə kişilərdən bu dünyada çox az
şeylərin qaldığına ağrıdım.
Ağrıdığım üçün də
sızıldadı ürəyim, sızıldadı
duyğularım. İstər-istəməz Köhnə
Kişilərin bir sözü yadıma düşdü:
- Etibarsız dünyagnamərd
dünya...
Doğrudan da namərd olduğu qədər
də etibarsızdı bu dünya, alıb aparır hər
şeyi. Nə ovcu dolur, nə gözləri. Neyləmək
olar? Əslində, heç nə...
Bəli, oxuyuram "Köhnə
kişilər"i, özü də təkrar-təkrar.
Oxuduqca da müqayisələr aparıram. Bilmirəm bu
uğurludu, ya uğursuz, amma bu Bəhruzla mənim həyatımdakı
oxşarlıqlardan göyərir, bəhrələnir.
Doğrudu, həyatda Bəhruzun və mənim mövqeyim xeyli
fərqlənir. Çünki o, məmurdu, mən isə qələm
adamıyam. Amma buna baxmayaraq, Bəhruzun iç
dünyasında məmurluğu küncə sıxan, ona
çox əl-qol açmağa imkan verməyən bir
qılınc da var, söz qılıncı. O qılınc
Köhnə Kişilərin əlindədi... O qılınc
köhnə kişilərin əli ilə zindanda
döyülüb bülövlənib. Özü də o qədər
ustalıqla suvarılıb ki, hətta qələmi də əvəz
edir. Ona görə də Bəhruz Köhnə Kişilərdən
qopub ayrıla bilmir, onların dünyasında
özünü narahat hiss etmir. Əksinə, öz yerini
tapmış adam kimi oturub-durur.
"Köhnə kişilər"
hekayəsində ən diqqəti çəkən məqam Bəhruzun
ata evində aldığı ilk tənbehdi. Təsəvvür
edin ki, məmur Bəhruza qonşu öz oğluna filan vəzifəni
verməyi xahiş edir. Bəhruz isə nə qonşuluğu,
nə yeri, nə məkanı nəzərə almadan sərt
şəkildə Seyfullaya deyir: "Seyfulla, sənin istədiyin
o vəzifəni oğluna verə bilməyəcəm. Axı
sənə demişəm, bəs məni nədən bu qədər
incidirsən, üz vurub, qısma-boğmaya salırsan?
Yaxşı deyil axı..."
Bu kiçik insident böyük bir
ibrət dərsinin sanki qığılcımı olur və
Bəhruzun atası oğlunun məmurluğunu, vəzifəsini,
qonaq gəlməyini, hətta ortalıqdakı süfrəni
belə nəzərə almadan ötkəm səslə deyir:
"Ə, Bəhruz, bir mənə bax! Sən kimsən ki, mənim
qapımda qonağıma söz deyirsən, evimə gələnə
irad tutursan?"
Əslində bu bir dialoq deyil. Bu bir tərbiyə
üsuludu, əxlaq dərsidi. Bir az da dərinə getsək,
bu həm də böyüklüyün, müdrikliyin,
dünya görüşünün açıq ifadəsidi.
Burda son dərəcə böyük mənalar
sıralanır. Atanın yerini unutmaq, evin
böyüyünü görməmək, qonağa
sayqısızlıq, öz evində ədalı olmaq, nəhayət,
süfrəni nəzərə almamaq. Bax, bütün bunlar Bəhruzun
məmurluğunun görünən tərəfidi. Amma
atanın bir kəlməsi həmin o məmurluqdan gələn
nə varsa, hamısını yığıb atır bir tərəfə.
Bununla da böyük və Köhnə Kişilərin iradəsi
gəlir ortaya. Heç kim cınqırını da
çıxarmır. Çünki köhnə kişilər
sözü havaya demirlər... çünki köhnə
kişilər çörəyi də, sözü də hər
şeydən yuxarıda görürdülər və bir də
Köhnə Kişilər sözün yerini bilirdilər.
Mən bu hekayəni bir neçə
dəfə oxumuşam. Bəhruzun keçirdiyi hisslər,
daldığı xatirələr mənə çox
doğmadır. Amma Bəhruzun məndən bir
üstünlüyü var. O da həmin o Köhnə Kişilərin
yaşadığı yerlərə baş çəkmək
imkanıdı, o yerləri ziyarət etmək faktıdı. Mən
yalnız yuxularda, həyatımın ilk illərində
gördüyüm Köhnə Kişiləri ziyarət edirəm.
Yaxşı ki, bu hekayə yazılıb...yaxşı ki, bu
hekayəni oxudum və bir də xəyalən o yerlərə
gedə bildim...
Düşündüklərimi
burda tamamlamaq istəyirdim. Amma mümkün olmadı, Köhnə
Kişilər imkan vermədi. Çünki həmin hekayənin
sonundakı məqam da o Köhnə Kişilərdən gəlir.
Bəhruz: "Qədirxan, bu daylağın boyu niyə
çıxmadı, belə balaca qaldı?"- deyə xəbər
aldı.
-Bəhruz müəllim, bu daylaq
Şəkil madyanın Allah bilir neçənci
balasıdı"...
Bu Köhnə Kişilərə
gedib çıxan bir izdi... təsərrüfata, həyata
bağlılıqdı və bir də yaxşı at kişi
üçün çox şey deməkdir...
Hekayə belə qurtarır:
"Ya qismət, yaşasaq
baxarıq, bəlkə minə bildim..."
Hə, dünyadı da, çalışaq yaşayaq. Yaşayaq, həm də baxaq. Baxaq, həm də o Köhnə Kişilər kimi çalışaq ki, yaxşı atlara minək. Qisməti unutmamaq şərti ilə.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2012.-7
iyun.-S.6.