Hacıqabul
yeni inkişaf mərhələsində
Keçən əsrin sonlarında
- 1991-ci ildə- rayon kimi həyata vəsiqə alan
Hacıqabul rayonu ölkədə gedən uğurlu
inkişafın bütün sahələrində öz dəst-xəttini
qoymaqdadır. Son illər simasını büs-bütün dəyişən
rayon mərkəzi - Hacıqabul şəhəri - dediklərimizə
əyani sübutdur. Şəhərin əsas
yaşayış massivi ilə bərabər
bütünlükdə aparılan abadlıq-quruculuq işlərinin
miqyası hər gün böyüməkdədir.
Küçələri asfaltlaşdırılır, səkilər
yenilənir, köhnə binalar təmir edilir, yeni inzibati binalar
inşa olunur.
Şəhərin girişində
inşa edilmiş yeni inzibati binalar isə kiçik bir şəhərciyi
xatırladır. Heydər Əliyev parkının, muzeyinin və
heykəlinin ucaldığı məkan çox mənzərəlidir.
Rayon İcra Hakimiyyətinin əsaslı təmirdən
sonrakı inzibatı binasının, maliyyə və təhsil
şöbələrinin, Sosial Müdafiə Fondunun, Əmək
və Əhalinin Sosial Müdafiə Mərkəzinin,
"Kapital bank"ın, Baytarlıq idarəsinin, əlil və
şəhid ailələri üçün yaşayış
binasının və digərlərinin yerləşdiyi bu ərazi
şəhər haqqında çox gözəl təəssürat
yaradır.
Rayon mərkəzinin içərlərinə
uzanan rahat avtomobil yolunun hər iki tərəfindəki
müasir işıqlandırma sistemi gecələr bu şəhərə
başqa bir hüsn verir. Yolun kənarlarında milli ornamentlərlə
bəzənmiş daş hasarlar, sütunlar, şəbəkələr
hər bir insanda xoş ovqat yaradır. Şəhərin
çıxışında, yolun kənarında aparılan
tikinti-abadlıq işləri də prossesin davam etməsindən
xəbər verir.
Paytaxtdan şəhərə uzanan
yolun başlanğıcında tikilməkdə olan
böyük və yaraşıqlı bayraq meydanında tezliklə
Azərbaycanın üç rəngli rəmzi dalğalanacaq.
Kəndçinin
çörəyi torpaqdan çıxar
Bu rayonda yaşayan insanların əsas
məşğuliyyəti əkinçilik və
heyvandarlıqdır. Ta qədimdən bu aqrar sahəyə
xüsusi fikir verən rayon sakinləri bu ənənəni
indi də yaşadırlar. Bu ilin ilk 3 ayında
bu tendensiya bir az da inkişaf etdirilmişdir. Bu ilin məhsulu üçün 11650 hektar
sahədə taxıl
əkilmişdir. 360 hektar
tərəvəz, 647 hektar
bostan, 28 hektar kartof da bu
il məhsul
verəcək.
Hacıqabulda heyvandarlığın inkişafı bu ilin ilk rübündə ürəkaçan olmuşdur.
Ötən ilin müvafiq
dövrü ilə müqayisədə süd
istehsalı 224 ton artaraq
4499 tona çatdırılmışdır.
Ət istehsalının həcmi
də 113 ton artaraq
1493 tona yüksəldirilmişdir.
Rayondakı iribuynuzluların sayı 36449 baş, xırdabuynuzluların sayı
130055 baş olmuşdur.
Bu isə müvafiq
dövrlə müqayisədə
xeyli çoxdur.
Rayonda əkinçiliklə məşğul olan kənd əməkçilərinə
"Aqrolizinq" müəssisəsi
tərəfindən 40 ton azot
verilmişdir. Buğda məhsulunun
istehsalçılarına 224402 manat yardım edilmişdir. Bu rəqəm 827 nəfəri
əhatə edir.
Su həyatdır, su dirilikdir
Min illərin sınağından çıxan
bu deyimlər bu gün də,
sabah da
öz aktuallığını
itirməyəcək. Yayı çox
isti keçən Hacıqabul rayonundakı susuz çöllərdə
torpağın hansı
rəngdə, hansı
keyfiyyətdə olmasını
təsəvvür etmək
çətin deyil.
Regionların sosial-iqtisadi inkişafı
ilə əlaqədar
Dövlət Proqramı
əsasında Ağsu
rayon ərazisindən Hacıqabula
çəkilən Baş
Şirvan kanalı həyati əhəmiyyətli
bir hadisədir. 55 kilometr uzunluğu
olacaq bu kanal illərlə su görməyən bu torpaqlara həyat
verəcək. Xeyli hissəsi
görülən bu işin sona yetməsinə elə də çox qalmayıb. İndi burda qızğın iş gedir. Yəqin ki, yaxın vaxtlarda rayonun Padar, Qarasu, Muğankəndlərinin
ərazisindən keçən
bu kanal haqqında danışılan
kəndlərin torpaq sahələri ilə bərabər digər susuz çöllərə
də can verəcək.
Pirsaat çayı üzərindəki
su anbarının lildən təmizlənməsi
də bu ilin birinci rübündə
əsas qayğılardan
olmuşdur. Bir sıra
çətinliklərə baxmayaraq burda da uğurlu nəticənin əldə
olunmasına çox qalmayıb.
Su ilə bağlı
həyata keçirilən
tədbirlər sona yetdikdən sonra Hacıqabul rayonunda 15 min hektardan çox torpaq sahəsi əkin üçün yararlı əraziyə çevriləcək. Torpaqların suvarılması heç şübhəsiz ki, kənd təsərrüfatının
bir çox sahələrinə təsir
edəcək. Nəticədə insanların iqtisadi sosial həyatları xeyli yaxşılacaq.
Həll edilən əsas sosial qayğı
Dediyimiz kimi yayı
çox isti keçən Hacıqabul rayonunda bir sıra
həll edilən sosial qayğılardan ən önəmlisi yenə də su ilə əlaqədardır.
Bununla bağlı Hacıqabul şəhərini içməli
su ilə daha yaxşı təmin etmək üçün su xətlərinin üzərindəki
22 siyirtmə təmir
edilib. İki yeni siyirtmə
qoyularaq sıradan çıxmış boru
xətləri dəyişdirilmişdir.
Şəhərin daha bir sosial qayğısı- su və kanalizasiya
sisteminin yenidən qurulması- intensivləşmişdir.
Dövlət Proqramı
əsasında şəhərdə
"Hidrolotos" tərəfindən
bu gün də xeyli iş
görülmüşdür. İndiyə
kimi 5500 metr kanalizasiya, 3500 metr su xətti çəkilmişdir.
5 min və 2 min kubmetr su tutumu
olan anbarlarda işlərin yarıdan çoxu başa çatdırılmışdır.
Layihə başa çatdırıldıqdan
sonra Hacıqabul şəhərində su və kanalizasiya sarıdan heç bir problem yaşanmayacaq.
Burda da indi işlərin
qızğın çağıdır.
Burda evlər tikilir, yollar çəkilir
İki il əvvəl Dəli
Kürün daşması nəticəsində bir sıra
rayonlarla bərabər Hacıqabulda da xeyli yaşayış
binalarına çox böyük ziyan dəymişdir. Daha
çox zərər görmüş birinci və ikinci
Meyliman kəndlərində onlarla yeni evlər tikilib sakinlərin
ixtiyarına verilmişdir. Digər səbəblərdən qəzalı
vəziyyətə düşmüş Navahı qəsəbəsindəki
33 fərdi yaşayış evinin inşası son mərhələdədir.
Fövqəladə Hallar Nazirinin əməkdaşları bu
ilin birinci rübündə 23 mənzilə texniki
baxış keçirdikdən sonra 8 mənzilin yenidən
inşa olunmasına qərar verilmişdir.
Hacıqabul rayonunda yolların
abadlaşdırılmasına xüsusi fikir verilir. İstər
rayon mərkəzindəki, istər kəndlərdəki
avtomobil yolları imkan daxilində mühafizə olunur, qorunur.
Bu ilin ilk 3 ayında Padar qəsəbəsində,
daxili avtomobil yolunda 2,5 kilometr məsafəyə 8 santimetr qalınlığında
qum-çınqıl qarışığından əsas
qoyulmuşdur. Nəvahi qəsəbəsində bu məsafə
2 kilometr olmuşdur. Udlu kəndinin şəraiti nəzərə
alınaraq 1,5 kilometr məsafədə 12 santimetr
qalınlığında əsas qoyulmuşdur. Bu işlər
Qubalıbaloğlan kəndində də
aparılmışdır.
(ardı gələn sayımızda)
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-7
iyun.-S.7.