UNUDULMAZ MƏMMƏDXAN MÜƏLLİM

 

  Məmmədxan müəllim bizə cəmi bir semestr dərs demişdi. O bizə II kursun birinci semestrində yalnız bir fəndən - "Maliyyə hüququ"-ndan dərs demişdi. Lakin buna baxmayaraq, mən Məmmədxan müəllimi unudulmaz müəllim hesab edirəm. Bu da səbəbsiz deyildir.

   Rəsulov Məmmədxan Bayraməli oğlu 1933-cü ildə Zəngilan rayonunun adı kimi gözəl olan Baharlı kəndində anadan olmuşdur. 

   1966-cı ilin sentyabr ayında ADU-nun (hazırki BDU-nun) hüquq fakültəsinin I kursuna qəbul olmuşdum. Elə ilk gündən Məmmədxan müəllimi tanımağa başladım. Təbii ki, bu tanışlıq birtərəfli idi. Bu o demək idi ki, biz tələbələr Məmmədxan müəllimi tanıyırdıq, o isə çox ola bilsin ki, hər birimizi tanımırdı. O zaman bizə aydın oldu ki, Məmmədxan müəllim hələ tələbə vaxtından bir ictimaiyyətçi kimi universitetdə tanınmışdı. Təsadüfi deyildir ki, 1957-ci ildə universitet komsomol komitəsinin birinci katibi vəzifəsində keçmiş Azərbcaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinə xidmətə qəbul edilmiş, lakin 1960-cı ildən ömrünü həmişəlik olaraq ADU-nun hüquq fakültəsi ilə bağlamış və 1998-ci ilə kimi, başqa sözlə, həyatının sonuna kimi hüquq fakültəsində işləmişdir.

   Məmmədxan müəllim tələbələrin yaddaşında qayğıkeş, həssas və sadə bir insan və gözəl pedaqoq kimi qalmışdır. O, bütün tələbələrə, xüsusilə, rayondan gəlmiş tələbələrə xüsusi qayğı göstərirdi. Onların məişət problemlərindən tutmuş, təqaüd alıb-almamaları, yataqxanada yerlə təmin olunub-olunmamaları ilə maraqlanır, bu sahədə özündən asılı olan bütün köməkliyi edirdi.

   Məmmədxan müəllimin belə bir adəti vardı: Zəngilan rayonundan bir nəfər qaraşın bir qız oxuyurdu. O isə bütün qızlara "qara qız", ? deyə müraciət edirdi. O, olduqca həssas və qayğıkeş insan idi.

   O zamanlar mən universitetin yataqxanasında yaşayırdım. Otağımızı özümüz yığışdırır, lakin mətbəxi, dəhlizi və digər ümumi istifadə yerlərini xadimə təmizləyirdi.

   Həmin vaxtlar universitetin müəllimləri tez-tez tələbə yataqxanalarına baş çəkər, tələbələrin məişəti ilə maraqlanardılar. Yataqxanada bir oxu zalı da vardı. Həmin zalda universitet müəllimləri ilə vaxtaşırı görüşlər keçirilərdi. Universitet müəllimləri otaqlara baxış da keçirərdilər.

   Təxminən III kursda oxuyurduq. Otaqların təmizliyi vaxtaşırı yoxlanılır və beşballı sistemlə qiymətləndirilərək, nəticələr yataqxananın birinci mərtəbəsində məlumat guşəsində öz əksini tapırdı.

   Günlərin birində eşitdik ki, universitetdən yataqxanaları yoxlamaq üçün komissiya gəlib. Bir azdan qapı döyüldü və Məmmədxan müəllim o zamanlar şəxsən tanış olmadığım, jurnalistika fakültəsinin müəllimi, tanınmış şair Famil Mehdi ilə birlikdə bizim yaşadığımız 3-cü yataqxananın 50-ci otağına daxil oldular. Otağımız həmişəki kimi səliqəli və təmiz idi, təbii ki, həmin vaxtlar otağımızın təmizliyi və səliqəliliyi əla qiymətləndirilirdi. Məmmədxan müəllim və Famil Mehdi də otağın səliqə-səhmanından çox razı qaldılar. Məmmədxan müəllim bizləri təqdim edərək dedi ki, bunlar hüquq fakültəsinin tələbələridir, otaqları da, doğurdan da, nümunəvi səliqə-səhmandadır.

   Bu zaman Famil Mehdi (o zamanlar mən Famil Mehdini yaxşı tanımırdım) soruşdu ki, sizin bizdən nə kimi xahişiniz var, hansı problemləriniz var. Həmin vaxtlar yataqxanaya su müəyyən fasilələrlə verilirdi. Bir çox hallarda səhərlər su verilmirdi, biz isə səhər növbəsində oxuduğumuza görə, səhərlər suyun verilməməsi müəyyən problemlər yaradırdı. Mən bu məsələni Famil müəllimin sualına cavab olaraq dedim.

   Hiss etdim ki, mənim bu müraciətim Famil müəllimin xoşuna gəlmədi və cavabında dedi:

   Bura bax, hamınız kənddən gəlmisiniz, məgər kənddə, evinizdə həmişə su olur? Şəhərdə çox yerdə su problemi var (o zaman Bakıya Kür çayından ikinci su kəməri hələ çəkilməmişdi).

   Mən bundan sonra dedim:

   Əvvəla mən kənddən yox, şəhərdən gəlmişəm. İkincisi, bizim evdə mətbəximizdə də su kranı vardır və ora həmişə su gəlir.

   Bunu deyəndə, Famil müəllim bir qədər pərt oldu. Məmmədxan müəllim vəziyyətin belə gərginləşməsini görüb, onun normallaşdırılması üçün məni Famil müəllimə təqdim etdi ki, bu bizim əlaçı, ictimaiyyətçi tələbəmizdir, Lenin təqaüdçüsüdür.

   Bu məlumatdan sonra Famil Mehdi, insafən, heç bir söz demədi, yalnız onu əlavə etdi ki, çalışarıq, su probleminin həlli üçün köməklik edərik.

   Onu da deyim ki, Famil Mehdi ilə bu ilk görüşdən sonra universitet tədbirlərində tez-tez görüşürdük. Səhv etmirəmsə, Famil Mehdi də həmin vaxtlar universitet partiya komitəsinin büro üzvü, Məmmədxan müəllim isə universitet partiya komitəsinin katib müavini idi. Sən demə, Famil Mehdi universitetin hörmətli müəllimi və tanınmış şair imiş.

   Sonralar mən 1973-cü ildə Yevlax rayon prokurorluğunun baş müstəntiqi vəzifəsində işləyərkən, Şuşa şəhərinə getmişdim. Cıdır düzündə Famil Mehdi ilə rastlaşdım və ona, yaxınları ilə birlikdə Cıdır düzündə bir qonaqlıq da verdim. Qonaqlıq zamanı keçmiş vaxtları yada saldıq.

   İndi isə bir qədər əvvələ qayıtmaq istəyirəm. 1970-ci ilin yaz ayları idi. Qrupumuzdan üç nəfər - qrup nümayəndəsi İmanqulu Əzizov, hazırda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsində işləyən Südabə Həsənova və bu sətirlərin müəllifi Sov. İKP üzvlüyünə yenicə namizədliyə qəbul edilmişdik. Həmin vaxtlar Məmmədxan müəllim universitet partiya komitəsi katibinin müavini vəzifəsində işləyirdi. Dekanlıqdan bizə dedilər ki, gündüz saat 3-də üçünüz də universitet partiya komitəsində olmalısınız. Universitet partiya komitəsinin katibi qadın idi, səhv etmirəmsə, soyadı Əliyeva idi.

   Universitet partiya komitəsində bizi Məmmədxan müəllim qarşıladı və otağına apardı. Orada Məmmədxan müəllim bizə izah etdi ki, sizi mühüm bir məsələ üçün dəvət etmişik. Siz müxtəlif fakültələrin partiya təşkilatlarından daxil olan sənədlərlə tanış olmalı və bu sənədləri qaydaya salmalısınız. Orada bizə həmçinin məlum oldu ki, biz fakültələrdən gələn partiya sənədləri ilə, o cümlədən, ilk partiya təşkilatının iclas protokolları ilə, partiyaya namizədliyə və üzvlüyə qəbul edilmiş şəxslərin şəxsi işləri ilə tanış olmalı, bu sənədləri qaydaya salmalıyıq. Fakültələrdən gələn sənədlərdə, o cümlədən, iclas protokollarında, partiya üzv və namizədlərinə verilən zəmanətlərdə çoxlu səhvlərə yol verilirdi.

   Mən etik mülahizələrimi rəhbər tutaraq, Məmmədxan müəllimə dedim:

   Məmmədxan müəllim, biz hələlik Sov. İKP üzvlüyünə namizədik. Bizim fakültələrdən gələn partiya sənədləri ilə tanış olub, bu sənədlərdə buraxılan səhvləri tutmağımız, bu səhvləri buraxanları, onlar əsasən də, universitet müəllimləri idi, yanımıza dəvət edib onların tərtib etdikləri sənədlərdə səhv tutmağımız, səhvlərini aradan qaldırmaq haqqında göstəriş verməyimiz nə dərəcədə etikaya uyğundur, axı biz həm tələbəyik, həm də heç partiya üzvü deyilik.

   Məmmədxan müəllimin cavabı çox qısa oldu və yalnız bu sözləri dedi:

   Bura bax, xahiş edirəm, yekə-yekə danışmayasız, biz kimə nə tapşırdığımızı yaxşı bilirik. Sizə nə tapşırırlar, onu da icra edin.

   Doğurdan da bu sahədə bizim müdaxiləmizdən sonra universitet partiya komitəsinə daxil olan sənədlərdə buraxılan səhvlər aradan qaldırıldı, artıq universitet partiya komitəsinə normal sənədlər daxil olmağa başladı. Biz partiya sənədlərində yol verilən nöqsanları aşkar edir, onları tərtib edənləri universitet partiya komitəsinə dəvət edir, buraxılmış nöqsanların aradan qaldırılması üçün tövsiyələrimizi verirdik. Həqiqətən də qısa müddətdə bu sahədə ciddi dönüş əmələ gəldi, universitet partiya komitəsi rəhbərliyi müsbət işimizi qeyd etdi. Bu zaman Məmmədxan müəllim qürurla deyirdi ki, bu nöqsanların hamısını hüquq fakültəsinin tələbələri - mənim tələbələrim aşkar etmiş və aradan qaldırılmasına nail olmuşlar.

   1974-cü il idi. Mən Mingəçevir şəhər prokurorluğunun baş müstəntiqi vəzifəsində işləyirdim. İlin hansı fəsli olduğu yaxşı yadımda qalmayıb, bir gün eşitdim ki, Məmmədxan müəllim bir qrup yoldaşı ilə Mingəçevirə gəlib. Arayıb onları tapdım, məlum oldu ki, Məmmədxan müəllim bir neçə iş yoldaşı ilə avtomaşınla Qazax rayonunun ərazisindən keçməklə, Tbilisi şəhərinə getməlidir. Səhv etmirəmsə, hüquq fakültəsinin o zamankı dekanı, çox hörmətli, xətri həmişə bizim üçün əziz olan Məmməd Xələfov orada hüquq elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etməli idi. O da mənə məlum oldu ki, Məmmədxan müəllim də bir qrup müəllim yoldaşı ilə Tbilisi şəhərinə gedir, yolüstü Mingəçevirdə dayanıblar.

   Həmin vaxtlar Dövlət Təhlükəsizliyi Komitəsinin Mingəçevir rayonlararası şöbəsinin rəisi, əslən Zəngilandan olan, dövlət təhlükəsizliyi orqanlarında böyük staja malik çox hörmətli dostumuz Bəxtiyar Süleymanlı idi. Qonaqlar Bəxtiyar müəllimlə də görüşdülər və onlara şəhər mehmanxanası restoranının qonaq otağında şam yeməyi verdik. Qonaqlıq zamanı Bəxtiyar müəllim yemək yediyimiz otaqda qapıya yaxın yerdə oturmuşdu. Hamı xahiş etdi ki, Bəxtiyar müəllim, siz başa keçin, ağsaqqalsınız. Bəxtiyar müəllim dedi ki, ağlınıza gələni danışmayın, rəis harada otursa, ora başdır. Bəxtiyar müəllimin bu sözü məclis iştirakçılarının gülüşünə səbəb oldu. Məclis zamanı keçmiş xatirələr yada salındı. Qonaqlar axşam şəhər mehmanxanasında qalıb, səhər avtomaşınla Tbilisiyə yola düşdülər. Sonradan bildik ki, dissertasiyanın müdafiəsi yüksək səviyyədə keçib.

   1988-ci ilin son ayları olardı. Zəngilan rayon prokuroru vəzifəsində işləyirdim. Qondarma Dağlıq Qarabağ məsələsi gündəmdə idi, Ermənistandan Azərbaycanlıların qovulması faktları artıq kütləvi şəkil almışdı. Rayon ərazisində qaçqınlar üçün xüsusi vaqon şəhərcik də salınmışdı və qaçqınların böyük əksəriyyəti həmin vaqonlarda məskunlaşmışdılar.

   İş günlərinin birində Məmmədxan müəllim prokurorluğa gəldi. Məlum oldu ki, o bir dəstə universitet müəllimi ilə birlikdə qaçqınlar üçün ərzaq, paltar gətirmişdir. Məmmədxan müəllim mənə dedi ki, bu ərzaq və paltarı universitet kollektivi qaçqınlar üçün pay göndərmişlər, icazə ver, mən əvvəlcə rayon partiya komitəsinə gedib birinci katiblə görüşüm, sonra yardımı aparıb təhvil verərik.

   Məmmədxan müəllimin rayon partiya komitəsinə gedib-gəlməyi uzun çəkmədi, amma hiss etdim ki, əhval-ruhiyyəsi bir qədər pisləşib. Mənə dedi ki, ərzaqı və paltarı Mincivan dəmir yolu stansiyasında yaradılmış qərargaha təhvil verməyi məsləhər görüblər, lakin buna baxmayaraq, təbii ki, Məmmədxan müəllimin razılığı ilə qaçqınlar üçün təşkil olunmuş vaqon-şəhərciyinə gəlib ərzaqı və pal-paltarı Ermənistandan qovulmuş qaçqınlara paylayıb, prokurorluğa qayıtdıq. Məmmədxan müəllim onlarla birlikdə bu ərzaq və pal-paltarın qaçqınlara paylanılmasında iştirak etdiyimə görə mənə təşəkkürünü bildirdi və dedi ki, bu iş rayon prokurorunun işi deyildir, sağ ol ki, iştirak etdin, amma rayon partiya komitəsindən, hətta bir nümayəndə belə, vermədilər. Yalnız onda mən Məmmədxan müəllimin rayon partiya komitəsindən qayıdarkən pərt olmasının səbəbini başa düşdüm və dedim:

   Məmmədxan müəllim, qaçqınların problemi hamımızın və hər birimizin problemidir. Bu işi hər bir vəzifəli şəxs öz doğma işi bilib, onunla yaxından məşğul olmalıdır.

   Məmmədxan müəllim səhərsi gün gəldiyi müəllim yoldaşları ilə Bakıya qayıtdı.

   1989-cu ilin aprel ayı idi. Universitetin hüquq fakültəsinin bir qrup müəllimi rayonda elmi-təcrübi konfrans keçirmək məqsədi ilə Zəngilana gəlmişdilər. Konfransı keçirmək məqsədi ilə Məmmədxan müəllim, hüquq elmləri doktoru, professor Qasım Manayev, səhv etmirəmsə, həmin vaxt hüquq fakültəsinin dekanı vəzifəsində işləyən, professor Firudin Səməndərov gəlmişdilər.

   Həmin vaxtlar mənim rayon partiya komitəsinin birinci katibi ilə münasibətim gərgin olduğundan, qonaqların qarşılanması, rayonun qonaq otağında yerləşdirilməsi və digər tədbirlərdə iştirak etmirdim. Birinci katib demişdi ki, qonaqlar mənimdir, onların bütün qayğıları ilə özüm məşğul olacağam. Təbii ki, həmin məclislərə rayon prokuroru kimi dəvət olunmurdum. Lakin bir dəfə Məmmədxan müəllimə dedim :

   Rayondakı vəziyyəti bilirsiniz. Mənim rayon partiya komitəsinin birinci katibi ilə münasibətlərim gərgindir. Ona görə də mən nahar və şam yeməklərində iştirak etmirəm, daha doğrusu, dəvət almıram, yaxşı olar ki, sabah səhər yeməyini evimizdə təşkil edim.

   Məmmədxan müəllim dedi ki, vəziyyəti bilirəm və səni başa düşürəm, sabah tezdən səhər yeməyini sizdə edərik.

   Elə də oldu. Rayonda təşkil olunmuş elmi-praktiki konfrans yüksək səviyyədə keçdi. Bakıdan gələn bizim hörmətli müəllimlərimizin hamısının çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı. Konfransa qonşu Qubadlı rayonundan hüquq mühafizə orqanlarının əməkdaşları, o cümlədən, mənim tələbəlik yoldaşım Qubadlı rayon prokuroru İmanqulu Əzizov da gəlmişdi.

   Mən əsasən rayonlarda işləmişəm, hərdən Bakıya yolum düşəndə, imkan daxilində, hüquq fakültəsinə baş çəkir, müəllimlərimizlə, o cümlədən, Məmmədxan müəllimlə həmişə görüşürdüm.

   1994-cü ildə mən respublika prokurorluğunun mərkəzi aparatına işə dəyişdirildim. Bu dövrdə universitet tədbirlərinə həmişə dəvət edilir və bu tədbirlərdə Məmmədxan müəllimlə də görüşürdüm. Məmmədxan müəllim belə tədbirlərdə, həmişə olduğu kimi, fəal iştirak edirdi. O da mənə məlum oldu ki, Məmmədxan müəllim artıq professor elmi rütbəsinə layiq görülmüşdür və bu münasibətlə onu səmimi qəlbdən təbrik etdim.

   Ancaq 1998-ci ildə amansız ölüm Məmmədxan müəllimi aramızdan apardı.

   Allah ona qəni-qəni rəhmət eləsin, yeri behiştlik olsun.

  

 

   İlham Abbasov,

   Ədliyyə Nazirliyi Ədliyyə

   Akademiyasının prorektoru –

   hüquq üzrə fəlsəfə doktoru Baş

   ədliyyə müşaviri prokurorluğun

   fəxri işçisi

 

   Ədalət.-2012.-8 iyun.-S.7.