AĞACƏFƏR
HƏSƏNLİNİN "AĞAC KİTABXANALAR"I
ƏDƏBİ
HƏYAT
İki ildən sonra Ağacəfər
Həsənlinin (adının qarşısında ŞAİR
sözünü işlətmədim, çünki
külli-aləm bilir ki, Ağacəfər Həsənli
ŞAİRDİR, özü də əlüyyül-əlasından!)
altmış yaşı tamam olacaq. Mən onu iyirmi
üç yaşından -yəni 1977-ci ildən
tanıyıram və bu 35 illik dostluğumuzun tarixində onun
uğurlarına sevinən kəslərdən biri olmuşam.
Ağacəfər bir insan kimi də, dost kimi də, şair
kimi də çox maraqlı adamdır. Amma mən Ağacəfərlə
dostluğumdan və onun maraqlı insan olmasından deyil,
şeirlərindən söz açmaq istəyirəm.
Şair Ağacəfər Həsənli
Azərbaycanın uca dağlar qoynunda yerləşən Lerik
rayonunun Rvarud kəndində dünyaya göz açıb və
nədənsə "dağlar qoynu" deyəndə mənim
gözlərimin qarşısında böyük şairimiz Musa
Yaqubun obrazı canlanır. Leriklə İsmayıllı
bir-birinə çox oxşayır və əgər təbir-caizsə,
deyim ki, İsmayıllı Lerikin sanki cilalanmış
formasıdır. Rəhmətlik Səyavuş Sərxanlı
Musa Yaquba "dağ qartalı" deyərdi və mən
Musa Yaqubun saysız-hesabsız pərəstişkarlarından
biri kimi buna qətiyyən təəccüblənməzdim.
Çünki nəinki poeziyası, özü də təbiətin
bir parçasına çevrilən Musa Yaquba bu ayama çox
yaraşır. Ağacəfər Həsənliyə də səksəninci
illərdə dostumuz Baba Vəziroğlu "AĞAU" deyə
bir ayama yaraşdırmışdı. Babanın "ayama əməliyyatı"
çox sadə idi, o, ərk elədiyi dostlarının
adlarının və familiyalarının ilk hərflərini
bir-birinə "calaq" edirdi. AĞAU-yəni Ağacəfər
Həsənli. Amma illər keçəndən sonra bu AĞAU
ayaması ilə Ağacəfərin şeirləri
arasında bir yekdillik gördüm. Ağacəfər Həsənli
təbiətdən çox yazıb, indi də yazır və
ağaclardan da yazır. Şairlərimiz Ağacı insana,
insanı da ağaca çox bənzədiblər
(Xatırlayın ulu türk şairi Nazim Hikməti: "Mən
bir ceviz ağacıyam Gülhanə parkında"), ağaca
üz tutub dərdlərini söyləyiblər ("Dədə
Qorqudda: "Məkkə ilə Mədinənin qapısı
ağac! Musayi-kəlimin əsası ağac!
Böyük-böyük suların köprüsü ağac!
Qara-qara dənizlərin gəmisi ağac!").
Ağacəfər Həsənlinin
yetmişinci illərdən (yəni ilk yaradıcılıq təcrübələrindən)
üzü bəri yazdığı əksər şeirlərində
təbiətlə bağlı çox şeirləri ilə
qarşılaşmışam və bu şeirlərdə
doğrudan da təbiəti duyan, gülün, çiçəyin,
dağın, dərənin, quşun sirrini bilən (Nəsimi
demişkən: "Bu quş dilidir, bunu Süleyman bilir
ancaq") və özünü də təbiətin bir
parçası hesab edən bir şairin təbii
yaşantılarının şahidi olmuşam. Yetmişinci
illərin lap əvvəllərində Ağacəfər Həsənli
Bakıya köçdü və o zaman yaşıdları
olan cavan şairlərin əksəriyyəti kimi
başladı kəndi və anası üçün
darıxmağa. Şəhər həyatı Lerikin Rvarud kəndindən
bura tələbə olmağa gələn bir cavanın kəndçi
təbiətinə heç cür uyuşmurdu və Ağacəfər
ta səksəninci illərə qədər o həsrəti
şeirlərində yaşadırdı. Ağacəfər
yazırdı ki: "Yaşıl-yaşıl ümidlərin"
arxasından boylanan anam, mən sənin ola bilmədim".
Yazırdı ki: "Hər gecə yuxuma gəlir kəndimiz
O köhnə bərəmiz, köhnə bəndimiz".
Ağacəfər and içirdi ki: "Bir gün də
hamıyla xudafizləşib Kəndimə qoşulub gedərəm
burdan". Amma Ağacəfər Həsənli də həmyaşıdlarının
bir çoxu kimi kəndinə qayıda bilmədi. Bir
anlığa təsəvvür edək ki, Ağacəfər
qayıtdı kəndə. Lerikin tanınmış,
seçilən ziyalılarından biri olardı və yenə
burada Musa Yaqub yada düşür. A.Həsənli Lerikdə qəzet
redaktoru olardı, bir az da Musadan fərasətli
çıxıb rayon partiya komitəsində, ya icra hakimiyyətində
məsul bir vəzifə tutardı, sonra da Musa kimi deputat. Amma
qayıtmadı, yəni əbədi köç eləmədi.
Bakıda müxtəlif qəzet və curnal redaksiyalarında
korrektordan tutmuş şöbə müdirliyinə, bölgə
müxbirliyinə, sonra da curnal ("Mars") redaktorluğuna
qədər yol keçdi. Və qayıtmaqla
qayıtmamağın yol ayrıcında etiraf elədi ki:
Mən köklü-köməcli
bir kənd oğluyam,
Köməksiz, köməkli bir kənd
oğluyam.
Bir gün bu dağlara arxa çevirdim,
Yollar qaranəfəs ha dartdı məni.
Ürək o yerləri yenə sevirdi
Tələbə bileti "aldatdı"
məni.
"Aldatdı",
bal qatdı arzularıma,
Düşdüm kotanımdan, xışımdan
ayrı.
Baharımdan ayrı, qışımdan
ayrı,
Kəpənək sevdalı yaşımdan
ayrı.
Əlbəttə, elə düşünməyin
ki, şəhəri mənzilgah seçməyiylə
bir şair doğulduğu kənddən
ayrı düşür
və başlayır yaşadığı şəhəri,
onun uca binalarını, gözəl
parklarını, xiyabanlarını,
dənizi mədh etməyə və kənd yaddan çıxır. Təbii
ki, elə deyil və Ağacəfər
Həsənli mənim
müşahidəmə görə
ayda bir-iki dəfə Lerikə gedir, yenə də vurğunu olduğu təbiətin qoynunda gəzir-dolanır,
Lerikin dağ çeşmələrinin suyunu
içə-içə, balını,
qaymağını nuş
edə-edə bir az da cavanlaşır,
hər şeydən əvvəl, doğmaları,
dostları, tanışları
ilə görüşür.
Bax burada "Mən bir kənd oğluyam"
kəlamını təsdiq
etməli olur.
Ağacəfər Həsənlinin şeirləri
haqqında söhbətimə
bu nöqtədən başlamağım heç
də təsadüfi deyil. Çünki Ağacəfər bir şair kimi çox inkişaf edib və onun
ilk şeirlər kitablarında
("Arxamca atılan su", "O ağacın
kölgəsi") oxuduğum
şeirlərlə "Ürəyim
döyünür, qapım
döyülür" (1997), "Tanrı pıçıltıları"
(2004), "Yağmur əlifbası"
(2006), "Ümidimin adına
küçə" (2010), "Ağac kitabxanalar"
(2011) kitablarındakı şeirlər
və poemalar arasında doğrudan da fərqi, yəni poetik boy artımını asanlıqla
hiss edə bilirsən.
Allah min rəhmət eləsin
tənqidçi həmkarım
Nadir Uabbarlıya... O da
bu poetik inkişafın şahidi kimi hələ 1997-ci ildə yazırdı ki: "Vaxtilə başı qarlı Zuvand dağlarının kövrək xatirələrinə,
zümrüd rəngli
Lerik meşələrinin
göynər xiffətinə
bələnmiş, dəli-dolu
gəncliyin iztirabları
ilə dolub-daşan Ağacəfərin şeirinin
bu kitabın ("Ürəyim döyünür,
qapım döyülür"-V.Y.)
səhifələrində dünya
kədərinə, "qəmi-aləmə"
inadkar həssaslığı
ilə qəfil qarşılaşsam da, açığını deyim
ki, bu görüşə
heyrətlənmədim. Çünki bu şeirlər, bir küll halında
sübut edir ki, həmən həssaslıq intiutiv və spanton həssaslıq deyildir.
Onda hər hansı bir ədəbi dəbin əlamət və izlərini axtarmaq da əbəsdir.
Dünya
kədərinə, aləm
qəminə dəruni
can atma, hər şeydən əvvəl,
bu şeirlərin stixiyasından irəli gəlir, gerçəkliyə
bədii nüfuzun mahiyyətini əks etdirir".
Nədə təzahür edir
bu poetik inkişaf?
Birincisi; Dəyişən, Yeniləşən Dünya
ilə Poeziyanın bir ahəngdə köklənməsi və
Ağacəfər Həsənlinin
də bir şair kimi bu harmoniyaya qoşulması. Söhbət ondan gedir ki,
dünyada və konkret olaraq bizim məmləkətdə
baş verən ictimai-siyasi hadisələr
insanların mənəvi
aləmində dərin
izlər buraxır.
Amma Zaman təkcə insanların deyil, onların duyğu və düşüncələrinin
sözlə ifadəsi
olan poeziyaya da təsirsiz qalmır. Bu günün
şairi etiraf edir ki:
Dəyişmək
istəyirəm,
dəyişmək!
İçimi
çölə çevirmək
istəyirəm,
çölü
içimə köçürməkg
İşıq telləridi-əsəb tellərim.
Haçanacan eyni havaya oynayaram,
eyni
sudan içərəm,
eyni
yoldan keçərəm.
eyni
sünbüldən biçərəm,
gözümü
kor edib eyni işıqlar,
qulağım
dəng olub oxşar sözlərdən.
Ağacəfər
Həsənlinin son on-on beş ildə yazdığı şeir və poemalar məhz Sözün, poetik fikrin yeniləşməsi,
yeni bir ahəngə köklənməsi
prosesini əks etdirir. "Eyni
havada oynamaqdan" yorulan şair, oxucunu inandırır ki, həyatda olduğu kimi poeziyada da məqsədə
gedən yollar birmənalı qəbul edilə bilməz. Yollar müxtəlifdir. Çətini də olur, asanı
da. Əsl şair həmişə
yolun çətinini seçir. Müşgülü asan eləyir.
Ağacəfər
Həsənlinin şeirlərində
ilkin yaradıcılığındakı
"naturadan birbaşa
poeziyaya" ifadə üsulunu indi başqa bir tendensiya əvəz etməkdədir: təbiəti,
onun gözəlliklərini
ayrı-ayrı söz
lövhələrində rəsm
edən şair, indi rəssamlıqla yanaşı, həm də filosofluq etməyə çalışır.
Beləliklə, düşüncə arealı genişlənir.
Carçı
təbiət-
suların
səsində,
quşların
bəhsəbəhsində,
torpağın
nəfəsində
gözünü
açırg
Nədir həyatın fəlsəfəsi-
yarpaqların
yaşıl rəngi çağırışmı?
Ölümlərin
rəngi
Əbədi yuxulara çağırışmı?
Anamın qulağıma oxuduğu pıçıltı,
çaydan
gələn zəif qıcıltı-
qarşımda
səs filarmoniyası,
söz
harmoniyası yaradıb.
Bu, nəyəsə
çağırışmı?
İkincisi; Şairin fərdi
üslubu əgər belə demək mümkünsə, onun dəyişməz sifətidir.
Təbii
ki, sifət bir bədən üzvü kimi yaşlaşa bilər, amma ona məxsus
cizgilər, o məxsusi
quruluş dəyişmir,
sadəcə, "qocalır",
"müdrikləşir". Ağacəfərin şair sifəti
də bu mənada "qocalır",
"müdrikləşir", amma dəyişmir. İyirmi il
əvvəlki şeirlərində
gənclikdən gələn
çılğınlığı, hisslərin tüğyanını
indi sakit, amma içəridən narahat bir hiss əvəz edir. Həyatın, gerçəkliyin
dramatik, faciəli məqamlarından süzülüb
gələn bu nigarançılıq şeirlərin
ovqatına da hakim kəsilir:
Məmləkətin
hər yaylağı,
alaçıqdı,
çadırdı.
Məmləkətin
hər düzü,
bir
meydandı, cıdırdı.
Hanı Qarabağ atı-
şimşəklərdən
qanadı?
Qaldırsın
təlx ovqatı-
dörd
dolanan qatırdı.
Kim vətəni
unutdu,
ana
qarğışı tutdug
Kimini dərd ovutdu-
kimi
qarın otardı.
A.Həsənlinin "Ağac kitabxanalar"
şeirlər kitabı
şairin yaradıcılığında
yeni bir hadisə kimi maraqlıdır. Artıq yaşın
hökmü də özünü göstərir,
amma Ağacəfər
Həsənli "ədəbi
pensiyaya" çıxmaq
fikrində deyil.
O, müasir Azərbaycan
poeziyasında açdığı
balaca bir cığırla rahat irəliləmək imkanını
itirmək istəmir, odur ki, hələ
bitməyən poetik potensialından faydalanır.
Dərk edir ki, XXI əsrdə, oxucuların professionallığının, poeziyanı dərketmə
səviyyəsinin artdığı
bir zamanda öz şair imicini qorumaq lazımdır.
Odur ki, dünyanı,
təbiəti, insan mənzərələrini yeni
bir poetik baxışdan müşahidə
etmək və bunları poeziya dili ilə ifadə
etmək məqamını
itirmək olmaz. "Ağac-kitabxana, yarpaqları-kitablar.
Təbiətin gizlin çap
maşınları hər
yaz yarpaqları nəşr eləyirlər,
çiçək rayihəsi
basır meşəni"-
bu misralar yetmiş-səksəninci illərin
A.Həsənlisinin XXI əsrdə
təbiətə tamam
yeni rakursdan yanaşdığına bariz
bir nümunədir.
Ağacəfərin Kənd,
Ağac və Torpaq nağılı davam edir, amma
indiki nağıllar daha poetikdir:
Rəngi kağız kimi ağarıb qışın,
Soyuqlar iliyə, qana
işləyib.
Havalar yiyəsi olub
qarğışın,
Yerin qulağını şaxta
dişləyib.
Hara tələsir qış, bu
qovhaqovla,
Donub dərələrdə yenə
buz daxıl.
Gözləyir qapıda ağ
atlı oğlan,
Görəsən nə zaman bitəcək
nağıl.
Arzu edək ki, bu nağıl
heç zaman bitməsin.
Vaqif
YUSİFLİ
Ədalət.-2012.-15
iyun.-S.19.