Firəngiz Mütəllimova: "Yaşar Nuriyev məktəbinin öyrəncilərindən biriyəm"

 

  "Onlara böyük ümüdlərlə baxıram"

 

    Xalq artisti Firəngiz Mütəllimovanın Milli.Az-a müsahibəsi.

   - Firəngiz xanım, teatrda vəziyyət necədir?

   - Yaxşıdır, şükür Allaha. Repertuarda bir-birindən rəngarəng, maraqlı tamaşalar var. Hal-hazırda tək Azərbaycanın yox, dünya klassiklərinin , müasir yazarların da əsərlərinə müraciət olunur. Yəni çox zəngin repertuar var teatrda. Yaxşı tamaşaçı da var. Misal üçün, Sadık Şəndilin "Qanlı Nigar" tamaşasında oynayırdım, inanırsız, tamaşaçı getmək istəmirdi. Dəfələrlə baş əymişik, getmir tamaşaçı...

   - Çox vaxt eşidirik, deyirlər ki, teatrlarda tamaşaçı qıtlığı var.. 

   - Xeyr, düz deyil. Bunu deyənlər teatra gəlməyənlərdir. Çünki mən baxıram, son vaxtlar teatrı çox vurmaq istəyirlər, qarasına danışırlar. Həmişə o insanlar danışırlar ki, bəlkə teatrın qapısının harada olduğundan xəbərləri yoxdur.

   - Repertuarda olan hansı tamaşalarda rol alırsız?

   - Hazırda teatrın repertuarında olan üç tamaşada varam. Biri Əli Əmirlinin "Mesenat" tamaşasında Raya rolu, digəri İlyas Əfəndiyevin "Qarabağnamə"sində Tubu xanım Türkiyə yazıçısı, ssenaristi Sadık Şəndilin "Qanlı Nigar"ında Nigar roludur.

   - Son zamanlar ətrafınızda daha çox gəncləri görürük. Onlarla birgə çalışmaq necədir?

   - Gənclərlə işləmək mənə çox maraqlıdır. Özüm gəncləşirəm, elə ona görə universitetdə dərs deyirəm, tələbələrim var. Onlara böyük ümüdlərlə baxıram. Çox ağıllı gənclərlə rastlaşıram, fəxr edirəm ki, şükür İlahiyə, millətimin belə uşaqları var, belə gələcək nəsil yetişir  

   - Tələbələrinizdən necə, razısız?

   - Əlbəttə, razıyam. Onlar arasında istedadlıları, bacarıqlıları var. Mənim onda şansım gətirib ki, tələbələrim işgüzardırlar, öz üzərlərində çalışırlar, verdiyim tapşırıqları yerinə yetirirlər. Çalışıram ki, indiki zəmanədə tələbələrimlə müəllim-tələbə münasibətindən çox, dostluq münasibətimiz olsun. Dost kimi daha mehriban olaq...

   - Firəngiz xanımın adı səsləndisə, Yaşar müəllimin adını çəkməsək, məncə, qəbahət olar. Yaşar müəllimdən xəbər? Ümumiyyətlə, əlaqə saxlayırsınızmı?

   - Yaşar müəllim babatdır, şükür Allaha. Hərdənbir danışırıq. Çox da mane olmaq istəmirəm, bilirəm ki, fizioterapiya keçirlər. Yaşar haqqında onu deyə bilərəm ki, teatr aləmi bir tərəfə, Yaşar Nuriyev məktəbi bir tərəfə. Yaşarın bazası genişdir, məktəbi var. Şükür Allaha, mən də Yaşar Nuriyev məktəbinin öyrəncilərindən biriyəm.

   - Teatrda və ya kinoda elə rolunuz olubmu ki, məhz o rolda özünüzü oynamısız?

   - Filmdə olmayıb. Amma İlyas Əfəndiyevin "Tənha iydə ağacı" sırf mənimçün yazılmış tamaşadır. Orada mənim zarafatlarım da var, yəni məndən nələrsə götürülüb, o obraz yazılıb. Özümü də orada görmüşəm.

   - Firəngiz xanım, hansı yeniliklər gözləyək sizdən?

   - İnşallah, teatrla bağlı bütün işlərimi saxlamışam sentyabr ayına, Allahın köməkliyi ilə təzə mövsüm başlayana. Yəqin ki, təzə tamaşanın məşqinə başlayacam, amma indidən açıqlama vermirəm hansı tamaşadır.

 

 

    Ədalət.-2012.-9 iyun.-S.24.