Yaxşı
ki, bu yurdun
Bəxtiyarı var...
Televizora baxırdım. Növbəti
xəbər göstəriləndə ürəyim yerindən
oynadı. Türkiyədə "Palmali" şirkətinin
prezidenti Mübariz Məsimovun sifarişilə ərsəyə
gəlmiş "Bəxtiyar Vahabzadə" gəmisinin suya
salınmasına həsr olunmuş süjet göstərilirdi.
Mən bütün qəlbimlə ekrana
bağlanmışdım. Böyük şairin
ömür-gün yoldaşı Dilarə xanım Vahabzadə
və oğlu Azər Vahabzadə də burada idilər. Dilarə
Vahabzadənin kövrək çıxışı ürəkləri
riqqətə gətirdi. O, dedi: "Bəxtiyar öləndə
mən elə bildim ki, arxamdan dağ uçdu... Bəxtiyar
quruda yaşayırdı, quruda şöhrət
qazanmışdı. Bu gün Bəxtiyarın ruhu sulara
qarışır. Bundan sonra dənizlərdən-dənizlərə
keçəcək, ruhu sularda da əbədiyyət
qazanacaqdır".
"Bəxtiyar Vahabzadə" gəmisi
sulara yol aldı. Mənimsə qəlbimdə xoş
duyğular dalğalandı. Ustadı 1955-ci ildən
tanıyırdım, Universitetdə mənə dərs
demişdi. Müəllim-tələbə ünsiyyətimiz
qırılmaz dostluğa çevrilmişdi. Mən onun
müdrik poeziyasının vurğunu idim. Radioda, televiziyada
işlədiyim illərdə haqqında çox verilişlər
hazırlamışdım. Mənim ssenarimlə iki sənədli
film çəkilmişdi. Sonralar da ustad haqqında çox
yazmışdım. Böyük sənətkarın
sağlığında qələmə aldığım
yazılardan biri... Bəxtiyar müəllim onu çox bəyənmiş,
hətta mənə minnətdarlıq məktubu da
yazmışdı.
İstanbulda "Bəxtiyar Vahabzadə"
gəmisinin suya salınmasını, dünya səyahətinə
uğurla başlamasını görəndən sonra bir
vaxtlar şair haqqında qələmə aldığım
"Yaxşı ki, bu yurdun Bəxtiyarı var"... adlı
düşüncə və təəssüratlarımı
"Ədalət" qəzetinin hörmətli oxucularına
təqdim etmək fikri keçdi ürəyimdən...
Müəllif
(əvvəli
ötən şənbə sayımızda)
Gecəm-gündüzüm
dolaşıq düşüb, yanıram, alovlanıram,
tüstüm başımdan çıxır. Neyləyim anam
məni belə doğub: əzəldən dərd şairiyəm.
Deyirlər, dərd insanı həm ucaldır, həm də
qocaldır.
Fikri harasa uçub gedir... Mənim
isə yaddaşımda "Yaşamaq yanmaqdır" - deyən
şairin bütün yaradıcılığından şah
damar kimi keçən bu yanar misralar qanad çırpır:
Yanır bu dünyada ayaq izlərim
Yanır arzuların
qışqırıqları.
Yanır o həqiqi, doğru
sözlərim,
Yanır ürəyimin
hıçqırıqları.
...Telefon zəng çalır. Zəng
eləyən tanımadığı adamdır. Nəsə
bir xahişi var. Bəxtiyar müəllim ümid verir ona. Dəstəyi
qoyanda "günümün çoxu belə keçir" -
deyə siqaret yandırıb pəncərəyə sarı
gedir...
1989-cu ilin payızı... Qazaxda
Dövlət Dram Teatrının açılışı
idi. Teatr öz bioqrafiyasını Bəxtiyar Vahabzadənin
"Hara gedir bu dünya" pyesinin tamaşası ilə
başlayırdı. Müəllifin bu təntənədə
iştirakı yaradıcı kollektivin sevincinin üstünə
bir sevinc də gətirmişdi. Respublikanın mədəniyyət
naziri Polad Bülbüloğlu, ayrılmaz dostu, professor
Şirməmməd Hüseynov və əslən Qazaxdan olan
şair Həmid Abbas da onunla idi.
Bəxtiyar müəllimi hər
addımda geniş ürəklə, sonsuz bir fərəhlə
qarşılayır, deyirdilər: "Böyük şairimiz
Səməd Vurğun yurduna xoş gəlib, səfa gətirib".
Dildə, ağızda bu sözlər
gəzirdi: "Bəxtiyar müəllim, Səmədin qoxusunu
sizdən alırıq".
O axşam Səməd Vurğun
adına şəhər Mədəniyyət Sarayındakı
aşıb-daşan sevinc, müəllifə göstərilən
hörmət, ehtiram nə sözə
sığışandı, nə də təsvirə...
Açılış münasibətilə
mədəniyyət naziri Polad Bülbüloğlunun dediyi hərarətli
təbrik sözündən sonra tamaşaçılar Bəxtiyar
sənətinin sehrinə düşdülər.
İlk tamaşanın uğuru bir
yana, müəllifin səhnədə görünməsi,
Qazax camaatına səmimi müraciəti, dediyi kövrək
sözlər ürəkləri riqqətə gətirmişdi.
Salon yaz selləri kimi coşub-daşır, alqış səsləri
divarları titrədirdi...
Şairi gül-çiçək
yağışına tutmuşdular. Bəxtiyar müəllimin
sevinc dolu gözləri sanki deyirdi:
Vətənimi
vəsf eləyən şeirlərim,
Çiçək olub dəstələnir
qucağımda.
Sonrakı gün qonaqların
şərəfinə ziyafət
verilirdi. Bəxtiyar müəllimin
istəyilə məclisi
aşıq Ədalət
şənləndirirdi. Bu o vaxtlar idi
ki, rayonda bir balaca aşığın
könlünə dəyib,
onu pisikdirmişdilər.
Ədalət çox sınqın
görünürdü.
"Yanıq
Kərəmi" yol salmışdı ürəyinin
başından. Alıb aparmışdı,
yanar qanadlarında göylərə qaldırmışdı.
Şair özünü
də unutmuşdu, məclisdəkiləri də...
Gözləri bir cüt qəm dənizi idi...
Sazın tellərindən qopan alov dillərinin
son titrəyişi öləziyib
sükuta qovuşanda diksinən kimi oldu. Bu diksintidə
dərdli bir təəssüf var idi.
Qalxıb aşığın dövran
elədiyi yerə sarı getdi və çox sevdiyi bu el sənətkarını
köksünə sıxaraq:
- Ədalət,
ay qardaş, - dedi, - sən bizi yandırıb
kül elədin ki! Sənin bu qara sazın bir simfonik orkestrdir. Sən Kərəmin dərdini yox, millətin dərdini çalırsan bu qara sazda!
Həyəcanlı idi. Özünəməxsus
çılğınlıqla:
- Əlini mənə ver, - deyə, dönüb onu bir də
qucaqladı, - o beş-altı
simin səsini bir-birinə qoşub, möcüzə yaradan barmaqları öpmək istəyirəm. O barmaqlar qızıla tutulmalıdı,
heykəl qoyulmalıdı
o barmaqlara!
Aşıq o qədər təsirlənmişdi
ki, bilmirdi neyləsin... Bəxtiyar müəllim qayıtdı
ki:
- Mən bilən sənin hələ fəxri adın yoxdur, heç bir xarici ölkədə də olmamısan, eləmi?
Aşıq dinmədi. Bəxtiyar
müəllim üzünü
nazirə tutdu:
- Polad müəllim, bu, məni təəssüfləndirir.
Gərək biz indiyəcən Ədalətin sənətini
dünyaya göstərəydik.
Bir qardaş kimi Sizdən xahişim budur ki, Ədalətə qayğını bir az da artırasınız, ona qol-qanad verəsiniz.
- Bəxtiyar müəllim, Ədalət
doğrudan da böyük sənətkardır,
- dedi Polad Bülbüloğlu. - Mən
də onun çalğısına heyranam.
Bu gün ona
bir daha vuruldum. Nə imkanımız varsa,
ona kömək edəcəyik. Ədalət qastrollara da gedəcək, fəxri adlar da alacaq.
Həmin ilin payızında
nazir rəhbəri olduğu nümayəndə
heyətinin tərkibində
o el sənətkarını özü ilə İraqa - Beynəlxalq Folklor Festivalına apardı. Ədalət orada böyük
uğur qazandı.
Qəzetlər, radiolar, televiziya
kanalları ondan söz açdı.
Sonra Bakıda - filarmoniyada möhtəşəm
yaradıcılıq gecəsi
keçirildi. O, nazirin
təqdimatı ilə
Əməkdar incəsənət
xadimi fəxri adına layiq
görüldü. Daha
sonra yubiley təntənəsi, prezident
təqaüdü...
Aşıq Ədalət bu hadisəni xoş, qanadlı duyğularla xatırlayır. Deyir:
"Nə yaxşı
ki, tale məni o axşam xalqımızın
uca şairi Bəxtiyar Vahabzadə ilə, böyük Bülbülün yadigarı
hörmətli nazirimiz
Polad Bülbüloğlu
ilə görüşdürdü.
Bu görüş qol-qanad
verdi, qaldırdı,
yaşatdı məni.
Ömrüm boyu hər ikisinə duaçı olacağam".
...Adı, şöhrəti Azərbaycana
sığışmayan xanəndə
Qədir Rüstəmova
həsr olunmuş
"Sona bülbüllər"
adlı televiziya verilişi hazırlayırdım.
Ürəyimdən keçdi ki,
Bəxtiyar müəllim
söz desə, Qədirin bir sevinci min olar. Götürüb zəng elədim.
- Mənə iki-üç gün vaxt ver, - dedi,
- bir yaxşı fikirləşim.
- Vaxtımız
dardı, - dedim, - sabah çəkiliş
olmalıdı.
- Bəs onda neyləyək?
Hiss elədim ki, Qədirdən də, məndən də keçə bilmir.
- Ürəyimi
tərpədən bir
fikir tapsam, şer yazaram, - dedi. - Qədirin heyranıyam. Onun "Sona bülbüllər"indən
yoxdur dünyada.
- Doğrudan da elədir, - deyə onun sözünə qüvvət
verdim. - Qədir "Sona bülbüllər"ə
heykəl qoyub.
- Nahid, şer yazıldı! - deyib, dəstəyi
asdı.
Gecənin gec vaxtı
telefonumuz səsləndi.
Ürəyimə damdı ki,
Bəxtiyar müəllimdir.
Zənnim məni aldatmamışdı.
Dəstəyi götürən
kimi "qulaq as" dedi və başladı
şeri oxumağa:
"Sona bülbüllər"də Qədirin
səsi,
Dağların
dupduru büllur çeşməsi...
Qədir öz nadir, yandırıb
yaxan səsilə
"Sona bülbüllər"ə,
şair də sözü ilə Qədirə heykəl ucaltmışdı. Şer
bu yanıqlı misralarla bitirdi:
Bu səs göyüm-göyüm bizi
göynədir,
Oddur, gözümüzdə dönür qan-yaşa.
Yetim bir uşaqdır Şuşasız Qədir,
Adicə torpaqdır Qədirsiz Şuşa.
Qədir naləsinə səs verib, uyub
Qayalar, dərələr, dağlar mələşdi.
"Sona bülbüllər"ə o, heykəl
qoyub,
Onunla özü də
abidələşdi.
"Qədirin
səsi" şeiri
o verilişdə səsləndi,
səs saldı.
Çox
keçmədi ona Xalq artisti fəxri
adı verildi.
Buna Qədirin özündən
daha çox Bəxtiyar müəllim sevinirdi...
Görüşümüz zamanı bunu
xoş bir hadisə kimi yada saldıq.
- O şeir
"Körpü çaydan
uzaq düşüb"
kitabımda gedib, - dedi, - özü də sənə ithaf etmişəm.
Kitabdan bir nüsxə
mənə bağışladı.
Avtoqrafında yazmışdı:
"Köhnə dostum,
əziz qardaşım
və qələm yoldaşım Nahid Hacızadəyə".
Əziz müəllimimin bu sözləri qəlbimdə
sevinc selinə döndü...
...O, ürək
adamıdır, həyata,
insanlara, dünyaya da ürəyinin gözü ilə baxır.
Bu misraları onun ömür nəğməsinin nəqəratı
saymaq olar:
Mənə qüvvət verən ey ana torpaq,
Nə səndən dönərəm,
nə məsləkimdən.
Ürəklə
yaşadım, ürəklə
ancaq,
Yalnız ürəklə də öləcəyəm mən!
O, xalqın taleyi ilə bağlı hadisələrdə,
ən çətin mübarizə anlarında
həmişə ön
atəş xəttində
olub. Elə buna görə
də zaman-zaman zərbələr alıb.
Onu sağdan, soldan, qabaqdan, arxadan insafsızcasına, bəzən
qəddarcasına, zalımcasına
vurublar, əqidəsindən,
məsləkindən döndərmək
istəyiblər. Lakin
bacarmayıblar! İnanıram
ki, bacarmayacaqlar da!
Nə qədər döyülsə
də, yenə də söz qılıncını qına
qoymayıb, haray çəkib, üsyan qoparıb, ucalarda dayanıb Bəxtiyar!
Hamımızın
yadındadır: "Azadlıq" meydanı
coşub-dalğalananda yüz minlərlə insanın "Bəxtiyar!
Bəxtiyar!" çağırışı bütün
Azərbaycanın ürəyində əks-səda verirdi.
Şair xəstə olsa da, xalqın səsinə, harayına
səs verdi, irəli çıxdı, onun qabağında
getdi.
Bəxtiyar poeziyasının, şəxsiyyətinin
vurğunları onu əlləri üstünə aldılar,
başları üzərinə qaldırdılar. Şairin
bircə sözü, işarəsilə meydanda kükrəyən
insan dənizi susdu, aram oldu. Bu öz sənətkar oğluna
xalq inamının, sevgisinin ehtiram, ehtişam
ucalığı idi.
Qürur duyuram ki, insan qəlbini
riqqətə gətirən, həm də Bəxtiyar
ömrünün ən parlaq, şərəfli səhifələrindən
biri sayılan o unudulmaz anlar mənim ssenarim əsasında
çəkilmiş "İstiqlal şairi" televiziya
filminin kadrlarında əbədiləşib
Bəxtiyar Vahabzadə xalq ürəyinin
tərcümanı kimi Vətənin, torpağın
ağrısını öz ağrısı bilən sənətkardır.
...Dərdin göylərə dirəndiyi,
ümidin yaralı göyərçinə döndüyü
o ağır vaxtda qara bir xəbər qapılara açar
saldı: "Bəxtiyar müəllimin ürəyi dözmədi"
- şəhər kəndə, kənd şəhərə dəydi.
Azərbaycanın qəlbi qan ağlayırdı...
Səhər tezdən
özümü iş yerinə yetirəndə televiziyanın
darvazası qarşısında bir maşın dayandı -
içində də Bəxtiyar müəllim! Sevincdən
donub yerimdə qaldım. Bir göz qırpımında izdiham
onu dövrəyə aldı. Allah, Allah, insanlar bu xəbərin
qara yalan olduğuna, şayiə olduğuna necə də
sevinirdilər! Gözlərdə elə bil günəş
parlayırdı...
(ardı növbəti şənbə sayımızda)
Nahid
HACIZADƏ
Ədalət.-2012.-9
iyun.-S.17.