"Olanımız budur, neyləmək olar?! "

 

   Gəncə səfərim mənə bu şəhəri daha yaxından tanıtmaqla yanaşı, həm də xeyli müsahib qazandırdı. Elə həmin müsahiblərdən biri Gəncə Dövlət Dram Teatrının aktyoru, hazırda "Azad Azərbaycan" televiziyasında yayımlanan "Pərvanələrin rəqsi" serialında "Murad" obrazını canlandıran Elxan Abbasovdur.

  

   - 1971-ci ildə Gəncə şəhərində anadan olmuşam. 16 nömrəli məktəbi bitirmişəm. Altıncı sinifdən şəhərimizdə rəhmətlik əməkdar artist Qurban Abbasovun rəhbərliyi altında fəaliyyət göstərən Xalq Teatrında fəaliyyətə başlamışam. 1987-ci ildə Altay Məmmədovun "Yadındamı" tamaşasını hazırladıq və bizi Bakıya dəvət elədilər. Orda gözəl qarşılandıq. Daha sonra ümumittifaq teatr festivalının laureatı olduq. Biz üç nəfər idik. "SOY" da prodakşnın təsisçilərindən olan Siyavuş Hüseynov, hazırda ATV telekanalında yayımlanan və mənim də çəkildiyim "Pərvanələrin rəqsi" serialının rejissoru Rövşən İsax, bir də mən. Hər üçümüz eyni ildə-1988-ci ildə instituta da qəbul olduq. Sonra ali məktəbi bitirdim və təyinatla Gəncə Dövlət Dram Teatrına göndərildim. O vaxtdan da burdayam. Hələ 1992-ci ildə dördüncü kursda oxuyarkən Fərid Hümbətovun "Kənar adamlar" filminə çəkilmişəm. Həmin film Azərbaycanda yayımlanmasa da, bir çox ölkələrdə nümayiş etdirildi.

   - Hazırda çəkildiyiniz "Pərvanələrin rəqsi" serialına dəvətiniz necə alındı?

   - Sənətimi illərdi görən, aktyor kimi inanan Rövşən İsax məni sınaq çəkilişinə dəvət elədi. Sınaq çəkilişlərindən 15-20 gün sonra zəng elədi ki, təbrik edirəm, sən filmə düşmüsən. Amma o məni teatrdan da tanıyırdı. Bu filmdə məişət problemlərindən söhbət gedir. Həddindən artıq maraqlı mövzudur. Ümumiyyətlə, serial çox çətin işdir. Özüm də bu serialda çəkildiyimə görə demirəm. Həqiqətən də çox güclü aktyor seçimi edilib. Hər kəsə məsləhət görürəm ki, baxsın. Görəcəksiniz ki, nə qədər təbiilik var.

   - Söhbət təbiilikdən düşmüşkən, bir məqama toxunmağınızı istərdim. Azərbaycanda çəkilən serialların böyük əksəriyyəti süni alınır. Bunun səbəbi nədir?

   - Çox çətin sualdır. Biz ATV-də oturanda Rövşən gözəl bir söz işlətdi. Dedi ki, milli seriallara pul ayrılır, hər şey qaydasındadır, "yoxdu" sözü yoxdu. Əgər serial alınmırsa, günah bizim özümüzdədir.

   - Bu serialda belədir?

   - Bəli. Nə lazımdı təşkil edirlər. Serialı şirkət özü çəkdirir. 

   - Bir az da məsələnin maliyyə tərəflərindən danışaq.

   - Bu məsələləri açıqlamaq istəmirəm. Serialda çəkilən hər aktyorun öz qiyməti var. 

   - Orta bir qiymət.

   - Aylıq məvacib alırlar. Dəqiq deyə bilmərəm.

   - Gəncədə teatr, Bakıda serial. Necə çatdırıhsınız?

   - Bakıda belə çəkilirəm də. Çəkiliş edirlər, qalır mənim yerim. Mən də gedib öz hissələrimz çəkilib qayıdıram. Üç gün ərzində işlərimi həll edirəm. Həm orda, həm burda müəyyən güzəştlər edirlər, sağ olsunlar. Burda ağır tamaşalarım, ağır məşqlərim var.

   - Bayaq müsahibədən öncə bir fikir işlətdiniz-sənət getdikcə cılızlaşır. Cılızlaşmanı nədə görürsünüz?

   - Oturub gözləyirsən ki, teatra ixtisaslı gənclər gələcək. Mən özüm 1992-ci ildə təyinatla bura gəldim və baş rollar oynamağa başladım. İndi elələri gəlmir. Çox istərdim ki, teatra istedadlı uşaqlar gəlsinlər.

   - Belə çıxır ki, gələnlər istedadlı deyillər? 

   - Hazırda Gəncə Dövlət Dram Teatrına institut bitirib gələn gənclər yoxdur. Sağ olsunlar, burda dərnək yaradıblar. Ordan çıxan uşaqlarla işləyirik.

   - Bura təyinat yoxdur?

   - Ola bilsin ki, təyinat var. Amma Gəncə teatrına gəlmirlər. Yəqin regionlara getmək istəmirlər. Əlbəttə, Bakıda qədər studiyalar var...

   - Məvacib bütün dövrlərdə aktyorların "yaralı yeri" hesab olunur

   - Şəxsən mən ali dərəcəli aktyor kimi 168 manat məvacib alıram.

   - Artıq 40 yaşınız 20 ilik peşəkar səhnə təcrübəniz var. Fəxri ada iddialısınız?

   - Belə götürəndə yox.

   - Özünüzü layiq bilirsiniz?

   - Onu gərək başda oturanlar desin.

   - Deməli, başda oturanların dedikləriylə razılaşırsınız ki, layiq olmadığınıza görə almamısınız.

   -Hələ ki heç kim o sözü mənə deməyib. Əgər mən "Azdrama"da Dərviş oynadımsa, Qoqolun əsərində Kaçkaryovu oynadımsa, yuxarıdan baxıb 15 dəqiqə əl çaldılarsa, hər şey göz qabağındadır.

   - Bölgə teatrları sanki diqqətdən kənar qalıblar.

   - Mən belə düşünmürəm. mənada deyirsiniz?

   - O mənada ki, paytaxt teatrlarında əsaslı təmir... Məncə bu teatr sovet dövründən sonra heç təmir olunmayıb. Olunubsa da cari təmir olunub.

   - Olanımız budur, neyləmək olar? Mən bu səhnədə canımı qoyaram. Başqa yerlərdə elə səhnələrə çıxırıq ki, baxırsan akustikası yoxdur. Burda pıçıltı da axırıncı sırada əyləşən tamaşaçıya çatır. Amma elə səhnələr var ki, qışqırmağa məcbursan  

   - Aktyor sənətiniy pərdəarxası məqamları çox maraqlıdır.

   - Məsələ, ?

   - Məsələn, səhnəyə çıxmağa 2 dəqiqə qalmış söz yaddan çıxa bilər, yaxud hansısa başqa bir hadisə.

   - Məsuliyyət tamamilə başqa mövzudur. Birincisi səhnəyə çıxırsansa, sözü unudursansa, bu sənin öz problemindir, öz məsuliyyətsizliyindir. Səhnəyə iki dəqiqə qalmış heç kim mənə söz deyə bilməz. Nəinki iki dəqiqə, bir saat əvvəl. Mən qrim otağına girdim, qrimləndimsə kimsə mənə bir kəlmə söz deyə bilməz. O ab-havayla da səhnəyə çıxıram. Səhnə müqəddəsdir ona xəyanət eləmək olmaz. Bizim teatrda elə bir şey yoxdur ki, kimsə gəlsin danışsın, danışsın birdən desinlər ki, sənin yerindir gəl səhnəyə. Bizdə o tərbiyə yoxdur. Hamı öz yerini gözləyir, öz obrazı haqda fikirləşir. 

   - Amma tamaşaçı sarıdan korluq çəkirisiniz.

   - Bu dəqiqə hər yerdə durum eynidir.

   - Bakıda bir çox teatrlarda oluram. Heç olmasa zalın yarısı dolur.

   - Bakı paytaxtdır.

   - 300 min nəfər əhalisi olan şəhərdə 200 nəfər tamaşaçı gəlmirsə...

   - Amma vaxt var idi açıq kassayla tamaşaçının yarısı bayırda qalırdı. Mən həmin günləri görmüşəm.

   - Tamaşaçıları teatrdan irgah salan nədir?

   - Sadəcə dövr dəyişdi, kompüter, elm, texnika..

   - Dünyada elə ölkələr var ki, texnoloji məsələlərdə bizdən çox irəlidədir. Amma orda eyni zamanda teatrlar da yüksək səviyyədə inkişaf edib, tamaşalar anşlaqla keçir.

   - Ola bilər.

   - Deməli problem texnikanın inkişafında deyil. Ya teatr tamaşaçıya istədiyini vermir...

   - Yox, sadəcə tamaşçı bir balaca uzaqlaşıb. Biz tamaşaçını itirməmişik, onlar özləri gedib. Bu itirmək deyil. Vaxtilə oynamışıq, zal dolu olub. İndi internetdən hətta Amerikanın teatrlarını da izləmək olur.

   - Sizcə o tamaşaçını teatra necə qaytarmaq olar?

   - Bilmirəm. Fikrimcə yerli televiziyalar tamaşaları reklam eləməlidirlər, təbliğat getməlidir... Mən aktyoram. İşim məşqimi edib tamaşamı oynamaqdır. Bu problemlərin mənə heç bir aidiyyəti yoxdur. Mən öz işimi lazımınca görürəm.

 

 

   İntiqam VALEHOĞLU

 

   Ədalət.-2012.-9 iyun.-S.12.