"Gözümün qarşısında yaranan kitab"
Yaxın vaxtların söhbətidi.
Tanınmış şair, qədim Naxçıvan
torpağında yaşayıb-yaradan, dəyərli
naşirimiz Vaqif Məmmədovla Bakıda tanış oldum.
Özü də ölməz Füzulinin heykəli
qarşısında. Naxçıvan şairlərinin
şeirlərini yeni çıxacaq jurnal üçün gətirmişdi.
Şeirləri hörmətli qələm
sahibi, şair Qəşəm İsabəyliyə təqdim
etdi. Söhbət əsnasında məlum oldu ki, Vaqif müəllim
yeni kitabını "Şirvannəşr"ə təqdim
etmək istəyir. Bu məqsədlə nəşriyyata gəldik.
Şairdən üzr istəyib kitaba toplanmış bir
neçə şeirini oxudum. Mən tamam başqa bir aləmə
qərq oldum. Qəlbimdə yeni hislər, duyğular
yarandı. Ürəyimdən gizli şəkildə
çıxacaq kitab haqqında məqalə yazmaq istəyi
yarandı. Kitabın araya-ərsəyə gəlməsində
müəyyən qədər iş gördüm. Bir sözlə,
Vaqif Məmmədovun yeni kitabı gözümün
qarşısında yarandı. Müəllif kitaba həm
poetik, həm də fəlsəfi "Dənizə qar
yağırdı" adını verib. İlk növbədə
oxucuya kitabın adı adi gələ bilər. Lakin eyni
adlı şeiri oxuduqda adilikdən düşüncələrə
düşürsən. Bir daha əmin olursan ki, şairlər
bizim görə bilmədiklərimizi bizdən yaxşı
duya, görə bilirlər. Bax onda misralar dilə gəlir,
şeir yaranır.
Mavi suların üstdə,
Görməmişdim mən zəri.
Bu məsum gözəlliyin,
Tapılmazdı bənzəri.
Dalğalar necə sakit,
Sular necə fağırdı,
Dənizə qar yağırdı.
Onu da qeyd edim ki, kitaba müxtəlif
illərdə yazılmış şeirlər toplanıb. Bu
baxımdan "Ərdəhanda Vahabzadə küçəsi"
şeiri xalq şairimizin Bəxtiyar Vahabzadənin xatirəsinə
həsr olunub. Vaqif müəllim ölməz söz
ustadının adına verilmiş küçənin
açılışında iştirak etdiyindən qürur
duyaraq yazır.
Həsrətimiz uzaqlaşan daş
oldu,
Kədərimiz bir sevincə
tuş oldu,
Ünvanlara yeni ünvan qoşuldu
-
Ərdəhanda Vahabzadə
küçəsi.
Hər dəfə
"Bayatı-Şiraz" muğamını dinləyəndə
qəlbimdə istər-istəməz kədər yaranır. İnsan
qəlbi nisgilləşir. Kitaba daxil edilmiş
"Bayatı-Şiraz" şeirində müəllif qəlblərin
dərdinə şərik çıxır.
Qəzəbə səd çəkir, saxlada bilir,
Pisliyin yolunu bağlada
bilir.
İnsanı kövrəldir, ağlada bilir,
Göz yaşını göl edir "Bayatı-Şiraz".
Topluda "Müşfiqsiz günlərim" silsiləsini
həyəcansız oxumaq
olmur. Şair 40 yaşında həyatdan vaxtsız köçmüş,
qardaşı Müşfiqin
xatirəsinə həsr
etdiyi şeirlər başdan-ayağa ağrıdır,
qəm-qüssədir:
Neçə yaş gəlsə də yaşımın üstə,
Gördüm qarasını, gördüm
ağını.
Bir ağır dərd durub başımın üstdə
Sinəmə çəkəcək qardaş
dağını...
Vaqif müəllim, dünyanın
işi belədir, nə etmək olar? Mən də sizlə
eyni dərdi çəkirəm. Bir
neçə il bundan qabaq mən də qardaşımı itirmişəm. İkimiz də bir gündəyik. Şair
övladının itkisinə
dözməyən Zəroş
ananın xatirəsinə
həsr etdiyi şeirdə bir oğul kimi haray çəkir:
Sənsiz bu dünyada gəzə bilmədi,
Sən idin hər sözü-sovu
da bəlkə...
Sonbeşik idin sən, dözə bilmədi,
Gəldi sonbeşiyi ovuda bəlkə...
Bu günə qədər tarix
üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət
işçisi, şair Vaqif Məmmədovun 30-a yaxın
şeir, bədii-publisistik kitabları nəşr edilib. Dünyanın
hər üzünü görən şairin qəlbində
nikbin əhval-ruhiyyə yaşayır. Səsində-sözündə
əyilməzlik, vüqar var. Yazın Vaqif müəllim.Yeni
kitablarınızı gözləyirik. Məqaləmi söhbət
açdığım "Dənizə qar
yağırdı" kitabında "Sözlü, nəğməli
diyar" şeirindən, bir parça ilə bitirmək istəyərdim:
Bura Vətəndir
Qopuzun, sazın.
Adını yaşadan
yüz qalası
var.
Cəlilin, Cavidin,
Məmməd Arazın
Qədim Naxçıvanda
Söz qalası var.
Müşfiq Cabiroğlu,
Yazıçılar
Birliyinin üzvü
Ədalət.-2012.-9
iyun.-S.22.