İşıqsız olmasın bir şəhər, bir kənd...

 

   Yayın da öz qayğıları var. Günəşin yandırıb-yaxdığı bu günlərdə təsərrüfat işləri göz açmağa imkan vermir. Payızın yağışına, qışın qarına zaman sanki, tələsir.

   Kifayət qədər geniş əraziyə malik Cəlilabad rayonunda da təsərrüfat işlərinin qızğın çağıdır. Xidməti idarə və müəssisələrdə bu daha çox hiss edilir. Çünki insanların sosial qayğılarına istiqamətlənmiş belə müəssisələr məhz indi qabaqlayıcı tədbirlər həyata keçirirlər.

   Rayon elektrik şəbəkəsi doğurdan da indi çox qayğılı günlərini yaşayır. Nə qədər ki, yer-yurd qurudur, ən ucqarlığa gedib-gəlmək asandır, daha çox iş görmək lazımdır.

   "Şirvan Regional Elektrik Şəbəkəsi" MMC-nin tabeliyində olan bu idarədə 158 nəfər işçi çalışır. Müxtəlif sahələri əhatə edən bu işçilərdən 23 nəfəri elektrik mantiyorudur. Yəni bu təsərrüfatın əsas ağırlığı bunların üzərinə düşür. 35470 abonentə xidmət edən kollektivdə təcrübəli mütəxəssislərlə bərabər gənclər də çalışır. Rayon abonentlərindən 11 mini artıq "Smart" kart sistemindən istifadə edir. 2014-ci ilə kimi rayon elektrik istehlakçılarının hamısı "Smart" kartla təmin olunacaq. Bu da istifadə olunan elektrik enerjisinin dəyərinin tam ödənilməsinə gətirib çıxaracaq.

 

   Ötən il daha çox olub

 

   Ölkənin hər yerində olduğu kimi Cəlilabad şəhərində, eləcə onun kəndlərində istehlakçıların daha kefiyyətli, fasiləsiz, elektrik enerjisi almaları üçünkifayət qədər işlər görülüb. Tam yararsız vəziyyətə düşmüş 545 ədəd dayaq təmir edilmiş yaxud yenisi ilə əvəzlənmişdir. İstifadəsi mümkün olmayan 14,5 kilometr elektrik naqili dəyişdirilmişdir. Çox işlənildiyindən yararsız vəziyyətə düşən 14 ədəd müxtəlif güclü transformatorlar təmir edilib yenidən həyata qaytarılmışdır. Daha 59 ədəd 10, 0,4 kilovoltluq transformatorda əsaslı cari təmir işləri aparılmışdır. 

   İdarənin tədbirlər planına uyğun olaraq Alar-Şəhriyar-Sabirabad kəndləri ərazisindəki sakinləri, müxtəlif qrumları elektrik enerjisi ilə mütəmadi təmir etməkdən ötrü keçiricilik qabiliyyəti müxtəlif olan 1 kilometrə yaxın hava xətti çəkilmişdir.

 

   Yeni massivin əsas qayğısı - işıq

 

   Əlbəttə, hər bir mənzilin, evin ən birinci qayğısı onun elektrik enerjisi ilə təmin edilməsidir. Müasir dövrdə işığın olmadığı bir mənzildə nələrin baş verdiyini təsəvvür etmək çətin deyil.

   Cəlilabad şəhərinin Yeni Yaşayış Massivinin salındığı son illərə təsadüf edir. Müasir yaraşıqlı mənzillərdə isə elektrik işləri daha müasir olmalıdır. 2011-ci ildə standartlara cavab verməyən bütün hava xətləri sökülüb ləğv edildikdən sonra burda SİP kabel xətti çəkilmişdir. Massivdə 10, 0,4 kilovat gücündə olan transformatorlar yarımstansiyası inşa edilmişdir. Bütün bu işlərlə bərabər Yeni Yaşayış massivində haqqı qabaqcadan ödənilən "Smart" tipli sayğaclar quraşdırılmışdır.

   Burda elektrik avadanlıqlarının daim saz qalması üçün elektrik mantiyorları nəzarətlərini daim gücləndirirlər. Bunlar həm , yarana biləcək qəzaların qarşısını vaxtında almağa xidmət edir.

  

   Şəhərin elektrik təminatında problem yoxdur

 

   Əhalinin daha sıx yaşadığı rayon mərkəzi-Cəlilabad şəhərində - elektrik enerjisinin kefiyyətli, dayanıqlı verilməsi üçün silsilə tədbirlər həyata keçirilmişdir. Cəlilabad Elektrik Şəbəkəsinin rəisi İntizam Aslanov bildirdi ki, bir sıra dövlət obyektlərinin, inzibati qrumların yerləşdiyi şəhər daim diqqət mərkəzində saxlanılması mütləqdir. Regionların sosisal-iqtisadi inkişaf proqramı da daim gündəmdədir.

   2011- ci ildə şəhərdə 52,6 kilometr SİP kabeli çəkilmişdir. İstismara yaramayan 180-dən çox dayaq dirəkləri yeniləri ilə əvəzlənmişdir. 614 ədəd 1 3 faizli "Smart" kart tipli sayğac quraşdırılmışdır.

   Ümumiyyətlə, Cəlilabad şəhərinin elektrik təsərrüfatında görülən işlərin miqyası xeyli böyükdür. Yenidənqurma dövründə şəhər ərazisində 111,92 kilometr 0,4 kilovoltluq SİP kabeli çəkilmişdir. 73,12 kilometr 10 kilovoltluq hava xəttində əsaslı təmir işləri aparılmışdır. 8922 ədəd 1 faizli, 362 ədəd 3 faizli "Smart" tipli sayğac quraşdırılmışdır.  

   Bütün bunların nəticəsində şəhərdə baş verən elektrik qəzasının sayı minumuma endirilmişdir. Bu həm , şəhər ərazisindəki elektrik enerjisinin hesabını daha dəqiq bilməyə enerji itkisinin qarşısının alınmasına səbəb olmuşdur. 

   Şəhərdəki yenidənqurma işləri zamanı əldə olunan yararlı elektrik avadanlıqları- ağac dayaqlar, naqillər- kənd ərazisində istifadə edilmişdir. 

   Bu idarə rəisinin verdiyi qısa informasiya idi.

 

   Ucqarlar da unudulmur

  

   Dediyimiz kimi Cəlilabad rayonunun ərazisi kifayət qədər böyükdür. Rayonun 117 kəndi arandan dağlara qədər səpələnib. Bu isə cəlilabadlı elektriklərin işində müəyyən çətinliklər yaradır. Qışın qarında, payızın yağışında, yayın istisində bu kəndilərdə fasiləsiz elektrik enerjisinin verilməsinə nail olmaq elə asan deyil.

   Ancaq Cəlilabad Elektrik Şəbəkəsinin işçiləri çalışırlar ki, onların üzərinə düşən işləri ləyaqətlə həyata keçirsinlər. Sakinlər elektrik təsərrüfatının xidmətindən narazı qalmasınlar.

   Lakin inzibati ərazi vahidliyində yerləşən Musalı, Badamağacı, Buravar kimi kəndlər rayon mərkəzindən 50-60 kilometr uzaqda yerləşir. Narahat dağ yolları ilə bu kəndlərə gedib-gəlmək, qəzanı vaxtında aradan qaldırmaq, şikayətçini razı salmaq xeyli vaxt, səbir, səriştə tələb edir.

   İdarənin baş mühəndisi Nizami müəllim bildirdi ki, bu kəndlərə xidmət edən elektrik mantiyorları daha təcrübəli şəxslərdən təşkil olunmuşdur.

   Ləkin, Üçtəpə kəndlərinin elektrik hava xətlərində cari təmir işləri aparılmışdır. Qarazəncir, Cəfərxanlı kəndlərindəki yeni yaşayış massivlərində müvafiq güclü yarımstansiya və hava xətlərinin tikintisi başa çatmaq üzrədir.

   Energetiklərin dili ilə desək qışın qarından yayın istisi daha yaxşıdır. Əslində energetiklərin işi həmişə çətin və məsuliyyətlidir. Ancaq xeyli uzaq dağ kəndlərində ilin soyuq, yağmurlu aylarında işləmək doğurdan asan məsələ deyil. Ona görə də kollektiv ilin bu aylarında daha çox təmir-bərpa işləri görürlər ki, qışda qar-yağışla əlləşməsinlər.

 

 

   Səxavət Məmmədli

 

  Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

  Ədalət.-2012.-9 iyun.-S.21.