OTUZ YAŞINDA
"DOĞULAN" YAZIÇI...
İnsanlar həmişə azadlığa
can atıblar. Həyatın nə olduğunu dərk edər-etməz daim çalışıblar
ki, istədiklərinə,
arzuladıqlarına sahiblənsinlər,
kimsə onların üzərində diqtə
etməsin. Və
çox qəribə
də olsa onu qeyd edim
ki, insan oğlu nail olduğu, ola bilmədiyi
azadlığın sərhədlərini
heç vaxt özü üçün
müəyyənləşdirə bilməyib. Hər dəfə də
yenisi, daha yenisi yaranıb. Yəqin ki, bütün bunlar insan xislətinin
özəyində qərarlaşmış
bir genetik koddur. Hətta ən iddiasız, ən tərk-dünyaçı
şəxslərin də
daxilində kiçik,
zahirən görünməyən,
gizli azadlıq arzuları var. Sadəcə,
xarakterlərə, yaşam
tərzinə, dünya
görüşə, təsəvvürlərə
və fantaziyalara görə azadlıq istəkləri mahiyyətcə
fərqli, müxtəlif
olur. Adını unutduğum bir mütəfəkkirin nə
vaxtsa azadlıq haqqında belə bir fikrini oxumuşdum:
"hər kəsin arzuları onun azadlığı boydadır"...
Əslində bu fikrə fərqli
münasibətlər də çoxdur. Və bəlkə də
onları sadalamaqla bitirmək də olmaz. Lakin əsərlərini
sevə-sevə oxuduğum bir yazıçının, daha dəqiq
desəm dünya nəsrinin ən tanınmış isimlərindən
olan Erix Mariya Remarkın insanın azadlığı ilə
bağlı həmişə dediyi bir fikri digərlərindən
daha çox fərqli hesab etmişəm. Remark deyirdi: "Azad
yalnız o adamdır ki, uğrunda yaşadığı hər
bir şeyi itirib". Bəli, o, azadlığı tamam fərqli
görürdü. Və mənə elə gəlir ki, əslində
məhz belə fərqliliklər insanların müxtəlif
cür, rəngarəng həyat yolu seçməsində əsas
rollardan birini oynayır. Məncə Remarkın özü də
azad olduğu qədər yazıb-yarada bilmişdi. Və
unutmaq olmaz ki, o, başqalarından daha çox azad insan idi...
Belə olmasaydı dünyaca məşhur əsərləri
yarada bilməzdi...
(Əvvəli
qəzetin 12 iyun sayında)
EVLİLİYİ VƏ QƏRİBƏLİKLƏRİ
Amma çox maraqlıdır, qızın valideynləri onların ailə qurmasına qarşı çıxsalar da Kurt Dyerri Erix Mariyanın həmin jurnalda redaktor işləməsinə göstəriş verdi. Lakin Remarkın yaşadığı bu sevgi romanının da ömrü uzun olmadı... Yeni tanışlıqları davam etdi. İşlər elə gətirdi ki, Erix görüşdüyü gözəl bir xanımla İlza Yutta Zambona ilə ailə qurmağa qərar verdi. Əslində bəziləri onun bu münasibətlərinə o qədər də ciddi baxmırdılar. Çünki İlza bir rəqqasə idi və o, cəmiyyətdəki müəyyən dəyərlərə önəm verdiyi üçün gənc yazıçının həmin tanışlığının əyləncədən uzaq gedəcəyi, nikahla sonuclanacağı o qədər də inandırıcı görünmürdü. Amma sən demə, belə deyilmiş, gənclər 1925-ci ildə evləndilər. Yazıçının bu evliliyi ilə bağlı çox maraqlı məqamlar var. Özü də vərəmdən əziyyət çəkən bu qadın Remark üçün həmişə başqalarından fərqli olmuşdur.
Belə ki, İlzanın solğun
çöhrəsi, xarakteri yazıçıya bir sıra bədii
obrazları yaratmağa kömək elədi. Diqqətli
oxucular bu qadının gerçək obrazını
Remarkın bəzi əsərlərindəki personajlarda sezə
bilərlər. Bunun parlaq misalı yazıçının ən
məşhur əsərlərindən biri sayılan
"Üç yoldaş" romanındakı Pat
obrazıdır. Ümumiyyətlə, Erix Mariyanın
yaratdığı bədii qəhrəmanların bir hissəsi
onun real həyatda qarşılaşdığı
insanlarıdır. Məhz bu üzdəndir ki,
yazıçının yaratdığı obrazlar oxucuya daha
təbii, daha səmimi təsir bağışlayır.
Ailə qurması heç də onun yaradıcılığına təsir etmədi. O hansı manera, hansı prinsiplərlə yazırdısa, elə də davam edirdi. Ümumiyyətlə, Mariya Remarkın başqalarında təəccüb yaradacaq hərəkətləri çox idi. Bəzən o xeyli müddət qələmə yaxın belə düşmürdü. Və ya fasiləsiz yazmağa başlayırdı. Öz mənsub olduğu zümrədən imtina etmə çabaları, ziyalı, oxumuş olsa belə aid olduğu qeyri-zadəgan keçmişdən qurtulmaq istəkləri kənardan çox qəribə görünürdü. Erix Mariya cəmiyyətdə müəyyən təsəvvürlər yaratmaq üçün dəbdəbəli kostyumlar, monökllər geyinməyə, başlamışdı. Onu tez-tez arvadı ilə birgə teatr, konsert salonlarında görmək olardı. Ən dəbdə olan restoranlarda şam yeməkləri onun həyat tərzinə çevrilmişdi. Hətta Remark zadəgan titulunu qazanmaq üçün maraqlı bir vasitəyə də əl atmaqdan çəkinmədi. O, mötəbər zadəganlar nəslindən olan Huqo fon Buhvaldla sövdələşməyə girib 500 reyxsmarka pul əvəzində oğulluğa götürülməsinə nail oldu. Erix Mariya bununla da kifayətlənmədi. Buhvaldlar rəmzi və adı ilə özünə vizit kartlar da düzəltdirdi.
REMARKIN ŞEDEVRİ
Yaradıcılığını isə
dayandırmamışdı. 1927-ci ildə yazıçı çoxdan onun xəyallarını
zəbt etmiş mövzunu
ciddi şəkildə işləməyə
qərar verdi. Və beləliklə Avropa nəsrinin ən dəyərli əsərlərindən
biri hesab edilən
"Qərb cəbhəsində dəyişiklik yoxdur" romanını yazmağa
başladı. Lakin bununla
yanaşı o daha bir əsər üzərində də
çalışırdı: "Üfiqdəki stansiya". Erix Mariya həmin romanı daha tez tamamladı və əsər
noyabrdan "Şport im Bild" jurnalında
hissə-hissə çap olunmağa
başladı. Və əsər birmənalı
qarşılanmadı. Maraqlıdır, onun
tanışı olan
yazıçılardan biri bu əsər haqqında belə demişdi: "birinci dərəcəli
radiatorların və gözəl qadınların
haqqında kitab"dır. Növbəti il
Erix Remark artıq başa çatdırdığı "Qərb
cəbhəsində dəyişiklik yoxdur"
əsərini çap etdirmək üçün əlyazmalarını "C.
Fişer Ferlaq" nəşriyyatına
göndərsə də oradan rədd
cavabı aldı. Semuyel Fişer
əsərlə tanış olandan sonra bildirmişdi ki, müharibə haqqında kitabı kimsə
oxumağa həvəs göstərməyəcək.
O, bu dəfə Berlin nəşriyyatlarından
birinə - "Ulştayn"a müraciət etdi. Bu dəfə
əsərin çapına şərtlər daxilində
razılıq verdilər. Belə ki, naşir özünü
maliyyə ziyanından sığortalamaq üçün
Remarkla sövdələşdilər ki, roman uğursuzuğa
düçar olarsa müəllif həmin zərərin
qapadılması üçün jurnalist kimi nəşriyyatda
işləməlidir. Yeri gəlmişkən, "Qərb cəbhəsində
dəyişiklik yoxdur"un digər maraqlı tarixçələrindən
biri də budur ki, Remark romanının bir sıra hissələrini
aktrisa tanışı Leni Rifenştalın evində qələmə
almışdı. Hansı ki, həmin illərdən cəmi
beş il sonra bu dostlar tamam əks barrikadalarda dayanacaqdılar:
Remark ölkədə qadağan olunmuş müəlliflərin
siyahısında ilk sıralarda duracaqdı, əsərləri
meydanlardakı tonqallarda yandırılacaqdı, Leni isə
faşizmi təbliğ edən sənədli filmlər
rejissoru kimi şöhrətlənəcəkdi.
Lakin hər şeyə rəğmən
roman ilk dəfə 1928-ci ildə qəzet səhifələrində
çap edildi. Və qəzet varinatının maraqla
qaşılanmasından sonra Berlində "Propileyen-
Ferlaq" nəşriyyatı əsəri nəşr etdi. Və
inanılmaz nəticə. Əsər işıq üzü
görər-görməz əsl sensasiya kimi Almaniyada
qarşılandı. Oxucular görünməmiş bir maraqla
romanı alırdılar. Bu səbəbdən də bir il ərzində
"Qərb cəbhəsində dəyişiklik yoxdur"un
bir milyonyarım nüsxəsi satıldı. Bu həmin
dövrdə gənc yazıçı üçün
qeyri-qdi bir göstərici, rəqəm idi.
Oxucular Avropanın daha bir böyük qələm sahibinin gəlişini hiss etdilər. Bəli, həqiqətən Erix Mariya Remark məhz bu əsəri ilə böyük bir yazıçı olaraq doğuldu, möhtəşəm populyarlıq qazandı. Onu da qeyd edim ki, roman 36 dilə tərcümə edilərək 43 nəşriyyat tərəfindən çapdan buraxılıb. Hətta bir il sonra "Qərb cəbhəsində dəyişiklik yoxdur" ekranlaşdırıldı da. (Filmin rejissoru L. Milşteyn "Oskar" mükaftı aldı). Bütün bunlara rəğmən 1929-cu ildə Remark Nobel mükafatına təqdim edildi. Amma...
HÜCUMLAR VƏ TƏZYİQLƏR...
1930-cu illəri Erix Maruyanın həyatında
yeni hadisələrin başlanğıcı hesab etmək
mümkündü. Yazıçı İlza Yutta ilə
nikahını sürdürə bilmədi və onlar
boşandılar. Bundan başqa, ölkədə artıq
faşizm hərəkat halına gəlməkdəydi.
"Qayıdış" romanının qəzet variantı
işıq üzü görəndən sonra ona cürbəcür
təzyiqlər artmağa başladı. Hitler şəxsən
onu "fransız yəhudisi Kramer" adlandıraraq nifrətini
bildirmişdi. Bir sıra ədəbiyyatçılar ona
qarşı ən alçaq kompaniyaya başladılar. Hətta
iş o yerə gəlib çatdı ki, onu romanı həlak
olmuş dostundan
çırpışdırdığını, öz
adına çıxdığını iddia etdilər. Əlbəttə,
bütün bunları qulaqardına vurmaq o qədər də
asan məsələ deyildi. Hər yerdə kimsə
tapılırdı ki, ona qarşı şantajlar irəli
sürsün. Və onun kimi həssas biri bütün bunlara
uzun müddət duruş gətirə bilməzdi. O mənəvi
təzyiqlərin təsirini azaltmağın yolunu içkidə
gördü və həmin dövrlər Remark çoxlu
içki içməyə başladı. Lakin görünən
bu idi ki, heç içki də köməyə çatmaq
gücündə deyil.
Amma bununla belə Remark artıq
yazıçı kimi maddi cəhətdən özünü
təmin edə bilmişdi. Dostlarından birinin israrlı məsləhəti
ilə o, İsveçrədə bir villa - "Kaza Monte
Tabor"u aldı. Və əşyalarını ora
köçürdü. Sən demə, bunlar heç də
boşuna getməyəcəkmiş. Çünki hakimiyyətlə
münasibətlər sürətlə kəskinləşməyə
doğru gedirdi. Onun bank hesablarındakı bəzi pullar
hesabından silindi. Remarka qarşı qeyri-qanuni məhkəmə
qurularaq başqa bank hesabları da təhlükəyə məruz
qaldı, cərimələr ödədi. Nəhayət
ölkəni tərk etmək məcburiyyətində qalan
yazıçı aldığı həmin villaya yerləşdi.
"ÜÇ YOLDAŞ" VƏ KÖHNƏ
NİKAHIN TƏZƏLƏNMƏSİ
1932-ci ildə Erix Mariya
özünün daha bir məşhur əsərləri -
"Üç yoldaş" (əsər əvvəl
"Pat" adlandırılıb) üzərində işləməyə
başladı və bir il sonra onu tamamladı. Əvvəlcə
"Qud Xauskipinq" jurnalında ingiliscə, 1936-cı ilin
ortalarında isə Kopenhagendə datca nəşr edilən
roman müəllifə Avropada daha böyük populyarlıq gətirdi.
Remark "Üç yoldaş"ında özünün
bir yazıçı kimi individual xarakterlərin ustası kimi
göstərə bildi. Çünki təsvir edilən
baş qəhrəmanların hər birinin fərqli, fərli
olduğu qədər də bir süjet ətrafında
ustalıqla birləşən talələri əsərə
çox güclü bədii-estetik çalar verir. Əsərin
əvvəlində hər biri ayrı-ayrılıqda
görünən bu personajları müəllif oxucuya elə
dillə təqdim edir ki, az sonra oxucu asanlıqla onların hər
birini xarakterinə görə tanıyır.
Yazıçının ən böyük özəlliklərindən
biri də budur ki, romanda qeyri-adi dramatik hadisələr
tüğyan etməsə də oxucu əsərdən
ayrıla bilmir. Təsvir olunan qəhrəmanlar həyatda
sıradan biri kimi elə təbii çalarla təqdim edilir
ki, sanki biz dəflərlə onlara, lap elə onların
oxşarına hardasa rast gəlmişlk.
Həmin illər ərəfəsində
dünyanın bir sıra ölkələrinə səfərə
çıxan Erix Mariya Venetsiyada həyatının növbəti
qadını Marlen Ditrixlə tanış oldu. Amma çox
maraqlıdı ki, yazıçının bu qadınla
dostluğu sürdüyü halda o öz əvvəlki
sevgilisi-arvadı İlze Yutta ilə yenidən
görüşməyə başladı və bir müddət
sonra onlar təkrar evləndilər. Bəzi təhqiqatçılar
bu nikahın Almaniyanı tərk edib İsveçrəyə
yerləşmək naminə bağlandığını
söyləsələr də fakt bu idi ki, yazıçı
həmin qadına həmişə fərqli münasibətlər
bəsləmişdir. Lakin bununla belə Erix Mariyanın nəinki
arvadına, hətta hansısa sevgilisinə sədaqətli
qaldığını söyləmək mümkün deyil.
Elə böyük dəyər verdiyi İlza ilə
münasibətlərini təkrar rəsmləşdirsələr
də o, digər qadınlarla da görüşməkdən
qalmırdı. Bu həmin illər idi ki, "Üç
yoldaş" Amsterdamda alman dilində də böyük
tirajla nəşr edildi. Elə həmin dövrdə - 1938-ci
ildə növbəti əsərini - "Özünə
yaxını sev" romanını ərsəyə gətirdi.
Artıq Almaniyada onu düşmən kimi görənlər
hakimiyyətdə idilər və hər yerdə onun adı lənətlə
anılırdı. İş o yerə çatdı ki, həm
onun özünü, həm də arvadını alman vətəndaşlığından
çıxardılar.
(Ardi qəzetin 26 iyun sayında)
BABƏK
YUSİFOĞLU
Ədalət.-2012.-19
iyun.-S.4.