Heç kəsdən küsməyən adam

 

   (Şair Zəlimxan Yaqubla görüş)

 

   Şairlə baş tutmayan görüş

 

   Çoxdan... Lap çoxdan mənə demişdilər Zəlimxan Yaqubla görüşüb söhbətləşmək lazımdır. Azərbaycana səs salan, unikal yaddaşı, aydın zehni, gur bulaq kimi qaynayan təbi ilə oxucularını heyrətləndirən Zəlimxan Yaqub indi xəstə yatağındadır və uzun müddətdir ki, efirlərdən uzaq düşüb. Hamı ondan nigarandır... Sevənlər də, sevməyənlər də xalq şairinin səhhətindən xəbər tutmağa, əhvalını öyrənməyə maraqlıdır. Zəlimxan Yaqub bütün keyfiyyətləri ilə, bütün xüsusiyyətləri ilə maraqlı adamdır. Ondan xəbər tutmaq istəyənlərin nigarançılığının üstünə Zəlimxana böyük xalq sevgisini də nəzərə alıb mən bu görüşü ertələməyimdən utanmağa başlamışdım ki, gənc şair Anar Amin mənə telefon açdı: "Həftə sonu Zəlimxan qağanın ziyarətinə gedirik, sənin də gəlməyini istəyirəm"-dedi. Razılaşdıq. Görüş yerini təyin edib Anarla sağollaşdım. Təəssüf ki, Anar Aminin planlaşdırdığı gün mənim qələm dostlarıma qoşulmağım alınmadı. Çoxdan arzuladığım görüş alınmadı. Əslində şair o qədər də əlçatmaz adam deyil. Evinin yerini təxmini bilirdim. Dostlar da deyirdi ki, kimdən xəbər alsan qağanın evini sənə göstərəcəklər. Amma nədənsə bu görüşə tək getmək istəmirdim. İstəyirdim ki, gənc qələm adamlarımdan kimsə yanımda olsun. Hamının sevdiyi, ehtiramla yanaşdığı yaşlılarla mənim söhbətim o qədər də uğurlu alınmır. Məhz buna görə də qəfildən gedib qapısını döyməyə, xalq şairinin narahat eləməyə çəkinirdim. Qələm dostlarımın şairlə görüşündən sonra bu dəfə mən Anar Aminə telefon açdım, uzun-uzadı xahiş minnətə ehtiyac qalmadı. Anar məni tezliklə şairlə görüşdürəcəyinə söz verdi və mən hazırlığa başladım.

 

   İlk tanışlıq

 

   Gəncə Dövlət Universitetində təhsil aldığım vaxtlardan yerli mətbuatla, elm adamları ilə çox sıcaq münasibətlərim vardı. Gəncəyə qonaq gələn qələm adamları ilə təşkil olunan görüşlərə, tədbirlərə məni də hökmən dəvət edirdilər. 2005-ci ildə dostlar Zəlimxan Yaqubun Gəncəyə gəldiyini xəbər verdi. Nədənsə bu görüşə can atmadım. Tənbəllikdənmi, həvəssizlikdənmi görüşə gedə bilmədim. Dostlar, iki-üç kitab imzalatdırıb gətirmişdilər mənə...Oxudum...Xalq şeirini, qoşmanı, gəraylını sevə-sevə oxuduğum vaxtlar idi. Xüsusilə də, Zəlimxan Yaqubun şeirlərini yüz şeirin içindən asanca seçirdim. Etiraf edim ki, bəzi şeirlər məni sanki sehirləmişdi... O zaman bir peşimanlıq hissi keçirdim. Bir-neçə il sonra, təsadüfən Gəncəyə gələn şairlə böyük folklorşünas Sədnik Paşa Pirsultanlının məclisində tanış oldum. Həyat eşqi ilə dolu, rəvan nitqi ilə insanı sehirləyən şairlə xeyli söhbət elədik. Sonra oxuduğum universitetin rəhbərliyi onunla görüş təşkil elədi. Son ana qədər tədbirdə çıxışım planlaşdırılsa da, tədbirə qatılanların yersiz münasibətinə görə, çıxış eləməkdən imtina elədim. Həm də bilirdim ki, mənim çıxış etməyimi universitet rəhbərliyi də arzulamır. Rektorun baxışlarından bunu asanlıqla başa düşmək olurdu. Nədənsə tədbir təşkilatçıları mənim şairi tənqid edə biləcəyimi düşünmüşdülər. Çünki artıq mən "Alatoran" jurnalında, "Ədalət" qəzetinin "Nar" ədəbiyyat əlavəsində çap olunur, "Doqquz iklim" dərgisi ilə əməkdaşlıq edirdim.

   Beləcə bir xatirə ilişib qaldı yaddaşımda. Danışmaqdan imtina eləsəmdə şairin əlini sıxıb ona uğurlar arzuladım. Sonradan şairin yaxın dostu Məmməd əmiylə (Məmməd Aslanla) gözəl münasibətimiz yarandı. Məmməd əmi dostu haqqında maraqlı xatirələr danışdı, Zəlimxan Yaqubun çoxları bilməyən tərəflərini mənə sevdirməyi bacardı. İllər sonra, yaz günəşinin yandırıb-qovurduğu bu şəhərdə onun görüşünə yollananda da, Məmməd əminin danışdıqları yadıma düşdü. Birdən birə şairin sağlamlığının pozulmasına üzüldüm. Yayın istisində sümüklərimin sızıldadığını hiss elədim. Həyat eşqi ilə dolu bir adamın düşdüyü vəziyyət məni kədərləndirdi. Hansı ideyanın adamı olur, olsun Zəlimxan Yaqubun unikallığını danmaq insafsızlıqdır.

    Beləcə, yol boyu tələbəlik xatirələrim çözələndi...Uzun müddətdir əlaqə saxlaya bilmədiyim, dilimizin nadir hadisələrindən olan Məmməd əmi düşdü yadıma...uşaq kimi kövrək və küsəyən, incə ruhlu böyük adam Məmməd Aslanı xatırladım...

 

   "Bala Zəlimxan"-Anar Amin

 

   Redaksiyadan çıxanda Anar Aminə zəng elədim: "Anar 20 dəqiqəyə Nərimanov parkının yanında ol, maşınla gəlirik." Anar da məni arxayın elədi ki, 20 dəqiqə sonra dediyimiz yerdə olacaq. Fotoqraf bayramla rastımıza ilk çıxan taksilərdən birini saxlatdırdıq. Taksi sürücüsü dediyim qiymətə razılaşan kimi, keçib əyləşdik. Və yol boyu, mənasız söhbətləri ilə Bayramı darıxdıran sürücü ilə sonunda dil tapıb, dostlaşdıq. Bizi çox münasib qiymətə şairin evinə, ordan da redaksiyaya gətirməyə razı saldıq.

   Sağ olsun Anar Amin! Düz bir saat parkın yanında Anarı gözləməyə məcbur olduq. Bütün davranışı, pafosu, danışığı ilə Zəlimxan Yaqubu xatırladan Anar Amin, mənim tamam hövsələdən çıxdığım vaxt özünü yetirdi. Bir xeyli irad bildirəndən sonra, Anarı zorla maşına əyləşdirib yollandıq şairin evinə. Yol boyu Anar şairlə dostluğunun tarixçəsindən, mənim gedə bilmədiyim görüşdən ətraflı danışdı. Bərk-bərk sinəsinə sıxdığı "Ulduz" jurnallarında şairə həsr etdiyi poemanın olduğunu vurğuladı. Xülasə, uzun və əziyyətli yolçuluqdan sonra gəlib şairin evinin qarşısına çatdıq. Anaq zəngi basıb, gəldiyini xəbər verdi. Qapını açıb içəri keçəndə məndən xahiş elədi: "Zəhmət olmasa gözlə, bəlkə qağa yatır. Əgər razı sala bilsəm, sən də gələrsən". Bütün günümü bu görüşə sərf elədiyimdən qanım qaraldı. Amma Anarı gözləməkdən başqa çarəm yox idi.

 

   Sakit, səssiz görüş...

   Şairin məni unutmağı...

 

   Təxminən 20 dəqiqə yaz günəşinin altında, toz-torpaqlı küçədə Anarı gözləyirik. Nəhayət şairin kasıbyana villasının qapısı açılır və Anar sevincək içəridən çıxır. "Şair bizi gözləyir. Amma çalış onu çox yorma, yuxudan oyatmışam. Çox narahat eləmək olmaz." Ömrümdə ilk dəfə, Anar adlı birisinin dedikləri ilə bu qədər səmimi-qəlbdən razılaşıram. Qapıdan keçib, dörd tərəfinə gül kolları əkilmiş həyətlə evə doğru irəliləyirik. Anar ev sahibi kimi qabağa düşüb qapını açır, bizə xoşgəldin deyib içəri dəvət edir. Girən kimi, bir başa dəhlizlə yönəlir şairin uzanıb istirahət elədiyi otağa. Bir neçə dəqiqə dəhlizdə ləngiyirik. Nəhayət ki, şair otaqdan çıxıb ağır-ağır bizə tərəf addımlayır. Qırımından hiss olunur ki, Zəlimxan əvvəlki Zəlimxan deyil. Mehribançılıqla, səmimiyyətlə bizimlə görüşür. Bayramın da, mənim də üzümdən öpür və bizi iş otağına dəvət edir. Zəlimxan Yaqubun iş otağı haqqında uzun-uzadı danışmaq istəmirəm. Bir şair, qələm adamı üçün olduqca ideal şəraiti olan, sakit bir otaqdır. Bir tərəfdən də oxucular bu otağı dəfələrlə televiziya ekranlarında görüb. Şair ağır-ağır keçib baş tərəfdə əyləşir, bizə əlinin işarəsi ilə yer göstərib dərindən bir ah çəkir. Gözlərinə diqqətlə baxıram. 5 il əvvəlki şairdən əsər-əlamət yoxdur. Özümü təqdim edirəm. Gəncədə görüşdüyümüzü xatırladıram. Qəribədir ki, iti yaddaşı dillər əzbəri olan şair məni unudub. Elə yaxşı ki, unudub. Yoxsa bu ağır günündə aramızda keçən söhbətləri xatırlamasını mən də istəmirəm. Adam xəstə olduğu üçün mümkün qədər pozitiv olmağa, onu yormamağa çalışıram. Yersiz suallar vermirəm. Bayram isə həvəslə fotolar çəkir. Ürəyimdə düşünürəm ki, xoş Bayramın halına...İstənilən anı tutub bir kadrda saxlaya bilir...

 

   Küsməyə səbəbi olmayan şair... Xatırlanan dostlar

 

   Anar yenə ev yiyəsi qismindədir. Gur-gur guruldayır. Şairə keçmiş günləri xatırladır. Qəmbər Şəmşiroğlu, Məmməd Aslan Musa Yaqubla bağlı xatirələr danışır. Nədənsə söhbətimizin ana mövzusu Məmməd əmidir. Zəlimxan Yaqub da dostu haqqında ağız dolusu danışır. Onun dilimizə münasibəti, dil bilgisinin zənginliyi haqqında fikirlərimizi bölüşürük. Şair dostunun küsəyənliyindən danışır. Anar da, mən Məmməd əminin küsəyən olması fikrini təsdiqləyirik. Mən tanışlığımız haqqında, uzun müddətdir onu axtarmağımla bağlı danışıram. Fürsətdən istifadə edib, şairə sual verirəm:

  

   -Siz necə, küsəyənsinizmi? Gənclik illərində dostlarınızdan küsüb-incidiyiniz olubmu?   

   -Yox, mən qətiyyən küsəyən olmamışam. Heç kəsdən küsüb incidiyim olmayıb. Ancaq deyib gülməyimiz, xoş günlərimizi xatırlayıram. Mən Osman Sarıvəlli, İsmayıl Şıxlı kimi zəhmli, qürurlu Azərbaycan ziyalıları ilə dostluq eləmişəm. Gəncliyimdən məni çox sevib, qayğıma qalıblar. Küsməyə səbəb olmayıb.

   -Bəs indi necə, kövrəkləşdiyiniz vaxtda kimdənsə küsürsünüzmü?

   -Yox, qətiyyən. Heç kəsdən küsmürəm. Mən küsməyi bacaran adam deyiləm. Bu barədə, rahat adamam.

 

   "Getdiyiniz yerlərin bazarını qəbiristanlığını gəzin..."

 

   Şair danışır, Bayram çəkir, Anar Amin keçib divanda əyləşib əlini şairin çiyninə qoyur...Mən sakitcə dinləyirəm. Şair sübut etmək istəyir ki, hələ o nəfəs, o bulaq kimi qaynayan təb yerindədir. Aram-aram danışsa da, ənənəvi natiqliyini nümayiş etdirmək istəyir. Səsi gah zəifləyir, gah da təlatümə gəlib coşur. Sabir Rüstəmxanlıdan, onların evində, kəndində qonaq olmasından danışır. Dostlarla bağlı kövrək, maraqlı xatirələr çözlənir. Hərdən bir-iki gülməli əhvalat danışır Anar, gülüşürük. Amma sıxıla-sıxıla. Şairin bu halı, doğurdan da insanı narahat edir. Amma baxıram ki, şair Anarın əhvalatlarına gülür...Aralarındakı səmimiyyət çox xoş gəlir mənə. Səhhəti ilə bağlı isə soruşmağa cəsarət eləmirəm. Çünki ən son məlumatları Anardan almaq mümkündür. Ümumiyyətlə şairə xəstə olduğunu xatırlatmamaq üçün sözü arandan, dağdan fırladırıq. Şair arifdir axı...O da başa düşür bizim onu ovutmaq üçün gəlmədiyimizi. Sözlər çözələnir...Şair səfərlərindən danışır. Şairi yormamaq üçün tez qalxmağı düşünsək , şair bizimlə söhbətə çox həvəslidir. Səfərləri ilə bağlı bir cümlə yaddaşıma ilişib qalır. Yardımlı səfərindən danışan şair, Musa Yaqubla Məmməd əmiylə bazarlıq eləməklərindən danışır. Getdiyi yerlərin bazarını ələk-vələk elədiyini danışır. o nəsihətvari cümlə..."Getdiyiniz yerlərin bazarını qəbiristanlığını gəzin, çox maraqlı olur." İndi bu cümlədən gəldiyim nəticəni izah etmək istəmirəm, amma etiraf edim ki, mənim üçün getdiyim yerlərin qəbiristanlıqları bazarı həmişə maraqlı olub.

   Sabiq millət vəkilimiz, xalq şairimiz gözlərini boşluğa zilləyib susanda başa düşmək olur ki, siyasətdən də, ədəbiyyatdan da danışmaq onu yorub.

   Məmməd Aslanın Yardımlı səfərindən hazırladığı, AzTV-də çalışdığı vaxtlarda çəkdiyi dağ laləri ilə bağlı bir lent yazısına baxmağı təklif edir şair. Həvəslə razılaşırıq. Bir anda sükuta qərq olmuş otağa Zəlimxan Yaqubun sazdakı ifası, Məmməd Aslanın insanı uzaqlara aparan səsi dolur.

  

   ***

 

   Kadrlara baxıb qurtaran kimi qalxmağı təklif edirəm. Hiss edirəm ki, şair xeyli halsızdır. Onu daha çox yormaq, incitmək istəmirəm. Başa düşürəm ki, vaxtında qalxmağımız şairin istirahəti üçün vacibdir. Şair asta-asta qapıya qədər gəlib, bizi ötürür. Üzündə qəribə bir işıq olsa da, gözlərində illərin yorğunluğu hiss olunur. Bu yorğunluq hər hərəkətindən başa düşülür. Qapıda mehribancasına görüşürük, bizə gəldiyimizə görə təşəkkür edir. Biz öz növbəmizdə ona can sağlığı, şəfa tapmasını arzulayırıq. Görüşəndə daha çox hiss edirəm şairin halsızlığını. Anar Amin ustadının əlini öpmək üçün əyilir...Xəstəliklə çarpışan şair son anda təvazökarlıq edib əlini çəkməyi bacarmır, Anarın alnından öpür.

  

   ***

 

   Maşına əyləşən kimi, Anardan şeir oxumasını xahiş edirəm. "Bala Zəlimxan" coşur, coşur...Mən isə yenidən şairlə ilk görüşdüyümüz günü xatılayıram...

 

 

   Cəlil CAVANŞİR

 

   Ədalət.-2012.-12 iyun.-S.6.