OZAN-AŞIQ SƏNƏTİNƏ AĞIR İTKİ ÜZ VERİB

 

   Borçalı ozan-aşıq sənətinə ağır itki üz verib. Borçalı bülbülü Xındı Məmmədin, Dədə Əmrahın, Xan Kamandarın müqəddəs və mübarək yolunun "Meydanda mərdi-mərdanə"(Xındı Məmməd) urvatlı davamçısı olan usdad aşıq Gülabı Xındıməmmədoğlu iyun ayının 8-də, ömrünün peyğəmbər yaşında dünyasını dəyişib. 1950-ci ildə sazlı-sözlü Borçalı mahalının ağır-abır ellərindən olan Qaş Muğanlı kəndində usdad ocağında dünyaya gəlmişdi. Atası Xındı Məmməd sazı-sözü ilə dövrünün azman sənətkarlarından sayılırdı.

   Şair Ağacanla, Faxralı Şair Nəbi ilə, Bəyazidli aşıq Məsimlə, Təhləli Novruzla və digər məhşur el şairləri və aşıqları ilə şerləşmişdi. Aşıq Məhəmməd Sadaxlı, Aşıq Allahyar,Aşıq Ziyəddin kimi Sənət meydanında Borçalı çökəyinin adını şərəflə təmsil edən onlarla şəyirdlər yetirmişdi. Onlardan biri də usdadın öz oğlu Aşıq Gülabı idi. Gülabı Borçalı ozan-aşıq sənətinin Türk dünyasına bəxş etdiyi növbəti sənət möcüzələrindən biri idi. Allah Gülabıya sənətində dahi olmaq üçün bütün şərtləri vermişdi. O, da bu şərtlərdən məharətlə istifadə etdi. Sazla-sözlə xamırı yoğrulub, kündəsi kəsilən aşıq, öz ecazkar ifaları ilə sazın bütün sirrini, sehrini, fəlsəfəsini aça bilirdi. Qara sazı barmağı ilə yox ürəyi ilə çalırdı. Gülabı saz çalanda sanki ürəyi barmağının ucunda olurdu. Axırı da belə... Ürəyinnən getdi aşıq Gülabı. Lakin ürəknən getmədi. Ürəyi sazında idi. Sazı isə hələ çoox yaşıyacaq. "Ölüm ömrün sonu deyil"(Akif SƏMƏD). Elə təskinliyimiz də budur. Allah rəhmət eləsin!

  

 

   Həmid ORMANLI

  

   Ədalət.-2012.-12 iyun.-S.6.