YURDA ÜRƏKDƏN BAĞLANANDA...

 

   Şəhidlər unudulmur

 

   Qarabağ müharibəsinin ilk günlərindən döyüşən oğlanlarımızın, igidlərimizin və ərənlərimizin yanında olmuşam. Fikirləşmişəm ki, mən də sözümlə, qələmimlə və yazdığım yazılarla onlara ruh verim. Onlar məni görəndə o qədər seviniblər ki, elə bil doğmaları ilə görüşüblər. Bu Füzulidə də belə olub, Cəbrayılda da, Qubadlıda da, Zəngilanda da, Laçın da da...

   Elə vaxt olub ki, hansısa əsgərdən müsahibə almışam və yarım saatdan sonra qayıdıb həmin yerdən keçəndə müsahibə aldığım əsgərlərimizin şəhid olduğunu eşitmişəm. Bax onda tüklərim biz-biz olub. Laçının Güləbird yaşayış məntəqəsində Rəşad Məcidlə əsgərlərimizdən müsahibə götürmüşdüm. Biz Laçından geri dönəndə artıq onlar qəhrəmancasına həlak olmuşdular. Bu o vaxtlar idi ki, hamı Laçından qaçırdı, biz isə Laçına gedirdik. Nə mən, nə də Rəşad Məcid ölümdən qorxub geri qayıtmadıq. Əsgərlər nə qədər yalvarsa da, Laçına getdik, orda Arif Paşayevlə görüşdük və sonra geri döndük...

   Özüm də bilmirəm ki, niyə həmin 1992-ci ilin may ayının 15-nə qayıtdım. Bəlkə də Füzuli rayonundakı "Şəhidlər Xiyabanı"na baş çəkməyim həmin hissləri yenidən yaşamağıma gətirib çıxardı. "Şəhidlər Xiyabanı"nın yanında bir anlıq ayaq saxlayıram. Pilləkənlərlə yuxarı qalxıb şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə baş əyirəm. Zarafat deyil, Füzuli rayonu Qarabağ uğrunda gedən döyüşlərdə nə az, nə çox düz 733 şəhid verib, 1240 nəfər döyüşlərdə yaralanıb, 181 nəfər isə itkin və girov düşüb. Füzulinin milli qəhrəmanları ilə döyüşlərdə çox olmuşam. Onların altısını da yaxşı tanıyırdım: Faiq Rəfiyev, Nazim Quliyev, Seymur Məmmədov, Elxan Zülfüqarov, Pəlivan Fərzəliyev, Bəşir Kərimov! Onlar heç vaxt yağı düşməndən qorxmayıblar. Dəfələrlə döyüşlərdə onların mövqelərini susdurub məhv ediblər. Pəhlivan Fərzəliyev polis əməkdaşı olub. Onun necə qəhrəmanlıq göstərdiyinin şahidi olmuşam. Düşməninin ağır texnikasını - tankını, BMP-ni, BTR-ni vurub məhv edən bir igid olub. Elə belə bir döyüşlərin birində də Pəhlivan axıra qədər vuruşub və vətən uğrunda şəhid gedib.

   Şəhidlərin xatirə kompleksini çox müasir və orijinal bir üslubda inşa ediblər. Həmin kompleksin tikilməsində və istifadəyə verilməsində rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin böyük zəhməti var.

 

   Xarıqələr yaradılıb

 

   Dəfələrlə yazılarımda qeyd etmişəm ki, bu gün Füzulidə elə bir möhtəşəm, elə bir quruculuq işləri görülür ki, bunları sözlə ifadə eləmək çox çətindir. Ən azından Füzuliyə gedib orda gedən möhtəşəm quruculuq işlərinə baxmaq lazımdır. Hər gün, hər həftə və hər ay hansısa bir möhtəşəm tikilinin özülü, bünövrəsi qoyulur. Bu da təsadüfi deyil. Çünki rayona ölkə prezidenti İlham Əliyev tərəfindən çox bacarıqlı, savadlı və vətənpərvər bir insan - Alı Alıyev icra başçısı təyin edilib. O, fəaliyyətə başladığı ilk gündən qolunu çırmayıb çox böyük layihələrin icrasına imza atıb. Təbii ki, bu imzanı da tək deyil, Füzuli camaatına, el-obaya arxalanaraq atmağa çalışıb. Daha doğrusu, qısa zaman kəsiyində el-obaya güvəndiyinə görə, rayonda çox böyük tikinti-quruculuq işləri görülüb. Bunları sadalamaq asandır. Amma həyata keçirilən işləri icra etmək hər oğlun işi deyil. İstər-istəməz görülən bir neçə işləri yada salmaq istəyirik: 2 hektar ərazini əhatə edən Heydər parkı, Heydər Əliyev mərkəzi, iki mərtəbəli mədəniyyət evi, şahmat məktəbi, Heydər Əliyev prospekti, şəhərin 7 kilometr yolunun əsaslı bərpası, işıqlandırma sisteminin müasir üslubda qurulması, 4 yerdə monitorun quraşdırılması, 4 yerdə Heydər Əliyev guşəsinin yaradılması, küçə və parklarda 45 min ədəd ağacın əkilməsi və digər tikililər dediklərimizə nümunə sayıla bilər.

 

   Yeni ocaqlar

 

   Əlbəttə, təkcə ev tikmək, insanın yaşayışı üçün hansısa mənzili inşa etmək hələ o demək deyil ki, böyük xarüqələr yaranır. Əsas məsələ odur ki, insanların daha yaxşı yaşaması, işləməsi və fəaliyyət göstərməsi üçün böyük tikililər inşa edilsin. İlk növbədə məktəbin, xəstəxananın inşa edilməsi insanların bir qədər rahat dərindən nəfəs almasına şərait yaradır.

   Axı sirr deyil ki, Füzuli rayonunun Horadiz şəhəri, eləcə də bir vaxtlar işğal altında olan indiki yaşayış məntəqələri ermənilər tərəfindən dağıdılıb və yandırılıb. Az bir zamanda Horadiz möhtəşəm bir şəhərə çevrilib. Yəni kimsə Horadizi işğaldan əvvəl görmüşdüsə və işğaldan sonra yandırılan evlərin, binaların, sosial obyektlərin necə viran edildiyinin şahidi olmuşdusa, bu gün kim şəhərə gəlsə möhtəşəm tikililərin inşa edildiyini görər. Onu da görər ki, şəhər Avropa şəhərlərinə bənzəyir. Gözəl yaşıllıqlar, bir-birinə bənzəməyən orijinal tikililər və ən nəhayət yeni salınmış küçələr, parklar, xiyabanlar... Bu gün Horadizdə Heydər Əliyev Fondunun hesabına 180 yerlik tam orta məktəbin inşası sürətlə davam edir. Yeni dərs ilinə qədər həmin təhsil ocağı istifadəyə veriləcək. Üstəlik də artıq rayonun Kərimbəyli kəndində 45 yerlik uşaq bağçası ən müasir üslubda tikilərək əhalinin istifadəsinə verilib. Bütün bunlar onu deməyə əsas verir ki, rayonda abadlıq, quruculuq və yenidənqurma işləri davam edir. Bununla yanaşı, Horadiz şəhərində Gənclər Mərkəzi inşa edilir. Bir çox inzibati binaların tikintisinə də başlanılıb. Belə ki, YAP-ın yeni binası inşa edilir. Bununla yanaşı, rayon Təhsil Şöbəsi, Polis Şöbəsi və Milli Təhlükəsizlik Nazirliyinin Füzuli Rayon Şöbəsi üçün binalar inşa edilməkdədi.

   

   Ümidlər artır

 

   Füzulilərin həmişə yaşamaq və yaratmaq ümidləri çox güclü olub. Ən azından ona görə ki, onlar 1994-cü ilin yanvarında rayonun bir şəhəri və 22 yaşayış məntəqəsi erməni işğalından azad ediləndən sonra onlar bir daha ölkəmizin qüdrətinə və dövlət rəhbərinə daha dərindən inandılar. Onlar inandılar ki, Böyük Öndər Heydər Əliyevin apardığı müdrik siyasət nəticəsində rayonun bir hissəsi işğaldan azad edildi. İndi demək olar ki, Horadiz şəhərində və eləcə də digər yaşayış məntəqlərində insanlar qurub-yaratmaq eşqi ilə yaşayırlar. Yəni onlar torpaqdan elə möhkəm yapışıblar ki, bu torpaq onlara əbədi bir xoşbəxtlik gətirir. Torpağın qüdrətindən, gücündən ilham alan insanlar daha da ürəkli olurlar.

   Bir faktı da qeyd edək ki, artıq rayonun 12 yaşayış məntəqəsinə təbii qaz xətti çəkilib. Kəndarası yolların əksəriyyəti əsaslı surətdə yenidən tikilib. Bir sözlə, Füzulidə insanların firavan, rahat və normal yaşaması üçün yaxşı şərait yaradılıb. Hər halda, şərait yaxşı olanda insanlar həmin torpağa və həmin yurda daha ürəkdən bağlanırlar...

   

  

   (Ardı növbəti sayımızda)

  

 

   Faiq QİSMƏTOĞLU

  

   Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

   

   Ədalət.-2012.-12 iyun.-S.7.