Türkiyədə "Azərbaycan ulduzları"

 

   Türkiyənin "TRT Avaz" telekanalının Bakı təmsilçiliyi tərəfindən hazırlanan "Azərbaycan ulduzları" musiqi proqramının təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, iyunun 10-da Türkiyənin ölkəmizdəki səfirliyində keçirilən mərasim "TRT Avaz" telekanalının və onun Bakı təmsilçiliyinin fəaliyyətini əks etdirən videomaterialın nümayişi ilə başlayıb.

   Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç çıxış edərək, sözügedən verilişi yüksək səviyyədə dəyərləndirib. İki qardaş ölkənin incəsənət nümayəndələrinin bu veriliş vasitəsi ilə bir araya gəlməsini, həm də mədəniyyətin təbliği kimi dəyərləndirib.

   "TRT Avaz" telekanalının Bakı təmsilçisi Yüksəl Dəyərcan və "Azərbaycan ulduzları" musiqi proqramının aparıcısı Arzu Əsgərova çıxış edərək bildiriblər ki, bu veriliş vasitəsi ilə Azərbaycan musiqisini Türkiyədə geniş təbliğ etməyə nail olacaq.

   Millət vəkili Qənirə Paşayeva da yaradıcı heyəti təbrik edərək, tədbirdə iştirak edən Azərbaycan müğənnilərinə müraciət edib: "Bu veriliş sizin üçün yaxşı bir şans oldu ki, Türkiyədə yaxşı tanınasınız. Ona görə də bu fürsətdən yararlanıb, mədəniyyətimizi yüksək səviyyədə təqdim edin".

   Sözügedən veriliş hər həftənin bazar günü saat 18:30-da efirə gedəcək. 30 dəqiqəlik proqramda tamaşaçılar Azərbaycan incəsənətində, mədəniyyətində baş verən hadisələrdən xəbərdar olacaqlar.

   Tədbirdə xalq artistləri Amaliya Pənahova, İlham Namiq Kamal, Məleykə Əsədova, Firəngiz Mütəllimova və digərləri, müğənnilərdən xalq artistləri Brilliant Dadaşova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, əməkdar artistlər Tünzalə Ağayeva, müğənnilər Gülyanaq Məmmədova, Şəmistan Əlizamanlı, Nuriyyə Hüseynova, Samir Priyev, Ayan Babakişiyeva, Elnarə, Rəşad İlyasov, modelyer Fəxriyyə Xələfova, tarzən Humay Qədimova, kamança ifaçısı Sevinc Qədimova, xanəndə Vüsalə Musayeva və digər qonaqlar iştirak ediblər.

  

 

   Daha sonra tort kəsilib, müğənnilər vətənpərvər ruhda yazılan mahnıları səsləndiriblər.

 

   

   Ədalət.-2012.-12 iyun.-S.8.