OTUZ
YAŞINDA "DOĞULAN" YAZIÇI...
İnsanlar həmişə azadlığa
can atıblar. Həyatın nə olduğunu dərk edər-etməz daim çalışıblar
ki, istədiklərinə,
arzuladıqlatına sahiblənsinlər,
kimsə onların üzərində diqtə
etməsin. Və
çox qəribə
də olsa onu qeyd edim
ki, insan oğlu nail olduğu, ola bilmədiyi
azadlığın sərhədlərini
heç vaxt özü üçün
müəyyənləşdirə bilməyib. Hər dəfə də
yenisi, daha yenisi yaranıb. Yəqin ki, bütün bunlar insan xislətinin
özəyində qərarlaşmış
bir genetik koddur. Hətta ən iddiasız, ən tərk-dünyaçı
şəxslərin də
daxilində kiçik,
zahirən görünməyən,
gizli azadlıq arzuları var. Sadəcə,
xarakterlərdən, yaşam
tərzindən, dünya
görüşdən, təsəvvürlərdən
və fantaziyalardan aslı olaraq azadlıq istəkləri mahiyyətcə fərqli,
müxtəlif olur. Adını unutduğum bir mütəfəkkirin nə vaxtsa azadlıq haqqında belə bir fikrini
oxumuşdum: "hər
kəsin arzuları onun azadlığı boydadır"...
Əslində bu fikrə fərqli
münasibətlər də çoxdur. Və bəlkə də
onları sadalamaqla bitirmək də olmaz. Lakin əsərlərini
sevə-sevə oxuduğum bir yazıçının, daha dəqiq
desəm dünya nəsrinin ən tanınmış isimlərindən
olan Erix Mariya Remarkın insanın azadlığı ilə
bağlı həmişə dediyi bir fikri digərlərindən
daha çox fərqli hesab etmişəm. Remark deyirdi: "Azad
yalnız o adamdır ki, uğrunda yaşadığı hər
bir şeyi itirib". Bəli, o, azadlığı tamam fərqli
görürdü. Və mənə elə gəlir ki, əslində
məhz belə fərqliliklər insanların müxtəlif
cür, rəngarəng həyat yolu seçməsində əsas
rollardan birini oynayır. Məncə Remarkın özü də
azad olduğu qədər yazıb-yarada bilmişdi. Və
unutmaq olmaz ki, o, başqalarından daha çox azad insan idi...
Belə olmasaydı dünyaca məşhur əsərləri
yarada bilməzdi...
"QƏRB
CƏBHƏSİNDƏ DƏYİŞİKLİK YOXDUR"
...Berlinin böyük
keçmişə malik qəzetlərindən biri -
"Fossişe tsaytunq"in 1928-ci ilin noyabr tirajlarından bir
seriyası satışda rekord əldə etdi. Əvvəl
bunun səbəbini başqa yerə yozmağa
çalışsalar da çox keçmədi məlum oldu
ki, 10 noyabrdan 9 dekabra qədər bu qəzetin səhifələrində
Erix Mariya Remarkın "Qərb cəbhəsində dəyişiklik
yoxdur" romanı dərc edilir. Və əsərə olan
inanılmaz maraq həqiqətən də hər tərəfdə
böyük səs-küy yarada bilib. Maraqlıydı,
müharibənin üstündən 10 il keçməsinə
baxmayaraq bu mövzu insanların diqqətini niyə belə cəlb
etmişdi? Müharibəmi, yaxud həmin dəhşətlərin
şahidlərinin çoxunun hələ həyatda
olmasımı? Yaxud faciənin böyüklüyümü? Hətta
Remarkın bu əsərindən əvvəl işıq
üzü gördüyü ilk iki kitabının
uğursuzluğunu da nəzərə alsaq belə nailiyyəti
sürpriz də adlandırmaq mümkündü. Yeri gəlmişkən,
həmin uğursuz kitablar o dövrün elə tənqidi ilə
üzləşmişdi ki, Erix Mariya bundan necə
qurtulacağını belə bilmirdi. Hətta əlacı
olsaydı cap edilmiş bütün nüsxələri öz
puluna alıb yandırardı.
Amma dediyim kimi, bu dəfə
oxucular "Fossişe tsaytunq"un hər nömrəsini səbirsizliklə
gözləyirdilər ki, romandan növbəti parçanı
oxusunlsr. Əsərə maraq o qədər artdı ki,
növbəti ilin başlanğıcında - 31 yanvarda roman
kitab kimi cap olundu. Və qeyd edim ki, öz gündəlik
satışına görə Avropa rekordçularının
sırasına girdi. İnanılmaz idi, əsərin hər
gün 20 minə yaxın nüsxəsi satılırdı. Elə
həmin il roman dünyanın 12 dilinə tərcümə
edilərək cap olundu. İlin sonunadək isə əlavə
daha on dildə nəşr edildi. Çox qısa dövrdə
bu cür uğuru, elə tirajı da heç məşhur ədiblər
də qazanmamışdı. Yazıçı kimi
"doğulub" belə şöhrətin kandarından
daxil olanda Erix Mariya Remarkın cəmi 30 yaşı
vardı...
REMARKLAR VƏ ERİX PAUL
Əslində kimsə dəqiq
söyləyə bilməz ki, Remarkın çap olunmuş əsərlərinin
sayı neçə milyonu adlayıb. Lakin bircə o
çoxuna məlum idi ki, Remark uzun illərdi dünyanın ən
çox oxunan yazarlarından biri hesab edilir. Elə onun şəxsi
həyatı, keçdiyi yaradıcılıq yolu da çox
maraqlıdı. Elə öncə onu deyim ki, alman
yazıçısı hesab edilən Remarkın soyadı
çoxlarında sual doğururdu. Çünki o, 1898-ci ildə
Rusiya imperiyasında, əyalət şəhərlərinin
birində - Osnabryukda dünyaya gəlsə də
daşıdığı Remark fransız familyasıydı.
Bu da onunla bağlı idi ki, Erixin əslən fransız olan
babası Almaniyada doğulmuş, sonradan elə alman qızla
da evlənmişdi.
Erixin atası Peter Frans və alman əsilli
anası Anna Mariya katolik olaraq dindar adamlardı. Onun cildçilik
edən atası Peter Fransın qazancı elə də çox olmadığı
üçün dörd
uşaqlı bir ailənin təminat içərisində yaşadığını
söyləmək olmazdı.
Ailədə ikinci uşaq olan Erixdən böyük bir qardaşı - Teodor və iki kiçik bacısı vardı: Erna
və Elfrida. Amma nə yazıq ki, Teodor xəstə
olduğu üçün
çox yaşamadı,
5 yaşına çatar-çatmaz
öldü.
Vaxtının çoxunu xəstə
oğluna qulluqda keçirən Anna Mariya əslində övladlarının
hamısına qayğıkeş
və diqqətli idi. Böyük oğlunu itirəndən
sonra sarsılan ana digər övladlarının, xüsusən
də ikinci oğlunun üstündə
daha çox əsirdi. 1904-cü ildə valideynləri onu katolik kilsəsinin
məktəbinə qoydular.
O, xalq məktəbi adlanan burada səkkiz il
oxudu. Sonra isə müəllimlik seminariyasında təhsilini
davam etdirmək üçün üç
il hazırlıq
keçdi. Sonra isə Erix
Paul hərbi xidmətə
çağırılanadək Osnabryukda müəllimlik seminariyasında oxudu.
Elə ilk sevgi həyəcanını da
orada yaşadı...
Əslində əsgərliyə qədərki illərdə
onun həyatı üçün çox vacib olan bir
məqamı qeyd etmək yerinə düşər. Belə ki,
onun atası cildləyici olduğu üçün evə çoxlu kitablar gətirərdi. Və kiçik
yaşlı Erix Paul da macal tapan
kimi həmin kitabları oxumağa girişərdi. Bu qədər mütaliə
isə təsirsiz ötüşə bilməzdi.
Yəqin
elə bu səbəbdən idi ki, Erix Paulun
bədii zövqü elə erkən yaşlarından da formalaşmağa başlamışdı.
Dünya
nəsrinin şedevri Dostoyevski, eləcə də Sveyq, Tomas Mann, Prust, Höte... onun dönə-dönə
oxuduğu müəlliflər
idi. Və mənə elə
gəlir ki, seminariyada oxuduğu zaman şair, rəssam və filosof Frits Herstemeyerin, eləcə də yaratdığı dərnəyin
onun formalaşmasında
əvəzsiz rol oynadığını söyləyən
tədqiqatçılar heç
də səhv etməyiblər. Məhz Herstemeyerilə
tanışlıqlardan sonra
Erix Paulun həyata, ətraf mühitə baxışlarında
köklü dəyişikliklər
yaranmağa başladı.
ƏSGƏRLİK
VƏ HƏYATININ ƏN BÖYÜK İTKİSİ
1916-cı ildə əsgərliyə
aparılması Erix Paulun təhsilini yarımçıq qoydu.
Hər kəs yaxşı xatırlayır ki, məhz həmin illərdə nəinki Almaniya, hətta bütöv Avropa müharibə alovunun içərisində idi.
Və çox çəkmədi
ki, onu Qərb
cəbhəsinə göndərdilər.
Arzuları hələ yetkinləşməmiş,
bərkdən-boşdan çıxmamış
18 yaşlı gənc
Erix müharibə dəhşətlərinin şahidi
oldu. Hətta qurbanlardan birinə
çevrildi. Belə ki,
cəbhədəki növbəti
ilində - 1917-ci ildə
mərmi partlayışı
nəticəsində boynundan,
sol əlindən və
sağ ayağından
yaralandığından onu
qospitala göndərdilər.
Və Erix Paulun müalicəsi
xeyli çəkdi.
Demək
olar ki, müharibənin sonunadək.
Bu ağır, dəhşətli səhnələrin,
oradakı həyatın
şahidi olan Erix inanırdı ki, bütün bunlar onun yaddaşından
heç vaxt silinməyəcək. Əslində bütün bunlar onun gələcək yaradıcılığı üçün
canlı, gerçək
faktlar idi. Və Remark onları özünün
şedevrinə çevirəcəkdi.
Bütün bunlarsa illər
sonra baş verəcəkdi. O dövrlərdə
isə həyat onun üçün başqa sürprizlər hazırlayırdı...
1917-ci ilin payızında
dünyada ən çox sevdiyi, bəlkə də birgə nəfəs
aldığı anası Anna Mariya vəfat etdi. Bu xəbəri
hərbi qospitalda alan Erix çox böyük çətinliklərlə
olsa da özünü anasının dəfninə
çatdıra bildi. Və bu itki demək olar ki, onu dərindən
sarsıtmışdı. Gənc yazar özünə təsəlli
olsun deyə və həm də anasının xatirəsi,
adı onun adı ilə birgə yaşasın deyə ikinci
adını - Paulu dəyişərək Erix Mariya Remark oldu.
Həmin hadisələrdən bir neçə il sonra o cəbhədə,
həyatda, ətrafında gördüklərini qələmə
almağa girişdi. Onu da qeyd edim ki, müharibədən
sonrakı həyatının ilk dövründə o, müxtəlif
sahələrdə işləməyə başladı:
mühasib köməkçisindən, repartyorluqdan tutmuş
jurnalistliyədək məşğul oldu. Artıq qəzetlərdə
tez-tez onun məqalələri, şeirləri, hekayələri
dərc olunmağa başlamışdı. Hətta roman
yazmağa da girişmişdi. Məhz həmin illərdə -
1920-ci ildə "Röyaların yuvası" adlı ilk iri
həcmli əsərini yaratdı. Lakin gənc yazar həmin əsəri
ilə ədəbi aləmdə heç də
yumşaqlıqla qarşılanmadı.
REDAKTORLUQ
Belə rəylər onda
güclü tərəddüdlər yaratsa da yazmağı
birdəfəlik tərk etmək haqqında
düşünmürdü də. Nəhayət qeyri-adi bir
addım atmağa qərar verdi. Erix Mariya həmin dövrlərdə
artıq kifayət qədər məşhurlaşan
yazıçı-publisist Stefan Sveyqə məktub yazaraq ondan
məsləhət istədi və onun
yazıçılıq iddialarına real qiymət verməsini
xahiş etdi. Maraqlıdır ki, özünün qəribə
maneraları ilə digərlərindən seçilən məşhur
yazıçı tanımadığı gəncin
duyğularına hörmətlə yanaşaraq ona xoş
arzularını göndərdi. Remark onsuz da yazmaq
arzularının qarşısında dura bilməyəcəkdi.
Onun əslində hər şeydən çox buna ehtiyacı
vardı. Amma necə deyərlər, onun vaxtı hələ gəlməmişdi.
1922-ci ildə Honneverə gələn Remark "Kontinental əks-səda"
jurnalının redaktoru vəzifəsində fəaliyyətə
başladı. 1924-cü ilədək burada
çalışan gənc nasir elə həmin dövrlərdə
"Qem" romanı üzərində işlədi.
Bütün bunlarla yanaşı
Erix Mariya bu illərdə daha çox gənclik həyəcanlarını
yaşamağa, içki içməyə, qadınlarla vaxt
keçirməyə can atırdı. Belə həyat tərziylə
sanki o ən müxtəlif duyğulara, gəncliyin dəliliklərinə...
yol açırdı. Amma sən demə hər işdə
bir səbəb varmış. Belə ki, 1924-cü ilin
sonlarında - oktyabrda gənc yazar Edit Dyerri adlı bir
qızla tanış oldu. Yazıçının həyatını
araşdıranların yazdıqlarına görə, məhz
Berlində nəşr olunan "İdman
illüstrasiyalarda" jurnalının baş redaktoru Kurt
Dyerrinin qızı Editlə tanışlığı onun
Berlinə gəlməsinə səbəb oldu. Amma çox
maraqlıdır, qızın valideynləri onların ailə
qurmasına qarşı çıxsalar da Kurt Dyerri Erix
Mariyanın həmin jurnalda redaktor işləməsinə
göstəriş verdi. Lakin yaşadığı bu sevgi
romanının da ömrü uzun olmadı...
(Ardı qəzetin 19 iyun sayında)
BABƏK
YUSİFOĞLU
babek-yusifoqlu@mail.ru
Ədalət.-2012.-12
iyun.-S.4.