"Biri
rəhmətə gedib, qalanlarını müxtəlif səbəblərdən
uzaqlaşdırmışam"
Söhbətə başlamazdan öncə düşünürdüm ki, hər gün efirdə olan bir insanla hansısa toxunulmamış mətləblərdən danışmaq çətin olacaq. Çünki adətən hər gün efirdə olan insanlar bir müddət sonra cəmiyyət üçün maraqsızlaşır, hətta bəzən gözdən düşməyi də "bacarırlar". Sən demə, belə olmaya da bilirmiş. Beləliklə müsahibim əməkdar artist, böyük əksəriyyətin "Toppuş bacı" kimi tanıdığı aktrisa Tünzalə Əliyevadır.
- "Qaynana" serialı, məşqlər,
televiziyadakı çəkilişlərimiz, toy, xına mərasimləri
davam edir. Bir də sentyabrdan yeni serial çəkilişlərimiz
başlayacaq.
-
Bu qədər işlərə necə vaxt
çatdırırsınız?
- Bunlar gündəlik iş deyil ki. Bir gün
verilişin, o biri gün serialın çəkilişi olur,
növbəti gün xınayaxdı mərasiminə gedirəm.
Bəzən üst-üstə də
düşür. Çalışıram
ki, yola verim.
- "Burda və indi"də (əvvəlki
"Çal çağır" verilişi-Y.Y)
oynadığınız rolun diliylə ayrı-ayrı sənət
adamlarını tənqid edirsiniz. O fikirlər sizə
aiddir, yoxsa tapşırıq belə olur?
- Əvvəlki
formatda hansısa tikanlı sözləri deyə bilərdik.
İndi sənət baxımından bu belə
deyil. "Gülmək
qadağandır" rubrikasını çıxmaq şərtiylə
digər rubrikalar Dilarəyə aiddir. Təbii
ki, yeri gələndə biz də müdaxilə edirik.
- Mənim
qənaətimə görə, əvvəllər
sözügedən verilişdə "Keyxanım" və
"Toppuş bacı" personajlarının rolu, çəkisi
daha böyük idi. Sizcə indi bu obrazlar həmin
verilişdə artıq görünmürmü?
- Efirdə bizim
çıxışımızın on dəqiqəsini
görürlər. Hər hansı səhnəciyimiz
yarım saat çəkir. Sadəcə
sonda rejissor onu qısaldır, efirəuyğunlaşdırır.
Bəzən bir səhnəcikdə 4-5 rol
oynayırıq. Mənə elə gəlir
ki, o müddət ərzində bizim sərf elədiyimiz enerji
kifayət edir.
- Aktrisa Tünzalə Əliyeva Azərbaycan
tamaşaçısının yaddaşında
oynadığı rollarla qaldı, yoxsa xarici
görünüşüylə?
- Köklüyümü nəzərdə
tutursunuzsa, mən bir müddət öncə 64 kiloqram
arıqladım və normal insanların çəkisinə
çatdım. Təbii ki, yadda qalmağımda
fakturamın da rolu var. İstənilən halda mən tamaşaçıların,
camaatın nəzərində yaxşı, totuş-motuş
aktrisa kimi qaldım.
- Daha bir şəxsi qənaətimi
sizinlə bölüşmək istərdim. İndi
sizinlə söhbət edirik. Mənə
elə gəlir ki, səhnədə gördüyüm
"Toppuş bacı"yla indi danışdığım
insanın nitqində elə də fərq hiss olunmur. Belə çıxır ki. siz
səhnədə də özünüzü
oynayırsınız...
- Ola bilər ki, hansısa məqamda
özümü oynayıram. Ya gülməyimdə,
ya danışıq tonumda bu oxşarlığın olması
mümkündür.
- Məncə çox
oxşarlıq var. Hətta 80-90 faiz.
- Tamaşaçı məni necə
tanıyırsa, o formada görünməyə
çalışıram. Mən başqa cür
də görünə bilərdim. Amma belə
daha yaxşıdır.
- Səhnədə ləhcəylə
danışmaq nə dərəcədə doğrudur? Deyim ki, bu sizdə də var.
- Ləhcəm obrazlarıma kifayət
qədər kömək edir.
- Obrazlara kömək edə bilər.
Amma bir monotonluq da yaradır bütün
obrazlarda eyni ləhcə, eyni danışıq tərzi.
- Oxşar ola
bilər, eyni olmur. Bir ildə 30-40 obraz
oynayırıq. Həmin obrazların bir
qismi oxşaya bilər. Bəzən ssenari elə
yazılır ki...
-
Teatrda fəaliyyətiniz davam edir?
- Yox dondurmuşam.
-
Çəkilişlərdən vaxtınız yoxdur, yoxsa
toylardan?
- Hər şey üst-üstə
düşür. Teatrımız Binəqədiyə
köçmüşdü, mən də Zığ qəsəbəsində
yaşayırdım. İşə getmək
üçün 3-4 marşrut dəyişməli olurdum.
Vaxtında çatmaq olmurdu, gecikirdim. Bir dəfə,
iki dəfə...sonra dedim ki, daha bəsdi
- Nəzərə almaq
lazımdır ki, istənilən aktrisanın həm
tanınıb üzə çıxmasında, həm də fəxri
ad almasında teatr bünövrə, özül rolunu
oynayır. Siz fəxri ad alarkən də, efirlərə
çıxmağa başlayanda da teatr aktrisası idiniz.
- Bəli, teatrda işləyirdim. Problemlərim o qədər böyük idi ki, teatra
vaxt tapa bilmirdim. Ona görə də
teatrda işləyə bilmədim, fasilə verdim. Hər
il fikirləşirəm ki, bəlkə
teatra qayıdım?
-
Amma bura sizi cəmiyyətə tanıdan bir məbəddir. Nəyə görə ondan imtina etməlisiniz?
- İmtina eləmədim.
Sadəcə teatrla bağlı işlərimə
fasilə verdim.
- Fasilə vermək imtina eləməyin
bir az mədəni formasıdır da.
- Niyə
imtina edirəm ki?
- Əgər belə olmasaydı, indi teatrda işləyərdiniz.
Vaxtınız az idisə ya çəkilişin,
yaxud da toyun birindən imtina edərdiniz. Niyə
məhz teatrdan?
- Teatrdan aldığım
maaşla kirayə pulunu, digər işlərimi görə
bilmirdim.
- Teatrdan nə qədər məvacib
alırdınız?
- Səhnə ustası kimi yüz
qırx manat alırdım.
-
Yenidən İrəvan Dövlət Azərbaycan Dram
teatrına qayıtmaq, yoxsa başqa bir teatrda işə
düzəlmək istəyirsiniz?
- Həmin teatra da qayıda bilərəm,
başqa teatrda da işləməyim mümkündür. Hansı olur-olsun teatr olsun. Siz elə
bilirsiniz mənim bütün çətinliklərim düzəlib?
Düzəlməyib. Nə
vaxt düzələcəksə, teatra onda qayıdacağam.
- Elə bir vaxt olacaqmı ki, sənət
adamları maddi durumlarından gileylənməsinlər. Çünki milyon qazanan da gileylənir, manat qazanan
da.
-
Başqalarını deyə bilmərəm, mən gileylənmirəm.
Allahımdan razıyam. Əgər bir ailədə
beş nəfəri saxlaya bilirəmsə,
niyə gileylənməliyəm? Milyon qazanıb
gileylənənlərlə mənim aramda fərq var.
Onların köməyi var, mənimsə yoxdur. 14 nəfərlik ailəyə mən baxıram.
- Tək ?
- Mənim işim elədir ki, evdə
hamı mənə kömək edir. Paltarımı,
əşyalarımı hazırlayırlar, kömək edirlər.
Ailəlikcə birləşirik, amma qazanc yeri mənim
əlimdədir.
- Belə çıxır ki, evdə
kaprizlisiniz.
- Mən ümumiyyətlə,
kaprizli insanam. Onun ailəyə və qazanca dəxli
yoxdur.
- Əslində bu
sualı vermək istəmirdim. Amma
neçənci sualdır qazancla bağlı məqamlara
toxunursunuz. Bir ara belə fikirlər
var idi ki, siz kiminsə xınayaxdı və toy məsələlərinin
təşkiliylə məşğul olan şirkətini işlədirsiniz.
- Bir neçə ildir ki,
özümə kiçik xınayaxdı studiyası
açmışam.
- Mənim bildiyimə görə,
həmin bu studiya başqasınındır. Sadəcə siz
tanınmış sima olduğunuza görə...
- Əvvəl bu
cür studiyalar çağıranda ora gedirdim. Sonra yavaş-yavaş həmin pullarla özümə
studiya yaratdım.
- Əvvəl xınayaxdıya neçəyə
gedirdiniz?
- Bütün qiymətlərə
gedə bilirəm.
- Məsələn?
- Bir adam mənə
zəng edir ki, Tünzalə xanım eşitmişik siz
çox baha gəlirsiniz-halbuki mən belə bir söz deməmişəm.
Tutaq ki, deyirəm 500 manata gələrəm.
Deyir ki, yetim uşaq böyüdürəm, 300
manata gələrsiniz? Məcburam ki, gedəm.
- Bu
məcburiyyətiniz o insana görədir, yoxsa
özünüzün ehtiyacınız olur?
- İkitərəflidir.
Amma ən birinci ona görə. Kiməsə deyirəm ki, 500 manata gəlirəm.
Heç nə demir. Deməli varıdı ki, heç nə
demir də. Amma bunu yoxudur deyə xahiş edir
ki, aşağı düşüm. Bəzən
də biri zəng edir ki, qızım sizi çox istəyir və
sair. Xınayaxdıya gedib görürəm
ki, doğrudan da əsl mən deyən məclisdir. Düşünürəm ki, aşağı qiymətə
olsa da nə yaxşı ki, bura gəldim.
Yəqin artıq bir
komandanız var.
- 14-15 nəfərlik işçi
qüvvəmiz var.
- İstərdinizmi
bu xınayaxdının da bir fonoqraması olsun. Axı müğənnilər canlarını
oxumaqdan məhz bu üsulla qurtarırlar.
- Mən bilmirəm vallah. Onu fonoqram eliyənlər bilər.
- 10 nəfərlik heyətlə
bir məclisdə iştirak edib 500 manat alırsınız,
hansısa müğənni tək özünə 5-6 min manat
alır.
- Mən tək
çıxışıma 500 manat alıram. Ümumi
gedəndə ən böyük məbləğimiz 4000 manat
olur.
-
Onda müğənnilərə şükür eləmək
olar?
- Niyə? Elə
müğənni var ki, yarım saata 4 min alır.
- Amma müğənni heç
olmasa o qiymətə toya gedir, xınayaxdıya yox.
- Mənim xınamda göz
açmaq mümkün deyil. Bütün adət-ənənələri
imkanım, savadım daxilində tətbiq eləməyə
çalışıram. Adicə bir
"gəbəkəsdi" ayinini həyata keçirmək
üçün nə qədər vaxt lazım olur.
- Ələsgərlə ("Qaynana"
serialındakı həyat yoldaşı-Y.Y) münasibətiniz
nə vaxt düzələcək?
- Mən ha istəyirəm
yaxşı olsun, alınmır da.
- Ələsgərlə Məftuna xəyanət
etmiş sayılmırsınız?
- Yox o başqa yerdədir, bu
başqa yerdə.
- Məftunun
axırı necə oldu?
- O hələ gözləyə-gözləyə
qalıb (gülür).
-
Avtomobil idarə edirsiniz?
- Sürücüm idarə edir. Hələ kreditini verib qurtarmamışam.
- Bəs sürücünün məvacibini
vaxtında verə bilirsiniz?
- Əlhəmdulillah.
-
Narazı deyil?
- Əsla. Altıncı sürücüdür dəyişirəm.
Narazı olmağa vaxtları qalmır.
-
İndiyə qədər 6 sürücü?!
- Hə. Üç il ərzində
6 sürücü dəyişmişəm. Biri rəhmətə
gedib, qalanlarını müxtəlif səbəblərdən
uzaqlaşdırmışam. Eləsi var ki, heç iki aya
tamam olmadan çıxıb.
-
Hansı səbəbdən?
- Elə səbəblər var ki,
bunları demək çirkinlikdir. Amma mən onlara atam,
qardaşım, əmim kimi yanaşıram. Bəzən
insanlara isti münasibət bəsləyəndə sənin
çantana girirlər.
-
Son olaraq, nə vaxt tamaşaçı Tünzalə Əliyevanı
"Toppuş bacı" kimi yox, daha yaddaqalan bir obrazda
görəcək?
- İnşallah sentyabra qədər
dözək.
-
Serialda oynayacağınız obraz sizə fərqli amplua
qazandıra biləcək?
- Sentyabrı gözləyək.
Heç istəməzdim ki, bu obraz yaddan çıxsın.
İnanmıram ki, çıxsın. Bəzən bu obraza
görə pis şeylərdən çəkinmişəm.
İntiqam
Valehoğlu
Ədalət.-2012.-13
iyun.-S.5.