PƏNCƏRƏDƏN
GÖRÜNƏN YOL
(Povestdən bir
parça)
QARDAŞXAN FƏRZİ
O, yorğun, bir bir qədər də narahat görünürdü. Yorğunluğu məlum idi. İlk dəfəydi uzaq bir məsafəni- üç min kilometrdən çox yolu tək-tənha, şəxsi "Mersedes"i ilə qət etmişdi. Özünə qalsaydı, həmişəki kimi təyyarədən istifadə edəcəkdi. Atası Hacı Mirkəriımlə uzun-uzadı telefon danışığından sonra fikrini dəyişmişdi; əslində bu daha sərfəli idi. Axı, beş aya yaxın doğulub boya-başa çatdığı qəsəbədə olacaqdı. Onu narahat edən bir çox vacib məsələlərin həllinə -ilk öncə çay sahələrinin yenidən bərpa olunmasına çalışacaqdı. Yəqin ki, bu müddət ərzində qapıda şəxsi avtomobilin olması hər an, bəlkə də hər dəqiqə zəruri idi.
Yataq
otağına keçdi. Adət etmədiyi vaxtda
çarpayıya uzandı. Əllərini başının
arxasında çarpazlayaraq gözlərini məchul bir
nöqtəyə dikdi. Günorta saatlarında "28 may"
metrosu yaxınlığında baş vermiş xoşagəlməz
bir hadisə yenidən gözləri qarşısında kino
lenti kimi keçdi. Çoxdan dostluq etdiyi Arif müəllimlə
görüşməliydi. Vədələşdikləri
vaxtdan yarım saat ötsə də dostu gəlib
çıxmamışdı. Dəmiryol vağzalı istiqamətinə
addımladı. Bura olduqca tünlük idi. Və bu
tünlüyü yaradanların əksəriyyəti müxtəlif
rayonlardan gəlmiş qadınlardı. Onlar bazarlarda uzun illər
kök salmış möhtəkirlərin ucbatından
yetişdirdikləri məhsullarını küçələrdə
satmaq məcburiyyətində idilər. Hər an təzyiqlərə
məruz qalan bu zavallı qadınların bir gözü
adamlarda, digər gözü polislərdə idi.
- Ay limon alan, beşi bir məmmədə.
Özü də Astara limonu,- deyə cavan bir qadın
yalvarırmış kimi müştəri səsləyirdi.
Birdən qadından bir
qışqırıq eşidildi. Hündürboy, qarabəniz,
enlibığ polis işçisi dəyənəklə
qadının qoluna elə güclü zərbə
endirmişdi ki, ağrıdan o, göz yaşları içərisində
qarğışlar yağdırırdı.
- Allah evini yıxsın!
Uşaqlarımın çəkdiklərini balaların
çəksin. Səni görüm...
Polis ürəyi soyumamış
kimi limon dolu zənbilə bir neçə təpik vurdu.
Yararsız hala düşmüş limonlar pilləkandan
üzüaşağı yuvarlanırdılar...
O, polisin hərəkətlərinə
dözməyib yeyin addımlarla qadına yaxınlaşdı.
Titrək səslə:
- Eybi yoxdur bacı, son vaxtlar
aramızda vicdansız və əclafların sayı o qədər
artıb ki, yağışdan sonra baş qaldıran zəhərli
göbələklər belə kölgədə qalar,-
deyə qadına təsəlli verməyə
çalışdı.-Hansı rayondansan?- soruşdu.
Qadın başını
qaldırıb, ürkək baxışlarla cavan oğlana diqqət
yetirdi. Tanımadı onu. Haçandan-haçana cavab verdi:
- Astaradan. Ötən il həyat
yoldaşım xərcəngdən vəfat edib. Üç
yetimi evdə qoyub, çörək ardınca gəlmişəm.
Bu da nəticəsi.
O, qadını yenidən suala
tutdu:
- Limonlardan nə qədər
qazanacaqdın ki?
- Satsaydım, beş-altı
şirvan ola, olmaya.
Aldığı cavabdan ürəyi
yerindən oynadı. Qərar vermədən tələsik əlini
pencəyinin qoltuq cibinə apardı. Iki ədəd yüz
dollar ayırıb qadına uzatdı:
-Mən də sənin
qardaşın. Xahiş edirəm, götürün,
uşaqlarına xərcləyərsən.
Gözlənilməz təklifdən
qadının sifəti allandı. Son illər heç kim
heç kimin kitabını oxumadığı bu nəhəng
şəhərdə ilk dəfəydi belə xeyirxah adamla
qarşılaşırdı. Yanaqları islandı.
Haçandan-haçana:
-Minnətdaram sizə,- deyə
yaylığının ucunu yanaqlarına sıxdı.- Nə
yaxşı ki, dünya hələ yaxşılardan xali deyil.
-Dəyməz, insan hər an insan
olmalıdır,-dedi. Və...
Qərib bir yerdəydi.
Yarıoturmuş vəziyyətdə çənəsini
ovcuna alıb, təəccüb və heyrət içərisində
buralara necə gəlib düşdüyünü
götür-qoy edirdi. Nə qədər çalışsa
da, bunun səbəbini heç cür anlaya bilmirdi. Qəribəydi,
qəsəbəyə gedən yolun səmtini də
itirmişdi. Ən təəccüblüsü günəş
çoxdan qüruba çəkilsə də hava eynilə
işıqlıydı, qaralmaq istəmirdi. Ətraf olduqca cəlbedici
idi. Çiçəklərin ətri bihuşedici təsir
bağışlayırdı. Bir tərəfdən
bülbüllərin cəhcəhəsi, digər tərəfdən
isə sürətlə axan çayın aramsız
şırıltısı sanki Xan əminin ifasında "
Qarabağ şikəstəsi"ni xatırladırdı ona:
Əzizinəm, oyan, gül,
Oyan, bülbül, oyan gül.
Könlüm fəqan eyləyir,
Nə yatmısan, oyan, gül.
Əzizim, kimi gözlər,
Tarçalan kimi gözlər.
Qaşların kimi qaş olmaz,
Gözlərin kimi gözlər.
Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə
Yaddan çıxmaz Qarabağ!
Başını qaldırıb bir
addım aralıda ucu-bucağı görünməyən
meyvə bağları diqqətini cəlb etdi. Sevindi. Əzəldən
o, bağ-bağat sevəndi. Uşaqlıq illərində evlərindən
çox da uzaqda olmayan meşədən o qədər cır
meyvə ağacları gətirmişdi ki... Özü əkib,
özü də yorulmaq nə olduğunu bilmədən həvəslə
qulluq eləyərdi onlara. Dikəlib bağa tərəf
addım atmaq istədi, amma bacarmadı.
Nədənsə bədəni
üşüdü, ayaqları sözünə baxmadı.
Özündə ilk dəfə olaraq gücsüzlük,
acizlik duydu. Bu an nə yaxşı ki, at ayaqlarının səsi
eşidildi. Səksəkəli halda ayağa durub səs gələn
tərəfə çevrildi. Artıq at qənşərində
durmuşdu. Heyvanın isti hənirtisi sifətini yaladı.
Yetmiş, yetmiş beş yaşında saqqallı, arıq
nurani kişi atın yüyənindən möhkəmcə
yapışmışdı. Hiss olunurdu ki, yerli adamdı. Yerə
düşmədən əvvəlcə qəribi salamladı,
sonra sol böyrü üstə əyilərək əlini
uzadıb:
- Xoş gördük, ay
oğul,-dedi
- Təşəkkür edirəm,
babacan.
Qoca sağ əlini bir anlıq
gümüşü saqqalında gəzdirəndən sonra:
- Durduğumuz məkan xoşuna gəlirmi?-
deyə maraq dolu nəzərlərlə soruşdu.
- Əlbəttə, gözəlliyinə
tay ola bilməz.
- Bəs sifətindəki gərginlik
hardandı, ay oğul?
- Yəqin qəriblikdəndi,- o, dərindən
ah çəkib bir qədər sözünə ara verdi.
Və yenidən sözünə
davam etdi.- Bilirsiniz, babacan, bu yerlərə necə gəlib
çıxdığımı heç cür anlaya bilmirəm.
Ən təəccüblüsü budur ki,
yaşadığım qəsəbəyə gedən yolun səmtini
də itirmişəm.
Qoca ərkyana başını
bulaya-bulaya:
- Buralara necə gəlib
çıxdığını öyrənmək və buna
görə baş yarmaq o qədər də əhəmiyyət
kəsb etmir, bala,- dedi.- Əhəmiyyətlisi budur ki,
özün dərk etmədiyin halda xoşbəxtlərin
xoşbəxtisən. Xoşbəxtlik isə sənin xeyirxah əməllərində
və paklığındadır. Elə cənnətin bir
addımlığında durduğumuz da dediklərimin təsdiqidir.-
Qoca yenidən gümüşü saqqalına əl çəkib
harasa tələsirmiş kimi üzünü yaşıl
örpəyi xatırladan dağlara tərəf tutaraq:-
Qaldı ki, itirdiyin səmtə, bax, düz bu istiqamətdədir,-
dedi və bir göz qırpımında qeybə çəkildi.
-
Baba, ay baba, baba...
- Mehdi, nə olub sənə, niyə
qışqırırsan?-ömür-gün yoldaşı Vəfa
xanım təlaş içərisində onu yuxudan oyatdı.
O, hövlnak gözlərini
açdı. Sifəti pörtmüşdü. Tər
içində idi. Vəfa xanım dəsmalı götürərək
onun üz-gözünü, sinəsini sildi.
Haçandan-haçana Mehdi özünə gəlib, idman
şalvarını əyninə keçirdi. Həyətə
düşdü. Aylı gecəydi. Hər tərəf
sakitlikdi. Yalnız evlərindən iyirmi beş-otuz addım
aralıda axan çayın şırıltısı
eşidilirdi. Mehdi hələ də yuxunun təsiri altında
idi. Çaydan qalxan sərin meh də onda xoş ovqat yarada
bilməmişdi. Ayaq səsinə çevrildi. Vəfa
xanım idi. O, haçandan-haçana:
- Yuxu görürdün, eləmi?-
soruşdu.
-Hə, dəhşətli yuxuydu,-
deyə Mehdi gördüklərini olduğu kimi xanımına
nəql etdi.
O, sözlərini bitirər-bitirməz
Vəfa xanım sevincək halda dedi:
- Gözəl yuxudur, Mehdi.
Doğrudan da, xoşbəxtsən. Bu xoşbəxtlik isə hər
kəsə qismət olmur. Səninlə görüşən
nurani kişi qurbanı olduğumlardandır. Cənnətin
qapısında durduğunu sənə açıq-aşkar
anladıb.
Hardasa uzaqlarda xoruz banladı. Sonra
bir neçəsi ara vermədən ona qoşuldu. Bu yaxın
saatlarda səhərin açılmasından xəbər
verirdi.
Vəfa xanım ərinin qolundan
tutaraq dedi
-Az da olsa, yatmağın vacibdir.
Bilirəm ki, bu gün işlərin çox olacaq. Sifətindən
də yorğunluq yağır.
- Doğru deyirsən,- deyə Mehdi
gülümsəyərək Vəfa xanımın sözlərini
təsdiq etdi.
Onlar astaca qapını
açıb içəri keçdilər.
***
Bir aydı payız girmişdi. Amma
sərinlik düşməmişdi. Havalar olduqca isti,
boğanaq keçirdi. Torpaq od tutub yanırdı. Sanki yay
inadkarlıq edərək payıza asanlıqla təslim olmaq
istəmirdi. Elə bil Talış mahalına xas olan
çiskinli-yağışlı günləri imtahana çəkirdi.
Həyət quyuları, hətta öz şəffaflığı,
gurluğu ilə seçilən bulaqlar belə qurumaq üzrəydi.
Ot-ələf bir qətrə suyun həsrətindəydi
Ağ rəngli "Mersedes"
Xanbulançay su kanalı boyunca şütüdükcə
sovet dönəmində mavi Xəzəri xatırladan, indinin
özündə isə ürək yanğısına
çevrilən yaşıl çay tarlaları arxada
qalırdı. Mehdi əyləci basdı. Avtomobil yaşı
az qala yüzü ötmüş nəhəng bir palıd
ağacının kölgəsində "dərindən nəfəs
alaraq" durdu. O, qapını açıb yerə
düşdü. Bu vaxt radiodan süzülən xoş bir
musiqi ətrafa yayıldı. Azərbaycanın Xalq artisti
Şövkət xanım Ələkbərova oxuyurdu:
Kimin ağrayır canı,
Qoy çay içsin mərcanı.
Min bir dərdin dərmanı,
Çay, çay, çay...
Armudu stəkanda çay,
Ürəyimiz yananda çay...
Mehdi mahnını dinlədikcə
özündən asılı olmayaraq kövrəldi.
Öz-özünə: "Heyf,çox heyf"-
pıçıldadı.- Şövkət xanım sağ
olsaydı dillər əzbəri olan "Çay haqqında
mahnı"nı bir daha oxumazdı. Əvəzində bu qiymətli
bitkiyə xəyanət edənləri, kökünü kəsənləri
dönə-dönə lənətləyərdi."
O, sahələri bir-bir nəzərdən
keçirdikcə, kol-kosdan, adam boyu qalxan gəndəlaş və
tikanlıqdan savayı heç nə gözünə dəymədi.
Geriyə, qoca palıdın kölgəsinə döndü. Xəyal
onu qeyri-ixtiyari olaraq keçmişə - uşaqlıq illərinə
apardı. Atası Hacı Mirkərim Lənkəran Kənd Təsərrüfatı
Texnikumunu bitirmişdi, elektrik peşəsinə yiyələnmişdi.
Elə əmək fəaliyyətinə də ixtisası
üzrə başlamışdı. Sonradan rayonun Kirov
adına çay sovxozunda həmkarlar komitəsinin sədri və
kadrlar üzrə şöbə rəisi vəzifələrində
çalışmışdı. Anası Gülər
xanım isə çay ustası idi.
İşgüzarlığı ilə rayonda ad-san
çıxarmışdı. Hər il altı-yeddi ton
"yaşıl qızıl" toplayardı. Məhsulun
doxsan-doxsan beş faizi əla və birinci növ kimi qəbul
edilərdi. Əməyi dövlət tərəfindən
yüksək qiymətləndirilmişdi. O, müxtəlif illərdə
orden və medallara layiq görülmüş, dəfələrlə
rayon və qəsəbə sovetlərinə deputat
seçilmişdi.
Mehdi belə bir zəhmətkeş
ailədə böyüyürdü. Hələ beşinci
sinifdə
oxuyarkən çay tarlalarına
çıxar, məhsul yığımında anasına
köməklik edərdi.
Maraqlıdı, günlərin
birində o, çay toplayarkən necə olursa anası
Gülərdən xeyli aralı düşür. Bu ara sovxozun
direktoru Bahadır Xəlilov işlərin gedişi ilə əlaqədar
sahələrə çıxır. Bir oğlan
uşağının həvəslə çay toplaması
uzaqdan onun diqqətini cəlb edir. Mehdiyə
yaxınlaşıb təzə qırxılmış
başına nəvazişlə əl çəkə-çəkə
soruşur:
- Əhsən, oğul bala, kimlərdənsən?
- Mirkərimin
oğlu.
- Bizim montyor Mirkərimin ?
- Bəli.
- Deməli, Mirhüseyn kişinin nəvəsisən.
Nahaq yerə deməyiblər ki, ot kökü üstə bitər.
Mirhüseyn kişi qəsəbənin
ilk qurucularından biri olub.Yaşıl çay
plantasiyaların salınmasında misilsiz xidmətlər
göstərib. O, həm də deyib-gülən, zarafatcıl
kişi idi. Doğrudur, qəsəbədə öz məzəli
zarafatları ilə həmişə "öndə gedən"
Bali kişi olsa da bir dəfə...
... Bir bazar günü həmyaşıdalar
qəsəbə çayxanasında oturub pürrəngi
çaydan içə-içə söhbət edirlər.
Söhbət əsnasında necə olursa, söz var-dövlətdən
düşür. Heç kimin gözləmədiyi məqamda
Mirhüseyn kişi qayıdıb deyir ki, Allah o evi viranə
qoysun, heç olmasa həmin evdə iyirmi-otuz kiloqram
qızıl olmaya. Maraqlanıb dünən çəkdirmişəm,
mənimki düz səksən iki kilo gəldi. Əlbəttə,
ilk baxışdan hamı bunu zarafat kimi qəbul edib xeyli
gülür. Amma Mirhüseyn kişinin and-amanından sonra bir
neçə nəfər ona inanır. Elə həmin gün
şam yeməyindən sonra Bali kişi dözmür, baş
götürüb gəlir Mirhüseyn kişinin evinə. Bir
xeyli oturub keçmişdən, gələcəkdən
söz açırlar. Xudahafizləşəndə Bali
kişi soruşur:
- Mirhüseyn, səni and verirəm
kişiliyinə. Düzünü de, çayxanada söylədiklərin
zarafat idi, yoxsa həqiqət?
İşin nə yerdə
olduğunu o dəqiqə anlayan Mirhüseyn kişi ani olaraq
özünü toparlayır, ciddi bir görkəm alıb
cavab verir:
-Bu nə sözdür? And olsun
kişiliyimə, söylədiyim həqiqətdir.
Bu ara qızının evindən
qayıdan ev sahibəsi içəri girir. Mirhüseyn kişi
əlini arvadına uzadaraq:
-Bax, xanım da gəlib
çıxdı, dediyim qızıl budur,- deyə şəstlə
xanımını təqdim edir.
Gözlənilməz təqdimatdan
Bali kişinin rəngi bir neçə dəfə dəyişir.
Handan-hana o, qəhqəhə çəkib, gözləri
yaşaranacan başlayır gülməyə. Yadına
düşür ki, Mirhüseyn kişinin arvadının
adı sən demə Qızıl imiş.
Qəsəbənin yaranma və
inkişaf tarixi haqqında məlumatları da Mehdi elə bu
müdrik,zarafatlarından qalmayan babasından əldə edib.
Öyrənib ki, doğulub, boya-başa
çatdığı qəsəbə 1932-ci ildə Azərbaycanda
ilk çayçılıq sovxozu kimi təşkil edilib və
Sergey Mironoviç Kirovun adını daşıyıb. 1937-ci
ildə burada 1-saylı çay fabriki fəaliyyətə
başlayıb. Qəsəbə rayon mərkəzindən 12
km aralı,Lənkəran şəhərinin qərb tərəfində
yerləşir. Girdəni, Vilvan, Veravul, Osakücə, Havzava kəndləri
və Haftoni qəsəbəsi ilə həmsərhəddir. Ərazisi
676 hektardır. 430 hektar çay sahəsi olub. Əhalisi 3346 nəfərdir.
Qəsəbənin ilk sakini Canəli
Quliyev və üç-dörd nəfərdən ibarət
yaxın qohumu olub. Canəli kişinin ən böyük
nailiyyəti burada yüksək müalicəvi təsirə
malik olan İsti suyun "kəşfi"dir. O,
ömrünün sonuna qədər bu ocaqda
çalışıb. Adı həmişə hörmətlə
yad edilir.
Qəsəbə əhalisinin əksəriyyətini
Lerik və Yardımlı kimi dağ rayonlarından olan gəlmələr,
cüzi hissəsini isə yerli sakinlər, həmçinin
ruslar, gürcülər, ukraynalılar və belaruslar təşkil
edib. Göründüyü kimi, onlar müxtəlif xalqlara mənsub
olsalar da, amalları bir olub: çay plantasiyaları salmaq və
onu inkişaf etdirmək. İllər bir-birini əvəz
etdikcə, istəklər də sürətlə gerçəkləşib.
Hər il yüz tonlarla yaşıl çay yarpağı
yığılıb dövlətə təhvil verilib. Nəticədə
neçə-neçə zəhmətkeş ad-san qazanıb.
Azərbaycan Ali Sovetinin deputatları, Lenin ordenli Nadir Məmmədov,
Tuğra Əliyeva, SSRİ Ali Sovetinin deputatı
Xanımqız Qədirova, Qırmızı Əmək
Bayrağı ordenli Gülümnaz Yaqubova, respublikanın Əməkdar
çay ustası Sərmə Quliyeva...
Lənkəran hava limanından
qalxan təyyarənin qulaqbatırıcı səsi Mehdinin
uşaqlıq xatirələrini yarımçıq qoydu.
Dodaqları qurumuşdu. Susuzluğunu indi hiss etdi. Ürəyindən
təzə dəmlənmiş çay keçdi. Birnəfəsə
beş-altı stəkan içərdi. Ayağa durdu. Kimsəsiz
görünən sahələrə yenidən nəzər
saldı. Öz-özünə: "Nəyin bahasına
olursa-olsun, çay tarlaları yenidən bərpa olunmalı,
qəsəbənin əvvəlki şöhrəti
özünə qayıtmalıdır,-" dedi. Və yeyin
addımlarla "Mersedes"ə tərəf getdi...
... Günəş yarım saat
olardı dağların arxasına çəkilmişdi. Hava
qaralırdı. Örüşdən qayıdan mal-qaranın
səsi qəsəbəni başına
götürmüşdü. Şam namazından sonra Hacı
Mirkərim xanımı Gülərlə bircə qurtum
çay içmişdilər ki, qapı döyüldü. Gələn
böyük oğlanları Elgün müəllim idi. Mehdi
çağırmışdı. Ata ocağında vacib məsələ
müzakirə ediləcəkdi. Daha doğrusu, Mehdiyə
qaranlıq qalmış bir suala aydınlıq gətiriləcəkdi.
Axı o, Rusiya vətəndaşı olmaqla böyük
iş adamı idi. Belə olan təqdirdə görəsən
qəsəbədə yaradılacaq "Yaşıl
qızıl" fermer təsərrüfatının sədrliyinə
qardaşı Elgün müəllim öz
razılığını verəcəkdimi?
Bu ara Mehdi də gəlib
çıxdı. Ilk öncə gecikdiyinə görə
üzr istədi. Əslində gecikmə səbəbsiz
deyildi. Cümə axşamıydı. Qəsəbə qəbiristanlığındakı
Qarabağ şəhidlərini ziyarət etmişdi. Rəsulun,
Əkrəmin, Nizaminin, Həsrətin, Rövşənin...
ruhlarına yasin və dualar oxutdurmuşdu. Bəlkə də
elə bu səbəbdəndi gün ərzindəki gərginlik
sifətindən çəkilmişdi. Çöhrəsindən
açıq- aşkar rahatlıq, yüngüllük hiss olunurrdu.
Keçib atası ilə üzbəüz oturdu. O, yenicə
süzülmüş çayı soyutmadan birnəfəsə
içdi. Uşaqlıq illərinin vərdişi idi,
çayı isti-isti içməkdən ləzzət
alardı.
Hacı Mirkərim stolun
üstündəki yaşıl-ağ qutudan siqaretin birini
çıxarıb alışdırdı. Siqaretin boz
tüstüsü onun bəyaz saçlarını aramla
darayaraq havaya qalxdı.
- Hə, işlər necə gedir?-
deyə Hacı Mirkərim üzünü Mehdiyə tutaraq
söhbətə körpü saldı.
Mehdi əlini təzə
qırxılmış başına çəkərək:
- Konkret bir işlə məşğul
olmamışam,- dedi. - Sadəcə olaraq tanışlıq məqsədilə
sahələrə çıxmışdım. Qayıdandan
sonra icra nümayəndəsi və bələdiyyə sədri
ilə görüşdüm. Məqsəd, məramımı
onlara bildirdim.
- Münasibətləri necə
oldu, razılaşdılarmı səninlə?
- Əlbəttə, hər ikisi
sevindi. Fikirlərimə hörmətlə yanaşdılar.
Sabah torpaq sahibləri ilə geniş söhbət edəcəklərinə
söz verdilər.
Hacı Mirkərim siqaretin
kötüyünü külqabıya sıxıb ümid dolu
nəzərlərlə böyük oğlundan soruşdu:
- Nə deyirsən?
Nədənsə Elgün müəllimdən
birbaşa cavab gəlmədi. Görünür, bu anlarda
susmağı daha üstün tutmuşdu. Qəti qərara gəlmək
üçün vaxta ehtiyac duyurdu. Araya ağır
süküt çökmüşdü. Heç kim dinib
danışmırdı. Nəhayət, bu sükutu elə
Elgün müəllim özü pozdu:
- Razıyam. Ancaq indiki durumda fermer
təsərrüfatına rəhbərlik olduqca ağır və
məsuliyyətlidir. Çay sahələrindən əsər-əlamət
qalmayıb. Digər tərəfdən düşünürəm
ki, təkcə əl əməyi işlərin həm keyfiyyətinə,
həm də sürətinə kifayət eləməyəcək.
- Hər bir işin
başlanğıcı ağır olur, bala,- deyə Gülər
xanım söhbətə qoşuldu. - Elə ki,
qollarını çırmaladın, bu o deməkdir ki,
artıq məqsədinə əlli faiz çatmısan.
Hacı Mirkərim yenidən bir
siqaret alışdırdı, dərindən ona qullab vurub
arvadının sözlərinə qüvvət verdi:
- Qəti çəkinmək
lazım deyil. Geriyə addım atmaq, sadəcə olaraq qəsəbədə
acizlik kimi səslənəcək. Digər tərəfdən
torpağı boş saxlamaq, ondan istifadə etməmək ən
azı günah sayılır, oğul. Başlıcası...
Qapının qəfil
açılması söhbəti yarımçıq qoydu. Vəfa
xanım idi, əlində sini içəri daxil oldu. Stəkanlara
süzülmüş pürrəngi çayın,
böyründə də nazik doğranmış limonun xoş
ətirli iyi otağın havasını birdən-birə dəyişdi...
Lənkəran
Ədalət.-2012.-13
iyun.-S.6.