YURDA ÜRƏKDƏN BAĞLANANDA...

 

   (əvvəli ötən sayımızda)

  

   Arazın üstündəki bənd

 

   O bəndin tikildiyi indiyə qədər yaxşı yadımdadır. Onda mən uşaq idim. Ötən əsrin 60-cı illərində Füzuli rayonunun Horadiz qəsəbəsinin yaxınlığından keçən Araz çayının üstündə İranla müştərək bənd tikilirdi. Buna çoxları "Arazstroy" deyirdilər. Tikintidə çoxlu sayda maşın və texnika işləyirdi. Sovet dönəmində "ZİL" yük maşınları təzə çıxmışdı və həmin maşınlar da o möhtəşəm tikintiyə qum, çınqıl, sement daşıyırdı. Böyük tikinti başa çatdı və Araz çayının üstündəki bənd hazır oldu. Bu bənddən həm qonşu İran, həm də bizim məmləkətimiz bəhrələndi. Arazdan yeni çəkilmiş kanal vasitəsilə Azərbaycanın susuzluqdan "dodağı çatlayan" torpaqlarına can verildi. Bütün bunlar o demək idi ki, ucu-bucağı görünməyən torpaq sahələrinə həmin sudan bir pay düşürdü...

 

   İşğal olunan ərazi 

 

   ... 1993-cü ilin avqustun 23-də Füzuli rayonu işğal olunanda ermənilər Arazın üstündəki həmin bəndi də ələ keçirdilər. Araz çayının üstündəki körpüdə bayrağımızı çıxarıb öz bayraqlarını ucaltdılar. Amma bu bayrağın dalğalanması uzun çəkmədi. Çünki Ulu Öndər Heydər Əliyevin apardığı müdrik siyasət nəticəsində Horadiz şəhəri və Füzulinin 22 yaşayış məntəqəsi işğaldan azad edildi. Araz çayının üstündəki körpüdəki erməni bayrağı da Milli Ordumuzun əsgərləri və Xocavənd polisi əməkdaşları tərəfindən çıxarıldı və həmin yerə öz bayrağımız sancıldı. Bu ərazinin işğaldan azad olunması yenidən 6 rayonun su problemini həll elədi. Çünki kənd təsərrüfatı sahəsində çox böyük çətinliklər yaranmışdı. Əkin sahələrindəki məhsullar susuzluqdan yanırdı. Həmin yerlərin işğaldan azad edilməsi ilə demək olar ki, ağır bir problem zamanında çözüldü və hər şey qaydasına düşdü.

 

   Mil-Muğan Hidroqovşağı

 

   Horadiz şəhərində Mil-Muğan Hidroqovşağı yerləşir. Daha doğurusu, bu idarə öz fəaliyyəti ilə böyük bir problemin çözülməsinə yardımçıdır. Hidroqovşağın rəisi Əlabbbas Behbudov uzun müddətdir ki, bu sahəyə rəhbərlik edir. Əlabbas müəllim su təsərrüfatını, onun problemlərini və həlli yollarını çox gözəl bilir. Birincisi, ona görə ki, o bu sahədə zəngin təcrübəyə və biliyə malikdir. Hər hansı bir problem ortaya çıxan kimi Əlabbas müəllim həmin məsələni tezliklə yoluna qoyur və problemin daha da böyüməsinə imkan vermir.  

   Bir faktı da qeyd edək ki, Əlabbas Behbudovu həm də İran tərəfində yaxşı tanıyırlar. Çünki bu bənd həm İrana, həm də Azərbaycana xidmət göstərir. Strateji əhəmiyyətə malik olan Araz çayı üzərindəki bənd barəsində söhbət düşəndə Əlabbas müəllim deyir ki, burda bir çox qurğu və avadanlıqlar yeniləşdirilib. Hər şey zərgər dəqiqliyi ilə ölçülüb-biçilir. Arazda suyun artması və azalması bir an da olsun diqqətdən kənarda qalmır. Əgər hər hansı bir məsələyə kimsə səhlənkar yanaşarsa, bu ciddi problem yarada bilər. Ona görə də hər şeyə özüm xüsusi fikir verir, tövsiyyə və tapşırıqlarımı tez-tez onların nəzərinə çatdırıram.

 

   Altı rayonun "dərmanı"...

 

   Mil-Muğan su kanalından 6 rayonun təsərrüfatına su ötürülür. Özü də yayın qızmar çağında təsərrüfatların suya olan ehtiyacı ikiqat artır. Məhz buna görə də hidroqovşağın əməkdaşları bu məsələləri zamanında həll etmək üçün öz üzərlərinə düşən məsuliyyəti dərindən dərk edirlər. Əlabbas Behbudov deyir ki, bu gün kollektivimizdə 320 nəfər çalışır. Onların hər birinin öz vəzifəsi, öz işi var. Bu kanal vasitəsilə Füzuli, Beyləqan, Xocavənd, İmişli, Ağcabədi və Ağdərə təsərrüfatları su ilə təmin edilir. Demək olar ki, 1125 hektar sahə bizim kanal vasitəsilə suvarılır. Bu kanalın uzunluğu 110 km-dir. Bir növ su təsərrüfat üçün dərmandır desək, səhv eləmərik. Çünki qızmar günəş altında yetişdirilən kənd təsərrüfatı məhsulları vaxtında suvarılmasa, onların hamısı yanıb külə dönər. Bunların qarşısını almaq üçün isə biz öncədən lazımi tədbirlər görür və işlərimizi günün tələbləri səviyyəsində qururuq.

 

   Veysəl kişinin oğlu Əlabbas müəllim

 

   Əlabbas Behbudovun atası Veysəl kişi rayonun sayılıb-seçilən ağsaqqallarından biri olub. Yəni Veysəl kişini Füzulidə pəpə yeyəndən məmə deyənə qədər hamı yaxşı tanıyır.

   Hamı yaxşı tanıyır ki, Veysəl kişi ağsaqqal adam olub, yetim-yesirə və kimsəsizlərə arxa durub. Yəni o, yıxılan adamın qolundan tutub ayağa qaldırıb və kimsəsizlərə dayaq olub.

   Elə onun övladları da atalarının yolunu şərəflə davam etdirirlər və yeni izlər qoyurlar. Əlabbas da onun yolunu davam etdirən və adını uca tutan övladlarından biridir. 

   Əlabbas Behbudov harda işləyibsə orda yaxşı xətir-hörmət qazanıb. Elə bu da kökdən gələn bir keyfiyyətdir. İnsanın əsli-kökü və nəcabəti yaxşı olanda o nəslin davamçıları da dəyərli insanlar kimi yetişirlər. Bu yaxınlarda Meliorasiya və Su Təsərrüfatı günündə Əlabbas Behbudov ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. Təbii ki, bu da təsadüfi deyil, çünki o uzun müddətdir ki, su təsərrüfatı sahəsində çalışır və bu sahədə böyük xidmətləri var.   

   Əlbəttə, su təsərrüfatı çox məsuliyyətli, həm də strateji bir sahədir. Bu sahədə bir anlıq səhv acı bir nəticə verə bilər. Amma nə yaxşı ki, Füzuli rayonu Mil-Muğan hidroqovşağında çalışanlar öz vəzifələrinin məsuliyyətini dərindən dərk edir və öz üzərlərinə düşən işləri zamanında yerinə yetirirlər. Su həm də aydınlıq deməkdir, həyat deməkdir. Qoy insanlar su sarıdan heç vaxt korluq çəkməsinlər...

 

    Faiq QİSMƏTOĞLU

 

    Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

 

    Ədalət.-2012.-13 iyun.-S.7.